Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü, Şəhid Rəşad Əliyevin ocağında…

Rəşad_Əliyev

Düşmənin başında tufanam indi,

Yurdboyu kükrəyən ümmanam indi,

Şəhidim, ruhuna qurbanam indi,

Axır ki qalmadı nahaq qan yerdə!!!

Musa Ə.

 

         15 aprel 2024-cü il tarixində Azərbaycan torpaqları uğrunda gözünü belə qırpmadan ölümün ağuşuna atılan, Qarabağı rayon-rayon, kənd-kənd, meşə-meşə, ağac-ağac azad edəndən sonra Şuşa sıldırımlarıyla yüksələrək düşmənə diz çökdürən Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü, Şəhid Rəşad Əliyevin ailəsinin qonağı idik. Bizi qəhrəmanımızın oğlu – dörd yaşlı Tunar, qızı 6 yaşlı Zəhra və sevib-seçdiyi xanımı qarşıladı. Rəşad Əliyevin şərəfli ömür və döyüş yollarını özündə əks etdirən fotoşəkillər dolu otağa daxil olduq. Zəhra atasının fotolarını qonaqlara təqdim edir, Tunar böyük maraqla bacısını izləyirdi. Tunar atasını xatırlamasa da, baxışlarından oxunan qürur, vətənpərvərlik, insanlıq sevgisi, ailəsinə, torpağına bağlılıq başdan-başa Rəşad Əliyevdən xəbər verirdi…

Bizim budəfəki ziyarətimiz də Azərbaycanı kənd-kənd, oba-oba dolaşan, Şəhid və Qazi ailələrinə maddi və mənəvi dəstək olan, Şəhid və Qazi övladlarının mənəvi babası, Tovuz rayonunun Qandallar kəndindən kənd sakini, “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini, Respublika Aiditorlar Palatasının Ağsaqqallar Şurasının sədri Çingiz Abbasovun sayəsində baş tutmuşdu.  Respublikanın Əməkdar artisti, sözü qılınc kimi kəsərli, “Qızıl qılınc” mükafatı laureatı Ağalar Bayramovun və  şeirləri ilə yurdumuzu dolaşan, gəncliyində odlu-alovlu sevgi şairi, son otuz il ərzində isə qələmi ilə silahlanan, 44 günlük zəfər tariximizin hər günündə əsgərlərimizə çiyindaş olan Musa Ələkbərlinin vətənpərvərlik dolu çıxışlarını, səsləndirdikləri şeirləri eşitmək ailə üzvlərinin qüruruna qürur, sevincinə sevinc qatırdı.

Bu gün biz bir qəhrəmanımızı da yaxından tanıdıq. Öyrəndik ki, Rəşad Əliyev 1991-ci il aprelin 17-də Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Orta təhsilini Ərəbqardaşbəyli kənd məktəbində alıb. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Hərbi məktəbi bitirdikdən sonra 1 il təlim keçib və Naxçıvan MR-nın Culfa rayonunda N saylı hərbi hissədə xidmətə başlayıb.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Rəşad Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Əliyev noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Salyan rayonunun Ərəbqardaşbəyli kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rəşad Əliyev 26.06.2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, 26.06.2010-cu ildə III dərəcəli “Qüsursuz xidmətə görə”, 26.06.2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, 26.06.2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley, ölümündən sonra 15.12.2020-ci ildə “Vətən uğrunda”, 29.12.2020-ci ildə “Şuşanın azad olunmasına görə”, 24.06.2021-ci ildə “Xocavəndin azad olunmasına görə” medallarına,  25.06.2022-ci il tarixində isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülmüşdür.

Rəşad Əliyev sevib-seçdiyi ömür yoldaşını, qızı Zəhranı və oğlu Tunarı canını qurban verdiyi vətəninə əmanət etdi. Bu gün Rəşadın və Rəşad kimi oğulların övladları bizim göz bəbəyimiz, baş tacımız, and yerimiz olmalıdır.

Ruhun şad, məkanın cənnət olsun, şəhidim!

Zəhranın, Tunarın sənin adına layiq böyüyəcəklərinə, vətənə vətəndaş  olacaqlarına inanırıq!

kultur.az

Musa E kitab redakte Rəşad_Əliyev WhatsApp Image 2024-04-15 at 12.10.12 (1) WhatsApp Image 2024-04-15 at 12.10.12 WhatsApp Image 2024-04-26 at 09.57.30 (1) WhatsApp Image 2024-04-26 at 09.57.30 WhatsApp Image 2024-04-26 at 09.57.32 WhatsApp Image 2024-04-26 at 09.57.34 WhatsApp Image 2024-04-26 at 09.57.36 WhatsApp Image 2024-04-26 at 09.57.37 WhatsApp Image 2024-04-26 at 09.57.38

Yazıya 30 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.