Mühəndis Tyuxin işdə mükafat almışdı. Axşam idi. O, arvadını sevindirmək üçün evə tələsirdi. Onun addımları ins-cins görünməyən küçədə aydın eşidilirdi. Bu vaxt qaranlıqdan üç enlikürək adamın fiquru peyda oldu. Onlar lal-dinməz Tyuxinə doğru hərəkət edirdilər.
Fərasətli mühəndis onların nə vaxt siqaret istəyəcəklərini gözləmədən cəld özünü qarşısına çıxan ilk binanın giriş qapısına atdı. Və dərhal son zamanlar öz tikinti idarələri tərəfindən təhvil verilən binanı tapdı.
Bayaqkı üç nəfər tələsmədən binanın giriş qapısından içəri keçdi. Onlar bilirdilər ki, əllərinə düşən qənimət heç cür canını qurtara bilməz.
Hamıdan qüvvətlisi:
– Di, göstər görək ciblərində nə var, – deyə acıqla səsləndi.
Görünür, o, başçı idi.
Ciblərini göstərmək Tyuxinin ürəyindən deyildi. O, bir daha qüssəli-qüssəli soyğunçuların tutqun sifətlərinə baxdı. Birdən onun gözlərinə elə bil işıq gəldi. Bunlar ki, doğma divarlardır. Hər halda kömək edərlər.
Tyuxin əllərini açıb başını əydi. Qulaq batırıcı səs qopara-qopara irəli sıçradı. Sağ əli toxunan kimi pilləkən məhəcərinin dəmir barmaqlıqları əyildi. Sol ayağını basdığı beton lövhə dərhal paralandı. Tyuxinin yolunu kəsən kərpic arakəsmə onun başı ilə vurduğu zərbədən dağıldı.
Xuliqanlar dəhşətə gələrək qüvvətli zərbələrin sahibindən yaxa qurtarmaq üçün dalı-dalı çəkildilər. Başçı:
-Özünüzü xilas edin! Karateçiyə rast gəlmişik! – deyə var gücü ilə bağırdı və bütün dəstə özünü giriş qapısından çölə atdı.
Bu səsdən ev silkələndi və beton örtük aşağı gəldi…
Mühəndis Tyuxin pencəyindəki tozu çırpdı və açıq havaya çıxdı. Sonra ciblərini yoxladı. Yeni binanı təhvil verdikləri üçün aldığı mükafat son qəpiyinədək yerində idi.
Tərcümə etdi:
AKİF ABBASOV
Yazıya 712 dəfə baxılıb