Zəng edim-etməyim, tərəddüddəyəm,
Ürəyim istəyir, qürur qoymayır.
Başımı qələmlə qatıram hər gün,
Yazıram, pozuram, vərəq doymayır…
Bəzən də rəsmini çəkirəm onun,
Qələmlə nazını çəkə bilmirəm.
O gözəl qaməti şux qalsın deyə,
Kağız parçasını bükə bilmirəm…
Sonra düşünürəm dəli sayağı,
Sanıram, o məni görür, eşidir.
Məni eşitməsin, görməsin deyə,
Gözü, qulağını pozuram bir-bir…
Bəlkə həqiqətən dəli olmuşam ?
Ağlımı başımdan alıb hisslərim.
Mən belə deyildim, ona deyin ki,
Məni nə günlərə salıb hisslərim…
***
Çıx mənim yadımdan
Çıx mənim yadımdan, çıx nə olar çıx,
Hər dəfə fikrimi qarışdırırsan.
Görənlər “dəli”dir desinlər deyə
Məni öz-özümlə danışdırırsan… ?
Çıx mənim yadımdan, çıx nə olar çıx,
Gör neçə müddətdir, yata bilmirəm.
Hələ dincəlmək də bir yana qalsın,
Işə də vaxtında çata bilmirəm.
Çıx mənim yadımdan, çıx nə olar çıx,
Sən gələn yolları bağlayammıram.
Hər gün rastlaşdığım iş yoldaşımın
Adını yadımda saxlayammıram…
Çıx mənim yadımdan, çıx nə olar çıx,
Qapı da açıqdır, pəncərələr də.
Öz adım yadımdan çıxmasın deyə,
Adımı yazıram pəncərələrdə…
Çıx mənim yadımdan, çıx nə olar çıx,
Mən sənin yadından çıxdığım kimi.
Daha üzünə də baxa bilmirəm,
Hər gecə şəklinə baxdığım kimi.
***
DünyA
Dünyanin yuxusu gəlir o yanda,
Bu yanda yenicə oyanıb dünya.
O yanda qaranlıq Ay işığına,
Bu yanda Günəşə boyanıb dünya.
Dünyanın gözləri mavi dənizlər,
Göz yaşı çaylardı coşub, çağlayır.
Bəlkə də öləni, bir itəni var,
Hər gecə onunçün qara saxlayır ?!
Dünyanın ağzı qara torpağdır,
Yöndəmsiz dişləri qayadır, daşdır.
Mədəsi dəyirman daşı kimidir,
Aldığı qisasdı, yediyi başdır.
Buludlar dünyanın əyin-başıdır,
Bəzən də, dünyamız “çılpaq” görünür.
Yer üzü bir qazan formasındadır,
Göy üzü “əzilmiş qapaq” görünür.
Dünyanın başıdı səhralıqları,
Biçilmiş zəmi tək keçəl qalıbdır.
Min insan yaşından qoca da olsa,
Təbiəti şiltaq, dəcəl qalıbdır.
Dünyanın sevinci, dünyanın qəmi
Bir qozbel insanın kürəyindədir.
Kim bilir, bəlkə də, dünyanın sirri
Ölmüş bir insanın ürəyindədir ?!
Yazıya 944 dəfə baxılıb