Faiq Balabəyli – Şəklini paylaşma

22135464_1238063619633364_5277622417509774505_oİçimdə ağrıları cücərdəcəm 
 
Hər şey belə qalacaq,
ümid sona qalmayacaq
lap əvvəldən öləcək.
Kim deyir ki
gələcək
xoş bir niyyətlə
ömrümüzə gələcək?
.
Solacaq yarpaqlar,
doğulduqları budaqdan
ölümə tullanacaqlar.
Yüksəklikdən beləcə
gələcəyə yollanacaqlar…
.
İçimdə ağrıları cücərdəcəm,
dalayacaq yalın sevinclərimi -
yaz ağzı cücərən qanqal kimi…
Ovuc-ovuc sevincimi
kürətək qızaran ürəyimdə
qalayacam
tonqal kimi…
.
Hər şey belə qalacaq…
Hər şey belə olacaq…
Alnımıza yazılan
Olmayanların hamısı
Zaman-zaman olacaq…
.
Sənə bir söz deyim…
Sənə bir söz deyim,
amma bu sözümü qərib eləmə.
Xəlvəti baxışla üz ürəyimi,
amma ki, dərib eləmə.
.
Şəklini paylaşma,
şəklimə baxma,
üzünü-gözünü gizləmə məndən..
Sənə qəlbimi aça bilərəm,
amma sevgi filan gözləmə məndən.
.
Nə desən dərd edib çəkərəm elə,
amma şirin-şirin nağıl danışma.
Həkimlər söyləyib, şəkərəm elə…
Dilinin altında noğul danışma…
.
Ağlına nə gəldi? 
.
Ağrındın belə
dodağın bu qədər büzülməzdi heç?
Deyəsən saçından asılıb qalıb
ürəyim, yoxsa ki, üzülməzdi heç…
.
Yaxşı, yaxın otur, üşütmə məni,
görmürsən hissləri yalın gəlmişəm?
Dərdi yorğan kimi çəkib üstümə,
kədərdən üst-başı qalın gəlmişəm.
.
Yaxşı, otur burda,
elə otur ki,
səni görər-görməz düz çıxım gedim.
O qədər tabladım, tab gətirmədim,
indi də sən bir az döz, çıxım gedim…
.
Arada 
.
Arada kəndimizin
üstündən uçan buluda
oturmaq istəyirəm,
İstəyirəm
ayaqlarımı sallayam aşağı
və yelləyəm,
Gözlərim kəndimizin
tozlu yollarında doğmalarımı gəzə…
.
Arada könlümdən ağrı dolu ayrılıqları
yenidən yaşamaq keçir,
Baxmaq istəyirəm
itirdiklərimin əzabına necə dözməyimə,
ürəyi qubarlı,
dodağı papiroslu,
üzü tüklü gəzməyimə,
Baxım görüm
necə görünürəm?
.
 
Arada sevincli anlarımı sapanda qoyub
atmaq istəyirəm kəndimizə tərəf ,
istəyirəm anamın nəvələri –
qardaşlarımın, bacımın balaları
atdığım bir sapand sevincin
havasına qol qaldırsınlar…
.
Arada istəyirəm
“Ayrılığın nədən baş verdiyini,
necə yaşandığını
heç bildinmi, mənim balam”,
deyənim olsun.
.
İstəyirəm ki,
kəndimizin üstü ilə
uçan buludun üzərinə oturum,
ayaqlarım təndirdəymiş kimi qızınım.
Sonra da
xırtdanaq kimi qopam təndirin divarından,
yağış damlası kimi
çırpam özümü
ayrılıqların baş verdiyi kənd yollarına.
artkaspi.az

Yazıya 753 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.