Osip Mandelştam – Şeirlər

osipTərcümə işi , əsasən də rus ədəbiyyatından bədii tərcümələrçoxdandır ki, həyatımın bir parçasına çevrilib. Anna Axmatova, Marina Svetayeva, Eduard Asadov, Fyodor Tütçev, Mixail Sinelnikov və s… kimi rus şairlərinin əsərlərini ana dilimizə çevirməkdən böyük zövq alıram.

Bir yazarı tərcümə etmək – onun iç dünyasına müdaxilə etmək, onu anlamağa çalışmaq  və bu müddət ərzində başqa bir rola girmək deməkdir.

Çoxu artıq haqq dünyasında olan dahiləri yada salmaq, başqa bir xalqa təqdim etmək, sevib-sevdirmək –onları yenidən bu dünyaya qaytarmağa bərabərdir.

Taleyi haradasa üzünü heç zaman görmədiyim, lakin hər zaman sevgi duyduğum babam Şərif bəy Şıxlinskinin taleyinə bənzəyən Osip Mandelştamın şeirlərinə də təbii ki, biganə qala bilməzdim.O, bir başqa gözəlliyə malik şeirlərilə ölməzliyə qovuşmuşlardan, adını ədəbiyyata və əbədiyyətə həkk etmişlərdəndir.

Ümidvaram ki, Azərbaycan oxucusu da mənim qədər bu bənzərsiz yazarın şeirlərini sevəcəkdir.

 

Afaq ŞIXLI

Moskva

 

***

Zərif bir axşamdır… Alaqaranlıq…

Çırpınan ləpələr yorur dənizi.

İslaq külək əsib hərdən bir anlıq

Duzlu bir örpəyə bürüyür bizi.

 

İşıqlar qaralır, qarışır aləm,

Dalğalar sahili meyxoş eyləyir…

Yersiz sevinc kimi səbəbsiz bu qəm

Ağır bir yük olubqəddimi əyir.

 

Gəzir qulağımda dəniz nəfəsi,

Hava da məst edir, gecə də qara…

Mahnı sədaları, musiqi səsi

Sanki layla çalır yorulanlara…


 

***

 

Ay gecə! Nəyinə gərəyəm ki, mən?..

Mən ki, həsrətlərə hədəf kimiyəm.

Bəyaz mirvarisi çıxmış əlindən,

Sahilə atılmış sədəf kimiyəm.

 

Sən ilham alarkən gur ləpələrdən

Duymaq istəməzsən söz-söhbətimi.

Amma ki, salarsan yadına birdən,

Lazımsız bildiyin məhəbbətimi. 

 

Uzanıb yanımda qumlar üstünə,

Əynimə nəvaziş geyindirərsən.

Bunca ayrılığın durub qəsdinə,

Könlümü doyunca sevindirərsən.

 

Atılmış sədəfin səni bağışlar,

Sevgi nəğməsini oxuyar sular.
Dənizlə, şəfəqlə, mehlə, yağışla

Kimsəsiz qəlb evim isinər, dolar.


 

***

 

Bu acı soyuqda titrəyirəm mən,

Dilim də tutulub, açılmır keyim.

Göylər hakimisə – qızıl şəhzadəm

Mənə hökm eləyirnəğmələr deyim.

 

Aşıq ol, həsrət çək, yazıq nəğməkar!

Ağla ki, bu aləm duysun səsini!

Tutub əllərində, özünlə apar

Bu tənha, atılmış yer kürəsini.

 

…Demək belə imiş həqiqi hisslər –

Sirli kainatla ürək sazişi!

Ruhunu göynədib bəlkə təmizlər?
Kimə bəllidir ki, talenin işi!


Görəsən nə olarsapıb yolundan

Alışan ulduz da üşüsə birdən?

Paslı biriynətək batsa qoluma,

Duysam biganəlik təmasını mən…


 

***

 

Neyləyim, ilahi, bu canı axı?

Bu qədər tənhadır, bu qədər yaxın…

 

Nəfəsim, sevincim, həyəcanım var,

Sakithəyatıma kimdi səbəbkar?

 

Özüm həm çiçəyəm, həm də ki, bağban,

Mənə bənzərlərəbu dünya – zindan.

 

Sözlərim iz salıb… boylanmışam mən

Ömrün əbədiyyət pəncərəsindən.


Yollarım- izlərim bəlkə az olub…

Hər şey vaxt ötdükcə tanınmaz olub…

Lakin illər ötsə, unutsa hər kəs,

Vurduğum naxışlar silinə bilməz!


 

***

 

Mətbəxdə oturaq gözlərdən uzaq,

Neft ətri qoxuyan gecəyə baxaq.

 

Masanın üstündə bıçaq və çörək…

İstəsən ocağı yandır, isinək.

 

Ya da kəndir gətir, səbət toxuyaq,

Sübhədək gizlicə nəğmə oxuyaq.

Minək bir qatara, itirək izi,

Heç zaman heç kimsə tapmasın bizi…

 

 

 

***

 

Duyuldu ahəstə, zərifcə bir səs,

Meşə sükutunu pozdu bu gecə;

Heç bir şey gözlərdən saxlana bilməz –

Bir bəhər dərmişdi kimsə gizlicə…


 

***

 

Bənizin

incədən incədir sənin,

Əllərin

Bəyazdan bəyazdır!

Əfsus,

Övladı deyilsən

Sən bu aləmin,

Səndə hər nə varsa –

Göylərə məxsus!

 

Göylərə məxsusdur

Şux barmaqların,

Giley-güzarının

Şirinliyi də.

O asta,

Mehriban

Danışıqların,

Gözəl gözlərinin

Dərinliyi də…

 

 


 

***

 

Nağıl kitabları oxuyub yenə,

Məsum xəyalları yığıb başıma,

Son qoya biləydim qəm yaddaşıma,

Dərdimi yollayıb dünənki günə.

 

Bu həyat yamanca bezdirib məni…

Heç nə də ummuram daha ömürdən!

Lakin dönmür ürəkdoğduğu yerdən,

Sevməyə bilmirəmdoğma vətəni!

 

Salıncaq qurduğum o hüzünlü bağ –

Qəm-qüssəm olmayan qayğısız yerim…
…Yəqin sayıqlayır düşüncələrim

Küknarlar altında, hamıdan uzaq…

 

 

Ruscadan çevirdi: Afaq ŞIXLI 

Yazıya 1176 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.