Əvvəl haqqmış, sonra haqqmış, son haqqmış,
Yalan dedik, kələk dedik adına.
Günü, ayı imtahanmış, sınaqmış,
Xəlbir dedik, ələk dedik adına…
Seçən kimmiş, canım, kimmiş seçilən,
Topuqlara dəyən daşmış keçilən.
Doğulandan əynimizə biçilən,
Kəfən imiş, bələk dedik adına…
Sevgisi də elə bir cür həvəsdi,
Bilinmədi nə mövsümü, nə fəsli.
Sevdiyimiz ya Leyliydi, ya Əsli,
Huri dedik, Mələk dedik adına…
Adam ki var bir quruca bədənmiş,
Torpaq belə göyərtmədi nə dənmiş…
Güldürəndə Tanrı dedik, nədənmiş,
Öldürəndə fələk dedik adına?..
Uzun illərdən sonra kəndimizə, evimizə getmişdim…
Həsrəti gör necə çöküb üstümə,
Gör necə ögeyəm, yadam bu evdə…
Sükut qılıncını çəkib üstümə,
Məğlubam bu evdə, matam bu evdə…
Hələ divarında gənclik şəkilim,
Tozdan görünməyir telim, kəkilim.
Çəkilb, min dürlü nazım çəkilb,
Alınıb min dürlü qadam bu evdə…
Məndim qürur payı, vüqar payı da,
Nola bircə günü geri qayıda…
Anam can veribdi bu çarpayıda,
Yumub gözlərini atam bu evdə…
Bitər bu işgəncə, zülüm deyirdim,
Yetər vüsalına əlim deyirdim.
Nə vaxtsa ölməyə gəlim deyirdim,
Ölübmüş mən adlı adam bu evdə…
Kim deyir tək elə fikir çəkənəm,
Çəkir də gözümə gözüm şəklini.
Mən həm də çox gözəl şəkil çəkənəm,
Çox gözəl çəkirəm sözün şəklini…
Gündüz gülər görüb surətimi də,
Aldanma, nə çəksəm gecə çəkirəm.
İllərdi mən sənin həsrətini də,
Gülüm, bilirsən ki necə çəkirəm…
Canımın bir gizli sirri yox artıq,
Vicdan dedikləri baş tərəzidi.
Dünyada mən adda biri yox artıq,
Mən adda biri var-daş tərəzidi…
Dərdi də tuturam dilə, çəkirəm,
Kənardan eşidib, duyanı olmur.
Vallah, ağrını da elə çəkirəm,
Bir qram o yanı, bu yanı olmur…
Yerinə bir qara daş ola keşkə,
Dünyaya sağ gəlib, ölü çıxanın.
Nədi aqibəti, nədi ki, eşqə
Ağıllı girənin, dəli çıxanın?..
Göylərdən gələnə butam deyilir,
Başqadı bu ləzzət, bu tam, deyilir.
Adına bir ömür adam deyilir,
Sonunda qansoran zəli çıxanın…
Yaşayır dövləti, sərvəti sanı,
Götürür hər yanı şöhrəti, şanı.
Özündən güclünün uğrunda canı,
Gücsüzün üstündə dili çıxanın…
Bir az da uzatsam bəhsi çıxacaq,
Kim kimin nəsinin nəsi çıxacaq…
Canım, ha gözlə ki səsi çıxacaq,
Elə ayaqüstə ili çıxanın…
Gedən gedir, yolu, üsulu qalır,
Boynunda günahı, qüsulu qalır.
Adam yaxasından asılı qalır,
Tanrı yaxasından əli çıxanın…
Nə deyim, səbəbi, əsası nədi,
Gülüm, bu təhərnən, yönnən getməyin?
Barı, bilirsənmi cəzası nədi,
İmandan getməyin, dindən getməyin?..
Bu yolun o biri başı var hələ,
Bu yolda mən boyda naşı var hələ.
Daldan atılası daşı var hələ,
Qarşıdan çəkilib, öndən getməyin…
Sənsiz ayı yoxsa, bax, günü yoxsa,
Bircə gün salamat, sağ günü yoxsa.
Daha bundan belə ağ günü yoxsa,
Nə fərqi bu qara gündən getməyin?..
Ölüm nəmənədi, adi ölümdü,
Yoxdu nə doğması, yadı, ölümdü.
Adı ayrılıqdı, dadı ölümdü;
Elə bir yolu var səndən getməyin…
Yazıya 746 dəfə baxılıb