Həsrət Zülfüdağlı – BƏNÖVŞƏLƏR

HƏSRƏT

BAŞ  ƏY

 

Bir gövdə üstündə budaq-budağıq,

Gövdəni qucaqla, budağa baş əy.

Bir budaq üstündə yarpaq-yarpağıq,

Budağı sığalla, yarpağa baş əy.

 

Düşmənə sipər ol gətirsə pənah,

Gücsüzə əl atmaq günahdı, günah,

Döyürsə qapını dilində Allah,

Ocağına gələn qonağa baş əy.

 

Qoyma tapdalaya yadı torpağın,

Hər şeydən ucadı adı torpağın,

Bizimlə doludu altı torpağın,

Üstündə gəzdiyin torpağa baş əy.

 

Qoyma qalanmağa quru yaşında,

Çəkək qeyrətini adi daşın da,

Papaq qoruyursa kimsə başında,

Başa hörmət elə, papağa baş əy.

 

Bu torpaq Həsrətə anadır ana,

Mən onun yolunda borcluyam cana,

Bu odlar Yurduna-Azərbaycana,

Ana deyən dilə-dodağa baş əy.

***

TƏLƏSDİRMƏ

 

Mən yaşamaq istəyirəm,

Ürək, məni tələsdirmə.

Mən sevginin möhtacıyam,

Gərək, məni tələsdirmə.

 

Köklənib eşq üstə canım,

Sevgi üçün istə canım,

Daşımağa xəstə canım,

Xərək, məni tələsdirmə.

 

Dünya yol üstü olacaq,

Həsrətə sevgi qalacaq,

Asılmağa vaxt olacaq,

Çörək, məni tələsdirmə.

***

 

BİLƏRLƏR

 

Mənim dərdlərimi çox sığallama,

Onları sevirsən-elə bilərlər.

Aldanıb o süni təbəssümünə,

Ayrılıb üstünə gələ bilərlər.

 

Illərdi sinəmə çökən dərdlərim,

Ürəyimi əzən, ökən dərdlərim,

Dərdimin dərdini çəkən dərdlərim,

Ağlamaq yerinə gülə bilərlər.

 

Sən eşqin sirrini bilən deyilsən,

Yüzündən birini bilən deyilsən,

Dərdimin qədrini bilən deyilsən.

Sənin qucağında ölə bilərlər.

****

 

HƏYAT YOLLARI

 

Yaşım uzandıqca ömür azalır,

Get-gedə qısalır həyat yolları.

Milyonlarla ildi tapdayıb keçir,

Dəyişən nəsillər boyat yolları.

 

Dözülməz dərdlərə dözüb çəkirik,

Dərdini çəkməkdən bezib çəkirik,

Hər dəfə yenidən qazıb çəkirik,

Qat-qat qəbirləri, qat-qat yolları.

 

Bəzən yolçusuna qazırıq çala,

Bəzən görüşürük əl çala-çala,

Hər dəfə bir doğma salırıq yola,

Süzüb boylanırıq mat-mat yolları,

 

Əvvəlində savaş, sonunda savaş,

Biri güllə atır, biri atır daş,

Ötən yolçuları salıbdı çaş-baş,

Şahmat oyunları, şahmat yolları.

 

Namərd körpüsündən keçə bilmədi,

Altmış il yaşadı heç nə bilmədi,

Həsrət öz yolunu seçə bilmədi,

Dolaşıq salıbdı heyhat yolları.

***

ÇİÇƏK-ÇİÇƏK

 

Çiçək-çiçək yayılasan dağlara,

Yarpaq-yarpaq sinəsindən çıxasan.

Duman-duman bürüyəsən boyunu,

Qucaq-qucaq ürəyinə sıxasan.

 

Ağac-ağac yamaclarda bitəsən,

Orman-orman gədiklərə yetəsən,

Bulud-bulud başı üstdən ötəsən,

Şimşək-şimşək qayalarda çaxasan.

 

Qaynayasan yerin yeddi qatından,

Don geyəsən çiçəyindən, otundan,

Bulaq-bulaq qayaların çatından,

Tala-tala, çəmən-çəmən axasan.

 

Tellərini daraqlaya meh bir az,

Ayağını sığallaya şeh bir az,

Dərdləşəsən sevdiyinlə eh bir az,

Sinəsinə tər bənövşə taxasan.

 

Nərgizləri çıraq-çıraq üzəsən,

Ulduz-ulduz ətrafına düzəsən,

Qanadlanıb qartallarla süzəsən,

Göy üzündən yer üzünə baxasan.

 

*** 

SABAHIN  XEYİR

 

Ayriliğin göz yaşim,

Yurdda qalan yurd daşım,

Əsir düşən qardaşım,

Dərdim, sabahın xeyir!

 

Günü-gündən güc alan,

Hər addım zəfər çalan,

Yatmayıb oyaq qalan,

Ordum, sabahın xeyir!

 

Mənim ana torpağım,

Çəmənim, çölüm, dağım,

Dalğalanan bayrağım,

Yurdum, sabahın xeyir!

 

Bayrağına diz çökən,

Torpağına diz çökən,

Arxasınca el çəkən.

Mərdim, sabahın xeyir!

 

Vətən, gəzdim çöllərin,

Dərdim gül-çiçəklərin,

Üzü gülən ellərin,

Gördüm, sabahın xeyir!

 

**** 

XƏBƏRSİZ

 

Aldanıb çiçək açmışam,

Şaxtadan, qardan xəbərsiz.

Dağlar döşünə çıxmışam,

Uçrumdan, tardan xəbərsiz.

 

Dumanda, çəndə itmişəm,

Qayadan, daşdan ötmüşəm,

Yollarla yola getmişəm,

Tələdən, tordan xəbərsiz.

 

Sıxılmışam, daralmışam,

Daş altında saralmışam,

Qaranlıqda kor olmuşam,

Üstümdə nurdan xəbərsiz.

 

Düz olub nəyə çatmışam?

Fil qulağında yatmışam,

Əlimi külə atmışam,

Içində qordan xəbərsiz.

 

Çox gəzdim, çox şey gördüm,

Dərdi dərd üstünə hördüm,

Beləcə bir ömür sürdüm,

Yazdan, bahardan xəbərsiz.

 

 ***

BƏNOVŞƏLƏR

 

Dibcəklərdən boy qaldırır hər bahar,

Ləcəyinə nə şeh düşür, nə də qar,

Ətrafında nə cığır var, nə iz var,

Yolsuz bitir bənovşələr şəhərdə.

 

Yuvasından ayrılalı üzülmür,

Sığallanıb siyah telə düzülmür,

Dəriləndə əlin-qolun cızılmır,

Kolsuz bitir bənovşələr şəhərdə.

 

Layla demir bulaqların nəğməsi,

Diksindirmir qartalların qıy səsi,

Danışdırmır kəkliklərin nəfəsi,

Dilsiz bitir bənovşələr şəhərdə.

 

Uzaq salıb obasından nəs illər,

Həsrət-həsrət titrəyillər, əsillər,

Bir-birinə qarışıbdı fəsillər,

Ilsiz bitir bənovşələr şəhərdə.

 

Kok saldığı torpağından aralı,

Ata-baba ocağından aralı,

O dağların qucağından aralı,

Elsizbitirbənovşələrşəhərdə.

 

 

 

 

 

 

Yazıya 679 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.