Tural Sahab – Onun adı Elyanora deyil

tural sahab(hekayə)

Onun adı ilə…

Heç nə bilmirəm. Nə yazacam, necə yazmalıyam – heç nə. Özümü sözlərə və onun sahibinə əmanət edib, hərflərin dünyasına yolculuğa çıxıram. Hekayə danışmaq yeni axmağa başlayan bir çay kimidi. Ürəyin qaynayır, ancaq bilmirsən, kimin hekayəsini danışacaqsan – hansı yolla axacaqsan. Bu zaman iki yolun olur. Ya özünü ona əmanət edib, yola çıxacaqsan, ya da öz ürəyində boğulacaqsan…

Onu ilk dəfə bir yay səhərində gördüm. Səhər deyəndə ki, təxminən saat on bir olardı. Yaydı , ancaq hava payızdakı kimi soyuq və kövrəkdi. Bəli, Tanrı bizlərə bu isti yay günündə bir payız havası hədiyyə etmişdi. Daha dünən istidən qıvranan  yarpaqlar, otlar bu gün üşüyür, payızın gəldiyini düşünüb, öz ölüm nəğmələrini oxuyurdular. Havanın sərin olduğunu fürsət bilib gəzintiyə çıxmışdım. Mənim üçün tətil deyilən bir söz yoxdu. Demək olar ki, hər gün tezdən oyanır, balaca kitab dükanımı açıram. İşə gələrkən yolumun üstündə olan şirniyyat dükanından iki simit alır, dükanımda gözəl bir çay dəmləyib, özümə bir yoldaş da tapıb çayımı içirəm. Kitabların arasında olmaq dünyanı gəzməkdən daha gözəldi. Hər gün yeni kitablar gəlir və mən onlardan birini günəş batana qədər bitirirəm. Dedim axı, o gün – onu  gördüyüm gün hava sərin idi. Qulaqcıqlarımı taxıb yol gedir, bu hündür binaların yarışdığı şəhərdə toxuna biləcəyim – ruhuma toxunacaq yarpaqlar gəzirdim. Hərdən yağış da çisələyir, küləyin qovduğu damlalar özünü dodaqlarıma vururdu. Asta-asta gedir, tələsmədən bu gözəlliyi ruhuma hopdurmaq istəyirdim. İnsan harasa getməyəndə, tələsməyəndə yerimək də xoşbəxt edir onu. Bəli, mən indi xoşbəxt idim – yəni onda, o gün… bəs, mən kiməm? Elə qoca deyiləm, cavan da olmadığım kimi. Otuz beş yaşında saqqallı, uzun boylu, qadınların yaraşıqlı adlandıracağı bir kişiyəm. Qadınlar üçün yaraşıqlı olsam da, heç vaxt bir qadın mənim üçün gözəl olmadı, olmayacaqdı da… əgər o gün buludlar günəşin önünü kəsməsəydi. Məndən başqa beş qardaşımın olmağı mənə azad hərəkət etməyə imkan verdi. Atamın pulu da vardı – uzun sözün qısası, mənə ehtiyacı yoxdu. Ağlım kəsəndən sonra evdən ayrıldım. Çox oxusam da, ali məktəbə getmədim. Nədənsə diplomdan daha çox kitablar məni özünə çəkdi. Ali məktəbə itirəcəyim zamanı kitab oxumağa sərf etmək istədim. Oxumaq üçün də ən uyğun yer kitab dükanı olacaqdı. Beləliklə, insanlardan mümkün qədər uzaq olacam, bura gələn insanlar da istər-istəməz mənimlə, ancaq kitab haqqında danışmalı olacaqdı. Yəni, qadınların və kişilərin ağılsız dediyi o tiplərdənəm.

Sonra birdən nəsə oldu.  Saqqalımı isladan  yağmur damlalarını silərkən onu gördüm. Bir xeyli aralıdan mənə doğru gəlirdi. Hiss olunurdu ki, o da tələsmədən addımlayır. Uzun qara saçları küləklə oynayır, ona qonaq gələn yağış damcılarını  böyük mehribanlıqla qarşılayırdı. Boyumuz eyni olardı, ancaq məndən gənc idi. İyirmi beş yaşı ancaq olardı. İndi ona yaxınlaşmaq üçün – gözlərini görmək istəyirdim əslində, addımlarımı tez-tez atmağa başlamışdım. İndi tələsirdim, indi xoşbəxt deyildim…. ancaq yenə də ürəyimə tabe olmuşdum. Bu uzun, sərt adam ilk dəfə ürəyinə məğlub olmuşdu. İndi aradakı məsafə bir neçə addım olardı, ancaq görmürdü məni. Onun da qulaqlarında qulaqcıq vardı. Kim bilir, indi hansı dünyalara səyahət edir, nə düşünür. Bu bir neçə saniyədə ağlımdan keçənləri çox yox, beş dəqiqə öncə mənə desəydilər, gülərdim. İndi isə bir uşaq düşüncəsi ilə onun mənə doğru gəlməsinə izn verdim. Düşüncəli olduğundan mənə dəyəcəyini bilmədi. Bəlkə də heç məni görmürdü… astaca başı çiynimə dəydi. O, mənə toxunmaqla yuxudan oyandı, mənsə yuxuya- xəyala ayaq basdım. Çox utanmışdı bu səhvi üçün. Dönə-dönə üzr istəyirdi. Yazıq qız bilsəydi, bu oyunu onunla tanış ola bilmək üçün mən etmişəm, yəqin ki, saçıma-saqqalıma baxmadan bir sillə yapışdırardı üzümə. Ancaq bilmirdi və özünü günahkar hiss edirdi. Bu an yağış da daha romantik çisələməyi dayandırıb, insanları özündən uzaqlaşdırırdı. Cəsarətimi toplayıb, onu çox da uzaqda olmayan dükanıma dəvət etdim. Həm kitablara baxarsan yağış kəsənə qədər, həm də daha rahat- islanmadan üzr istəyərsən. Bu ikincini deyərkən ikimiz də gülümsədik. Razı olmuşdu. İndi ikimiz də parkdan bir az aralıda olan doqquz mərtəbəli binanın birinci mərtəbəsində yerləşən dükana doğru tələsirdik. Maraqlıdı, demək, insan tələsərkən də xoşbəxt ola bilərmiş. Bunu da indi öyrəndim. Mütləq olan yalnız yaradıcı idi. Geri qalan hər şey dəyişə – bir formadan başqa formaya keçə bilərdi. Məsələn, bayaq insanları özünə çəkən yağış, indi özündən uzaqlaşdırırdı. Ya da ki, mənim düşüncələrim….

Dükandan içəri girəndə ikimiz də bir xeyli islanmışdıq. Ancaq yağış bu gözəlliyi soldura bilməmişdi. Üzündə – gözlərində, dodaqlarında boya olsaydı, indi eybəcər hala salmışdı onu, ancaq üzü bir uşaq üzü kimi təravətli və gözəldi. Yağış dayanmaq istəmirdi. Dayanmasını heç mən də istəmirdim. Yağış dayansa, o, çıxıb gedəcəkdi. Elə bir şey etməliydim ki, bir az daha qalsın. Getsə belə, yenə gəlsin – onu görə bilim. Dükana girəndən bəri danışmadan, ancaq kitablara baxırdı. Yəqin, kitabları o da sevir deyə düşündüm. O, kitablara baxarkən mən də çay dəmlədim. Qonağımı çaya dəvət edəcəkdim bir azdan. Artıq bir neçə dəqiqə olardı ki, üzərində gül rəsmlərinin olduğu qalın romana baxırdı. Və birdən qeyri ixtiyari olaraq: “haçandı bu kitabı oxumaq istəyirəm” deyib, dərindən nəfəs aldı. Artıq çayı süzdüyümdən onu masaya dəvət etdim. Utana-utana əyləşdi. Çayı dodaqlarına yaxınlaşdırarkən əllərinin əsdiyini gördüm. Bir az sonra yağış dayanmış, çayını isə bitirmişdi. Getmək üçün ayağa qalxanda, ondan bir dəqiqə gözləməsini xahiş edib, bayaqdan baxdığı o “güllü romanı” ona uzatdım. Nəsə kitabı almaq istəmirdi. Utana- utana “bunun qiyməti çox bahadı, ala bilmərəm” dedi. O an mən də pis oldum. Axı satmaq üçün uzatmamışdım kitabı ona. Əgər hədiyyə etdiyimi söyləsəm, bəlkə qəbul etməyəcək, etsə də, utandığından bir daha gəlməyəcəkdi bura. Onun üçün oxuyub, qaytara biləcəyini söylədim. Buradan istənilən kitabı alıb, oxuya biləcəyini söyləyəndə gözlərinin içinin güldüyü gördüm ya, o an mənim də, sevgimin də canı cəhənnəmə dedim ürəyimdən. Bir insanın gözlərindəki gülüşün səbəbi olmaqdan daha gözəl nə ola bilərdi. Tam qapıdan çıxarkən: “adım Elyanoradı” dedi  və qaça- qaça uzaqlaşdı məndən…

Geri dönüb, onun çay içdiyi fincana çay süzdüm. Rəflərə yaxınlaşıb,  “güllü roman”dan birini götürdüm və oxumağa başladım. Fincanı dodaqlarıma yaxınlaşdırarkən əlimin əsdiyini gördüm. Bəli, indi mənim də əllərim əsirdi. Onun toxunduğu bir şeyə toxunarkən. Çay içdiyim fincana bir az öncə onun dodaqlarının dəydiyini, əlimdəki kitabı indi onun da oxuduğunu düşündükcə ürəyim, sanki yerindən çıxacaq, çıxacaq və çox uzaqlara gedəcək deyə qorxurdum.

Bəli, o günə qədər tələsmədən yeriyərdim, səhər simit və çay, sonra oxuduğum bir roman xoşbəxt edə bilirdi məni… ancaq o gündən sonra hər şey dəyişdi. Axşam evə gələndə ilk işim artıq məndən bir parça olan saqqallarımı qırxmaq oldu. Daha sonra saçımı darayıb, ən gözəl paltarlarımı geyindim və aylardır getmədiyim ailəmin yanına getdim. Daha məndən ümidi kəsdikləri üçün məni itirib-axtarmırdılar. Yenə də hörmət etdikləri üçün seçimlərimə – yaşam tərzimə qarışmırdılar. İndi qapıda məni bu halda – saqqalsız, səliqəli geyimdə görüncə anam, sanki bir an tanımadı. Bəli, dəyişmişdim. Buludları günəşin önünə çıxardığı gün Tanrı mənim qarşıma da Elyanoranı çıxartdı.

 

Bu arada mən də o “güllü romanı” maraqla oxumağa başlamışdım. Romanı gənc yazar xanımlarımızdan biri yazmışdı. Yaşının az olmasına baxmayaraq, əsəri çox gözəl yazmışdı. Təcrübəmə əsaslanaraq deyə bilərdim ki, bu roman heç də dünya klassiklərinin əsərlərindən geri qalmırdı. Bu günə qədər bu yazarı tanımadığım üçün heyfisləndim.  Əsər insanı özünə çəkir, haldan-hala salırdı. İlk cümləsindən neçə dəfə ağladım, güldüm, neçə dəfə ehtiraslandım xatırlamıram. Bütün insani duyğuları çox təbii şəkildə anlatmışdı. Bir gənc qızın həyatından bəhs edirdi əsər – xərçəng xəstəliyinə tutulmuş cavan bir qız və onu bəladan xilas etməyə çalışan sevgilisi. Özümü gah qızın, gah da oğlanın yerinə qoyurdum. İlk dəfə tək – yalnız olduğuma üzüldüm, deyəsən. İndi ağır bir xəstəliyə yaxalansam, mənim üçün üzüləcək, dua edəcək bir sevdiyim yoxdu. Yalnız başına ölərdim. Gecə boğazım qurusa, bir fincan su verən olmaz. Susuzluqdan öncə məni kədərim boğardı. Və ya o qızın sevgilsinin yerində olsaydım, yəni mənim sevdiyim xərçəng olsaydı, mən nə edərdim?  Bu sual məni əməlli-başlı düşündürdü. Bir an gözlərimin önünə Elyanora gəldi. Axı, indiyə qədər nəsə hiss etdiyim tək qadın o idi. Ürəyim yerindən çıxacaq kimi oldu. Sevdiyimin gözlərimin önündə əriməsinə dayana bilməzdim. O an, əslində nə qədər zəif olduğumu anladım. Qıraqdan baxanda uzun boylu, dəmir iradəli çox güclü görünən mən. Demək ki, indiyəcən bir yalana hər kəsi inandırmışam, ən başda da özümü. Ailə-uşaq əslində ən çox istədiyim şeydi, ancaq onlara nəsə olsa, dayana bilməzdim. Uşağım yıxılıb dizi qanasa, o qan ürəyimdən axardı. İndi romandakı o qız üçün gözlərimdən yaş axırdı. Əvvəllər də bir əsər oxuyanda bərkdən gülməyi, ağlamağı – o əsəri yaşamağı sevirdim. Ancaq nəsə bu əsər fərqli idi. İlk dəfə bir əsər ruhumun dərinliklərinə enməyi bacarmışdı. Yəqin ki, Elyanora da indi eyni hissləri yaşayırdı. “Görəsən, sevdiyi varmı?!” düşündüm…

500 səhifəlik əsəri bir neçə gündə bitirmişdim. Əslində daha öncə, daha tez bitirərdim, ancaq dükana gələn insanlarla da ilgilənmək lazımdı. Daimi müştərilərim olan gənclər vardı. Kitab almaq üçün gəldikləri zaman birlikdə çay içər, bəzən saatlaca söhbət edərdik. Bu balaca dükan, adəta, kitabxana olmuşdu. Gənclərin bura gəlmələrinin bir səbəbi də, demək olar ki, buradakı kitabların hər birinin yazarı haqqında mənim məlumatlı olmağım idi. İnsan oxuduğu əsərin müəllifini tanıdıqca yazdıqlarını – onu kədərini, sevincini daha yaxşı anlayır. Məsələn: Stendalı tanımadan Julian Soreli necə anlamaq olardı ki?!

Düşünürdüm ki, yəqin Elyanora da kitabı oxuyub bitirib və geri gətirəcək. Onu yenidən görəcəm deyə az qalsın, həyəcandan öləcəkdim. Hər səhər işə gələndə təraş olur, səliqə ilə ütülənmiş köynəyimi geyib, üstümə gözəl ətirlər səpirdim. Görəsən, məni saqqalsız görəndə nə düşünəcək və ya mənim haqqımda nəsə düşünübmü? Vaxt keçdikcə dəli kimi olurdum, ancaq o gəlmirdi ki, gəlmirdi. Getdikcə ümidimi itirməyə başladım. Əvvəl günlər, sonra həftələr keçdi. Daha gözləmirdim onu, gəlməyəcəyini bilirdim. Yenə əvvəlki halına dönmüşdü bədənim – uzun saqqal, kədərli və ciddi bir mimika. Di gəl ki, daha ruhum əvvəlki deyildi. Elyanora ruhumu bir uşaq ruhuna çevirməyi bacarmışdı.

Aradan bir xeyli keçmişdi ki, mənə poçtla bir qutu gəldi. Heç nəyə marağım olmadığından qutunu bir kənara atdım. Daha özümü də, Elyanoranı da unutmuşdum. Unutmadığım bircə dodaqlarıma vuran yağmur, dodaqlarıma dad verən o fincandan çay içmək idi…

Bir gün nəsə o qutunu açmalı oldum. Bir də nə görsəm yaxşıdı – o kitab və içində də bir məktub…

 

“Əziz dostum, o gün gəzmək üçün parka çıxanda səninlə rastlaşdıq. Onu deyim ki, mənə doğru gələn bu yaraşıqlı oğlanın özünü bilərək mənə vurması nəsə əsəbləşdirmədi, hətta xoşuma belə gəldi deyə bilərəm. Onun üçün səninlə dükana gedib, çay içməyə razı oldum. Yoxsa bir az aralıda həyat yoldaşım maşında məni gözləyirdi. Nəsə üzündən kədər yağan bu cavan oğlanı qırmaq istəmədim. İnan ki, evli olmasaydım, kitabı sənə özüm qaytarardım. Hə, bir də onu deyim ki, o baxdığım kitabın müəllifi mənəm. Onu imzalayıb sənin üçün geri göndərirəm. Dostum, əmin ol ki, növbəti romanımda Elyanora ilə sənin hekayəni yazacam və bu hekayə gözəl bitəcək. İnşallah qəlbində mənə qarşı kin, nifrət olmaz…”

Sevgilərlə S.Z

Məktubu oxuyub bitirəndən sonra ruhumda bir yüngüllük duydum. Daha acı çəkmirdi qəlbim. Gəlmişdi Elyanora, bəli gəlmişdi…

Yazar dostum növbəti romanında nə yazacaq bilmirəm, ancaq onun növbəti əsəri mənim ürəyimə sevgini öyrətmək oldu. Daha bu yaraşıqlı oğlan qəlbini qızlardan gizlətməyəcəkdi….

 

 

 

Yazıya 803 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.