Aç ölüm kəndirini…
Şairin cəhd eləyib sətrinə dəy,
Şerinin gül qoxulu ətrinə dəy,
Hər gecə əhd eləyib xətrinə dəy,
Sonra da könlünü al, gör necədi?!
Sevənə dağ çəkərək ərk eləmə,
O qədər qəm-kədərə görk eləmə,
Bu sayaq aşiqini tərk eləmə,
Ara bir, yadına sal, gör necədi?!
Aç ölüm kəndirini sadə dola,
İçəsən eşq(i) meyin, badə dola,
Dolana çərxi-fələk, vədə dola,
Düşə ol qəlbinə xal, gör necədi?!
Üzünə başqa bir üz tax,demirəm,
Sənə çox söz deyərəm,yox,demirəm!
Görməyə Dəhri sənə, çox demirəm…
Bircə gün gözümdə qal, gör necədi?!
“YARI”
Dedik addımlayaq bu uzun yolu,
Bəs niyə qoyursan yarıda məni?
Dostlar da vəfasız, yar da vəfasız,
Görmədim birisi yarıda məni.
Geriyə boylanıb gördüm ki, artıq,
Ömrümün yarısı yetibdi, gülüm!
İstədim qəlbimin yarısın verim,
Gördüm ki, hamısı bitibdi, gülüm!
Daha gül bənizin saralib-solmaz,
Payız yarpağının sarısı kimi.
Ömür yollarıma işıq saçmadın,
Ayın parçalanmış yarısı kimi.
Bu nə cür taleydi,bu nə cür yazı,
Niyə hər şeyimi böldüm yarımçıq?
De,indi mən kimə şikayət edim?
Yaşadım yarımçıq,öldüm yarımçıq.
Ayrılıq dediyin nədir ki, gülüm,
Bir üzü təbəssüm,bir üzü kədər.
Deyirəm, kaş sən də məni sevərdin,
Səni sevdiyimin yarısı qədər.
DƏFN ELƏ
Səni yaşatmağa ömür yetməsə,
Nə olar,qəlbini vermə heç kəsə,
Torpaq cəsədimi qəbul etməsə,
Məni gözlərində büküb dəfn elə.
Sevgi dünyamıza sahib çıx,gülüm
Zamansız gəlibdir,amansız ölüm
Məni hissə-hissə,lap bölum-bölüm,
Həsrət otağına tikib dəfn elə.
Orda sözlərimi necə yazım mən?
Gör kimlər gələcək mənim izimdən,
Nə olar,gözünü çəkmə gözümdən,
Gözünü gözümə dikib dəfn elə.
Sənsiz xəyallara dalmayım deyə,
Qəlbimə iztirab salmayım deyə,
Səninçün nigaran qalmayım deyə,
Rəsmini qəbrimə çəkib dəfn elə.
Mənimçün saçını yolacaqsansa,
Dərdimi qəlbinə salacaqsansa,
Bir gün özgəsinin olacaqsansa,
Sevgimi qəlbindən söküb dəfn elə.
Məni o dunyaya sən ötür,gülüm,
Izimi, tozumu sən itir,gülüm,
Sevən ürəyimi sən götür,gülüm,
Sevgi baxçasına əkib dəfn elə…
BƏRZƏX ____
Ayıldım ki,ölmüşəm,
Məndən heç nə qalmayıb.
Yaşadığım ömürdən-
gündən heç nə qalmayıb.
Baxdım ki,üzüquylu,
Daşlığa atılmışam.
Hər yeri sual dolu
Boşluğa atılmışam.
Atıldığım boşluğa
Ha baxdım,baxa bilmədim.
Əriyib suya döndüm,
Ha axdım,axa bilmədim.
Çırpındım,çapaladım..
Ha çıxdım ,çıxa bilmədim.
Dartıldıqca dartıldım,
Qartıldıqca qartıldım..
Belim üzüldü daha.
Sonuncu ümidimdən
Əlim üzüldü daha.
Bu naümid günümdə
Qohumum-kəsim çıxmadı.
Ha çığırdım,bağırdım-
bağırdım səsim çıxmadı…
Oturub fikirləşdim…
Necə düşmüşəm bura?
Mən axı kim olmuşam?
Mən hara,bura hara??
Beləcə öz dərdimdə-
sərimdə addımladım.
Bəlkə də milyon illər,
Bəlkə də bir neçə an
Yerimdə addımladım.
Qəfil bir işıq düşdü,
İçində adım da var.
Baxdım ki,kürəyimdə
Bir cüt qanadım da var.
Dabanıma tüpürüb
Qaçdıqca qaçmaq istədim.
Bu boşluğun içində
Uçduqca uçmaq istədim.
Bütün bağlı qapıları
Aça bilirdim daha.
Sudan,daşdan,qayadan…
Keçə bilirdim daha,
Uça bilirdim daha.
Beləcə gəzib-dolanıb,
Dərdi-sərimə gəldim.
Beləcə gəzib-dolanıb,
Həmin yerimə gəldim.
Dönüb özümə qayıtdım,
Sınıb özümə qayıtdım,
Özümü silmək istədim.
Öz gözümün yaşında
Boğulub ölmək istədim.
Doğulub ölmək istədim.
Ha çalışdım,vuruşdum…
Heç nəyi bölə bilmədim.
Yazıya 746 dəfə baxılıb