Boa ilanları və qoyunların rəsmlərini çəkməkdə davam edəcəyik. Bu Charlie Hebdo-nun yaralı qələminin Balaca Şahzadəyə verdiyi sözüdür. 7 yanvar 2014-cü ildə Parisdə Charlie Hebdo redaksiyasında terroristlər tərəfindən qətlə yetirilərək həlak olmuş jurnalist və rəssam karikaturaçılarının xatirəsinə ithaf olunur.
Fransız yazıçısı David Brünanın Balaca Şahzadəyə məktubu
Əziz Balaca Şahzadə,
Öz balaca, yumru planetindən mənim planetimdə nələrin baş verdiyindən xəbər tutub tutmadığını bilmirəm. Bir neçə azğınlaşmış adam mənim və digər qələmlərin üstünə hücüm çəkərək, istədilər bizi sındırsınlar. Bəzilərini sındıra bildilər, bəziləri isə yaraladılar. Lakin qələmsevər kim vardısa, hamısı bizim köməyimizə gəldi. Biz onlara nə pislik etmişdik ki? Bu böyüklər arada elə qəribə olurlar ki…
Sən heç buna inana bilərdinmi? Bu qəddar adamlar nə bizim yaratdığımız kəlmələri, nə də ki həyat və rəng çalarları qatdığımız şəkilləri bəyənmirlər. Bunlar gözəlliyə olduğu kimi, yumora qarşı da duyğusuzdular. Onlar qəlbləri ilə görə bilmirlər.
Ey gülüş şahzadəsi, sən heç buna inana bilərdinmi? Bunlar nə gülməyi sevər, nə də gülümsəməyi; bunlarınkı ancaq çığırmaq, bağırmaq və öldürməkdir. “Uşaqlar böyüklərə qarşı olduqca mərhəmətli olmalıdırlar”, bunu, mənim planetimə səni unudulmaz sözləri və incə rəsmlərilə təsvir edərək tanıtmış böyük yazıçı demişdi. Amma bəzən mərhəmətli olmaq mümkün olmur.
O, həmçinin bunu da demişdi: “Doğrudan da balaca şahzadənin planetində, başqa planetlərdə olduğu kimi, həm faydalı, həm də zərərli otlar bitirdi. Nəticədə, yaxşı toxumlardan faydalı, pis toxumlardan isə zərərli otlar yetişir”. Sənin asteroid B612 planetində dəhşətli toxumlar var, baobab toxumları. Mənimkində isə bəzi toxumlar bizi boğmaq istəyirlər, yazmağımıza, rəsm çəkməyimizə, insanları güldürməyimizə, bir sözlə yaşamağımıza mane olurlar.
“Planeti böyük qayğıkeşliklə təmizləməli, qaydaya salmalı” olduğumuzu da demişdin həmən o yazıçıya. Biz bunu həyata, planetə, burada sülh və əminamanlıq içində yaşamaq istəyənlərə olan sevgi naminə etməliyik. Elə sən o yazıçıya dediyin kimi: “Bu bir intizam məsələsidir”.
Əziz Balaca Şahzadə, ey şeirlər şahzadəsi, əmin ol ki, mənə dost olan digər qələmlərə birgə, biz sənin üçün yenə də qoyun və bir çox başqa sülh və mehribanlıq rəsmlərini çəkməkdə davam edəcəyik. Bu gün mənim planetimin buna olduqca böyük ehtiyacı var. Güllərin, günəşin batması, göydə uçan quşların, okeanda üzən balqların rəsmlərini yenə də sənin üçün çəkəcəyik. Eyni zamanda, gülə bilən və gülə bilməyən, xeyirhaq və qəddar, sadə və təkəbbürlü, mülaim və fanatik adamların, insanların və allahların rəsmlərini də çəkməkdə davam edəcəyik. Və biz bütün bunları, başqalarına baxıb kin-küdrətsiz gülə bildikləri kimi, özlərinin də gülməli tərəflərinə baxıb gülməyi bacaran insanlar üçün edəcəyik.
Biz azadlıq və həyatın gözəl üzünü çəkməkdə davam edəcəyik !
Fransız dilindən çevirən Fuad Qulubəyli
Yazıya 707 dəfə baxılıb