Ədalət Partiyasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə bayram tədbiri keçirilib

27 dekabr tarixində Ədalət Partiyasının qərargahında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni təqvim ili münasibətilə bayram tədbiri təşkil olunub. Tədbirdə partiya rəhbərliyi və üzvləri, ziyalılar, media nümayəndələri və qonaqlar iştirak ediblər.

Partiyanın Gənclər Təşkilatı üzvlərinin aparıcılığı ilə keçirilən bayram tədbiri “Həmrəylik marşı”nın səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirin bədii hissəsi çərçivəsində müğənni Çinarə Məlikzadənin ifasında “Azərbaycan” mahnısı dinlənilib və iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Bayram münasibətilə təbrik nitqi ilə çıxış edən Ədalət Partiyasının sədri Mütəllim Rəhimli ilk olaraq Partiyanın qurucusu, mərhum İlyas İsmayılovun əziz xatirəsini ehtiramla yad edib. O, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün milli-mənəvi dəyərindən, bu əlamətdar günün azərbaycançılıq ideologiyasının möhkəmlənməsində oynadığı mühüm roldan bəhs edib. Partiya sədri xalqımızın birliyinin və həmrəyliyinin daim qorunub saxlanılmasının vacibliyini xüsusi vurğulayıb, tədbir iştirakçılarını qarşıdan gələn Yeni il münasibətilə təbrik edərək çıxış üçün sözü digər iştirakçılara verib.

Tədbirdə Siyasi Şuranın üzvləri Çingiz Abbasov, Elman Bağırov, Eldəniz Xəlilov, partiya üzvləri Esmira Şükürova, Nurəddin Ədiloğlu, eləcə də qonaqlardan professor Rəfail Qəribli, Beynəlxalq Əlillər Cəmiyyətinin sədri Tahir Xudiyev, şair Rəfail Həbiboğlu və başqaları çıxış ediblər. Çıxışlarda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi-siyasi əhəmiyyəti, milli birliyin gücü, müstəqil dövlətçiliyimizin qorunmasında həmrəyliyin rolu xüsusi vurğulanıb.

Tədbirin yaddaqalan məqamlarından biri də partiya üzvü Esmira Şükürovanın müqəddəs Məkkə şəhərindən gətirdiyi Qurani-Kərim nüsxəsini Ədalət Partiyasının sədri Mütəllim Rəhimliyə hədiyyə etməsi olub. Bu mənəvi dəyər daşıyan hədiyyə tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bayram proqramı çərçivəsində iştirakçılar üçün maarifləndirici və əyləncəli sual-cavab təşkil olunub, fəal iştirakçılar mükafatlandırılıb. Eyni zamanda Yeni ilin tarixi, Novruz bayramı ilə əlaqəsi barədə qısa məlumat verilib, tədbir iştirakçılarına xoş arzular çatdırılıb.

Tədbir “Mehriban olaq” mahnısının səsləndirilməsi ilə başa çatıb. Ədalət Partiyasında keçirilən bu bayram tədbiri birlik, həmrəylik, milli-mənəvi dəyərlərə sədaqət və yeni ilə ümid dolu çağırışlarla yadda qalıb.

Yazıya 21 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.