Aybəniz Əlyar — Tale hara gəldi sürüyür məni

1511277_448660528593487_950392393_n

“Aybəniz” deyirsən,
adım nə qədər —
Gözəl şeir imiş sənin dilində.
Bir də “Aybəniz” de,
Yox, daha demə,
şeirlər qısqanar adıma məni.

* * *

Şeir yazmaq
Hamını sevməkdir.


Sevməməkdir özünü.

Şeir yazmaq
payına düşən sevgidən
hər kəsə bir parça bəxş etməkdir
ömrün uzunu…

* * *

Mənim ən gözəl şeirim səni sevməkdir!
Sinənə baş qoyduğumda gözlərimi yummadan gördüyüm ən şirin yuxulardır…
Sən məndə qalan yeganə və etibarlı dost kimisən,
Həmişə özümə arzuladığım ixtiyarımsan.
İxtiyarımdasan!
Ən gözəl sevgilərdən yaranır şeirlər, yüzlərlə şeirin həsəd çəkdiyi zümzüməmsən sən!
Yadımda qalan, həmişə dolanda əlimə almaq istədiyim, cizgilərini heç unutmadığım ağ vərəqsən, ürəyim kimi təmiz…

* * *

Daha oturmayacam pəncərəmin önündə,
Hər gün bir az daha saralmayacaq yarpaqlar.
Bağlanacaq pəncərəmin işıq qapısı.

Və hər gün bir az daha az darıxacam,
Ağlamaq ehtiyacım tərk edəcək məni.
Daha oturmayacam pəncərəmin önündə,
Küləkləri buraxmayacam içəri.

Pərdələrim rəqs etməyəcək sevincdən,
Daha az hiss edəcəm qaranlığı,
Pəncərəmin o üzündə,
arxası mənə tərəf bitən xəyalını.
Və hər gün bir az daha itirəcəksən məni.

* * *

səssiz gecələr insanı öldürmək üçündür,
bütün zamanlarda eşitdiyim fərqli nəğmələrin əsiriyəm .
sevgi nəğməsində unutduğum özümsən,
ayrılıq nəğməsində sevdiyimi anladığım.

tələsməkdən qorxa-qorxa gizləndiyim,
ancaq artıq gecikdiyim,
artıq yüz il gecikdiyim səadətimsənmiş.
uğultularında həyat gəzdiyimiz rüzgarlar yenə də
hakim yeğanə bizə aid olan,
amma əslində hakim olduğumuzu zənn etdiyimiz mənliyimizə.

* * *

Qadın olmaq kişiləri məmnun etməkmiş,
Yox, yox, kişilər üçün qadın olmaq
bir yataq dolusu səadətmiş yəqin.

Qadın olmaq,
faciəni sevənlərin alovuna alov qatmaqmış.
Bir də qadın olmaq,
bir kişiyə kişi olduğunu
dərk etdirəndən sonra
onun üçün diri ikən ölməyə bərabərmiş.

Nədir qadın olmaq?
Qadın olmaq,
bir kişinin sənə dəyər verdiyi qədərdir.
Elə həmin kişinin
kişi olması kimi
bir şeydir qadın olmaq.

Dünyanın

Gəldim, Allah qorusun,
Gedişi nəhs dünyanın.
Haqq yolunu götürdüm,
Zülmünə bəhs dünyanın.

Kim dedi şahdır zaman?
Əzabın çəkdim, aman!
Məhəbbəti lal kaman,
Eşqi qəfəs dünyanın.

Büdrəmədi ayağım,
Vicdan oldu dayağım.
Tutulacaq qulağım,
Səsini kəs dünyanın.

Kələfləri dolaşdı,
Çirkablara bulaşdı.
Haya, küyə ulaşdı,
Götürdü səs dünyanı.

Kəmləri can çürütdü,
Dəmləri kama yetdi.
Aldı başına getdi,
Hədər-həvəs dünyanı.

Hər şey vardı

Məni aldın qucağına sevginin,
Demək belə xoşbəxt olur bir qadın.
Sonra atdın ocağına sevginin,
Minnətdaram, sən bunu da bacardın.

Pillə-pillə bu arzular ucaldı,
Dirənəndə buludlara dayandıq.
Vəddən başqa aramızda nə qaldı?
Tez olsa da, gec olsa da, oyandıq.

Bu sevgini ciddi-ciddi yaratdın,
Düşündünmü aldadırsan sən kimi?
Sonra elə ciddi-ciddi unutdun,
Ciddi oldun sən bu qədər, deyilmi?

Bir sevgini son mənzilə götürdün,
Basdır məni gözündəki kölgədə.
Düşünmə ki, təkcə məni itirdin,
Hər şey vardı itirdiyin sevgidə.

Ağ qar

Bu gecə həsrətin qara çevirib,
Yağır üstümüzə, başımıza qar.
Bu dünya üzünü hara çevirib?
Hələ dən götürən yaşımıza var.

Ayrılıq qoxusu gəlir havadan,
Ümidin işığı qar kimi bəyaz.
Könlünü bu simə kökləyən adam,
Nə şaxta hiss edər, nə buz, nə ayaz.

Yağır ağacların qar çıçəkləri,
Göylərin gəlini torpağa qonaq.
Üşüyür gecələr Ay üzlü pəri,
Üşüyür sabahlar Günəş adlı dağ.

Daha yarpaqlamır qar ağacları,
Daha boz sərçələr qar dimdikləmir.
Göylərin ağ günə yağan ağ qarı,
Qara damlar altda qəmləri görmür.

YOXSA SƏN YENƏ DƏ SEVİRSƏN NƏDİR

Ayrılıq içində batmışam nədən?
Bir acı təsəlli bürüyür məni.
Tanrının gözündən düşmüşəmmi mən?
Tale hara gəldi sürüyür məni.

Qurutdu gözümü payız yelləri,
Əsdi həyatıma bir dəli rüzgar.
İndi taleyimin körpə əlləri,
Yenə buz bağlayıb, eh, kimə nə var.

Nə qədər gizlənim özüm-özümdən,
Qaçmağa-getməyə yer tapammıram.
Bir eşqin qiyamı axır gözümdən,
Görəsən yenə də mən günahkaram?

De, nə tez unutdun, amansız payız,
Çırpmışdı üzünə dərdini bir-bir.
Həyat öz hökmünü verdi amansız,
Yoxsa sən yenə də sevirsən nədir?

Taleyin sərt üzü düşməzmi yada?
Can verir sözlərə sızlayan yaram.
Tanrım yenə məni bağışlasa da,
Mən özüm-özümü bağışlamaram.

Yazıya 795 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.