Sahib CAMAL – Bağışlayan ol (şeirlər)

sahib camal

 

Ağlayım, qurtarım ağlamağımı,
Gülməsəm bağışla, bağışlayan ol!
Sən ağla, mən silim göz yaşlarını,
Silməsəm bağışla, bağışlayan ol!

Batsın dənizlərdə bu çayın küyü,
Oxuyum, öyrənim, bilim yer-göyü.
Bilə də bilməz ki, hamı hər şeyi,
Bilməsəm bağışla, bağışlayan ol!

Ortadan qırılıb ürəyim bil ki,
Azca da yarılıb ürəyim bil ki,
Yollarda yorulub ürəyim bil ki,
Gəlməsəm bağışla, bağışlayan ol!

Elə də boylanma çox iki yerə,
Sevgidə yer yoxdur, yox iki yerə,
Məndə də bir sənsən, bax iki yerə,
Bölməsəm bağışla, bağışlayan ol!

Dirimdən aralı sürgün öləcəm,
Ölüb bir canımı, hər gün öləcəm,
Dedimsə, öləcəm, bir gün öləcəm,
Ölməsəm bağışla, bağışlayan ol!

.

 

Toplayıb özünü bu dərd,
Yaxılır bir, qurur iki!
Özünü içdən çölünə,
Çıxılır bir, burur iki!

Köhnəsində, yenisində,
Yox gözüm bir dənəsində.
Ürəyi də sinəsində,
Sıxılır bir, vurur iki!

Ayaq üzür ayaq üstə,
Durur dözür ayaq üstə,
Adam gəzir ayaq üstə,
Yıxılır bir, durur iki!

.

 

Yanımda qalmağa tələsəcəksən,
Mən səni hamıdan çox sevən kimi!
Canımı almağa tələsəcəksən,
Mən səni hamıdan çox sevən kimi!

Yolumdan çəkilə çətin sevənlər,
Olacaq günündə itin sevənlər,
Üstümə gələcək bütün sevənlər,
Mən səni hamıdan çox sevən kimi!

Güzə töküləcək yayın işığı,
Dənizə düşəcək çayın işığı,
Səndən çəkinəcək Ayın işığı,
Mən səni hamıdan çox sevən kim!

Gələndə doğmuşdum, yaxıb gedəcəm,
Bir sənin üzünə baxıb gedəcəm,
Baş alıb dünyadan çıxıb gedəcəm,
Mən səni hamıdan çox sevən kimi!

Torpağa səpilən dənə dən özün,
Yenə duman özün, yenə çən özün,
Durub öləcəksən mənə sən özün,
Mən səni hamıdan çox sevən kimi!

.

Gözləmə ağlamağımı,
Nə də gülməyimi gözlə!
Getməyimə getdim səndən,
İndi gəlməyimi gözlə!

Torpağın çaldı iyimi,
Buludun aldı göyümü!
Özümü öyrənməyimi,
Səni bilməyimi gözlə!

Yerindən göyə durmadın,
Durmadın, niyə durmadın?
Dirimə yiyə durmadın,
Gözlə, ölməyimi gözlə!

.

Gündüzlər əl çəkmir, yaxamı yeyir,
Yeyilib qurtarıb daha yaxam yox!
Gecələr gözümdən yuxumu yeyir,
Elə yatmağa da daha yuxum yox!

Mənə yetik dərddən nə bölsünlər ki,
Getsinlər, üstümə nə gəlsinlər ki!
Məni bilməyənlər nə bilsinlər ki,
Özüm özümdən də daha çoxam, çox!

İçim də özüməm, özüməm çölüm,
Öldürə bilməz ki, məni hər ölüm!
Sürüşüb alnımdan düşəndə əlim,
Bil ki mən ölmüşəm, daha yoxam, yox!

.

Ölür yeməyən də, ölür yeyən də,
Ölür içməyən də, içən də ölür!
Hər şeyini yanlış seçir, ölmür ki,
Bir dostunu yanlış seçəndə ölür!

Susur, dil-dodağın ötmək istəmir,
Yenə də son olmaq, bitmək istəmir,
Yorulur, ayağın getmək istəmir,
Yolun da, izin də, küçən də ölür!

İçəndə andını yalandan içmə,
Köç gəl yaxınıma, uzağa köçmə,
Ya sözünü demə, dedinsə keçmə,
Adam öz sözündən keçəndə ölür!

.

 

Görən, Tanrının da ürəyi varmı?
Sinəmdən tel verdim, Tanrı utandı!
Bir qaya dibindən öz bitirdiyi,
Dərdim də gül verdim, Tanrı utandı!

Ağzında öz sözü, öz də diliydi,
Yarı görünmürdü, yarı dəliydi.
Onda Tanrı, məndə adam əliydi,
Tanrıya əl verdim, Tanrı utandı!

Ölüsüyəm çölün, bir də bir için,
Gəlin çölə, içə siz məndən keçin.
Bir kəlmə mənimlə danışmaq üçün,
Ağzımdan dil verdim, Tanrı utandı!

.

 

Ömründə mən onu ac saxlamaram,
Olar da, dərddən tox dəli olaram!
Dəlilikdən dönüb dəlisizliyi,
Gözümə gəl az sox, dəli olaram!

Kimə nə, hardayam, hara gedirəm,
Ağ gəldiyim yerdən qara gedirəm,
İçki içmək üçün bara gedirəm,
İçməsəm, sərxoş yox, dəli olaram!

Başını dik tutan oğul da qalmaz,
Artıq danışmağa nağıl da qalmaz,
Başda azca olsun, ağıl da qalmaz,
Bəlkə, hər şeydən çox dəli olaram!

.

Üzünə gəlməsə, səni sevənlər,
Sağında, solunda ölüb qalacaq!
Öləcək üzüyün barmağındaca,
Qolbağın qolunda ölüb qalacaq!

Görüb açacaqsan sənın özün də,
Açacaq nə desən çiçək üzündə.
Nərgizin çölündə, lalən düzündə,
Bənövşən kolunda ölüb qalacaq!

Sevgim ağlamasa, sevgim gülməsə,
Hər gün sizə gedib, sizdən gəlməsə.
Ürəyim dərdindən ölə bilməsə,
Ayağım yolunda ölüb qalacaq!

.

Ay qız, tutub həsrəti,
Dağlamağın vaxtıdır!
Belinə qırmızı lent,
Bağlamağın vaxtıdır!

Aşsan, dağ-dağ aşmağın,
Qoşsan, qoşma qoşmağın.
Bu yaz günü coşmağın,
Çağlamağın vaxtıdır!

Gedib-gəlməyin deyil,
Dərddən ölməyin deyil,
İndi gülməyin deyil,
Ağlamağın vaxtıdır?

.

Çayıma axmasa, bulağımdan su,
Qupquru quruyar gölüm yazıqdır!
Otuna qurd düşər, qoyun otlamaz,
Eldən uzaqlaşar, çölüm yazıqdır!

Dərdim tez qocalar, qırışar üzü,
Görməz on addımdan uzağı gözü.
Yazıq günə qalar ölümün özü,
Dərdə toxunmasın ölüm yazıqdır!

Yığan-yığışdıran, nə tökən bilər,
Onu ürəyinə düz əkən bilər,
Dərdin də dərdini dərd çəkən bilər,
Qoy dərdin dərdini bölüm yazıqdır!

.

Kimə verim, kimdən alım,
Salam bu çölün düzündə!
Birinci yol da deyil ha,
Qalam bu çölün düzündə!

Çeyim-çeyim çeynəyərsən,
Göyüm-göyüm göynəyərsən.
Deyən də yox, neynəyirsən,
Balam, bu çölün düzündə!

Bir ayağa bir təpiyəm,
İki ələ bir çəpiyəm.
Olsa-olsa bir təpəyəm,
Yalam bu çölün düzündə!

Ağlaya pis, gülə yaxşı,
Hər vaxt düşmür ələ yaxşı,
Dəyməmişəm hələ yaxşı,
Kalam, bu çölün düzündə!

Barmaqüstü əl qadanı,
Dəlim-dəlim dəl qadanı,
İstəyərəm, gəl qadanı,
Alam bu çölün düzündə!

.

Güldüm bura qədər, güldüyüm bəsdi,
Sən da bundan belə gülüb eləmə!
Mən sənin dərdindən öldüyüm bəsdi,
Sən mənim dərdimdən ölüb eləmə!

Nə oldu bilmədim mən birdən-birə,
Axıtdım dərdimi tutmadı dərə.
Çıxıb get, biryolluq getdiyin yerə,
Gəlmə, mənə sarı gəlib eləmə!

Bircə qalxım, bircə enim deyilsən,
Nə çiçəyim, dağda çənim deyilsən,
Dünən mənim, indi mənim deyilsən,
Ürəyimi iki bölüb eləmə!

.

Tanrı ki o göyün o üzündədir,
Dinə sarı olsun o göyün üzü!
Gecədən batsın da, səhərdən çıxsın,
Günə sarı olsun o göyün üzü!

Keçib elə-belə gendən dönməsin,
Düşsün üstümüzə gündən dönməsin,
Haraya getsəm də, məndən dönməsin,
Mənə sarı olsun o göyün üzü!

Baxıb-baxıb doysun səssizliyinə,
İşığını soysun səssizliyinə,
Biryolluq son qoysun səssizliyinə,
Ünə sarı olsun o göyün üzü!

.

Mənə şirin gəlir özümlə yatmaq,
Mən elə özümlə qalıb yatıram!
O qadın bilirmi, onu hər gecə,
Sinəmin içinə salıb yatıram!

Yeri gələn yerdə sevincindən keç,
Sevinci saxla da, dərdi özün seç.
Birini seçmirəm, seçmərəm də heç,
Nə var qadasını alıb yatıram!

O göyün buludu, həm yağışı az,
Susuz saxlayacaq hər çıçəyi yaz.
Tapmıram çalmağa bundan yaxşı saz,
Könlümün sazını çalıb yatıram!

.

Gəlib düşüb ürəyimə,
Gözəlim, göyçəyim açıb!
Bağlar özünü öyməsin,
Mənim də çiçəyim açıb!

Dərdini alanda dolub,
Yolunda olanda olub.
Solanim yalandan solub,
Doğrudan gerçəyim açıb!

Güllərin gözəl, göyçəyi,
Bir telindir hər ləçəyi.
Al, qoxula bu çiçəyi,
Bu gecə ürəyim açıb!

.

Göylərin işığı çoxdan çox olar,
Gecələr gözlərim ulduzla olsa!
Başına dönərəm onda mən onun,
Ürəyim həmişə o qızla olsa!

Qayıdıb geriyə uşaqlaşaram,
Üzüm-gözüm gülər işıqlaşaram.
Aşıq olmasam da, aşıqlaşaram,
Oturub-durmağım bu sazla olsa!

Görsə də, gözlərim yüz sarılığı,
Görməsin heç bir an üz sarılığı.
Tutmaz çiçəyimi güz sarılığı,
Açan gül-çiçəyim bir yazla olsa!

 

Yazıya 1881 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.