Bu duanı məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperi həyatının ən ağır günlərinin birində yazıb. Yazıçının qələmə aldığı sətirlər mühüm məsələlərdən bəhs edir, insanın qəlbinə və ağlına dərin təsir göstərir.
“İlahi, səndən möcüzə və ilğım yox, yaşadığım hər gün üçün güc istəyirəm. Mənə kiçik addımlarla yerimək bacarığını öyrət.
Adi günlərin qarmaqarışıqlığında mənə kəşflər və təcrübələr üzərində vaxtında dayanmaq üçün müşahidə aparmaq, fərasətli olmaq qabiliyyəti ver.
Mənə ömür möhlətimdən düzgün istifadə etməyi öyrət. Mənə əsas və ikinci dərəcəli şeyləri ayırd etmək üçün incə duyum bəxş elə.
Həyatda uçmamaq və sürünməmək, günün axarını ağılla nəzarətdə saxlamaq, zirvələri və ənginlikləri görmək, aradabir sənətdən zövq almağa vaxt tapmaq üçün mənə təmkin, əndazə gücü bəxş elə.
Mənə arzuların yardımla çin olmadığını dərk eləməkdə kömək göstər. Nə keçmiş haqqında, nə də gələcəklə bağlı arzular istəyirəm. Bu an burda olmaqda, həmin məqamı ən vacib an kimi qəbul eləməkdə yardımını məndən əsirgəmə.
Məni həyatda hər şeyin asan olduğu barədə sadəlövh inamdan qoru. Çətinliklərin, məğlubiyyətlərin, süqutların və uğursuzluqların yalnız həyatın tərkib hissəsi olduğunu, onların sayəsində inkişaf etdiyimizi və kamilləşdiyimizi dərk etmək üçün mənə aydın zəka ver.
Mənə tez-tez qəlbin ağılla mübahisə etdiyini xatırlat.
Yanıma vacib məqamda mənə həqiqəti deməyə cəsarəti çatan, amma bunu sevgiylə eləyən bir adam göndər.
Bilirəm ki, hər hansı tədbir görməyəndə bir çox məsələlər öz həllini tapır. Ona görə də mənə dözüm öyrət.
Dostluğa nə qədər ehtiyacımız olduğunu bilirsən. Mənə taleyin bu ən gözəl və ən dəyərli bəxşişinə layiq olmaq imkanı ver.
Lazımi məqamda, lazımi vaxtda, lazımi yerdə, sözlə və sözsüz kiməsə ehtiyacı olduğu hərarəti vermək üçün mənə zəngin fantaziya ver.
Məni həyatın lap dibində olan kəslərə kömək etməyi bacaran insana çevir. Məni həyatda nəyisə itirmək qorxusundan qoru.
Mənə özümə arzuladığımı yox, həqiqətən lazım olanı ver.
Mənə kiçik addımlarla irəliləmək bacarığını öyrət”.
hazırladı: Nəriman Əbdülrəhmanlı
Mənbə: aydınyol.az
Yazıya 954 dəfə baxılıb