Ən məşhur poliqlotlar

qlobus olkeler_54cb62f96ccdf

Tarixdə ilk məşhur poliqlot Ponti çarı  Mitridat VI Evpator olub. Özünün çoxmillətli ordusuyla o, uzun müddət Roma imperiyası ilə döyüşüb.  Deyirlər, Mitridat 22 dil bilib və həmin dillərdə təbəələrini mühakimə edib. Ona görə də paralel mətnlərin bir çox dillərdə nəşri (xüsusilə Bibliyada) “mitridat” adlanır.

 

Ən məşhur qadın-poliqlot Misir məlikəsi Kleopatradır (bizim eradan əvvəl 69 – 30-cu illər).

Salnaməçilər yazırlar ki, “Onun səsi insanın ruhunu oxşayırdı, dili isə istənilən ahəngə, istənilən ləhcəyə yatırdı”. O, bir çox barbarlarla tərcüməçiylə danışsa da, efiopiyalılar, troqloditlər, yəhudilər, ərəblər, suriyalılar, midiyalılar və parfiyalılarla dilmancsız danışırdı.  Deyilənə görə, Kleopatraya qədər çarlar heç Misir dilini də bilmirmiş. Yunan və latın dilləri də daxil olmaqla Kleopatra 10-a qədər dil bilib.

Sonralar kardinal olan kasıb dülgər oğlu Cüzeppe Qasparo Metsofanti (1774 – 1849) də ən məşhur poliqlotlar sırasındadır. Müxtəlif mənbələrin məlumatına görə,  o,  təxminən 30-100 dil bilirmiş. Bunlardan 30-nun mükəmməl bildiyi haqqında məlumatlar var. O, əsas Avropa dillərindən başqa macar, alban, qədim yəhudi, ərəb, türk, fars, Çin və başqa dilləri mükəmməl bilirdi və asanlıqla bir dildən başqa dilə keçirdi. A.V.Suvorov və N.V.Qoqolla görüşəndə o, rusca danışırdı. Metsofanti hətta müxtəlif dillərdə şeir də yazıb.

Macar tərcüməçisi və yazıçısı İştavan Dabi 103 dildən tərcümələr edirmiş.

XX əsrin məşhur vunderkindi Uilyam Ceyms Sidis səkkiz yaşında olanda səkkiz dil bilirdi. Artıq 30 yaşı olanda isə 30 dil bilirmiş.

Rus şairi-tərcüməçisi Osip Borisoviç Rumer 26 dil bilib və sətri tərcüməsiz çevirirdi.

İtalyan humanisti Covanni Piko della Mirandola 22 dil bilirdi.

Müğənni, aktyor Pol Robson 20-dən çox dildə ünsiyyət saxlayırdı.

Fransız şərqşünası və misirşünaslığın banisi, Rozetta daşlarını oxumuş Jan-Fransua Şampolyon 20 yaşında 13 dil bilirmiş.

XIX əsr çeçen mühəndis-memarı, hüquqşünası və ilahiyyatçısı Yusif Hacı Səfərov 12 dildə danışırdı.

Sovet şərqşünası Yulian Konstantinoviç Şutskiy müxtəlif dil ailələrindən olan 18 dil bilirdi.

Beynəlxalq və rus inqilabi sosialist hərəkatının fəalı, feminist, publisist və diplomat Aleksandra Mixaylovna Kollontay ingilis, alman, fransız, isveç, norveç fin və başqa dilləri mənimsəmişdi.

Ukrayna şairi, tərcüməçisi, ədəbiyyat tarixçisi və tərcümə sənətini nəzəriyyəçisi Qriqoriy Koçur iyirmi səkkiz dildən (bəzi məlumatlara görə qırx dildən) tərcümə edirdi.

Başqa bir Ukrayna tərcüməçisi, ədəbiyyat tarixçisi, lüğətçi (leksikoqraf) Nikolay Lukaş iyirmidən artıq dil bilirdi. O, 14 dildən Ukrayna dilinə bədii əsərlər tərcümə edirdi.

Rus linqvisti Sergey Anatolyeviç 40 dil bilib.

Poeziya tərcüməçisi Boris Braynin 15 dildə sərbəst danışa və yaza bilir, 26 dildən isə sətri tərcüməsiz çevirirdi.

Digər poliqlotlardan Antoniya Qrabovski, şərqşünas Arminiya Vamberini, şair və inqilabçı Xose Risal, esperantonun yaradıcısı Lyudvik Zamenqof, arxeoloq Henrix Şlimanı misal gətirmək olar.

Alim və yazıçılar arasında da poliqlotlar az deyil.

Lev Tolstoy 15-ə yaxın, o cümlədən ingilis, fransız və alman dillərini mükəmməl bilir, polyak, çex, italyan dillərində isə oxuya bilirdi. Bundan başqa Tolstoy yunan, latın, tatar, Ukrayna və kilsə dilini, holland, türk, qədim yəhudi, bolqar və başqa dilləri də müəyyən səviyyədə bilib.

Böyük dramaturq, diplomat Aleksandr Qriboyedev 9 dil bilib. Gənc yaşlarından alman, fransız, italyan və ingilis dillərinə yiyələnən Qriboyedev sonralar yunan, latın, fars, ərəb və türk dillərini də öyrənib.

Təmsilçi İvan Krılov fransız, italyan və alman dillərini bilib. Sonralar qədim yunan və ingilis dillərini də mənimsəyib.

Nikolay Çernışevski 16 yaşında 9 dili – latın, qədim yunan, fars, ərəb, tatar, qədim yəhudi, fransız, alman və ingilis dillərini mükəmməl öyrənib.

Alman alimi İohann Martin Şlayer 41 dil bilirdi. Görünür poliqlot olduğuna görə, o, esperantonun sələfi olan volapyuk dilini yarada bilmişdi.

Dövrümüzdə də poliqlotlar az deyil.

Məsələn, Belçikadan olan  mühəndis-memar İohann Vandevalle 40 yaşında 31 dil bilirdi. İtaliyalı linqvist-professor Alberto Talnavani isə Avropanın bütün ölkələrinin dilində sərbəst danışa bilir. Dilləri öyrənən gələcək poliqlot dilləri artıq 12 yaşında mənimsəyib, 22 yaşında – Bolonya universitetini bitirəndə isə “dil baqaj”ında 15 dil olub.

 

Hazırladı: Narıngül ƏLİYEVA

Mənbə: Aydın Yol qəzeti

Yazıya 1175 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.