Yaqut Mustafayeva –“Kamı, bəs səni istəyən yoxdu?(“Müəllim”Layihəsi)

11695766_491476937694927_4595049314756324138_n kultur.az   Azərbaycan dili və ədəbiyyatdan repetitor müəllimlər qrupu“nun   hazırladığı  “MÜƏLLİM” Yazı müsabiqəsinin nəticələrini təqdim edir. Layihəni həyata keçirməkdə qrupun məqsədi  bu sənətə olan hörməti ifadə etmək,keçmiş müəllimlərə ehtiramı bildirmək,gələcəkdə müəllimliyi seçənlərə  mənəvi dəstək olmaq, bu peşəyə marağı artırmaqdır.

 

***

Pis müəllim şagirdinə həqiqəti çatdırır, yaxşı müəllim isə onu tapmağı öyrədir. (Adolf Disterveq)

Çox düşündüm … Əlbəttə, bu şərəfli peşə haqqında, onun əvəzedilməzliyi, günümüzdə dəyərsizliyi və s. haqqında hər kəs yazacaq… Ona görə sıradan,tərifli və şablon sözlər deyil, yaşadığım və heç unuda bilmədiyim bir hadisəni qələmə almağa qərar verdim. Bəlkə ibrətamiz olar deyə …

Bu hadisə illər öncə olub.Uca  Müəllim adını daşımağa başladığım ilk illərdə.
Təyinatla ucqar bir kəndə işləməyə gəlmişdim. Mənə bir 5-ci sinif verdilər: həm dərsləri, həm də sinif rəhbərliyinə cavabdeh idim. Yaxın bir qohumun qızı da o sinifdə oxuyurdu. Uşaqlarla çox səmimi münasibət qura bilmişdim və sinif məktəbdə birinci idi.
Bu hadisə isə onlar 10-cu sinifdə oxuyarkən baş verib. O günlərdə ədəbiyyatdan Füzulinin “Leyli və Məcnun” əsərini keçmişdik. Mən ədəbiyyatı çox sevirdim və təvazökarlıqdan uzaq olmasın,dərslərim kiçik “ədəbi məclis”i xatırladırdı. Bəzən boş saatı olan müəllimlər də gəlib sinifdə oturmaqdan zövq alırdılar …
Əsəri keçdiyimin 2-ci saatı olacaqdı. Tənəffüs vaxtı mən müəllimlər otağında olarkən şagirdlərin biri gəlib məni təcili sinfə çağırdı. Növbəti dərsim o sinfə olduğundan tələsmədim. Lakin mənim sevimlilərim əl çəkmir, dalbadal gəlib məni çağırırdılar. Narahat olub, sinfə iki-üç dəqiqə tez getdim… Getdim və dəhşətə gəldim…

Məni görəndə hər kəs yerində oturdu. Lakin sinif pis gündə idi. Tamam toz(təbaşir tozu), qızlar ağlaşır, oğlanlar utanıb başlarını aşağı dikib …
Artıq 6 il idi ki, onlara dərs deyirdim və elə qayda yaranmışdı ki, hər zaman tərtəmiz, səliqəli sinfə daxil olurdum; deyirdim ki, “Ədəbiyyat Təmizlik və Gözəllikdir.” Bu prinsip bu günə qədər gözlənilmişdi… İndi isə birdən-birə… “Bu nədir? Nə olub??” – əsəbi halda soruşdum. Əvvəlcə kimsə dillənmədi, sonra isə ən fəal qızlardan biri yerindən qalxıb ağlaya-ağlaya: “Müəllim, -dedi, -mənim partamın üstünə Afətin qardaşının adı yazılıb”. Dedi və hönkürtü ilə başını qoyub için-için ağlamağa başladı… “Kim yazıb?” – deyə soruşmağa macal tapmadan digərləri bir-bir ayağa durub: “Müəllim, mənim də partamın üstünə …. adını yazıblar” – deyir və ağlayaraq başını partaya qoyurdular… Vəziyyət çox gərgin idi… Ay ALLAh … neyləməli… Əsəb məni boğurdu, nə edim … qərar verə bilmirdim. Bir anda çox şey gözümün önündən keçdi. Direktoru, müavinləri otağa çağırtdırımmı? (hər kəs belə edərdi). Amma sonuc çox pis ola bilərdi, kənd yeri, namus-filan söhbəti… Bütün kənd qarışar, qan davaları düşərdi… Bunlar gözümün önünə gəldikcə, dəhşət məni bürüyürdü.
Bu gün belə bir hadisə baş versə, bəlkə də hamı adi qarşılayar, amma o vaxt, inanın ki, hər şey baş verə bilərdi. Əslində, qızları ağladan da bir tərəfdən həya hissi idisə, digər tərəfdən məhz bu qorxu hissi idi… Amma cəzasız da olmazdı… Hamı öz “dərdini” deyəndən sonra sinifə sükut çökdü… Baxışlar mənə dikildi… Əsəbi halda bütün sinfi süzdüm və sonda gözüm pəncərənin qarşısında əyləşmiş yaxın qohumum K – ni (O, gənc yaşda dünyasını dəyişdi, məkanı uçmaq olsun)) gördü … O, gülümsəyə-gülümsəyə mənə baxırdı. Mən bu baxışları ömrüm boyu unuda bilmərəm… Çünki çox şey oxudum o baxışlarda. Sanki: “Mənim partamın üstündə ad yazılmayıb! Mən təmizəm! Mən sənin adına ləkə gətirmədim!” Təmizlik, saflıq, alnıaçıqlıq, paklıq… daha nələr oxudum .. —bilmirəm. Amma yadımdadı ki, bir anda bütün əsəb məni tərk etdi, elə bil ayıldım. Ondakı təbəssüm mənim də üzümə qondu. Qeyri-ixtiyarı: “Kamı, — dedim, — bəs səni istəyən yoxdu?” Bu sual sinfə bomba kimi düşdü… Bir an hamı çaşdı … Sonra isə hər kəs gülməyə, K. isə ağlamağa başladı… Bir təhər kiritdim… Sonra qızları iki -iki göndərdim ki, gedib əl-üzlərini yuyub gəlsinlər, sinfi səliqəyə salsınlar. Və kiçik bir söhbət… Hər nə olubsa, sinifdə qalacaq…
Düzdü, mən o gün dərs keçə bilmədim, amma bu, həqiqətən, böyük bir həyat dərsi oldu uşaqlara. O vaxt yox, amma bir neçə il sonra bütün kənd bunu bildi.. Bildi və hamı bunu yalnız gülə-gülə qəbul etdi. Sonda bir də qeyd edim ki, partasının üstünə adı yazılanlar elə o oğlanla da ailə qurdular…
Bu  mənim bir həyat hekayəmdir. Bəlkə də uzun oldu, bəlkə də hövsələniz çatıb oxumayacaqsız… amma olsun. Mən bunu müsabiqəni udmaq üçün yazmadım…
Yazdım ki, qoy hər kəs bilsin… Bilsin ki, bəzən adi bir hadisə böyük bir fəlakətə səbəb ola bilər və əksinə.: Adi bir hadisə böyük bir fəlakətin qarşısını ala bilər…

Yazıya 1294 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.