Son dövrlərdə Qərbin və inkişaf etmiş ölkələrin beyin mərkəzlərində, universitetlərdə ən çox müzakirəsi aparılan kitablardan biri, fransız iqtisadçısı Tomas Pikettinin “21-ci əsrdə Kapital” adlı əsəridir. Kitab təəssüf ki, dilimizə tərcümə edilməyib. Ümid edirəm ki, bu yazı kitabın tərcüməsini etməyə kimisə həvəsləndirəcək.
Kitab haqqında qısa arayış:
Kitabda 19-cu əsrdən 2010-cu ilə qədər olan Fransa, İngiltərə, qismən Almaniya və İsveçin timsalında, Avropanın və qismən də ABŞ və Yaponiyanın iqtisadiyatının dinamikası, əsasən də, bu cəmiyyətlərdə olan iqtisadi bərabərsizlik analiz olunub. Kitab, ümummili və ümumdaxili gəlirdə əhalinin müxtəlif kəsimlərinin gəlir payı analiz edilərək, 21-ci əsrdə – qismən futuristik formada – Avropa, ABŞ və ümumillikdə, az da olsa, dünya iqtisadiyyatının (əsasən cəmiyyət daxili iqtisadi bərəbərsizlik anlamında) hansı isitqamətdə hərəkət etdiyini müəyyən etməyə çalışır. Bunun üçün Tomas Piketti, klassik marksist yanaşmasından imtina edərək, gəlir bölügüsündə əhalini fəhlə, kəndli və burjaziya siniflərinə ayırmır. O, əmək və sərvət gəlirlərində əhalinin pay nisbətini faizlər üzrə ayırır. Məsələn, ən varlı 10% kəsim, ən aşağı 50% lik kəsim və yerdə qalan 40% lik orta kəsimin ümummilli və ümumdaxili gəlirdə pay nisbəti formasında. Daha çox bu “üçlü bölgü”dən istifadə edən Pikketi əlavə olaraq ən varlı 1% kəsimi də qalanlarından ciddi şəkildə ayırır.
Bundan yola çıxaraq, Piketti ən əsas iki ölkənin (İngiltərə və Fransa) vərəsəlik, əmlak və əməkdən gələn gəlirlərinin dəqiq hesabını aparmaq üçün müvafiq dövrünün çoxsaylı sənədlərinə baş vurub, analizlərinin nəticəsini ortaya qoyur. Bunun üçün o, İngiltərə və daha çox Fransanın arxivlərinə, natarious kantorlarına müraciət edir (kitabda bu məlumatları toplamış köməkçilərin adları qeyd olunub, yəni ki, bu kitab həm də bir “komanda işi” olub).
Kitabın başlanığıcında, Piketti həm də, müxtəlif dövrlərin məşhur iqtisadçılarının nəzəriyyələrini analiz edir və onların boşluqlarını qeyd edir. Bu sırada Adam Smit, Devid Rikardo, Karl Marks və digərləri var.
Kitabın bir başqa fərqli tərəfi və deyərdim ki, məziyyəti, onun elmi-populyar dildə yazılması və orijinal formada bədii ədəbiyyata müraciət edilməsidir. Dövrün sosial-iqtisadi durumunu izah etmək, əhalinin əmək və sərvət gəlirləri haqqında məlumat vermək üçün Tomas Piketti, Fransız yazar Balzakın yazdığı romanlara, xüsusən də “Qorio Ata” əsərinə və İngilis yazar Ceyn Ostinin əsərlərinə müracətə edir. Onun düşüncəsinə görə bu iki yazar, dövrünün sosial-iqtisadi mənzərəsini çox yaxşı təsvir edə biliblər. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab, sadə dili və oxunaqlığı ilə diqqəti çəkir.
Kitabda, oxucunu “qorxudacaq” və qismən həvəsdan salacaq məqam isə rəqəmlərin, cədvəllərin bol olması və kitabın ümumi həcminin böyük olması ola bilər. Amma kitabın canı-qanı da, məhz elə bu rəqəmlər və cədvəllərdir.
İlk olaraq onu deyim ki, kitabda iqtisadi terminalogiya çox dəqiq və aydın formada fərqləndirilib. Bu isə kitabın başa düşülmək şansını daha çox artırır.
Tomas Piketti sərvətdən (əmlak, şirkətlərdə paylar, bankdakı faiz gəlirləri vəs) gəlirə ümumi adla – icarə gəliri deyir, yəni insandan heç bir əmək və enerji tələb etməyən gəlir. Əmək gəliri isə – insanın zehni və ya fiziki əmək nəticəsində qazandığı gəlirlə müəyyən edir. Qısa desək sərvət statik, əmək isə dinamik gəlir kimi müəyyənləşdirilir.
Piketti əsas diqqəti ümummili gəlirdə, əhalinin sərvətdən (sərvət mirasa və vərəsəliyə əsaslanır) və əməkdən (bilgi və bacarığa əsaslanır) gələn gəlirini kəskin fərqləndirməyi zəruri sayır. Kitabın ana xəttini təşkil edən bu differensasiya Avropa və qismən ABŞ-ın iqtisadiyyatının dinamik və ya statik olduğunu və gələcəkdə necə olacağını müəyyən edir. Burada o, əhalinin ümumi artım tempinin və təhsilin sərvətdən və ya əməkdən gələn gəlirin nisbətini hansı formada dəyişdirdiyini çox aydın formada izah edir.
Məsələn, 2010-cu il statistikasına görə:
Skandinaviya ölkələrində əmək gəliri ən yüksək olan 10% kəsim, ümumi əmək gəlirinin 20%-ni; 50% ən aşağı kəsim, ümumi əmək gəlirinin 35%-ni; yerdə qalan orta kəsim (40%) isə ümumi əmək gəlirinin 45%-ni alır. Bu ölkələr ictimai bərabərliyə ən yaxın ölkələr hesab olunur. Ən pis göstəricilərdən biri (inkişaf etmiş ölkələr içində) ABŞ-a aiddir. Oradaki nisbət: ən yüksək əmək gəliri olan 10% kəsim, ümumi əmək gəlirinin 35% alırsa; ən kasıb 50% kəsim, ümumi əmək gəlirin 25% alır.
Daha aydın olması üçün hesab edək ki, Skandinaviyada ümumi ortalama əmək gəlir 2.000 dollardısa, 10% kəsim, ortalama 4 min dollar (20%), ortadakı 40% kəsim ortalama 2.250 dollar, ən aşağı gəlirli 50% kəsim isə ortalama 1.400 dollar əmək gəliri alır.
Sərvətdə bərabərsizlik daha pis durumdadır. Belə ki, yenə də Skandinaviya ölkələrində 10% ən çox sərvətə sahib olanlar, ümumi sərvətin 50%-nə; 50% -lik ən aşağı yoxsul kəsim isə ümumi sərvətin 5-10%-nə sahibdir.
Kitabda əmək və sərvət gəlirləri arasında bərabərsizliyin, eləcə də sərvət gəlirlərinin əmək gəlirlərini necə “udması” haqqında, iki dünya müharibəsi ərəfəsində və ondan sonraki dövrlə bağlı maraqlı məlumatlar var. Belə ki, Tomas Piketti sübut edir ki, birinci və ikinci dünya müharibəsi ərəfəsində Avropada və eləcə də Amerikada əhalinin əməkdən və sərvətdən əldə edilən gəlirlərinin arasında kəskin fərqlər olub. Məsələn, 1910-cu il Frarsasında 10% -lik varlı kəsim, ümumi sərvətdən gələn gəlirin 90% -nə sahib olurmuş. Əməkdən gəlirin də nisbəti bir o qədərmiş. Lakin birinci dünya mühairbəsindən sonra sərvət gəlirlər arasında bölgü nisbətən bərabərliyə yaxın olur. Bunun isə səbəbi o idi ki, banklarda, şirkətlərdə və eləcə də daşınmaz əmlaklarda payları olan varlı qrup, müharibə nəticəsində müflisləşir və əhalinin ümumi bərabəlik səviyyəsi artır. Eyni proses, ikinci dünya müharibəsindən əvvəl və sonra da yaşanır. İkinci dünya müharibəsindən sonrakı dövrü araşdıran Piketti göstərir ki, Avropada və eləcədə azad bazarın və özəl mülkiyyətin üstünlük təşkil hesab edildiyi ABŞ-da belə, dövlətin iqtisadiyyatda rolu çox yüksək olub. Bunun nəticəsidir ki, Fransız tarixçiləri Fransanın ikinci dünya müharibəsindən sonrakı 30 illik dövrünü “Qızıl Dövr” adlandırıblar.
Lakin 1980-ci illərdən sonra Böyük Britaniyada Marqaret Tetçer, ABŞ-da isə Ronald Reyqanın (“Reyqanomika”) başçılığı altında sürətli dövlətsizləşdirmə və özəlləşdirməyə start verilir. Piketti deyir ki, 70-ci illərin Amerikasında elə vaxt olub ki, şirkətlərin gəlirlərinin və eləcədə vərəsəlikdən keçən sərvətlərin 70-80% vergiyə cəlb olunub. Dünya iqtisadi tarixində “Tetçer-Reyqan” dövrü kimi tanınan bu dövr, müvafiq ölkələrdə əhalinin gəlirləri arasında bölgünün kəskinləşməsinə, bərabərsizliyin artmasına səbəb oldu. Bu prosesi 2010-cu ilə kimi analiz edən Piketti həyəcan təbilinin çalınmalı olduğu, dünyanın inkişaf etmiş dövlətlərində orta təbəqənin gedikcə sıradan çıxdığı və kasıb qrupun gəlirlərinin azaldığı və nəticədə tarazlığın pozulacağını, sosial gərginliyin artacağını deyir.
Piketti, kitabında dünyada olan bərabərsizliyin aradan qaldırılması üçün öz çıxış yolunu da təklif edir. O, bunun üçün dünyada sərvətdən və əməkdən gələn gəlirin nisbətinə uyğun olaraq artan faizli veriginin bütün dünyada tətbiq olunmalı olduğunu deyir. Bütün dünyada bunun tətbiq edilməsinin utopik olduğunu qəbul edən Piketti, bunun ən azı Avropada edilə biləcəyini və bununla yaxınlaşan bəlanın qarşısının alına biləcəyini vurğulayır. Onun düşüncəsinə görə, hazırki dünyada heç bir dövlət təkbaşına artan faizli vergi tətbiq edə bilməz, bu onun iqtiadiyyatını məhv edə bilər.
Kitab Azərbaycan üçün niyə əhəmiyyətlidir?
Birincisi ona görə əhəmiyyətlidir ki, bu kitab vasitəsi ilə mövcud siyasi-iqtisadi reallığımızı daha yaxşı anlayacağıq. Məsələn, kitabda qeyd edilir ki, hazırkı inkişaf etmiş cəmiyyətlərdə əmək gəlirləri, ümumi gəlirlərin (əmək və sərvətlə birgə) üçdə ikisini təşkil edir. Bu isə o deməkdir ki, həmin ölkələrdə sosial mobillik daha yüksəkdir, yəni bilgiyə və bacarığa dayanan iqtisadiyyat mövcudur. Bizim kimi icarə ölkələrdə (bizdə, dövlətin özü “icarə dövlətidir” – gəlirinin 90% dən çoxu neft və qazadan gəlir və həmin sahələrdə müxtəlif şirkətlərə icarəyə verilib) isə sərvət gəlirləri əmək gəlirlərini, bir sözlə bilgi və bacarığa əsaslanan gəlirləri üstələyir. Daxili dinamikanın necə olduğunu isə demək üçün əlimizdə heç bir rəqəm və sənədlər yoxdur. Amma bu haqqda bir az sonra. Ümumi olaraq onu deyim ki, Tomas Pikettiyə görə, sosial mobil cəmiyyətin yaradılmasının ən əsas yolu təhsil və elmin güclü olmasından aslıdır.
Sosial mobilliyin olduğu cəmiyyətlərdə insanların varlanma və layiqli həyat şaraitinə çatma şansları, icarə əsaslı gəlirə əsaslanan cəmiyyətlərdən qat-qat daha çoxdur.
Kitabı oxduqdan başa düşürsən ki, sərvət gəlirlərinin əmək gəlirlərini üstələdiyi bir toplumda insanların bilgi və bacarıqla çoxlu pul qazanma şansları çox azdır, hətta deyərdim (kitabın gəldiyi nəticəyə görə) yoxdur. Bu kimi toplumda, ən yaxşı halda bilgi və bacarığı olan insanların hamısı korrupsiya yolu ilə sərvət yeyələnmiş şəxslərin şirkət və ofislərində aylıq “fix” maaş alırlar və onların bu iqtisadi sistem daxilində şirkət sahibləri kimi varlanma şansları yoxdur. Varanmaq üçün yeganə yol, bu tipli varlı insanların qızları və ya oğlanları ilə ailə qurmaq və mirasa sahib olmaqdan keçir. Bu insanlar isə sərvətin “yad əllərə” keçməməsi üçün öz aralarında evliliklərə üstünlük verirlər. Həmin insanlar “qapalı dairə” yaradaraq, heç bir yad “ünsürü” ora buraxmaq istəmirlər.
İkincisi, bu kitab vasitəsi ilə anlayacaqsız ki, Azərbaycanda aparılan tikinti və şəhərin “gözəlləşdirməsi” ilə insanlarda inkişafın illuziyasını yaratmaq, onların layiqli həyata çata bilməməsinin səbəbi kimi, problemin onların öz bacarıq və bilgisizliyindən qaynaqlandığını sübut etmək məqsədi güdür. Əslində isə problem daha çox obyektivdir, yəni mövcud siyasi-iqtisadi sistemin özündədir. O sistem ki, əmək (təhsil və bilgi) əsaslı iqtisadiyyata yox, daha çox icarəyə əsaslanır (hamının “obyekt” açmaq arzusu kimi). Xalq dilində desək, siz bu sistmedə nə qədər çalışsanız da, 10% qrupun aylıq və bəlkə də gündəlik xərcini illər ərzində qazana bilməyəcəksiz.
Bundan başqa, kitab, Azərbaycanın üzləşə biləcəyi sosial partlayışın da mesajını verir. Belə ki, Tomas Piketti hesab edir ki, əgər 10% ən üst kəsim ümumi sərvətdən və əməkdən gələn gəlirin 90%-nə sahibdirsə, bu zaman sosial partlayış qaçılmaz olur. Bunun qarşısını isə yalnız repressiya, ictimai etirazları boğmaqla almaq mümkündür. Bunu isə yalnız polis rejimlərinə sahib ölkələr edə bilər. O, bunun sübutu kimi 20-ci əsrin əvvələrindəki Avropanın əhali qrupları arasındakı iqtisadi bəabərsizliyi göstərir. Məsələn, onun hesablamalarına görə 20-ci əsrin əvvəlində Fransada 10% varlı kəsim ümumi (əmək və sərvət bir yerdə) gəlirin 90% sahib idi. Ona görə də o, dövrün Fransası və eləcə də Avropasında kütləvi sol hərəkatlar çoxlu mitinq və piketlər keçirdir və gəlir bərabərliyinə nail olmağa çalışırdılar.
Təəssüf ki, əlimizdə bu kimi rəqəmlər olmadığından, Azərbaycanda 10% ən üst kəsimin ümumi sərvətin 90% sahib olub-olmadığını dəqiq demək çətindir. Amma yaradılan polis rejimi, həqiqəti və problemləri deyən insanların qanunsuz olaraq həbsə atılması, onu deməyə əsas verir ki, cəmiyyətin 10% kəsiminin mövcud durumu nəyin bahasına olursa saxlamağa çalşır. Bu isə onların böyük sərvətlərə sahib olduğunu dolayı yolla sübut edir. Bizim ölkədə digər problem odur ki, bu sərvətlər leqallıq qazanmadığından, mövcud rəqəmləri araşdıraraq ortaya çıxartmaq müşkül məsələdir. Təsadüfü deyil ki, Azərbaycanda milyondan baha maşınlar sürülsə də, millyondan baha evlər və əmlaklar alınıb-satılsa da ölkədə rəsmi millyonçu yoxdur. Əslində qanunsuz yolla sərvətə sahiblənən insanların çoxu pullarının leqallaşmasını istəyirlər. Amma siyasi sistem buna imkan vermir, çünki başqa şəkildə insanların loyallığın təmin etmək olmur. Pullar leqallaşsa həmin insanlara nəzarət itəcək, böyük sərvətlərə sahib insanlara nəzarətin itməsi isə bu sistemə əsla sərf etmir.
Son olaraq, kitab bizim gələcəkdə iqtisadi inkişaf yolumuzu (çünki indiki görüntülü iqtisadi inkişaf, icarəyə dayandığında, əsla inkişaf adlandırla bilməz) seçməyimizə böyük rol oynaya bilər. Belə ki, Azərbaycanda hazırkı siyasi-iqtisadi durumu müəyyən edən mövcud hakmiyyət insanların fərdi həyatına o qədər qanunsuz yolla müdaxilə edib ki, mülkiyyətə sahib insanların mülkiyyət hüquqlarını o qədər pozub ki, biznesmenləri korrupsiya (Azərbaycanda biznes qurmaq üçün rüşvətin verilmədiyini indiyə kimi heç kim eşitməyib) yolu ilə o qədər bezdirib ki, bazarı o qədər monopoliyaya alıb ki, sistemi o qədər korrupsiyaya uğradıb ki, cəmiyyətin daxilində dövlətin iqtisadiyyatdan maksimum çıxarılması tərəfdararının sayını artırıb. Azərbaycanda qəbul edilən istənilən qərar rüşvət mənbəyinə çevrildiyindən, dövlətə və onun tənzimləmələrinə insanların hamısı skeptik yanaşır. Hətta bu fikir o qədər yayılıb ki, insanlar dövlətin ona “toxunmasa” çox yaxşı yaşayacaqlarına inamları artıb. Bu mənada, bu qrup insanların düşüncələri başa düşüləndir.
Amma bu kitabı oxuduqdan sonra anlayırsan ki, dövlətin iqtisadiyyatda rolunun minimuma endirilməsi, cəmiyyətdə iqtisadi bərabərsizliyin kəskin armtasına səbəb olur. Bu mənada kitabın gəldiyi nəticələri diqqətə almaq və təbliğatı aparılan fikirə yenidən baxmaq və onu analiz etmək üçün bu kitab çox dəyərli mənbədir.
Kitab haqında daha çox yazmaq olar, amma marağın qorunub saxlanması üçün və kitabın alınıb oxunması üçün, hesab edirəm ki, bu qədəri də bəs edir.
Emin Aslan
Kultura.az
Yazıya 1061 dəfə baxılıb