“Nənəmin kürdüləri”

saqif zeynal

Göylərə ilişir hicrana əyilən başım.

İçimdə kilsə zəngləri çalınır,

Bir uşaq azan çəkir ürəyimin dibində…

Saqif Zeynal

 

 

Onu şəxsən tanımıram. Heç vaxt görüşməmişik. Əslində isə tanıyıram. Hərf-hərf, söz söz, sətir-sətir, ruh-ruh, sevgi-sevgi…

İlk şeirini mənə göndərəndə ondakı həyata, ədəbiyyata, xüsusən də poeziyaya fərqli baxışı çox bəyəndim. İçindəki dünyanı – təkcə özünəməxsus poetik dünyanı sevdim, sadəliyinə, insanlığına vuruldum və yaradıcılığı ilə tam tanış olandan sonra bəşəriliyinə heyran qaldım.

O, məndən yeni kitabımı istədi. Dedim “ünvanını yaz, poçt ilə göndərim”. Dedi, “ünvanım yoxdu, qaçqınam…”

Söhbət Saqif Zeynaldan (İsayev Saqif Zeynal oğlu) gedir. Saqif 1990-cı ildə Laçın rayonunun Qarakeçdi kəndində doğulub. Rayonları, kəndləri, evləri, uşaqlığı orada – xatirəsi, ağrısı, yanğısı isə Saqifin ürəyində qalandan qaçqın şəhərciyindən tələbəliyə yol alıb. Hazırda ADPU-nun Ağcabədi filialının riyazıyyat-informatika ixtisası üzrə dördüncü kurs tələbəsidir.

Ədəbiyyata qədəm basanların, ədəbiyyat fədailərinin əsl ixtisasının sırf məntiqlə, riyazıyyatla bağlı olması məndə xoş təəssürat yaradır. Mənə elə gəlir ki, riyaziyyatçılar şeiri daha dolğun, məntiqli, fəlsəfi, ağıllı yazırlar. Onlarda heca, qafiyə, məntiq, məna, ideya… bütün bu ardıcıllıqlar riyazi hesablamalarla həyata keçərək, sonda öz dəqiq həllini tapır, əsər qüsursuz halda oxucusuna qovuşur. Saqifin də riyaziyyatçı olması onun yaradıcılığına olan ümidimi bir az da artırdı. Əlbəttə, ədəbiyyata daha dəqiq bələd olmaqla, mütaliəsini daha da artırmaqla…

Saqifin şeirlərini bir-bir oxudum. Onları kiminsə yazdığına oxşadıb təəssüf etmədim. Saqif kimsəni yamsılamır, təkrarlamır. Amma bəzi hallarda Şərif Ağayarın “Səhra məsnəvisi” adlı şeirlər  kitabını xatırladım. Anladım gənc şairi. Şərif Ağayarla Saqifin xəmiri Laçında yoğrulub…  Bu bənzəmələr isə soykökdən boylanan nəticələr, kötücələr… idi, təkrar, yamsılama deyildi.  Bəzən Ramiz Rövşəni xatırladım:

İlahi,

Necədi göy üzü?

Hələ dəyişməyib ki,

Ulduzların rəngi?

Buludları dolmayib ki,

Anaların yanağından buxarlanan

Göz yaşlarıyla?

İlahi,

Tutacaq səni,

Tutacaq bir gün anaların qarğışı…

 

Bu xatırlamanı da təbii qarşıladım. Ramiz Rövşən zamanımızın elə bir şairidir ki, ondan bəhrələnmədən yazmaq da olmur. Bu gün harada şeir var, ruh var, ilham var, orada Ramiz Rövşən var. Amma Saqifin şeirlərində bir obraz var ki, bu obrazı kimsə bu qədər uca yarada bilməyib, o obraz ki kitab boyunca müəllifin şeir balalarına qoruyucu mələk kimi qanad gərir. Bu, Saqifin kürdcə ağlayan, kürdcə ağı deyən nənəsinin obrazıdır:

…Uşaq qəhərimi udub içimə

Kirimişcə qulaq asardım…

Mənə elə gəlirdi ki,

Nənəmin kürdcə ağlaya-ağlaya,

Allaha tapşırdığı ölülər diriləcəkdir.

Və onlar bir də ölməyəcəkdir.

Nənə ev-eşiyini, gəncliyini, gəlinliyini orda qoyub gəlib. Nənə zalım materiyadan əl üzüb, nənə əbədiyyətə yol alanları Əbədiyə tapşırır və bu tapşırma Saqifin kiçik ürəyində böyük inam yaradır – “onlar bir də ölməyəcəklər” sevinci kimi…

Saqifi ilk dəfə elə bu şeirdə (“Nənəmin ağlamağı”) tanıdım. Burada nənənin kürdcə ağlaması ifadəsinə heyran qaldım. Sən demə, insan din-din, dil-dil, millət-millət ağlayırmış. Və bu insanın din-din, dil-dil, millət-millət ağılarından təbəqə-təbəqə, rəng-rəng, el-el, ev-ev ağlamaqlar yaranırmış. Bax, bunu düşündükcə bu gənc şairə heyran qaldım. Şair “kürdcə ağlamaq” deməklə, millətləri ayırmır, o, hər bir millətin “Öz” dərdini ayrı-ayrılıqda qeyd edtməklə, türklərin, kürdlərin, talışların, gürcülərin, yəhudilərin… çəkdiyi acıların anaların – nənələrin sinəsində bir olduğunu, sirr olduğunu, siyasət oxlarının hamısının analara – nənələrə tuşlandığını sözləyir, misralayır, sinəsinə və sinəmizə bəndləyir.

O, deyir:

Nənəm bizə corab toxumaq üçün

Boyadığı rəngli iplərdən

Bir bayraq toxumuşdu o payız…

 

Bəxtimizin doğmayan ulduzunu,

Yarım doğan ayını da toxumuşdu bayrağa…

 

O ili burnu deşik,

Dabanı cırıq,

Taykeş,

Adamı isitməyən yardım corablarıyla

Başa vurmuşduq…

 

Burada Saqif kürd nənəsinin sevgiylə toxuduğu türk bayrağından söz salır. O bayraqdan ki, əynimizin istisidi, boğazımızın çörəyidi, evimizin sevgisidi, qürurumuzdu, fəxrimizdi! O bayraqdan ki, son illər Laçınla (dərdlə), Şuşayla (dərdlə), Kəlbəcərlə (dərdlə)… elə silələndi ki, bəxtimizdə doğmağa heyi qalmadı…

Çarəsizliyimizin susdurulmuş bayrağını

Arıqlıqdan qabırğaları sayılan

Daxalımızın ən hündür yerinə sancmışdım!

 

Bu şeir Saqifin şah əsəridir. Burada dünyanın dərdi qaçqın daxalının ən hündür yerinə sancılıb, o ucalıqdan “qabırğaları sayılan” daxıla lal sükutla baxır…

Çox təzadlı və qürurlu bir məqama da rast gəldim Saqif şeirlərində. O, kitab boyunca bir dəfə də “Azərbaycan”, “Türk” ifadəsi işlətmir, lakin o, məhz TÜRKÜN bayrağını uca tutur, ucaldır…

Bu şeir eyni zamanda bədiiliyi, fərqli deyimləri, axıcıllığı ilə də yaddaşlara həkk olunur.

Fikir vermişdim -

Nənəm bayatı hönkürə-hönkürə,

Ac qalan azadlığımıza ağlayanda

Əllərinin titrəməsini də toxuduğu bayraq -

Burnunu külək əsən tərəfə uzadıb

Havanı qoxlayırdı…

 

 

***

…Saqif uşaqlığını qaçqın daxallarında dəfn edib. Onun yaradıcılığında ömrünü başa vurmamış körpəlik, yaşanmamış uşaqlıq geniş yer alıb. Lakin onun bircə bəndinə, bircə misrasına da rast gəlmədim ki, orada onun uşaqlığını, ev-eşiyini əlindən alan, nənəsinin gözünü yaşlı qoyan, atasının sağ əli – traktorunu satmasının əsl səbəbkarı olan müharibənin, düşmən erməninin, zalımın, hökmdarın adını çəksin. O, sadəcə öz çəkdiklərini – dünya Özlərinin çəkdiklərini qələmə alıb:

Burda yağışdan sonra uşaqlar

Evdən məktəbə,

Məktəbdən evə palçıq daşıyar

Üzü qırışmış ayaqqabılarının altında…

 

Saqifin şeirləri bir də ona görə təqdirəlayiqdir ki, o şeirlərdə çeynənmiş, pafoslu, qafiyələr, ümumiləşmiş fikirlər yoxdur. Onun bədii priyomları, sözə yanaşması, fikir tapıntısı çox fərqli və yaddaqalandır, həm də düşündürəndir:

Bu gecə mən də buzam,

Sallanıram yatağımın pəncərəsindən…

 

Tənhalığın tablosunu gördünüzmü? Üşüdən, darıxdıran, qorxudan… və üşüyən, darıxan, qorxan tənhalığın. Və yaxud:

 

Dünya düşür gözümdən,

Boşalan qadın döşləri kimi.

 

İntihar edən insanın – ölümə pənah aparan balanın bədii şəkli nə qədər fərqli çəkilib, diqqət edək:

 

Səhər azanında

Atan səni meyvə kimi dərdi,

Qapınızdakı qocaman armud ağacından.

Üzdü səni intihar budağının kəndir saplağından…

 

Başqa bir fərqli örnəyə baxaq:

 

Divarlarının kağız örtüyü soyulumuş,

Qapısı içəridən kilidlənməyə alışmış otağın

Pəncərəsinin çöl üzündən

Salxım-salxım sallanmış buz kimi

Şəhərin də küçə-küçə gecənin dərinliyindən,

Üzü səhərə sarı sallandığı bir gecə…

 

 

Yaxud:

 

Kişilər çiyinlərindən -

Qadınlar ayaqlarından asılar!

 

…Kişilər qadın bədənində,

Dolaşan əlləriylə

Qadınlar kişi çiyinlərindən

Yellənən ayaqlarıyla əl edərlər dünyaya…

Çubuq böyüyüb heykəl olunca,

Dünyanın ən unudulmuş adamları

Nazilib çubuq oldular…

Və yaxud:

 

…Anam əliynən nənəmin ağzını tutub,

Nəsə deyib kürdcə kövrəldi…

***

…Qabağına bir para çörək də qoydu.

Nənəm bir bayatı dəmlədi…

 

 

Saqifin şeirlərində qəbul etmədiyim məqam (bəzən) onun bağlamaya bükdüyü altyapı fikirlərinə açıqlıq gətirməsidir. Məncə bu altyapıları oxuculara versə, açmasını onlara həvalə etsə daha uğurlu məntiq olardı. Aşağıdakı misralara diqqət edək:

 

Nənəmi yamsılamaq.

Oturanda qucağına tökülən döşləriylə məzələnmək.

Başına dolanmağımızı istəmirdi deyə

Dayanmadan başına dolanmağımız vardı…

 

Buradan sonra özü-öz fikrini açır:

 

Özümüz də bilmədən

Qocalığın başına fırlanırmışıq illər öncə…

 

Burada nənənin başına dolanmağı təkcə qocalığın başına dolanmaq kimi qəbul etmədim mən. Nənə təkcə qocalıq deyil, nənə soydur, nənə ululuqdur, nənə saflıqdır, nənə həyandır, nənə sevgidir, sevincdir, nənə həyatın özüdür. O həyatın ki, günü-gündən bizi tərk edir, uzaqlaşır və biz bu getməyi, uzaqlaşmağı an-an, saat-saat hiss edir, görürük! Elə ona görə də biz təkcə qocalığın yox, əlimizdən uçan o ululuğun, saflığın,  sevginin, sevincin… – həyatın başına dolanırıq!

Saqif şeirlərində əsasən sərbəst halda qanad çalsa da, heca vəznində də uğurlu yazmağı bacarır. Görünür ki, əksər şairlər kimi (ədəbiyyata bələd şairlər kimi) o da şeir qəlibimizə tam bələd olandan sonra yazmağa başlayıb:

Deyirdin boşalan dolar nəhayət,

Bəs niyə sənsizlik hələ dolmayıb?!

Nə gücüm vardısa sevmişəm daha -

Səni unutmağa tabım qalmayıb.

 

 

Yaxud:

Dişinə sıx sözünü,

Ovcuna yığ üzünü,

Yollara tök gözünü,

Gözlə, gəlməyəcəyəm…

 

 

Şairin yaradıcılığına bütövlükdə diqqət edəndə bir istəyə də tez-tez rast gəlirik. O, “gedəcəyəm” deyir:

 

Gedəcəyəm buralardan,

Ax, bu necə xeyir-şərdir?!

Buralar ki, Allahın da

Gözündən düşdüyü yerdi.

 

Onun getmək arzusunu anlasam da, ifadə edə bilmirəm…

 

 

Gözü yolda qalan nənəm,

Yollar bunu bilən deyil.

Min illərdir gəlməyənin,

Bircə günə gələn deyil…

 

IMG-20160607-WA0000Bəlkə o, nənəsinin gözlərinin yol çəkdiyi yollarla getmək istəyir. Min illərdir gəlməyəni nənəsinə gətirmək üşün… nənəsinin gözlərini yoldan yığmaq üçün (burada da nənə obrazına diqqət edin, yuxarıda qeyd etdiyim kimi nənə həyatın özü deməkdir Saqif poeziyasında).

Kitabda Saqif Zeynalın hekayələri də yer alıb. Onun nəsri də həyatidir, obrazlar var, lakin nasir qələmindən çıxmadığı tez nəzərə çarpır. Bunun üçün də Saqifin geniş mütaliəyə ehtiyacı var. Nəsrə tələsmək lazım deyil, zamanında özü gələcək.

Yazımın adını “Kürdülər” qoydum. Bayatıdan boy alan, insan ürəyinin çeşməsi ilə ətə-qana gələn, ruhun, ağrıların, arzuların səsi olan türkülərə bənzətdim Saqifin şeirlərini. Amma bu türkülər… axı türkü deyildi, elə ona görə də bu pıçıltılara “kürdülər” dedim. Saqif ilk kürdülərini nənəsindən eşidib – “kürdcə ağlayan nənəsindən”…

Saqif Zeynal, ədəbiyyata ilk qədəmlərin uğurlu olsun! O gün gəlsin ki, sənin kürdülərini dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hamı oxusun, hamı sevsin.

İradə Aytel

Yazıya 1179 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.