Görüşünə gəlmişəm,
Necəsən, görüş yerim?
Tək gəlmişəm,
Boylanma yolların ayağına.
Sənin dediyin oğlan
Çıxmayıb qabağıma.
Görüşünə gəlmişəm,
Necəsən, görüş yerim?
Dəyişmisən.
Ağacın da töküb yarpaqlarını,
Torpağın yarpaqlayıb.
Gözlərimin həsrətini
Budaqların ağlayıb.
Yaşıl oturacaqlarını
Dəcəl aşiqlər cızıb,
A+B yazıb,
B+C yazıb.
Bu da həmin dayanacaq,
Məni yola salan hanı?
Bircə addım ayrılmamış,
Həsrətimi alan hanı?
İndi darıxmırmı, görən,
Mənim adımla çağırmır dostlarını,
Dili karıxmırmı, görən…
Sən ölən görüşlərin
Qalan qəbristanlığı.
Mənim səadətimin
Yalan qəbristanlığı.
Görüşündən gedirəm,
Salamat qal, görüş yerim.
Sən eşqimin ana bətni,
Dönüş yerim, dönüş yerim.
***
Bir az sakitləşmişəm.
Getdiyin yolları
Atıblar üstümə, elə bil,
Gözlərimin yaşımı səpiblər.
Bir az durulmuşam.
Nə bilim, bəlkə də yorulmuşam.
Pəncərəsi açıq qalan
Ev kimiyəm indi,
Səsin gəlir.
Küçə – küçə gəzirəm xatirələrini,
Böyründən keçirəm,
Məni görmürsən,
Öləsim gəlir.
Əllərim qoynumda.
Həsrətin yük kimidir boynumda,
Çəkim gərək…
Bir az sakitləşmişəm.
Ürəyim köhnə yaradı.
Neçə ildi yas yeriyəm , elə bil,
Bəlkə də gözlərim onnan qaradı.
Yazıya 728 dəfə baxılıb