Ədəbiyyatda estetik təsirlilik yoxsa ideoloji təmayüllər?

iradeİradə Musayeva 

 

“Estetik dürüstlük – hələ hər şey deyil, təkcə siyasi

mülahizələrə ikiəlli bağlanmaq da azdır”.

(C.Oruell)

İctimai-siyasi, sosial-mədəni həyatın konturlarını müəyyənləşdirmək, ona səciyyə və obraz vermək olar, cəmiyyətin xarakterini, bəlkə təbiətin sirlərini tapmaq da olar, amma insanın daxilinə enən zaman, onun içərisinə əli çıraqlı girəndən sonra bütün dahi yazıçılar yolunu itirir və sanki cəngəlliyə, ya da ucsuz-bucaqsız səhraya düşmüş (bəlkə də azmış) səyyah kimi çaşqın və ümidsiz halda səfərini uduzduğunu etiraf edir… Yel dəyirmanı ilə vuruşan Don Kixot xəcaləti ilə ya susur, ya depressiyaya düşüb psixoloji pozuntu halı yaşayır, ya da intihar edir. E.Hemenquey, G.Mopossan, N.V.Qoqol, L.Tolstoy, M.Dostoyevski, A.Ekzüperi, K.Hamsun kimi…

Bəşəriyyət yaranandan onun elmi və sənəti bu məchulluq, sirlilik müəmmaları ilə bürünmüş insanın üzərində baş sındırır. İnsan çox qəliz tədqiqat obyektitək min illərdir həm də ədəbiyyatın problemi kimi qalmaqdadır…

Daha kədərlisi isə odur ki, bizim adımızdan insan ruhunun, mənəviyyatının, xislət və mənliyinin məcmusu – insanın daxili dünyasına göndərdiyimiz “kəşfiyyatçılarımız” (yazıçılarımız) oradan elə hey  “qara xəbərlə” qayıdır… Məsələn, Norveç yazıçısı Knut Hamsunun  1936-cı ildə çap olunmuş  “Dairə qapanır” adlı romanı müəllifinin əlində yellənən ağ bayraq assosiasiyası  yaratdı. Çünki insan ruhunun  araşdırılmasına  həsr edilmiş bir ömürlük tədqiqat sonda nəticəsiz kimi göründü K.Hamsuna… O, var gücü ilə insan mənəviyyatına, ruhuna, cövhərinə xeyir toxumu səpməklə məşğul oldu, amma sonda  “yel dəyirmanı ilə vuruşmaq” xəcalətinin faciəsini yaşadı varlığında E.Hemenquey kimi… Bütün həyatı boyu insanı güclü və mübariz olmağa səsləyən (“Qoca və dəniz”, “Əlvida silah” və s. əsərlərində olduğu kimi) E.Heminqueyin finalda intihar zəifliyi, süqutu onun bütün yaradıcılığında deyə bilmədiyi SÖZÜ dedi… “Dairə qapanır” romanında isə Hamsun baş aça bilmədiyi bu sirli varlıqdan – İnsandan öz “yazıçı qisasını” alır. (Böyük əsərlərin çoxunda bu “yazıçı qisası” deyilən ədəbi metodun şahidi olmuşuq: M.Füzulinin “Leyli və Məcnun”unda, V.Şekspirin “Hamlet”ində, H.Cavidin “İblis”ində, C.Oruelin “Heyvanıstan” ında və “1984”ündə və s.) “Dairə qapanır” romanının baş qəhrəmanı Abelin bütün müsbət keyfiyyətlərini, ilahi-insani  qiyafəsini  müəllif sivirib onun varlığından çıxardır, soyundurur. Onun mövcudluğunda şər xeyirə,  heyvani xislət fövqəlinsan ucalığa qalib gəlir. Hamsun acı bir qüssə, hirs və hikkə ilə  Abeli ruhunu və insani yaşamını tərk etmiş “heyvana” çevirir. Öz həmcinsinin üzərində apardığı eksperimentin nəticəsində müəllif özü də sarsılır və ağır ümidsizlik, bədbinlik hisslərinə qapılaraq insan həyatının və dünyanın fəna, puç, heç – boşluğundakı varolmasını istehza ilə təsvir edir.

Əqidəsinə görə 1947-ci ildə həbs edilən və “əqli deqradasiya” diaqnozu ilə məhbəsdən xilas olunan Hamsun  əlil qocalar üçün psixiatrik pansiona göndərildi…

Məlum olur ki, “Yer üzünün əşrəfi insan”kimi qələmə verilən, əslində isə  “qoxumuş palçıqdan düzəldilən, toxunduqda saxsı qab kimi əks-səda verən”, Yaradanının etimadını itirmiş, İblisə məğlub olmuş varlıq “Fani” imiş… Allah da 6 günə yaratdığı yeri, göyü, bu bəzəkli-düzəkli dünyanı həmin bu zavallı “Fani”yə həsr etmiş imiş…

Bəli, min illərdir kainatın müxtəlif sferalarında bu “Fani”nin ruhuna və cisminə xidmət edən proseslər cərəyan etməkdədir. Ədəbiyyat adlı mənəvi kateqoriyanın da obyekti, subyekti yenə “fani” dediyimiz həmin bu İnsanla bağlıdır. Amma maraqlıdır, ədəbiyyat insana necə xidmət etməlidir? Daha çox onun ruhunamı, yoxsa düşüncəsinə? İctimai-siyasi, sosial-mədəni və intellektual planlı olmalıdır, ya sırf estetik?

Doğrudur, dünya ədəbi-nəzəri düşüncəsində də bu məsələ daima mübahisə obyekti olub. Yəni, ictimai-siyasi, sosial yönümlü ədəbiyyata müxalif olanlar bədii mətnlərin digər incəsənət sahələrində (musiqidə, rəssamlıqda və s.) olduğu kimi estetik effektli olmasını, beyindən çox ruha, qəlbə nüfuz etməyi daha doğru hesab ediblər, və yaxud da əksinə, bədiiliyə yanaşmada ədəbi-estetik konsepsiya subyektivizm  kimi səciyyələndirilib.

C.Oruell “İncəsənətlə propoqandanın sərhəddi”  əsərində yazırdı: “Son on ildə köhnə tipli Avropa ədəbi tənqidi – düşüncəli, vicdanlı, ədalətli, sənət əsərinin sırf sənət kimi öz-özülüyündə qiymətli olmasına inanan ədəbi tənqid demək olar ki, yoxdur. Son on ilin ingilis ədəbiyyatına baxsaq, ona hakim olan baxışların estetizmə nə qədər yad olduğunu görərik. Propaqanda ədəbiyyatı basıb udub. Hesab etmirəm ki, bu müddətdə yazılan bütün kitablar pisdir. Sadəcə, bu dövrü xarakterizə edən Oden, Spender, Maknis kimi müəlliflər siyasiləşmiş mənəviyyatçı-yazıçılar olublar, estetika yadlarında olsa da, əsas diqqəti ədəbi texnikaya deyil, mövzuya veriblər. Nisbətən parlaq ədəbi tənqidçilərə baxsan, görürsən ki, marksist-yazıçılardır, Kristofer Koduell, Filip Henderson və Eduard Apvord, onlar hər kitaba baxanda sözün hərfi mənasında siyasi pamflet görürlər. Onları əsərlərin sosial-siyasi qiyməti ədəbi məziyyətlərindən daha çox maraqlandırır”.

Ədəbiyyatda estetik təsirlilikdən daha çox ağıl, fəlsəfi mühakimələr, məntiq, əqidə prinsipiallığına üstünlük verən  klassiszm üslubunun nəzəriyyəçisi Dekart isə belə hesab edirdi ki, cəmiyyət və fərd münasibətlərini, yaşadığımız dünyanın və həyatın reallıqlarını yaxşı dərk etmək üçün mütləq analitik təfəkkür gücü ədəbiyyatın əsas silahı kimi qiymətləndirilməlidir.

Əlbəttə, ədəbiyyat insanı düşündürməli və müəyyən tarixi dövrlərdə hətta narahat etməlidir. Fərqi yoxdur, istər sosial, istərsə də mənəvi-intellektual və ya ictimai-siyasi nöqteyi-nəzərdən… Yəni, ədəbiyyatın bədiiliyi  estetiklik ampulasında qapanıb qalmamalıdır… Bəzən bizim də ədəbi-intellektual düşüncə sahiblərimiz fikirləşir ki, ədəbiyyat, eləcə də onun tədqiqatçıları zamanın və yaşadığı ölkənin, ümumiyyətlə, dünyanın siyasətinə, cəmiyyətin sosial və s. problemlərinə girməməlidir. Yəni, yazıçıda və onun əsərində siyasi –ictimai-sosial və s. bu kimi “ağır” notları qabartmaq tənqidçini bəlkə də ədəbiyyata xidmətdən uzaqlaşdırır. Və bu anda istər-istəməz adamın yadına K.Hamsun, L.Tolstoy,  C.Oruell, Q.Markes düşür. Deməli, belə çıxır ki, onların yazdığı ədəbiyyat deyil? Siyasi təbliğat və ya siyasi publisistikadır? Bəlıkə müharibə mövzusunda olan əsərlər də hərbi təbliğat təyinatlı olur… Axı həmin ədəbiyyatın qəhrəmanı da İnsandır və nə qədər ki insan var, onun siyasi, ictimai, sosial, psixoloji və s. problemləri də olacaq. İnsanı və onun yaşadığı cəmiyyəti bu yüksüz necə təsvir etmək olar? Mən həm də sosial varlığamsa, necə ola bilər ki mənim siyasi və ictimai düşüncəm işləməsin? Bəzən bizim reaksiyamızda “siyasi”, “ictimai” anlayışları və hətta sözləri hakimiyyətə qarşı təhlükə həyəcanı kimi əks-sədə verir. Bəşəri ədəbiyyat nümunələrində heç vaxt ictimai-siyasi təfəkkür sırf  konkret hakimiyyətə, hökumətə qarşı proqramlaşdırılmır, Nizamidə olduğu kimi… ibtidai obrazlı təfəkkür tərzində də bir siyasilik, ictimailik olub…

İstənilən bədii mətndə siyasətin də bir estetikası ola bilər, lakin hər şeyin estetikləşdirilməsi, bəzəkli boyalarla sadəcə zövq oxşama işinə xidmət etməsi bəzən ədəbiyyatın ictimai gücünü təsirsizləşdirə bilir. Onda ədəbiyyatın səsi toyxanalarda çəngəl-bıçaq səsi arxasında uğultu kimi əks-səda verən muğam musiqisinin effektinə ekvivalent olur…  Təbii ki, ədəbiyyatın hansısa ideologiyaya, siyasətə vasitə olmasının tam əleyhinəyik, (sovet dövründə olduğu kimi).  lakin dünya, cəmiyyət və insan, onların qarşılıqlı və ziddiyyətli  münasibətləri obrazlı təfəkkür aynasında bütün tərəfləri ilə əks olunmalıdır –ictimai-siyasi, estetik və s… Bir zamanlar ədəbiyyatın faciəsi ondan ibarət oldu ki, “sovetizm”, “leninizm” və “stanilizm” ədəbiyyatın bədii-ideoloji mətn materialı yox, ədəbiyyat onların siyasi-ideoloji silahı oldu…

Biz düşünməməliyik ki, məsələn, stalinizm haqqında mütləq siyasətçilər, tarixçilər danışmalı idi. Ədəbiyyatın gücü ondadır ki, bütün sahələrə icazəsiz və azad iradə ilə daxil ola bilir. Və faktlar da sübut etdi ki,  eyni bir tarixi mərhələ, şəxsiyyət, siyasi hadisə və s.  haqqında ədəbiyyatın analizi, şərhi, təsvir və təqdimi daha effektli olur.  Şəxsiyyətə pərəstiş, repressiya illəri və tarixin  stalinizm, sovetizm  dövrü haqqında oxuduğum onlarla sənədli, elmi-tarixi kitabın həmin məsələ ilə bağlı verdiyi məlumatın çəkisini mən, məsələn, C.Oruelin “1984” romanının siqlətinə bərabər tutmaram. Çünki müxtəlif təfəkkür tərzlərinin (siyasi, tarixi, publisistik, psixoloji və s.) sintezi əsasında yazılmış bu roman  məni oxu prosesində həm tarixçi, həm siyasətçi, həm publisist həm də psixoloq kimi düşünməyə sövq etdi… Eyni bir obyektin müxtəlif subyektləri olmaq ixtiyarını yazıçı bizə bəxş edir…  Makedoniyalı İsgəndərin yürüşləri, fəthləri, siyasətinin ideologiyası haqqında statistika və xronologiyanı tarixçilər, salnaməçilər təqdim edir, amma biz o məlumatlarla beynimizi nə qədər yükləsək də “İsgəndərliyin” fəlsəfəsini Nizamidən öyrənməli oluruq. Və ən əsası, mətnin bədii-estetik qiyafəsi müəllif ideyasındakı siyasiliyi, ictimai ədalət və ədalətsizlik problemini kölgədə qoymur.

Ədəbiyyatın ədəbi-estetik prinsipləri daima dəyişəndir. Bu daha çox zaman və tarixi ictimai-siyasi mühitlə əlaqədar olub. Məsələn L.Tolstoy “Hərb və sülh”ü necə yazmaya bilərdi və ya orda zamanın epopeyasının siyasi, hərbi, ictimai-sosial və psixoloji mənzərəsini canlandıranda necə ola bilərdi ki, sırf estetik funksiyalı ədəbiyyata xidmət etmiş olsun? Bəli, ən qanlı səhnələrin də estetikası, poetikası olur, amma ideya və yaradıcılıq mövqeyi, prinsipləri zamana, cəmiyyətin ruhi tələbatına əsasən dəyişə bilir…

“1930-cu ildən etibarən əminlik hissi həyatımızdan getdi. Hitler və böhran nə dünya müharibəsinin, nə də rus inqilabının edə bilmədiyini etdi. 1930-cu ildən sonra gələn yazıçılar elə bir dünyada yaşayırlar ki, orada nəinki insan həyatı, onun dəyərlər sistemi də təhlükə altındadır. Belə şərtlərdə isə biganə olmaq olmaz. Səni ölümə aparan xəstəliyə sırf estetik gözlə yanaşmaq olarmı? Sənin boğazını kəsməklə hədələyən insana biganə yanaşmaq olarmı? Faşizm və sosializmin savaşdığı dünyada hər bir düşünən şəxsiyyət bu və ya digər yolu seçməyə məhkumdur; yazıçı təkcə əsərlərində deyil, ədəbi mülahizələrində də öz hisslərinə çıxış verir. Ədəbiyyat siyasiləşməyə məcbur oldu, əks halda o, intellektual qeyri-dürüstlük olardı. Simpatiya və antipatiya şüurun üzünə çıxdı, onları artıq görməzlikdən gəlmək olmur. Kitablarda nəyin yazılması o qədər əhəmiyyətli sayıldı ki, onların necə yazılması mənasını itirdi”.

Bədiiliyin təsir dairəsi yalnız estetik və ya sırf zehni-intellektual düşüncənin tələbləri əsasında müəyyənləşmir. İstənilən bir bədii əsərin cazibəsi və gərəkliliyi, aktuallığı onun oxucusunun izah edə bilmədiyi, anlada bilmədiyi problemlərinin doğma və isti münasibətlə inikasından asılı olur.(Kulis.lent.az)

Yazıya 928 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.