Evi zəif gecə lampaları zorla işıqlandırsa da, qadın özünə yaxşı tanış olan böyük otaqlarda və geniş salonlarda sərbəst gəzir, yarımçıq qoyduğu şeirlər kitabını axtarırdı. Axşamtərəfi kitabı harasa qoymuş, indi isə xatırlamışdı. Qonaq otağına girib işığı yandırdı. Qadının çılpaq boynu və çiyinləri kənarları krujevalı, solğun qırmızı ipək donun içində üzürdü. Gecədən keçməsinə baxmayaraq, qadının barmaqlarındakı üzüklər bərq vururdu, qızılı saçları səliqəylə yığılmışdı. O çox gözəl, zərif qadın idi. Al dodaqlı yumru sifətində mavi gözləri parıltı saçırdı. Gözlər gah bakirə qız məsumluqu ilə geniş açılır, gah da qəddar, boz və soyuq olurdu, bəzən isə orada nəsə vəhşi, amiranə və inadkar əlamət sezilirdi.
Qadın qonaq otağının işığını söndürüb dəhlizə çıxaraq başqa otağa üz tutdu. Qapının yanında dayandı. Nəsə onu ehtiyatlı olmağa vadar edirdi. Zəif səs eşitdi. Yüngül bir xışıltı idi, sanki otaqda kimsə hərəkət edirdi. Qadın and içə bilərdi ki, heç nə eşitməyib, ancaq nəsə özünü ələ ala bilmirdi. Gecənin sükutu pozulmuşdu. Qadın öz-özündən soruşurdu ki, gecənin bu çağı xidmətçilərdən kim otaqlarda gəzə bilər? Eşikağası ola bilməzdi: o kişi erkən yatmaq vərdişini yalnız xüsusi hallarda dəyişirdi. Qulluqçu da ola bilməzdi: qadın özü o qıza bir gecəlik icazə vermişdi.
Yemək otağının yanında keçəndə qapının bağlı olduğunu gördü. Özü də bilmədən qapını açıb içəri daxil oldu.
Qulağına dəyib onu həyəcanlandırmış səsin məhz buradan gəldiyini bəlkə də hiss etmişdi. Otaq qaranlıq idi, amma o kor-koranə işığın düyməsini tapıb sıxdı. İşıq yanan kimi qadın qapıya tərəf çəkilib yavaşca ah çəkdi.
Onunla üzbəüz, işıq düyməsinin yanındakı küncə qısılmış bir kişi tapançasını qadına tuşlamışdı. Qorxu içində olsa da, qadın tapançanın qara rəngini və çox uzun olduğunu gördü. “Kolt”dur, – düşündü. Kişi bəstəboy idi, pis geyinmişdi, gündən qaralmış sifəti və qonur gözləri tamamilə sakit görünürdü. Tapança onun əlində titrəmirdi, düz qadının sinəsinə tuşlanmışdı.
– Ah, bağışlayın, – qadın dilləndi. – Qorxuzduz məni. Sizə nə lazımdır?
– Burdan tez rədd olub getmək, – kişi dodaqlarını əyib dedi. – Sizin bu saysız-hesabsız otaqlarda əməlli-başlı azmışam, əgər siz müsaidə edib yolu göstərsəz, mən sizə heç bir pislik etmədən dərhal çıxıb gedərəm.
– Bəs bura necə gəlib çıxmısız? – qadın soruşdu, onun səsində həmişə amirliyə öyrəşmiş adamın kəskinliyi hiss edildi.
– Sadəcə olaraq, sizdən nəsə oğurlamaq istəyirdim, miss, vəssalam. Bura qalxdım ki, görüm götürəsi bir şey varmı? Əmin idim ki, evdə yoxsunuz, çünki sizi qocayla birlikdə maşına minən görmüşdüm. Yəqin ki, atanızdı, siz isə miss Setlifsiz, hə?
Miss Setlif kişinin səhvini anladı, sadəlövh komplimetini qiymətləndirdi, ancaq naməlum adamı hələlik çaşqınlıqda saxlamağı qərara aldı.
– Sizə kim dedi ki, mən miss Setlifəm – qadın soruşdu.
– Bu ki qoca Setlifin evidir?
Qadın təsdiq mənasında başını tərpətdi.
– Mən heç bilmirdim ki, onun qızı var. Hm, indi əgər çətin deyilsə, zəhmət olmasa, yolu göstərin, çıxım gedim, əvəzində sizə çox minnətdar olaram.
– Necə yəni, çıxım gedim? Axı siz quldursuz, oğrusuz.
– Bu işdə naşı olmasaydım, barmaqlarınızdakı üzükləri çıxarar, sizinlə də vaxt çürütməzdim, – kişi mızıldandı. – Ancaq mən qoca Setlifi soymağa gəlmişdim, qadını yox. Qapının qabağından çəkilsəniz, yolu özüm də taparam.
Miss Setlifin ağlı iti işləyirdi. Dərhal başa düşdü ki, bu adamdan qorxmağa dəyməz. Kişinin peşəkar cinayətkar olmadığı aydın idi, tələffüzünə görə isə şəhər adamı olmadığını düşünmək olardı. Kişidən hətta ucsuz-bucaqsız çöllərin təmiz havasının iyi gəlirdi.
– Mən qışqırsam necə? – qadın maraqlandı. – Köməyə çağırsam necə? Məgər siz məni güllələyə bilərsiz?.. Qadına əl qaldırarsız?
Kişinin tünd gözlərindəki çaşqınlıq qadının gözündən yayınmadı. O, düşüncəli tərzdə, yavaş-yavaş, sanki problemi həll edirmiş kimi cavab verdi:
– Güman ki, sizi boğardım, ya da şikəst edərdim.
– Qadını?
– Belə etməyə məcbur olcaqdım, – kişi dedi və qadın onun dodaqlarının bir-birinə sıxıldığını gördü. – Əlbəttə, siz köməksiz bir qadınsız, ancaq məsələ burasındadır ki, miss, mən həbsə düşə bilmərəm. Heç cür düşə bilmərəm. Dostum məni qərbdə gözləyir. Bədbəxtliyə düçar olub və oun dadına çatmalıyam. Məncə, bir elə ağrı vermədən sizi boğa da bilərəm.
Qadın gözlərini geniş açıb uşaq sadəlövhlüyü ilə kişiyə baxırdı.
– Ömrümdə quldur görməmişdim, – o dedi. – Heç təsəvvür edə bilməzsiz ki, sizinlə kəlmə kəsmək mənim üçün necə maraqlıdır.
– Mən quldur deyiləm, miss… Deyirəm, yəni əsl quldur deyiləm, – qadının açıq inamsızlıqla baxdığını görüb tez əlavə elədi. – Hə əlbəttə, madam ki, özgəsinin evinə soxulmuşam, elə düşünmək olar… Ancaq birinci dəfədir belə edirəm. Mənə mütləq pul lazımdır. Bir də, mən yalnız mənə çatası olanı götürmək istəyirəm.
– Heç nə başa düşmürəm, – qadın gülümsündü. – Oğurlamağa gəlmisiz, oğurluq məgər sizə çatası şeydir?
– Həm elədir, həm də yox… Hm… mən çıxıb getsəm yaxşıdır.
Kişi qapıya tərəf addımladı, ancaq qadın onun yolunu kəsdi. Özü də, necə canlar alan maneə idi! Kişi sol əlini uzadıb sanki ondan yapışmaq istədi, ancaq tərəddüd içində dayandı. Aydın görünürdü ki, qadının məsumluğu və gözəlliyi kişinin əl-qolunu bağlayır.
– Görürsünüzmü, – qadının qalibanə səsi eşidildi, – bilirdim ki, mənə toxunmazsız.
Kişi əməlli-başlı özünü itirmişdi.
– Ömrümdə qadın incitməmişəm, – o dedi. – Bunu etmək qərarına gəlmək də mənim üçün asan deyil. Ancaq siz qışqırsanız, mən buna məcbur olacam.
Qadın inadla dilləndi:
– Bir az da qalın. Söhbət eləyək. Elə maraqlıdır ki! İstəyirəm öyrənim, nə üçün oğurlamaq sizə çatacaq payı götürməkdir?
Kişi heyran nəzərlərlə ona baxırdı:
– Mənə həmişə elə gəlirdi ki, qadınlar oğrulardan qorxurlar, ancaq deyəsən, siz elələrindən deyilsiz.
Qadın güldü.
– Bilirsiz, oğrudan oğruya fərq var. Mən sizdən qorxmuram, çünki başa düşürəm ki, siz qadın incidən adamlardan deyilsiz. Gəlin söhbət edək. Gəlin söhbət edək. Heç kim bizə mane olmaz. Evdə təkəm. Atam gecə qatarı ilə Nyu-Yorka gedib, xidmətçilər isə yatırlar. Sizi nəyəsə qonaq etmək istəyirəm, axı, qadınlar həmişə tutduqları oğruları nəyəsə qonaq edirdilər, hər halda, romanlarda belə yazılır. Ancaq heç bilmirəm yeməyi hardan tapım. Bəlkə nəsə içmək istəyirsiz?
Kişi tərəddüd içində dayanıb dillənmədi. Qadın onun xoşuna gəldiyini və bu istəyin anbaan artdığını yaxşı anlayırdı.
– Qorxursuz? – o soruşdu. – Sizi zəhərləmərəm, düz sözümdür. Sizi əmin etmək üçün, özüm də içərəm.
– Siz qeyri-adi dərəcədə gözəl qızsız? – kişi deyib ilk dəfə tapançasını aşağı saldı. – Bundan sonra dünyasında inanmaram ki, şəhər qızları qorxaq olurlar. Bax siz, zərif, balaca qadınsız, cəsarətiniz isə başdan aşır. Ən əsası isə, sadəlövhsüz. Görəsən, silahlı quldurla sakitcə söhbət edə bilən qadına çox rast gəlmək olar? Lap elə olsun kişi.
Sözlərin sehri altında qadın gülümsündü, ancaq təzədən danışanda səsi yenə ciddiydi:
– Ona görə ki, mənim xoşuma gəlirsiz. Siz tamamilə düz adama oxşayırsız, oğruya oxşatmaq olmur sizi. Atın daşını oğurluğun. Bəxtiniz gətirmirsə, iş axtarın. Yaxşı, bu zibil tapançanı bir qırağa qoyacaqsız, ya yox? Gəlin işdən danışaq. Hər şeydən qabaq, sizə münasib iş tapmaq lazımdır.
– Bu şəhərdə ay tapdın ha, – kişi acı-acı dedi. – Mən axtarmaqdan zara gəlmişəm. Sözün düzü, çox da pis adam deyildim ta… ta… Ta işsiz olana qədər.
Kişinin əsəbi sözləri şən gülüşlə qarşılandı, gülüş onun ürəyinə yağ kimi yayıldı, qadın isə bunu dərhal anlayıb əlverişli fürsəti əldən vermək istəmədi. Qapıdan aralanıb bufetə tərəf yeridi.
– Mən bufetdən bir şey tapanacan hər şeyi yerli-yataqlı danışın. Nə içirsiz? Viski?
– Bəli, madam, – hələ də əlində tapança sıxılmış kişi açıq və heç kimin qorumadığı qapıya tərəf baxaraq qadının arxasınca yeridi.
Qadın stəkana viski süzdü.
– Sizinlə içəcəyimə söz vermişdim, – qadın sözləri seçə-seçə danışdı. – Ancaq mən viski xoşlamıram. Çaxıra üstünlük verirəm.
Qadın çaxır şüşəsini qaldırıb icazə istəyirmiş kimi kişiyə baxdı.
– Əlbəttə, əlbəttə, viski kişi içkisidir. Sözün düzü, qadınların viski içməsini xoşlamıram. Çaxır isə başqa məsələ, çaxır olar.
Qadın baxışlarını kişiyə zilləyib stəkanını onun stəkanına vurdu.
– Sizin uğurlarınız naminə. Arzu edirəm, münasib bir iş tapasız…
Kişinin çöhrəsində nifrət və təəccüb sezən qadın qəflətən səsini kəsdi. Kişi bircə qurtum için stəkanı yerə qoydu.
– Nə oldu? – qadının qayğılı səsi eşidildi. – Viskidən xoşunuz gəlmir? Bəlkə səhv salmışam?
– Qəribə viskidir. Tüstü iyi verir.
– Gör bir necə səfehəm. Sizə şotland viskisi süzmüşəm, siz isə, əlbəttə, yerli viskiyə öyrəşmisiz. İndi dəyişərəm.
Az qala ana qayğısı ilə qadın stəkanı dəyişdirib lazımi şüşəni tapdı.
– Hə, bu necə, xoşunuza gəlir?
– Bəli, madam. Ondan tüstü qoxusu gəlmir. Əsl mən deyən viskidir. Bir həftədir dilimə birdə damcı da dəyməyib. Bu günəbaxan viskisidir. Dərhal görünür ki, təmizdir, qatışığı yoxdur.
– Çox içənsiz?
– Yox, madam, elə deməzdim Əvvəllər həddimi aşan çağlarım olub, onda da ildə-ayda bir kərə… Bəzən bircə qədəh viski çox yerinə düşür – lap indiki kimi. Hə, madam, xeyirxahlığınız üçün çox sağ olun, mən daha tərpənim.
Ancaq miss Setlif öz oğrusunu belə tezliklə buraxmaq istəmirdi. Demək olmazdı ki, o, macəra romantikliyinə meyl edirdi, yox, miss Setlif yüngül söz-söhbət dalınca qaçan qadınlardan deyildi. Bu kişidə nəsə həyəcanlandıran qeyri-adi bir şey vardı və qadının marağı da onun ucbatından idi. Üstəlik, indi tam əmin idi ki, qorxmağa dəyməzdi. Kobud çənəsinə, qəddar baxışlarına baxmayaraq, bu adam təəccüblü dərəcədə sözəbaxan idi. Hardasa qadının qəlbinin dərinliklərində baş qaldırmış həvəsi ona pıçıldayırdı ki, tanışları eşidəndə onunla necə fəxr edəcəklər, ona necə həsəd aparacaqlar… Belə fürsəti əldən buraxmaq olmazdı.
– Siz heç izah eləmədiniz ki, nə üçün oğurlamaq sizə çatası nəyisə götürmək adlanır? – qadın dedi. – Bax burda, stolun arxasında oturun və bu barədə danışın.
Qadın özü də kişiylə üzbəüz oturdu. Kişi hələ də sayıqlığını itirməmişdi: gözləri diqqətlə dörd tərəfi müşahidə edirdi, sonra o baxışlar sakit bir heyranlıqla ani olaraq qadına dikilir, qadın danışanda isə onun səsindən çox kənar səslərə diqqət edirdi. Bir an da olsun stolun üstünə qoyduğu, sonra dəstəyi sağ əlinə tərəf çevrilmiş, indi isə əslində ikisinin arasında olan tapançası yadından çıxmırdı.
Kişi özünə tanış olmayan, özgə evindəydi. O, qərb tərəflərin oğluydu, onun qulaqları və gözləri daimi keşikdə idi, meşələrdə və çöllərdə cəsarətli axtarışları vaxtı qulaqları və gözləri onun dadına çatırdı, indi isə bilmirdi ki, stolun altında, üzbəüz oturduğu qadının ayaqları yanında elektrik çağrı zənginin düyməsi var. Kişi heç vaxt belə kəşf haqqında eşitməmişdi, onun sayıqlığı və ehtiyatlılığı burda aciz idi.
– Bilirsizmi, miss, – qadının israredici sualına cavab verməyə başladı, – haçansa qoca Setlif mənə kələk gəldi. Bir işimiz vardı. Hə, kələk gəlib bütün var-yoxumu əlimdən aldı. Kimin ki cibində yüz milyonlarla pulu var, o nə edirsə-etsin, hər şey qanunidir. Hər şey də onların əllərindən gəlir. Mən sədəqə diləmərəm və atanızdan intiqam almaq fikrim də yoxdur. O mənim barəmdə heç vaxt eşitməyib və əlbəttə, qətiyyən bilmir ki, məni dilənçiyə çevirib. Axı o, əlində milyonlar oynadan vacib şəxsiyyətdir, mənim kimi qarışqadan onun nə xəbəri olacaq? O, işbaz adamdır. Onun istifadəsində yüzlərlə müxtəlif mütəxəssis var; bu adamlar onun əvəzinə düşünür, onun əvəzinə işləyirlər. Eşitmişəm ki, onların bəzisi Birləşmiş Ştatların prezidentindən çox maaş alır. Mən isə sizin sevimli “atacığ”ınızın məhv etdiyi minlərdən yalnız biriyəm.
Bilirsinizmi, madam, mənim bircə at gücünə malik hidravlik qurğusu olan balaca idarəm vardı. Ancaq Setlif və onun şərikləri bütöv Aydaho torpaqlarını ələ keçirib əritmə təsərrüfatını təzədən qurandan və Tuin Payns yaxınlığında nəhəng hidravlik qurğunu yaradandan sonra, əlbəttə, mənim işim bitdi, mən heç öz işimə qoyduğum pulu çıxara bilmədim. Mitilimi atdılar bayıra. Ona görə də, bu gecə cibində bircə qəpiyimdə də olmayanda və dostumun necə ehtiyacı olduğunu biləndə bura gəlib sizin atacığınızın əmlakına azacıq əl gəzdirmək qərarına gəldim. Mənə pul lazımdır, ona görə də, əgər atanızdan mənə çatası nəsə qopara bilsəm, bu, Allah yanında günah sayılmaz.
Miss Setlif etiraz etdi:
– Bütün dedikləriniz həqiqət olsa belə, oğurluq oğurluq olaraq qalır. Məhkəmədə bundan ötrü sizə bəraət verməzlər.
– Bilirəm, – kişi qısaca razılaşdı. – Ədalətli olan hər şey çox vaxt qanuni olmur. Bax ona görə də mən indi burda sizinlə narahat oturub söhbət edirəm. Bu heç də o demək deyildir ki, sizinlə oturmaq ürəyimcə deyil. Əsla! Siz mənim çox xoşuma gəlirsiz, ancaq mən heç cür polisin cənginə keçə bilmərəm. Yaxşı bilirəm ki, onlar mənim başıma hansı oyunu açarlar. Keçən həftə bir oğlanın belinə beş il qoydular, özü də nəyin üstündə? Küçədə bir nəfərdən iki dollar səksən beş sent pul çırpışdırdığına görə. Bu barədə özüm qəzetdə oxumuşam. İş olmayan çətin vaxtlarda insanlar ümidsizləşir, qəddarlaşır və əlinə keçən hər kəsin başında bu qəddarlığı partlatmağa imkan axtarır. Əgər bu dəqiqə tutulsam, on ildən aşağıya ümid bəsləyə bilərəm. Ona görə, tez çıxıb getmək istəyirəm.
– Yox, dayanın, – qadın əlinin hərəkəti ilə onu saxlamağa çalışdı, eyni anda ayağını elektrik zənginin düyməsindən götürdü, neçə dəfə idi ki, o zəngi basırdı. – Siz heç demədiz ki, adınız nədir.
Bir anlıq tərəddüddən sonra kişi dedi:
– Məni Deyv çağıra bilərsiz…
– Məsələ burasındadır ki… Deyv, – qadın istəkli bir utancaqlıqla güldü, – sizin üçün nəsə eləmək lazımdır. Siz hələ cavansız, hesab edəcəyiniz hər şeyi götürsəniz, sonralar elə öyrəşəcəksiz ki, heç payınıza düşməyənləri də çırpışdıracaqsız. Bütün bunların axırı bilirsiz necə olur? Yaxşısı budur, sizin üçün münasib iş tapaq.
– Mənə pul lazımdır, özü də, bu dəqiqə lazımdır, – kişi inadla dilləndi. – Özüm üçün istəmirəm, dostum üçün. Əgər dərhal kömək olunmasa, getdi onun qatarı.
Qadın cəld danışdı:
– Mən sizin üçün iş tapa bilərəm… Qaldı sizin dostunuzun məsələsi… Bilirsiz nə var? Sizə borc verərəm, göndərərsiz ona. Sonra öz maaşınızdan mənim pulumu qaytararsız…
– Üç yüz dollar bəs edərdi, – kişi sakitcə dedi. – Hə, üçcə yüzə o, canını qurtarar. Bundan ötrü, bir də adicə sup, hə, bir də tütün üçün bir-iki sent pula bir il nəfəs dərmədən işləməyə hazıram.
– Ah, siz çəkirsiniz? Heç ağlıma gəlməyib.
Qadın tapançanın üstündən əlini uzadıb siqaret çəkənlərin barmaqlarında olan məlum sarı ləkələrə işarə etdi və həm də, nəzərləri ilə silaha qədər olan məsafəni ölçdü. Cəld hərəkətlə tapançanı götürmək istəyirdi. Qadın əmin idi ki, silahı götürə bilər, ancaq yenə də tərəddüd edirdi. Nəhayət, özünü birtəhər saxlayıb əlini geri götürdü.
– Çəkmək istəyirsiniz?
– Bağrım çatlayır lap.
– Mən etiraz etmirəm, çəkin, buyurun, çəkin. Birisi çəkəndə mənim xoşum gəlir, əlbəttə, siqarət çəkəndə.
Kişi sol əlini yan cibinə salıb əzik-üzük bir siqaret kağızı çıxararaq, onu sağ əlinə tərəf olan tapançanın yanına qoydu. Təzədən əlini cibinə salıb iri, qıvrım tütünü kağızın üstünə tökdü. Sonra hər iki əlini tapançanın üstünə qoyub siqareti bükməyə başladı.
– Bu iyrənc silahdan elə yapışmısız ki, sanki məndən qorxursuz, – qadın coşqunluqla dedi.
– Sizdən qorxmuram, madam, ancaq nəsə bir az narahatam.
– Mən isə sizdən qorxmadım.
– Siz nədən qorxasıydız ki?
– Bəs canımdan qorxmayım? – qadın etiraz etdi.
– Hə, elədir, – kişi dərhal razılaşdı. – Ancaq qətiyyən qorxmadınız. Bəlkə də mən çox ehtiyatlı davranıram.
– Qorxmayın, məndən heç bir pislik görməzsiz, – qadın bu sözləri deyə-deyə ciddi və səmimi nəzərlərini kişiyə dikmişdi, ayağını isə təzədən elektrik zənginin düyməsi üstünə basmışdı. – Görürəm ki, adamları yaxşı tanımırsız. Xüsusilə qadınları. Çalışıram ki, cinayət aləminin daşını atıb, ağıllı bir işin qulpundan yapışasız, siz isə…
Kişini qeyrət boğdu.
– Çox-çox üzr istəyirəm, madam, – kişi mızıldandı, – hm, şübhəyə düşməyim heç insafdan deyil.
Sağ əlini tapançanın üstündən götürüb siqaretinə bir-iki qullab vurdu, sonra silahı dizi üstünə qoydu.
– İnandığınız üçün çox sağ olun, – qadın az qala pıçıltıyla dedi və gözlərini tapançadan çəkib bir daha zəngin düyməsini basdı.
– Bu üç yüz dollar isə günü bu gün teleqrafla qərbə göndərə bilərəm, – kişi dedi. – Əvəzində isə bir il işləməyə razıyam, təkcə yeməyim verilsə…
– Daha da çox qazanacaqsınız. Sizə vəd edirəm ki, ayda yetmiş beş dollardan az almayacaqsız. Əlinizdən mehtərlik gəlir? Atlarla aranız necədir?
Kişinin tutqun sifəti açıldı, gözlərində qığılcım parıldadı.
– Çox gözəl, ya mənim, ya da atamın yanında işləyərsiz. Dəxli yoxdur, onsuz da xidmətçiləri adətən mən götürürəm. Mənə ikinci bir arabaçı lazımdır…
– Frak geyinəcəm? – kişi kəskin tərzdə onun sözünü kəsdi, qərbin azad oğlunun səsində və təbəssümündə nifrət var idi.
Qadın şəfqətlə gülümsündü:
– Deməli, ürəyinizcə deyil. Qoyun fikirləşim… Dayçalara baxa bilərssz?
Kişi başını tərpətdi.
– Bizdə cins atlar zavodu var və orada sizin üçün iş tapılar. Necədir?
– Necədirmi, madam? – kişinin səsində sevinc və təşəkkür birləşmişdi. – Deyin görüm, hardadır o zavod? Günü sabah başlamağa hazıram. Bir şeyi sizə vəd edə bilərəm, madam, heç vaxt təəssüflənməyəcəksiz ki, bədbəxtliyə düçar olmuş Hyuqi Lyuka kömək əli uzatmısınız.
– Siz gərək ki, adınızın Deyv olduğunu demişdiz, – qadın incə məzəmmətlə dedi.
– Elədir, madam, yalan demişdim. Əsl adım Hyuqi Lyukdır. İndi mənə desəniz ki, cins at zavodunuz hardadır və yolpulu versəniz, səhər tezdən düz ora yollanacam.
Bütün bu söhbət uzunu qadın fasiləsiz olaraq zəngin düyməsini basırdı. O, müxtəlif işarələr verirdi: üç qısa və bir uzun, iki qısa və uzun, axırda isə dalbadal beş dəfə. Sonra isə çoxlu qısa zənglərdən bezib, üç dəqiqə idi ki, ayağını zəng düyməsindən çəkmirdi. Ya qış yuxusuna getmiş eşikağasını qınıyır, ya da zəngin işləməməsindən şübhələnirdi.
– Sizin razı olmanıza elə sevinirəm, elə sevinirəm ki, – qadın dilləndi. – İşə düzəlməyiniz çətinlik törətməz. İndisə icazə verin, qalxım yuxarı, pulqabını gətirim.
Kişinin baxışlarında şübhə əlaməti hiss edib cəld əlavə elədi:
– Mən ki sizə üç yüz dollar pul etibar edirəm.
– Sizə inanıram, madam, – kişi ehtiramla dilləndi. – ancaq hər cür özümü ələ ala bilmirəm.
– Yaxşı, pul üçün yuxarı qalxa bilərəm?
Kişi cavab verməmiş qadın hardansa bir səs eşitdi. Bu hardasa açılan qapı cırıltısıydı, ancaq bu səs o dərəcədə zəif idi ki, daha çox yüngül hava axınına bənzəyirdi və əgər qadın var gücüylə həmin səsi dinləməsəydi, qətiyyən eşitməzdi. Ancaq Hyuqi Lyuk da o səsi duymuşdu.
– Nədir o? – kişi təşviş içində soruşdu.
Cavab əvəzinə qadın cəld sol əlini uzadıb tapançanı qamarladı. Onun hərəkəti Lyuk üçün tamamilə gözlənilməz idi və qadın məhz buna ümid bəsləyirdi. Bircə an sonra kişinin əli bayaq silah qoyduğu boş yerə toxundu.
– Oturun! – qadın elə sərt əslə əmr etdi ki, kişi bu səsi hələm-hələm tanımadı. – Tərpənməyin! Əllər stolun üstünə!
Kişinin tapançanı necə tutmasını qadın yaxşı yadında saxlamışdı. Ağır tapançanı irəli uzanmış əlində saxlamamaq üçün, qadın dirsəyini stola dayayıb, kişinin başını yox, sinəsini nişan almışdı. Kişi sakitcə oturmuşdu və tapançanı almaq ehtimalın qətiyyən olmadığını, ya da açılacaq atəşin yan getməyəcəyini anlayaraq, qadının bütün əmrlərini itaətlə yerinə yetirirdi. Kişi tapançanın da, onu tuşlamış əlində əsmədiyini görür, güllənin sinəsində açacaq yaranın ölçülərini təsəvvüründə canlandırırdı. İndi kişi qadına deyil, tapançanın çağmağına baxırdı; qadın barmağını yüngülcə tətiyə basmış, çaxmaq hədələyici tərzdə gərilmişdi.
– Siz allah, yadda saxlayın ki, silahın tətiyi çox həssasdır. Bərk basmayın, yoxsa bədənimdə yunan qozu boyda dəlik açarsız.
Qadın barmağını azacıq boşaltdı.
– Bax belə yaxşıdır, – kişi dedi. – Lap yaxşı olar ki, ağzını yana döndərəsiz… Çox həssas silahdı. Lazım gəlsə, yüngülcə tətiyi çəkmək onu kükrədib qaldıracaq və aşağı salacaq, sizin güzgü kimi işıldayan döşəmənizin üstündə qan gölü yaranacaq.
Kişinin arxasındakı qapı açıldı və o, kiminsə içəri girdiyini eşitdi. Kişi heç qımıldanmadı da, o, yalnız qarşısındakı qadına baxır və tamamilə başqa adamın çöhrəsini görürdü: bu çöhrə qəddar, soyuq, amansız eyni zamanda ifrat dərəcədə gözəldi. Qadının gözləri də amansız olmuşdu və indi soyuq alov saçırdı.
– Tomas, – qadın əmr etdi, – zəng vurun polisə. Bu qədər vaxtı hardasınız?
– Mən zəng səsini eşidən kimi gəldim, madam.
Oğru bir an da gözünü qadından çəkmirdi, qadın da kirpik vurmadan ona baxırdı. Zəng haqda danışılanda oğrunun baxışlarında nəsə bir anlaşılmazlıq oxundu.
– Bağışlayın, madam, – eşikağası dilləndi, – bəlkə yaxşı olar ki, mən də silah götürüb nökərləri oyadım?
– Yox, polisə zəng vurun. Bu adamı özüm burada saxlayaram. Gedin, cəld dediklərimi əməl eləyin.
Eşikağası gecə ayaqqabılarını sürüyə-sürüyə otaqdan çıxdı, üz-üzə oturmuş kişi və qadın isə bir-birindən gözlərini çəkmirdi. Beyninə dolmuş fikirlər indidən qadına həzz verirdi; indi o, tanışlarının təntənəli təriflərini eşidirdi, gözəl miss Setlifin təkbaşına silahlı qulduru tutması haqqında qəzetlərdəki xəbərləri oxuduğunu təsəvvür edirdi. Qadın əmin idi ki, bu əhvalat mütləq sensasiyaya çevriləcək.
– Məhkəmədə siz dediyiniz o hökmü oxuyanda, – o, soyuq səslə dedi, – daha doğrusu, oxuyandan sonra sizin düşünmək üçün xeyli vaxtınız olacaq; onda oturub fikrləşərsiz ki, başqasının əmlakına göz dikəndə və qadının üstünə silah çəkəndə necə səfehlik eləmisiz. Bu dərsi həyatınızın sonuna qədər yadda saxlamaq üçün xeyli vaxtınız olacaq. İndi mənə düzünü deyin, axı, sizin köməyinizə ehtiyacı olan heç bir dostunuz yoxdur, elə deyilmi? Özü də, dediklərinizin hamısı yalandır, düzdür?
Kişidən səs çıxmadı, qadına dikilmiş baxışlardan da heç nə oxumaq mümkün deyildi. Sanki onun gözləri qarşısına hansı dumansa pərdə çəkmişdi və bu pərdə arxasından üzbəüz oturmuş qadın zorla seçilirdi; o dumanlıqda günəş şəfəqlərində çimən qərbin nəhayətsiz çölləri, şərqin çürük şəhərlərinin sakinlərindən mənən qat-qat uca olan qərbin qadın və kişiləri görünürdü.
– Niyə susursuz? Nə üçün təzədən nəsə quraşdırmaq istəmirsiz? Niyə xahiş etmirsiz ki, sizi buraxım gedəsiniz?
– Xahiş edərdim, – kişi qurumuş dodaqlarını yalayıb dedi, – xahiş edərdim əgər…
– Əgər nə? – qadın hökmlə soruşdu.
– Mən sizin yadıma saldığınız söz barədə düşünürəm. Əgər siz ləyaqətli qadın olsaydınız, mən xahiş edərdim.
Qadının bənizi ağardı:
– Ehtiyatlı danışın! – o, xəbərdarlıq etdi.
– Əh, məni öldürməyə sizin cəsarətiniz çatmaz! – Kişi nifrətlə gülümsündü. – Bizim bütün bu aləm cinayət yuvasıdır, ancaq sizin kimilər oarada meydan sulayanda gərək bilsinlər ki, dünya o qədər də ayaq altına atılmayıb ki, mənim kimisini o dünyaya göndərəndə sizi cəzasız buraxsınlar. Siz alçaq və yaramaz qadınsınız, ancaq bədbəxtliyiniz orasındadır ki, zəifsiniz. İnsanı öldürmək o qədər də çətin deyil, ancaq sizin buna cəsarətiniz çatmaz. O ürəyin sahibi deyilsiz.
– Sözlərinizə diqqət edin! – Qadın təkrar etdi. – Sizi xəbərdar edirəm, axırı pis olar! Sizə sərt, ya yumşaq cəza veriləcəyi məndən asılıdır.
Kişi birdən coşdu:
– O necə allahdır ki, sizin kimilərə hər cür alçaqlıq eləməyə, əvəzində isə cəzasız qalmağınıza imkan verir?! Heç başa düşmürəm ki, zavallı bəşəriyyəti ələ salıb alçaltmaq allahın nəyinə gərəkdir?.. Mən allah olsaydım…
Eşikağasının gəlişi onun söhbətini yarımçıq kəsdi.
– Telefona nəsə olub, madam, – o dedi. – Ya naqillər qırılıb, ya da nəsə başqa şey. Stansiya cavab vermir.
– Nökərlərdən birini oyadın, – qadın əmr elədi. – Göndərin polis dalınca, özünüz isə qayıdın bura.
Onlar yenidən tək qaldılar.
– Mənim bir sualıma cavab verərsinizmi, madam? – Lyuk dedi. – Sizin xidmətçi bayaq zəng haqqında nəsə dedi. Bütün vaxtı mən sizə göz qoyurdum, amma haçan zəng vurduğunuzu görmədim…
– Zəng düyməsi stolun altındadır, səfehin biri! Mən onu ayağımla basırdım.
– Təşəkkür edirəm, madam. Mənə elə gəlirdi ki, sizin kimi adamlarla əvvəllər qarşılaşmışam, indi əminəm ki, belədir. Sizə inanıb, qəlbimi, ürəyimi açdım, siz isə bütün vaxt ərzində məni əclafcasına aldadırmışsınız.
Qadın istehzayla güldü:
– Davam edin, Nə istəyirsinizsə, danışın. Çox maraqlıdır.
– Siz mənim gözlərimi bağladınız, özünü xeyirxah və məlahətli göstərdiniz, şalvar yox, yubka geyindinizdən məharətli istifadə edərək məni barmağınıza doladınız. Və bütün bu vaxt ərzində ayağınızla zəngin düyməsini basdınız. Eybi yox, bunun özündə bir təskinlik vardır. Sizin kimi olmaqdansa, mən kasıb Hyuqi Lyuk kimi on il həbsdə yatmağa üstünlük verirəm! Sizin kimi qadınların yeri isə cəhənnəmdədir, madam.
Sükut çökdü, kişi bir an da gözünü qadından çəkmirdi. Sanki qadını daha dərindən öyrənmək, sonra qərar vermək istəyirdi.
– Davam edin, – qadın israr etdi, – Yenə nəsə deyin.
– Bəli, madam, deyəcəm. Mütləq deyəcəm. Bilirsiz mən nə etməyə hazıram? İndi stuldan qalxıb qapıya tərəf gedəcəm. Sizdən tapançamı ala bilərdim, ancaq birdən səfehlik edib tətiyi basarsız. Eybi yoxdu, qoy tapança sizdə qalsın. Heyif, gözəl silah idi. Hə, mən qapıya tərəf gedəcəyəm. Siz isə atəş açmayacaqsınız. İnsanı öldürmək üçün cəsarət lazımdır, sizdə isə o yoxdur. Hə, indi isə hazırlaşın, baxaq görək siz atəş aça bilərsinizmi? Mən sizə heç bir ziyan vurmadan qapıdan çıxıb gedəcəyəm. Mən gedirəm.
Qapıdan gözünü çəkmədən stolu itələyib qalxdı. Tapançanın çaxmağı dikəldi. Hər ikisi tapançaya baxırdı.
– Bərk basın, – kişi məsləhət verdi. – Çaxmaq heç yarıyacan qalxmayıb. Hə-hə, insan öldürməyə bir cəhd göstərin görək. Onun bədənində yumruq boyda bir deşik açın görək, qoy onun beyni parçalanıb sizin döşəməyə səpələnsin. Bax, adam öldürmək budur.
Çaxmaq yavaş-yavaş qalxırdı. Kişi arxasını qadına çevirib aram addımlarla qapıya sarı getdi. Qadın tapançanı qaldırıb Lyukun belini nişan aldı. Çaxmaq iki dəfə qalxdı, sonra tərəddüd içində yerinə qayıtdı.
Qapının yanında getmədən öncə Lyuk arxaya çevrildi. Nifrət içində gülə-gülə, sakitcə, bu qadına olan nifrətini cəmləşdirib iyrənc bir söyüş söydü.
Tərcümə : Yusif Hansen
Yazıya 878 dəfə baxılıb