Saday Şəkərli – Yaralı Vətəndi sinəm… (yeni şeirlər)

sadaySükut gizlər qoynunda gah,
gah da qəhətə çıxıram,
göyləri qaldırın bir az,
durub həyətə çıxıram.

Hardanıydı bu boy məndə,
söz böyütdü sətir-sətir,
ayaqlarımın altında,
bir qılıncdı, bir də kətil.

Boyum kefdən uzanmadı,
mən ağac, dərdlərim sudur,
yazı yerləşmir alnıma,
gözlərim dərd quyusudur.

Balaca, bap-balacadı,
gördüm dağlarım, diklərim,
daha məni tapa bilməz,
yerdə qoyub getdiklərim.

Dardı yollar ayağıma,
keçdim xəyal çapığından,
dənizlər aşığımnandı,
göydələnlər topuğumdan.

Canımdan tüstülər kimi,
dərdimin buxarı, çıxır
bircə baş artığam, kəsin,
buluddan yuxarı çıxır.

Boynumda ip göyqurşağı,
perikən quşlar gülüşüm,
ya dartıb salın aşağı,
ya kətili çəkin, düşüm.

 

***

 

Gəldi düşmən beçələri,
tutub qannamadın, xoruz,
fərələri, toyuqları,
döyüb dannamadın, xoruz.

Sən tülkü, xəlvət dərələr,
gözləmə pay göndərələr,
gözəl-göyçəkdi fərələr,
keçib yannamadın, xoruz.

Aləmlərə nur saçıldı,
hamı ölümdən qaçırdı,
gün doğdu, səhər açıldı,
niyə bannamadın, xoruz?

 

***

 

Bu kimin yaylığıdı,
kimin yaylığıdı, qız?
Üzür suların üzündə,
kəpənək şəkilləri,
göyərçin şəkilləri üstündə…
Biri intihar qoyub adını,
biri boğulub deyir,
hər kəsin öz fərziyyəsi,
qışqırıb hayqırıram,
eheyy, kimsən, hardasan,
ay yaylığın yiyəsi.
Ağ ləpələr oynaşır,
yaylığın gülləriylə,
uçur, uçur sevincək,
qanadları islanmış kəpənəklər,
qalxır, qalxır havaya,
yuxusuz göyərçinlər,
bircə səndən xəbər yox,
həyatınmı ağrıyır,
qolundamı təpər yox?
Sən bərk yapış quşlardan,
çıx dartına-dartına,
mən suya baş vurmalı,
və bir gün girməliydim,
bu yaylığın altına…

 

***

 

baxmaq,
gözlərini zilləyib baxmaq,
yollar burdan görünmür,
görünən bağlı qapıdı,
dəhlizdən gələn səs
nəzarətçilərin tap-tapıdı,
əllərində zingildəyən açarı,
o vaxt içəridən baxırdım çölə,
indi çöldən içəri,
indilərdə əl çəkə bilmirəm
bu vərdişimdən,
ürək səksəkədə,
yer yarıla, girəsən,
gözlərim qapıda, ayaq səsləri,
gələn kimdi, görəsən?

 

***

 

Havasız töyşüyən balıqlar kimi,
acından vurulur qurda adamlar,
yağır bəxtimizə yağış, qar kimi,
balaca adamlar, xırda adamlar.

Batdımı barmağı bala sandığım,
günəş dövrəsində halə sandığım,
yox, adam olmadı qala sandığım,
qalaça adamlar, xırda adamlar.

Mən neçə laydayam, sən neçə qatda,
çatla ürəyimtək, durmadan çatda,
böyük əməllərin ayağı altda,
qalacaq adamlar, xırda adamlar.

Əzrayıl gəlmədi zülümdən qabaq,
bu göz bir dəryaydı gölümdən qabaq,
başımın üstünü ölümdən qabaq,
alacaq adamlar, xırda adamlar.

Mən kürəm, sən məni kürləşdirmədin,
Arazla sən məni birləşdirmədin,
sən məni bir nota yerləşdirmədin,
qoy mahnı oxusun xorda adamlar.

Gələr bir məktub da dəlindən bir gün,
sevənlər ah çəkər dərindən bir gün,
eh, məni küz kimi əlindən bir gün,
salacaq adamlar, xırda adamlar.

 

***

 

Əllərimi unutmuşdum,
qurumuşdu yarpaq-yarpaq,
ağrıya bax, zillətə bax,
ovulurdu ovuclarda xəzəl kimi,
sənin kimi gözəl öpən olmamışdı bu əlləri,
əllərim ağ yaylığın,
sən gəldin külək kimi, hava kimi, su kimi,
nəfəs aldı, cana gəldi əllərim,
gözlər bilər dadını həsrətin, ayrılığın,
bir də, bir də,
öpüb, gözlərindəki qəmə,
duru göz yaşına batırma əllərimi,
qar yağanda quşbaşı heç belə olmamışdı,
heç belə olmamışdı,
yağışlar ovcumu quşlar kimi
dimdikləyib döyəndə,
get, gözəlim, uzaqlardan gələrsən,
gələrsən əllərim tumurcuqlayıb,
göz vurub, gül açıb, çiçəkləyəndə…

 

***

 

Öldü bu şairlər, sürüynən öldü,
qar yağdı, canına keçdi soyuqlar,
təzə göz, təptəzə dəriynən öldü,
uzunmu yaşadı ayıq-sayıqlar?

Yazmadı düzü düz, əlləri əsdi,
dumanlı başına qaranlıq çökür,
susdum, bu şairlər kəndiri kəsdi,
hələ ayaq altdan kətil də çəkir.

Gördüm, əzablara yoxmuş dözümü,
əyiləndə öldü, susanda öldü,
qələmlər götürüb alın yazımı,
kobud əllər ilən pozanda öldü.

Nərətək gizlənib qafiyəsində,
qorxub da kənara bəlkə çəkilək,
şair var boz qurdun qiyafəsində,
şair var hər ayaq girən çəkələk.

Haqq nədir, qələmlə göstərsə şair,
bir ac da tapılmaz şəhərdə, kənddə,
şair ölümünü istərsə şair,
düşmənlər at çapar o məmləkətdə.

Qorxudan damcılar alnının təri,
titrəyən ətdimi iylənmiş bədən,
meydanda tək qalıb söz cəngavəri,
öldü şair dostlar güllələnmədən…

 

***

 

Ürəyi cəlladdı, əlləri qatil,
baxırsan gözləri safdır, durudur,
eyləməz bircə yol namazı batil,
günləri ip üstən asıb qurudur.

Söz, düz basdırılmış dirəkdi burda,
haqq ilən bəzənmiş igidlər taxtı,
dərdi başaçıqdı yağışda, qarda,
iməklər körpədi məhkumun vaxtı.

Qızarıb hər dəfə meşin sifətlər,
alıb nəmərini xan sarayından,
itlərə atıldı sümüksüz ətlər,
bizlərə çatmadı itin payından.

Baxışlar qəzəbli, gözlər soyuqdur,
başımız üstündə iblislər gəzir,
elə bil, ayrı bir düşməni yoxdur,
qanımız içməyə necə müntəzir!

Sevgi bir qılıncdır, məhəbbət bir ox,
kürədən çıxmağa kimin həddi var,
bizim aramızda düşmənçilik yox,
ancaq aralıqda Çin sərhəddi var…

 

***

 

Əziz Behruz Bayramova

Hardan düşdün yadıma, de,
yaman halımda Kəlbəcər,
yanır sağımda Kəlbəcər,
donur solumda Kəlbəcər.

Əyildi gün, günəş batdı,
qalıb işləyən saatdı,
belə gördüm dağlar atdı,
atın yalında Kəlbəcər.

Həsrət qaraldıb gözümü,
qaşımda şəbnəm düzümü,
izn ver, tapım özümü,
ay camalında Kəlbəcər.

Gözəl bəy, gözəlçə gəlin,
səcdəsində pir gözəlin,
öydüm səni bir gözəlin,
qara xalında, Kəlbəcər.

Xırmandı, ya dəndi sinəm,
yaralı vətəndi sinəm,
dağdı, sümükdəndi sinəm,
dağın dalında Kəlbəcər.

 

***

-Çoban, evimi görmədin?
-Gördüm, şair! Sənin evin burdan keçdi,
mən bilmədim hara getdi,
mən bilmədim hara köçdü,
nəvələrin ağlayırdı, sızlayırdı, mələşirdi,
nənələri od üstündə yernən, göynən əlləşirdi,
ölkəni tərk elədilər, özüm gördüm,
mən öldüm ey, mən utandım, yerə girdim,
üzümüzə baxa-baxa çırpdılar qapımızı,
körpə qızlar boyumuzu yerə soxdu həpimizin,
ölmüşmüydünmü, şair, batmışmıydınmı, şair,
yuxuları uzun olur oğuz ərənlərinin,
içib qırmızı şərabdan, yatmışmıydınmı, şair?
-Dilin qurusun, çoban!
-Qarğış eləmə, şair!
Tək canımla bir qoşuna qarşı durdum,
dedim qoy qismət olmasın,
yağılara sənin yurdun,
qoyarmıydım kimsə girsin bostanına,
haray saldım quş ürəkli dostlarına,
bu şairlər nədən belə qorxaq olur, bilməzmiydin,
yadlar gəlib, şair sənə arxa olur, bilməzmiydin,
çomağımı fırlamışam, yox olublar,
ildırımtək gurlamışam, yox olublar.
-Çoban, onlar kimiydilər, o gələnlər?
-Bir dəstəydi, bir ilxıydı,
yalan olar yanlarında uca-uca göydələnlər.
-O düşmənlər erməniymi, gavurmuydu,
bizi doğma elimizdən, yurdumuzdan qovurmuydu?
-Eh, ay şair, gavur hara, Bakı hara,
görüm, görüm lənət olsun
sapı bizdən baltalara!
Biri polis, biri hakim, biri darğa,
biri də ki, hər tərəfi seyr eləyən ala qarğa.
-Bizimkilər?
-Onlar bizim ola bilməz, bizim deyil.
-Çoban bunu düzmü deyir?
-Bəli, şair! Düz söylədim, düz danışdım,
dost evini qorumağa tabım, gücüm qalmamışdı.
-Dostuma bax, ölmüşmüyəm,
yel atımla elə-belə gəlmişmiyəm,
öz evimi, öz yurdumu özüm xilas edim gərək,
üstümə qoy qoşun gəlsin,
igiddirsə, gəlsin tək-tək,
bu döyüşdə at belində qələm çalım, qıl tamaşa,
-Haşa, şair, yaman gözdən, yaman baxışlardan haşa!
Mənə də bir qələm ver ki, mən də çalım.
-Yox, geri dur, tanrım izn verərmi ki, mən alçalım!
Mən bir ölüm yatağından durub gəldim,
qollarımın zəncirini qırıb gəldim,
sən qalx Yasamal dağına,
tonqal qala, gurhagurla ocaq yansın,
bu evləri viran qalmış xalq oyansın, el oyansın!
-Şair, keç günahımdan, qorxudan əlim əsir,
-Əlin qurusun, çoban!
-Şair, qarğış eləmə, dişim dilimi kəsir.
-Dişin tökülsün, çoban, dilin qurusun, çoban!

 

***

 

Dəmadəm bəllidir tez qudurduğun,
payız yarpağıtək əsirsən, nədən,
oturub üstündə xəyal qurduğun,
qoca budaqları kəsirsən, nədən?

İndi qaranlıqdı işıqlı yurdum,
heç enə bilməzsən dibimə, oğul,
mən sənin başına ağıl qoyurdum,
sən nəşə qoyursan cibimə, oğul.

Surətim necə var nəqş eləmişdim,
mən özüm böyütdüm bu göz dağımı,
mən sənə azadlıq bəxş eləmişdim,
sən aldın əlimdən azadlığımı.

Gözlərin qamaşır, əllərin soyuq,
ürəklər budayıb, gen dallamışdın,
boynuna dolanan bu qolları yox,
sən öz günahını qandallamışdın.

Sən buyruq qulusan, əmrin dustağı,
hər axşam haqq verir, hesab verirsən,
mən sənə yol verdim, gözümün yağı,
sən mənə dərd verir, əzab verirsən.

Qorxudan titrəyir quş qanadları,
kəmərin altından silah görünür,
kəsmə oturduğun budağı barı,
ordan hara baxsan allah görünür.

 

***

 

Qoca, mən yol adamıyam,
uzaqlardan, uzaqlardan gəlirəm,
buludlardan doğulmuşum,
yağışlardan, sazaqlardan gəlirəm.

Qoy atsınlar daş atanlar,
daşdan qorxmaz daş adamlar,
tunc dövründən, daş dövründən xəbərim var,
mənim canım qaya kimi ötkəmlidi,
yeriməyə, yürüməyə təpərim var.

Qoca, mən yol adamıyam,
qoy hürsün, hürsün itlərin,
mən Teymuru görüb gəldim,
surəti gözümdə qocalıb Hitlerin,
bir yatağa sığışan bu heyvərələr,
sonuna çıxmadımı
arzusu gözündə qarıyan
miyon-milyon igidlərin?

Gördüm, gördüm, kələkləri,
necə kəsib doğradılar Babəkləri,
Nəsiminin mən soyulmuş dərisiyəm,
indilərdə ölüsü yox, dirisiyəm.
Xaqanidən gəlirəm mən,
Cavid də, Müşfiq də çəkildi dara,
kimlər yoxdu burda, kimlər,
məhbəs – böyük karvansara…

Burda dua eyləyənin, orda namaz qılanın,
hardan keçdim leş leş üstə qalanıb,
daş daş üstə qoyulmalı,
baş baş üstə qoyulub,
divarlara hörülüb diri-diri ərənlər,
daşlara çevrilib çoxdan, torpaqlara qarışıb,
adamlar öldürüb mükafatlar alanlar,
qatil olub igidlik göstərənlər.

İndi də yağışlar yağanda,
divarlara,
nə göy şəkli, nə dəniz,
rəngli mənzərələr çəkir körpələrimiz!

Qoca, mən yol adamıyam,
keç yolumdan,
atın yorğun, itin zəvzək, özün kar,
atın çapmaz, itin hürməz, köçün çatmaz,
mən dərvişəm, əbədiyyət yolçusuyam,
sənin mənə gücün çatmaz,
mənim gözləyənim var!

 

***

 

 

 

Yazıya 891 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.