Zakir Məmməd – QARA ZURNANIN İŞIĞI

 

Zakir Məmməd

Zakir Məmməd

Duyğularım, hisslərim,

mənim yanar hissələrim,

mənim anar hissələrim

yanır, yanır.

Bu yanmağın işığında

ömür yolu işıqlanır.

Gözlərimin işığı da,

sözlərimin işığı da

daha aydın, nurlu olur

qara zurna işığında.

 

Qüdrətdən yaranmış,

aranmış-daranmış bir səs

taleyin xoşbəxtliyidir

başımın üstündə.

Ürəyim uşaqlaşır,

ürəyim aşıqlaşır

deyiləndə ki, qara zurna…

Yaxşı çalğıçılar

üfürüb çalıblar

(dönüm onların zoruna)

O səslə bir yerdə

özləri də ucalıblar,

adnan tanınıblar

yaxşı zurnaçalanlar.

Dili zurnanın dilində

dil-dil ötüb kişilər.

Adamların daxilində

ikinci adam olub

bir səs eşilə-eşilə.

Yəqin bilirəm ki,

dünyanın ən yaxşı adamları

zurna çalıblar.

Həm də zornan çalıblar,

güclə nəfəs çatdırıblar

qara zurnaya.

Ancaq həvəsli görmüşəm,

nəfəsli görmüşəm onları.

Gözlərinin işığını da qatıblar

qara zurnanın səsinə,

ürəklərinin işığını da.

Çox görmüşəm ki,

necə yerindən eləyib bu səs

bir kəndin

böyüyünü də, uşağını da.

Ağır-ağır kişiləri

yüngülləşdirib bu səs,

qanadlandırıb.

Fağır-fağır kişiləri

ayaqlandırıb,

atlandırıb bu səs.

O səs qulağımda

inanmışam ki,

bu torpaq qədimdir,

bu dünya qəribdir.

O səs qulağımda bilmişəm ki,

bu torpaq dərdlidir:

dağlar keçib gözümdən.

Nə qədər güclər, ağıllar

sınanıb, sınıb

bu torpağın dizində…

Hərdən

qara zurnada qədim havalar

keçir ürəyimdən.            

Yazıya 717 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.