“Azərbaycan qadın şairlərinin poeziya antologiyası” Azərbaycan və ingilis dillərində işıq üzü görüb. “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi, UNESCO-nun layihəsi olan bu antologiya bütün cəsarətli və yaradıcı qadınlara ithaf olunub.
Kitabda çap olunan şairlər üç tarixi dövrü əhatə edirlər – I. Klassik dövr (1200-1850), II. Neft bumu dövrü (1850-1920), III. Sovet dövrü (1920-1991). Şeirlər Şəhla Nağıyeva və Əlison Məndəvil tərəfindən toplanıb. Kitabın üz qabığındakı və içindəki illüstrasiyaların müəllifi Günay Həsənova, əsərlərin seçimi üzrə məsləhətçi Səlim Babullaoğludur. Antologiyanın redaktorları Hüseyn Hümbətov, Vüqar Əliyev və Müsəllim Həsənovdur.
“Azərbaycan qadın şairlərinin poeziya antologiyası” UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Birinci Katibi Günay Əfəndiyevanın “Mənəvi ucalıq” başlıqlı yazısı ilə başlanır.
Kitaba “Giriş”i “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin rəhbəri Şəhla Nağıyeva və amerikalı şair-tərcüməçi Əlison Məndəvil yazıblar. Məqalədə antologiyanın yaranması haqqında, həmçinin XII əsrdə şair Məshətinin, XIX əsrin sonlarında Şuşada Qarabağın sonuncu xanının qızı Xurşidbanu Natəvanın qadınlar üçün yaratdığı ədəbi məclislərin əhəmiyyətindən, XIX və XX əsr Azərbaycan ədəbi-mədəni mühiti, o dövrdə yazıb yaradan şairlərin fəaliyyətindən, Azərbaycanın Qərbi Avropa ilə sıx əlaqələrindən, XIX əsrin ikinci yarısından başlayaraq sürətli inkişaf nəticəsində Bakının balaca, geridə qalmış şəhərdən inkişaf etmiş kosmopolit bir şəhərə çevrilməsindən, XX əsrdən başlayaraq azərbaycanlı qadınların regionun sosial və mədəniyyət sahələrində mühüm və çoxcəhətli rolundan bəhs edilir.
Azərbaycan qadın şairlərinin poeziyasından seçilmiş nümunələrdən ibarət bu antologiya 800 illik ədəbiyyat tarixini əhatə edir. Azərbaycan dilində orijinal şeirlərlə ingilis dilində tərcümələrin yanaşı təqdim olunduğu antoloigiyada geniş bir tarixi dövrdə yaşayıb yaratmış qadın şairlərin əsas poeziya nümunələri toplanıb. Əksəriyyəti ənənəvi sevgi şeirləri olan bu poeziya nümunələri yaradıcı Azərbaycan qadınlarının poetik potensialı haqqında təsəvvür yaradır. Kitaba həmçinin milli-siyasi xarakterli, mədəniyyət və zəhmət mövzusunda şeirlər də daxil edilib.
Qədim və zəngin tarixə, mədəniyyətə, ədəbiyyata malik Azərbaycan xalqının tarixində böyük şəxsiyyətlər sırasında qadınlar da az deyil. Məşhur hökmdar Nüşabə, Tomris, dövlət xadimi Möminə Xatun, diplomat xanım Sara Xatun, eləcə də, əsərləri antologiyada yer alan Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan öz fəaliyyətləri və yaradıcılıqları ilə tariximizdə görkəmli yer tutan simalardır.
İngilis dilində ilk dəfə nəşr olunan “Azərbaycan qadın şairlərinin poeziya antologiyası”nda Azərbaycan qadınının yaratdığı yüksək bədii-estetik səviyyəli ədəbi irsdən bəzi nümunələr yer alıb. Kitab Azərbaycan qadınının poetik düşüncə və hisslərini, arzu və istəklərini ifadə edir, onun zəngin bədii təfəkkürü haqqında təsəvvür yaradır.
“Azərbaycan qadın şairlərinin poeziya antologiyası”nda şairlərin həyat və yaradıcılıqları haqqında qısa məlumatlar da yer alıb.
Antologiyada Məhsəti Gəncəvi, Xədicə Sultan xanım, Ağabəyim Ağa Ağabacı, Heyran xanım, Aşıq Bəsti, Nimtac xanım, Fatma xanım Kəminə, Rəncur Şahnigar xanım, Ziba xanım Ləli, Məşədi xanım Leyli, Qəmərbəyim Şeyda, Cahansuz, Nigar Rəfibəyli, Narınc Xatunun yaradıcılığından nümunələri ingilis dilinə Mirəsgər Ağalarov tərcümə etmişdir.
Rəziyyə Gəncəvi, Gülşad, Sahib Sultan Dünbüli, Sona Axundova, Nəbırlı Badam, Ümmügülsüm, Mirvarid Diolbazi Fatma Burciyeva tərəfindən ingilis dilinə uyğunlaşdırılıb.
Aşıq Bəsti, Pərvin xanım Ehtisami, Mədinə Gülgün, Hakimə Billuri, Mərziyə Üskuyi (Dalğa), Xanımana Əlibəyli, Zivər Ağayeva, Kəmalə, Nurəngiz Gün, Firuzə Məmmədli, Validə Hüseynova, Elmira Qasımova, Kamilə Nemət, Rəfiqə Nuray, Minarə Əliyeva, Rüzgar Əfəndiyevanın şeirləri Günay Mirzəyevanın tərcüməsində ingilisdilli oxuculara təqdim olunub.
Aşıq Pəri, Qönçəbəyim, Xurşidbanu Natəvan, Aşıq Hamayıl yaradıcılığından bəzi şeirləri Şəhla Nağıyeva tərcümə edib.
Həyatı və yaradıcılığı, nə vaxt, hansı dövrdə yaşayıb-yaratdığı haqqında məlumat əldə olunmayan şair Minanın şeiri Zümrüd Nəbiyeva tərəfindən tərcümə olunub.
Kitab dünya ədəbiyyatını və poeziyasını sevənlər, həmçinin böyük Qafqazda gender məsələlərinə, mədəniyyət nümunələrinə dair araşdırma aparan mütəxəssislər üçün maraqlı ola bilər.
Antologiyanın nəşri ədəbiyyatımızın, mədəniyyətimizin təbliği, geniş yayılması ilə bağlı əhəmiyyətli bir hadisədir.
AYB.az
Məlahət Qənbərova
Yazıya 1337 dəfə baxılıb