Faiq HÜSEYNBƏYLİ – QUL İNSANLAR

faiqAnlaya bilmirəm, duya bilmirəm,

Bu dilsiz-ağızsız lal insanları.

Dişlərim tökülür xətailər tək,

Dişimə vurduqca kal insanları.

 

Kiminin boynunda xümsü-xərac var,

Kiminin başında qızıldan tac var.

Şeytana, iblisə nə ehtiyac var,

Görəndə hiyləsi bol insanları.

 

Dəyişək saldılar olan-qalanı,

Acı həqiqəti, şirin yalanı.

Deyirəm, buğdaya tamah salanı,

Cənnətdən ayırır yol insanları.

 

Tanıdıq hər kəsi əksinə görə,

Duymadıq sözünə, səsinə görə.

Əməlinə görə, nəfsinə görə,

Allah eləyibdi qul insanları.

 

 

SÖZ ALƏMİNDƏ

 

Mən qəmə aşiqəm, dərd ilə şadam,

Özümə özgəyəm, özümə yadam –

Boğulur şeirin içində adam…

Hərə bir adamdı öz aləmində.

 

Sözə can verən də, alan da eşqdi,

Çiçəyi açan da, solan da eşqdi.

Həqiqət də eşqdi, yalan da eşqdi,

Oğru aləmində, düz aləmində.

 

Bu şair ömrümü günə sərmişəm,

Həsrətə, hicrana könül vermişəm.

Bir az divanəyəm, bir az dərvişəm,

Sərgərdan gəzirəm söz aləmində.

 

 

SÖZ ÜÇÜN

 

Bu yolda nəfəsim təngə gəlmişdi,

Axır ki, bu yolu gəldim söz üçün.

İlləri, ayları geridə qoydum,

Həyatın sirrini bildim söz üçün.

 

Gəlişim nəğmədi, gedişim ağı,

Mənə yol göstərdi sözün çırağı.

Bağrımın başına çəkilən dağı,

Bisitun dağı tək dəldim söz üçün.

 

Ruhumu, könlümü Ona gətirdim,

Ömrü saldım dondan-dona, gətirdim…

Nəhayət, hər şeyi sona gətirdim,

Tale yazısını sildim söz üçün.

 

Çaylar kimi axdım, duruldum belə,

Bu daşa-torpağa vuruldum belə…

Can verdim, yenidən ruh oldum belə,

Şükür Allaha ki, öldüm söz üçün!

 

 

ACLIĞIN SİMVOLU


Can verən qızcığazın və onun ölümünü gözləyən qartalın şəkli Sudandakı misilsiz aclığın simvoluna çevrildi. Fotonun müəllifi Kevin Karter can üstə olan körpəyə heç bir kömək göstərmədiyinə görə ləkəli vicdanla yaşaya bilmədi və həyatla könüllü vidalaşdı.

Qartal, o uşağı yemə, amandı,
Yeri get qurdunu-quşunu ye sən.
O uşaq günaha batmayıb hələ,
Bacarsan, qadını, kişini ye sən.

Səni hansı Tanrı göndərib belə,
Çıxma həqiqətin-haqqın sözündən.
A dağlar övladı, igidlik rəmzi,
Körpə qatili tək düşmə gözümdən.

O uşaq yem deyil, ruhu, canı var,
Ayırma o ruhu canından, dayan!
Dünyada bu qədər qaniçən varkən,
İçmə məsumların qanından, dayan!

Adına sadiq ol, adınla yaşa,
Qıy vur misra-misra, coş sətir-sətir.
İnsanlar insalıq etməyən yerdə,
Get, bu ac körpəyə mərhəmət gətir.

 

 

YERİ VAR

 

Şər deməsən xeyir gəlməz deyirlər,
Mən ölmüşün xeyri yoxdu, şəri var.
Dünya özü rəvayətdi, nağıldı,
Əvvəlindən biri yoxdu, biri var.

Yüz iyirmi dörd min peyğəmbər gələ,
Açılmaz dünyanın sirləri hələ –
Hər arzuya, hər vədə, hər əmələ,
Açılmayan neçə-neçə sirri var.

İnsan var ki, insanlıqda payı yox,
İnsan var ki, bir ox atır, yayı yox…
Bu dünyada yaşamağın göyü yox,
Bu dünyada yaşamağın yeri var.

İlahidən pay verilib kamalı,
Sözdü onun əqidəsi, amalı.
Şairlərin göylərdədi xəyali,
Xəyalının qanadı var, pəri var.

Faiq, daha qat başını bu eşqin,
Təzələmə yaddaşını bu eşqin.
Ətəyindən tök daşını bu eşqin,
Camaatın uşağı var, əri var…

 

“MƏN” ELƏ MƏNİ

 

Bir quşun dimdiyində,
Dən elə məni, Allah.
Dağlara duman elə,
Çən elə məni, Allah!

Tale gülsün üzümə,
Qanad ver hər sözümə.
Qaytar məni özümə,
“Mən” elə məni, Allah!

Şaxtaya, buza döndər,
Təkə, yalqıza döndər.
Aya, ulduza döndər,
Gün elə məni, Allah!

Ayrı düşdüm gülümdən,
Nalə qopdu dilimdən.
Al bu dərdi əlimdən,
Şən elə məni, Allah!

Çıx ömrümün sonuna,
Sal bir mələk donuna.
Apar məni yanına,
Sən elə məni, Allah!

 

YAŞAYIR

 

Adamlarda üz var imiş,
Adamlar üznən yaşayır.
Kimisi qəlbində günəş,
Kimisi buznan yaşayır.

Yenə də ərköyün olub,
İşi tamam oyun olub.
Əhrimən qol boyun olub,
Yenə Hörmüznən yaşayır.

Nədir bu günah sevgisi,
Günahların şah sevgisi?
İçimdə Allah sevgisi,
Bir şirin qıznan yaşayır.

Qəm üstünə qəm qalanır,
Misra-misra xırdalanır.
Xəyalım göydə dolanır,
Aynan, ulduznan yaşayır.

Solar bir gün gül olanlar,
Susar bir gün dil olanlar.
Kərəm kimi kül olanlar
Qəlbində köznən yaşayır.

Eşqlə doldurub camını,
Heyrətdə qoyur hamını.
Səsdən alır ilhamını,
Bu şair söznən yaşayır.

 

 

ƏLLƏRİN


Qara günün boz eşqinə,
Yağan ağ qardı əllərin.
Nə yaxşı varsan dünyada,
Nə yaxşı vardı əllərin…

Ahım aşiq nəfəsidi,
Sözüm ruhumun səsidi.
Ürəyimin qəfəsdi,
Sehirli tordu əllərin.

Sözəm, dilində ölmədim,
Közəm, külündə ölmədim.
Sənin əlində ölmədim,
Məzardı, gordu əllərin.

Sən uçduqca mələk kimi,
Titrəyir kəpənək kimi.
Açılıbdı çiçək kimi,
Yazdı, bahardı əllərin.

Bir dən götür tellərimdən,
Aylarımdan, illərimdən…
Çək əlini əllərimdən,
Özgəyə yardı əllərin.


ALLAH, MƏNİ BAĞIŞLA!


Qəminə ağladığın,
Bu bəxtikəm nəyindi?
Sən deyən olmadım mən,
Nə əvvəllər, nə indi.

Nəyimi sevdin mənim,
Laiqəmmi sevginə?
Get bir az da özünü,
Özgələri sevginən.

Solmayaydı çiçəklər,
Yağmayaydı yağışlar.
Sən deyən olmadım mən,
Allah, məni bağışla!

 


ÜRƏKLƏ AĞLADIM


Dönüb narın yağışa,
Küləklə ağladım mən.
Fələklərin zülmünə,
Mələklə ağladım mən.

Ərit sinəmdən qarı,
Dərdi-qəmi böl yarı…
Ələdikcə dostları,
Ələklə ağladım mən.

Alnımdakı yazıyla,
Sözlərin avazıyla,
Ağladım, min arzuyla,
Diləklə ağladım mən.

Baxmadım ağa, boza,
Ümid yoxdu bu yaza.
Qəbrimi qaza-qaza,
Kürəklə ağladım mən.

Göz yaşını siləndə,
Ağlayan da, gülən də,
Sən ürəkdən güləndə
Ürəklə ağladım mən.

 

 

SƏN


Şükür, yenə görüşdük,
Nə mən mənəm, nə sən sən.
Şeytansan, ya mələksən,
Axı kimsən, nəsən sən?

Gəl qadamı al, desən,
Ürəyimdə qal, desən.
Doğularam, Ol desən
Ölərəm, öl desən sən.

Dedin, paşan, ağan mən,
Ölməmişəm, sağam mən…
Yağış olub yağan mən,
Külək olub əsən sən.

Dayanmışıq üz-üzə,
Baxışların möcüzə…
Hər kəlməyə, hər sözə,
İnciyənsən, küsənsən.

 

SÖZÜM OYNAYIR


Nəsildən-nəsilə dərd ötürmüşük,
İndi dərdlərimlə qızım oynayır.
Gözü dəyənlərin gözü çıxmadı,
Başıma çevrilən duzum oynayır.

Bu günəş bu dərdin buzun əritmir,
Bu sevinc bu qəmi niyə kiritmir?
Sümüyə işləyir havası, ritmi,
Səbrim çəpik çalır, dözüm oynayır.

Çəkmədi əlini mələk başıma,
Elə daş ələdi ələk başıma.
Bir qapaz endirib fələk başıma,
Hələ də yerində gözüm oynayır.

Olumu-ölümü tapdım əməldə,
Adamın üzünə baxmır əcəl də.
Yer qaçır, Göy uçur… bu gəlhagəldə,
Ayağımın altda izim oynayır.

Sevda yaratmışıq biz aramızda,
Ocaq qalayıbdı köz aramızda.
Bir mağar qurmuşuq öz aramızda,
Mən qələm çalıram, sözüm oynarır.

  

DƏLİ SEVGİM

 

Duymadım ətrini, təravətini,

Açmadı çiçəyi-gülü sevgimin.

Sirrini aşkara deyə bilmədim,

Elə “topuq vurdu” dili sevgimin.

 

Ayları, günləri köklədim dərdə,

O illər geriyə qayıtmaz bir də.

Səsimə səs verən olmadı Yerdə,

Üzüldü göylərdən əli sevgimin.

 

Mən kimi dinlədim, kimi anladım,

Saz oldum, pərdəni, simi anladım.

Kədəri anladım, qəmi anladım,

Dərdini daşıdım dəli sevgimin.

 

Sözün də etdiyi naz imiş demə,

Ömrü payız imiş, yaz imiş demə.

Oduna yanmağım az imiş demə,

Gözümə sovruldu külü sevgimin.

 

Gəlmisən qibləni, piri görməyə,

Andını içdiyin yeri görməyə.

Bir az yubanmısan diri görməyə,

Həmdəmi olmusan ölü  sevgimin.

 

HEYF

 

Hələ də gəlməyir səsim-səmirim,
Gəlməyən o səsə-səmirə heyf…
Gözü kölgəlidi polad yanında,
Əyilən, əriyən dəmirə heyf.

Nədir insanlığın dərk elədiyi,
Ruhunu, cismini tərk elədiyi?
Allahın bəndəyə görk elədiyi,
Ömərə, Yezidə, Şümürə heyf.

Hələ O gətirib Bu aparacaq,
Bir qadın eşqini Qu aparacaq.
Bu xəmir hələ çox su aparacaq,
Heyf suya heyf, xəmirə heyf.

“Ol” deyən, nə idi xətam, olmadım?
Hələ də özümə yadam, olmadım…
Kül mənim başıma, adam olmadım,
Allahın verdiyi ömürə heyf.

 

ÜRƏYİM HƏR YERDƏ SƏN GƏZİR

 

Kim yaşa dolursa, aynaya baxıb
Qara saçlarında dən gəzir elə.
İtən günlərinin dərdini çəkir,
Üzündə-gözündə qəm gəzir elə.

Kimi ətrafını qapıb yaşayır,
Kimi öz başını qatıb yaşayır.
Hərə bir çəmini tapıb yaşayır,
Şair ömrü boyu çəm gəzir elə.

Səsinə, sözünə aşiq olduğum,
Ruhuna, özünə aşiq olduğum.
O gilas gözünə aşiq olduğum,
Niyə gözlərində nəm gəzir elə?

Allah deyilsən ki, insan, aşkar ol,
Ol mənim dərdimə dərman, aşkar ol.
Hardasan, ay eşqi pünhan, aşkar ol,
Ürəyim hər yerdə sən gəzir elə.

Canım sədəqədi, eşq rzasıdı,
Qəmdən xəbərdardı, dərddən asidi.
Təbəssümü onun istehzasıdı,
Faiq gülümsəyib şən gəzir elə.

Yazıya 908 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.