Bəxtiyar Hidayət – VİP MOLLA (hekayə)

 proffffilll Özünü yenilikçi  kimi göstərən gənc şair Fikrət N Əzmkar (N Əzmkar oxunmalı) yaşadığı kənddə bir xeyli yeniliyə imza atmışdı.  Məsələn: ilk dəfə məhz o idi ağzını aya tərəf tutub canavar kimi ulayan- auuuuu, auuuu. Doğrudur, bu zaman əli ilə də boz qurd işarəsi tutardı, amma bu işarə bu kənddə ilk deyildi. Bunun ilki Məhər Türkocağa aid idi.  Qonu- qonşu çox narahat olmuşdu.  Qonşuda bir uşaq cəng olmuşdu ki, bunun da sədası gedib Arxangelskə çıxmışdı. Arxangelskdə yaşayan Vicay əmi skaypda məsələni eşidəndə “tffu, kökün, nəsilin adını batırdı batmış” dedi.

Yaxud da kənddə ilk dəfə şortiklə ora- bura o  şütümüşdü. Və bu da heyvərə bir skandal yaratmışdı ki, bunun da sədası gedib dünyanın o başına- Arxangelskə çatmışdı. Və yenə də Vicay əmi skaypda “tfuu “ eləmişdi.

Və yaxud da Fikrətin bir şeiri keçmişdi dədəsinin əlinə ki, o şeirdə də masturbasiyadan bəhs edilirdi. Qonu- qonşudan bir zülümlə masturbasiyanın nə demək olduğunu öyrənən dədəsi xəbəri çatdırmışdı Arxangelskə, Vicay  əmi manitoru odlu tüpürcək atəşinə tutaraq kəndə gələndə bu nəslin, kökün adını batıran qardaşoğlunun aşının suyunu verəcəyinə söz vermişdi:

-Əəə,  gəl Rusiyaya, səni bu azardan qurtaraq, gözünün qurdunu öldür. Gözünün qurdunu öldürməyən nə bilər boz qurd nədir?

Amma buna baxmayaraq Fikrət N Əzmkar deyirdi kənddə mənim yaxşı hörmətim var. Quqlda bizim kəndin adını yazanda ən çox mənim yazılarım gəlir, mənim şəkillərim gəlir.

Onun bu sözünü qarşı dədəsi yaxşı bir söz demişdi- yazıq bu kəndin gününə, əvvəl Dəli Zamana görə tanınırdı, indi də Enəzimkar Fikrətə görə.

  Vicay əminin kəndə gəlməsi  nəsə yaman uzandı. Buna qədər ölkədə və dünyada bir xeyli hadisələr oldu. Demək olar hər gün qardaşı ilə Skaypda danışan Vicay  bu hadisələrin hamısına öz münasibətini bildirirdi. Qardaşı da getdikcə ona savadlı adam kimi baxmağa başlamışdı. Ölkədə eşşək feması açılanda Vicay belə münasibət bildirdi:

-          Ayə,Sovetin  o boyda mal fermasını, qoyun fermasını dağıdanda bə bilmirdinizmi axırda eşşək fermasının ümidinə qalacaqsınız?

Türkiyədə Səudiyyəli jurnalist cəlladlar tərəfindən doğrananda:

-          Əvvəla qardaş, o Səudiyyənin xəbər agentliyi SPA-dır. Bə onlardan eşşəklikdən, spalıqdan özgə nə gözləyirsən? Ikinci də orda, o müqəddəs məkanda hələ də cəllad ştatları var. Dost ları da Birləşmiş Ştatlar. Cəllad ştatlı dövlətnən Birləşmiş Ştatların demokratiya əsəri budur, qardaş.

Səudiyyə dedim, Səudiyyə düşdü yadıma. Bir dəfə də xəbər çıxdı ki, Səudiyyəli qardaşlarımız bizim qaçqınlara 37 min kq qoyun əti göndərib. Bu ətdən Şair Bəxtiyar deyilənə də çatıbmış. O da müqəddəs məkandan gələn ətlə araq içib Fikrəti də qonaq etmişdi. Və demişdi də sən öl bu ət Kürdəmirin Bığ restoranında verilən lüləkəbabın tamını verir.

Əlbəttə həmin axşam Fikrətin atası bu barədə qardaşına məlumat verdi. Onda Vicay əmi belə açıqlama verdi:

-          Səudiyyəyə 3 min adamımız gedib hərəsi 10- 12 kq ağırlığında bir toğlu  kəsirsə təxminən həmin 37 min kilo alınır. Öz ətimizi ordan göndəriblər özümüzə. Bu hacılar elə o qoyuinları burda kəsib paylaya bilmirlərmi? Yəqin burda qiblənin səmtini tuta bilmirlər. Ona görə qoyunu orda kəsirlər. Yoxsa  apar ərəbin səhrasına kəs qoyunu ordan bura ət gəlsin.
Elə bizim Fikrətin müxalifətinin qrantı da belədi. Sizin hökumət Avropalılara rüşvət verir. Onlar da ordan o rüşvətin bir azını müxalifətə göndərir. Olmazmı elə burda özləri razılaşsın? Yoxsa pul Avropada halallıq alıb qayıdır müxalifətə?

Bir dəfə də belə demişdi Vicay əmi:

-Qardaş, xəbər aldım ki sizdə tappatap pambıqçılar zəhərlənir. O anarxiya vaxtı(hərəkat dövrünü deyirdi) deyirdilər pambıq müstəmləkə bitkisidi. Heç rusun vaxtında pambıqdan zəhərlənən olmamışdı. Pambıq indi müstəmləkə bitkisidi- sadə camaat da heyvan yerinə qoyulmuş qullar. Toy- filan olmasa gələn deyiləm oralara.

Bir dəfə də ölkənin 6-7 bərkgedən dindarı birləşib bir “Allah yolundan dönmüşün” “cinini çıxardarkən” kiçik bir xəta etmişdilər- adam ölmüşdü. Bax onda Vicay əmi belə münasibət bildirmişdi:

-Ayə, urus bizdən Kərim Kərimov çıxardırdı, Azad Mirzəcanzadə çıxardırdı, Fərman Salmanov çıxardırdı- biz də bizdən Cin Cinov, Şeytan Şeytanov, İfritə İfritəyeva çıxardırıq. Gərək dinin dərininə getməyəsən, üzdən Allahı tanıdın bəsdi. Dinə dərindən inandın, cinə də inanmalısan- yoxsa mümkün deyil. Amma bir zad var. Mən bir az Quran oxumuşam. Elə bilirlər cin surəsi başdan- ayağa cindən danışır. Ona qalsa Bəqara surəsi başdan ayağa inəkdən danışmalıdı, nəhl surəsi arıçılıqdan, fil surəsi fillərin həyatından.
Bu isə belə deyil və cincıxardanlar yenə də elə bilirlər cin surəsi cinçıxarma üçündü.
Ona qalsa inək surəsi də qoruqdan inək çıxarmaq üçün oxunar, nə bilim orda inəklərin sünii mayalanmasından bəhs edilər, dana bordamaqdan danışılar. Nəhl surəsi arı dərmanlamaq üçün, fil surəsi də fili sirkdə dombalaq aşdırmaq üçün oxunar.

 Bir dəfə də jurnalistlərə pulsuz ev paylananda demişdi:

-Ayə, sizdə inkişaf lap partladır haa… burda pulsuz heç nə yoxdu, yalnız qandon pulsuzdu, şalavalara paylayırlar. Amma sizdə pulsuz ev dəvar.

Vicay əmi bir dəfə də Fikrətlə hömsöhbət olmuşdu. Onda da axırda az qala söyüşəcəkdilər- Fikrət onu imperiya nökəri olmaqda qınamışdı, o da Fikrətə burda ağa kimi yaşadığını demişdi.

Fikrət də bu gün –sabah Rusiyanın dağılacağını, “uje vot- vot”da olduğunu bildirmişdi. Onda Vicay əmi tarixə dayanıb bir söz demişdi və Fikrət də daha ona savadlı adam kimi baxmağa başlamışdı:

-Ayə, rusun bir tərəfi vikinqlərdən dönüb, bir tərəfi də monqol- tatarlardan. Bunlar müharibə xalqıdı, arağını ver, peryod. Ağlın başqa xalqlara getməsin, bunlar dağılan deyillər. Biz o sarıqulaq rusun vaxtında belə deyildik. “Diki divizya” yaradırdıq, “416-cı Taqanroq diviziyası” çıxırdı bizdən, Simforopol diviziyası çıxırdı bizdən- indi də trollar diviziyası çıxır. Təki siz orda nökər olmayın, trol olmayın, mən burda ağa kefində yaşayıram.

 Fikrət də- vaxt gələr mühacirətə gedərəm, Britaniyada ağa olaram- demişdi ki, cavab qafiyə ilə gəldi:

-Burda sevgilimin biri Nadya, biri Tanya

Alə, kakoy Avropa, kakoy Britanya?

Fikrət şok, Fikrət iptal.

Amma bu qafiyənin sayəsində şairliyinin hardan gəldiyini öyrənmiş oldu.

-          _ -

 

Indi qapıda toy yaxınlaşırdı. Yenə də bir ilk- bu dəfə dəvətnamə davası. Fikrətin atası hər şeyi dəqiq ölçüb biçmək istəyirdi:

-          A bala, indi hər kimsən, nəçisən de görək sənin nə qədər qonağın olacaq?  O səy- süy, saqqallı, şortikli  dostunun neçəsini yığacaqsan toyxanaya. Biz də danamızın çəkisini bilək, çörəyimizin sayını bilək. Arağımızı ölçüb- biçək.

-          O nə deməkdi? Əti bol eləyərik, arağı birdinli. Kişinin adını çörək çıxardar.

-          Yox ee, deyirəm yayın günüdü, birdən ətin bişmişi artıq qalar.

-          Qalsın dəə. Şair Bəxtiyarın itlərinə verəcəm onsuz da sür- sümüy, atxod- madxodu.

-          Şair Bəxtiyar səni o boyda Baratəddin müəllimdən uzaqlaşdırdı, indi sən də bir adam olmuşdun. Televizorda göstərərdilər səni də- baxıb ömrümü uzadardım. Apardı caladı “qurd ulavuş, səsi bayquş”lara. Onun özünün yox, itinindəmi azarını mən çəkməliyəm? El basa -basa gəlib burdan itinə yeməkmi aparacaq? Bu kənddə bir it yoxdumu? Sümüyümüz niyə qıraq itlərə qismət olmalıdı?

-          Əsl savab belə şeylərdi. Heyvanları sevmək lazımdı.

-          Əə, səy- səy danışma. Sizin aləmdə sevişmək deyəndə o məsələ başa düşülür. Nə qədər olmasa dəqiqləşdirmək lazımdı, bala. Adətimiz belədi.

-          Ax mentalitet, axx bizi bu günə qoyan adət, ənənə.

-          Mentalitet nədə a bala, elədəmi dostun var? Sənin dostlarının onsuz da intiresni adları olur. O gün nəydi biri gəlmişdi- Bəbirbəylinski.

-          Noolub ki ona?

-          Onun da sənin də canına azar olub? Avaranın biri avara gəlib mənnən məzələnir.  Mən o boyda xərc qoyub naves düzəltdirmişəm, bu da deyir palma hara, pələng hara? Palma hara, pələng hara? Nə bilim, palma Ərəbistanda olur, pələng Hindistanda. Harda görünüb palma kölgəsində pələng istirahət eləsin. Adama deyərlər elin işinə niyə qarışırsan? Hamı belə edir, mən də belə edirəm.

-          Düz deyir dəə, məni də biabır elədin navesin çatağına o nədi xeyli xərc çəkib bir palma, iki pələng çəkdirmisən? Toyda pələngmi kəsəcəyik?

-          Əşşi, sizin kimilərə pələng yox, çaqqal kəsmək lazımdı, çaqqal. Buyurub bircə zeşti yuxarı qaldlrtdıra bilmədim, indi lağ eləyirsən. Allahın çibinini öldürməyə ürəyi yoxdu, pələng kəsməkdən danışır.

-          Off, bunlar məni dəli edəcəklər. Ey çərxi- gərdun, ay bivəfa həyat, ey  qara tale. Mən gör hansı ocaqda postmodern həyat yaşamalıyam.

-          Eləsidəmi var? O hansı dəlidi elə ad götürüb özünə- Posmoder? Yox bir pomidor.

-          Əşşi siz düzələn deyilsiniz

Xülasə, Fikrət dəvətnamə siyahısına bir neçə ad əlavə etmişdi. Insafən o qədər də “intiresni” adlar deyildi bu adlar

  Fikrətgil havaxtdı toya hazır idilər. Toya aldıqları cöngələr yekələnib buğa olmuşdu, satıb təzə danalar almışdılar, onlar da yekələnib, kökəlib dərilərinə sığmırdılar. Damı- daşı dağıdırdılar. Şair Fikrət özü danalara heç yaxın gedə bilmirdi. Bir dəfə təpəl dana şairi axıra salıb elə çığnamışdı az qala Azərbaycan ədəbiyyatı öz dahisindən olacaqdı, ədəbiyyat tarixində daha bir nakam şair taleyi öz izini buraxacaqdı- 26 yaşında ficiəli şəkildə mal axurunda ölən gənc şair.

-

 Vicay əmi də Vicay əmi idi haa. Cavanlığında kənddə neçə Cimini, Racı, Şaşkapuru döyüb ad -san qazanmışdı. Kənddə qabağına çöp salan olmamışdı. Sonra da gedib çıxdı ağ ayıların yanına və bir daha oralardan aralana bilmədi. Sanki ağ günlər elə ağ ayıların yanında imiş. Orda da evləndi- indi iki oğlu vardı. Ata babası Yarəhmədin adına yaraşdırıb bir oğlunun adını Yaroslav, ana babası Mirislamın adına da yaraşdırıb kiçik oğlunun adını Miroslav qoymuşdu.

Vicay  əmi hind kinosu dəlisi idi. Hansı kənddə kino verilsə orda qabaqda oturub kinoya baxmalı idi və sonra da dava salıb adam döyməli idi. Toylarda da “Qığılcım” filmindəki “Mahabuba, a Mahabuba” mahnısını oynamalı idi. Harda bu mahnı çalınsa bilinərdi oynayan kimindi, bilinərdi meydan kimindi. Uzun müddət isə elə bilmişdi bu mahnının adı “mələ durma”dır.

Amma indi o vaxtlar çoxdan keçmişdi. Bilən yox idi Vicay  Rusiyyətdə sakit dolanır, yoxsa dava- dalaş salır. Bilinən o idi ki, Vicay əminin imkanı vardı. Hətta deyirdilər  Vicay əmi gəlib kənddə təzə məscid tikmək istəyir. Və o da məlum idi ki, toyun arağını da özüylə gətirəcək.

Bu barədə özü də skaypda danışmışdı. O vaxtlar isə Fikrət N Əzmkarın ateist vaxtları idi. Istəmişdi başını skaypa soxub bir iki din əleyhinə söz desin, atası “o yana cəhənnəm  ol əəəə” deyib qovmuşdu.

Bunu hiss eləyən Vicay  əmi də “gəlirəm, onun payını verəcəm” demişdi. Onsuz da acıqlı idi Fikrətdən. Böyük qardaşı çox demişdi Fikrətin özünü dəli kimi aparması haqda ona.  Qonu- qonşu da narazılıq eləmişdi- a kişi onsuz da rayondan bütün regional idarələri köçürüblər. Bircə şairxanaynan dəlixana qalıb. Ikisi də bir- birinin tayı. Bu dəlixana olmasın, o biri olsun, apar bunu dəlixanaya. Qoyun – quzu qorxub arıqlayır. Bu nədi- auuuu, auuuu…

Deyirdilər dəli olub. Vicay əmi də gəlib onun başına ağıl qoyacaqdı. Amma işlərini həll etmək bir qədər çəkirdi.

  Və nahəyət əminin gəldiyi gün dəqiqləşdi, buna görə də toy danışıldı. Di gəl əminin gəlişi təkcə Fikrətə problem yaratmamışdı. Elə gəlinə də problem yaratmışdı. Belə ki, bu müddətdə bəy dönüb dindar olmuşdu. Gərək gəlin namaz qılaydı, oruc tutaydı. Hələ bu azmış kimi, gərək toyda da kəbin kəsiləydi. Lap ZAQS- ın müdürü toyda iştirak edən kimi, molla toyxanada iştirak edib gənclərə hər iki dünyada xoşbəxtlik arzulamalı idi. Guya kəbinsiz qurulan ailənin uşağı bic sayılırmış. Guya belə uşaqlara cənnətdə yer yox imiş. Hətta bəy 70 yaşlı ata- anasını zorla aparıb kəbinləmişdi- özü cənnətə bic doğulmuş uşaq kimi getməmək üçün.

Molla tapmaq da problem deyildi.  Amma sən demə belə yerlərə molla çox baha gəlirmiş. Təxminən  üç ölünün yas puluna. Bax burda Fikrətə üz tutdular- yenə şair adamsan, ucuz molla taparsan, saqqallı dostların boldu.  O da razı oldu- axı Raqifdən yaxşı molla harda var?

 Raqif rayonun sayılıb- seçilən müxalifətçilərindən olmuşdu. Sonra da bir QHT yaratdı- Gənc Sülhpərvərlər. Xaricilərlə işlədiyinə görə onlar kimi geyinib- gecinirdi. Komplekssiz adam idi. Şortik, eynək, idman geyimləri, çırıq şalvar- belə geyimləri geyinməklə deməzdi birdən söz olar, söhbət olar. Amma axşam da məscidə gedib deyəsən günahlarını yuyurdu. Bir də gördün şortikdə  velosiped sürür şəhərdə. Ən yaxın dostu Əcəmov da yanında. Iş bu idi ki, Əcəmov ateist idi. Elə Raqif hocanın dostunun çoxu da ateist və yaxud ateistfason bir şeylər idilər. Yəqin ki toya da velosipedlə gələcəkdilər, indi yolda olardılar.

İndi görək Fikrətin dostlarından kimlər vardı toyxanada.

  Əvvəllər “Gənc Liderlər” Təşəbbüs Qrupu adlı bir hökumətyönlü QHT yaradıb qrantı qrant dalınca qazanan, sonra gənc liderləri Uşaq Gənclər Birliyi ilə əvəz edib idmana girişən, 3-4 nəfərdən ibarət 10-12 futbol komandası yaradıb topdan, fışqırıqdan, butsidən pul qazanan, ömründə futbol oynamasa da futbol məşqçiliyi edən, dot- tanışın qayğısına qalan, daim stolun hesabını hamıdan qabaq verən, buna görə də gənc el atası adını almış Ərəş müəllim təşrif gətirmişdi toya.

  Rayonun gənc alimi, fəlsəfədən fəlsəfə bilən, tarixdən tarix bilən, hüquqdan hüquq bilən, ölkənin ən sərrast bloqçularından biri olan, Naxçıvana səfər etdiyində sözünü orda da deyən, buna görə işlədiyi rayon universitetində danlananda ərizəsini verib işdən ayrılan, hal -hazırda vəkil kimi çox işləri pulsuz həll edən, oxunmamış kitab sayılan,TQDK- nın bir kitabçasında 100 səhf tapan Samir Qıpçaq da burda idi.

 Qarabağ müharibəsi çörək ağacı olan,  Comolonqma dağında buludlar  üstündə yerləşən  dünyanın ən ucadakı restoranında nepallı və papua yeni qvineyalı qardaşlara Qarabağ həqiqətlərini rusca deyən,  Ölü dəniz yaxınlığındakı  dünyanın ən aşağıda yerləşən restoranında ərəb qardaşlara, eritreyalı, botsvanalı qardaşlara Qarabağ həqiqətlərini ingiliscə deyən, gah iqtidar, gah müxalifət olan, dünyanın 139 ölkəsini görmüş, qıraqdan baxanda üzündən nur yağan məhşur politoloq, regionoloq Avaz müəllim Həsənbəyli təşrif gətirmişdi məclisə.

Onu yanında oturmuşdu “On beş adam” kitabını 15 adam belə oxumayan, sosial şəbəkələr kralı, gənc aktivist, gündə aşağısı 70 layk qazanan,saç- saqqalından Andreas Qrossa bənzəyən, Anar qəlyanı ilə məhşurlaşdığı kimi kurtkasıyla məhşurlaşan, Bi- Bi –Si- də yazısı çıxsa da xalası, bibisi, əmisi, dayısı belə hələ bir yazısını oxumayan, adı özündən ağır olan Tural Bəbirbəylinski.  Başını aşağı salıb telefonla tələsik nəsə yazırdı. Bu cür adamların belə bir xəstəliyi də var. Zəng edirlər ay filankəs, sənsiz darıxmışam yaman, gəl bir çay içək. Gedirsən, çay gəlir, vaxt gedir, amma adam başını qaldırıb sənin üzünə də baxmır, telefonla məşğuldu. Guya filan statusun altında komment yazmaqla dünyanın ən taleyüklü məsələsini həll edir. Elə Fikrətdə də, onun dostu Nihat Didərginskidə də belə zay xasiyyətlər var.

Bəbirbəylinskinin böyründə Fotoqraf Əhədbəy bəy  əyləşib öz məhşur aparatını “kökləyirdi”.  Fotoaparat ona görə məhşur idi ki, Əhədbəy bəyin fotoları sərgilər bəzəyi idi, Əhədbəy bəy dünyada tanınırdı. Hətta bu yaxınlarda dünyaca məhşur Qardian qəzetində onun fotoları yayınlanmışdı. Doğrudur, bu məsələ rayon rəhbərliyi səviyyəsində bir qədər qıcıqla qarşılanmışdı- rayon rəhbərliyi elə bilmişdi Əhədbəy bəy erməni agentidi. Çünki qəzetin adı erməni adına oxşayırmış, QardiYan. Amma sonradan rayon rəhbərliyi  internetdən Qardiyanın ingilis qəzeti olduğunu öyrənmişdilər.

   Sonra da başqa şəkillərlə məhşurlaşmışdı Əhədbəy bəy. Sünnət toylarının birində klounun araq içdiyini çəkən Əhədbəy bəy bu şəkili arxivində saxlamış, bu şəklin bir tayının da tapılacağına ümid etmişdi.

Günlərin bir günü bəyi dostu kimi dəvət olunduğu toyda…

    Molla Əlhəmdulla  Ətkəsən Misir ilə müharibə yoldaşı idilər. Özləri ağırlıqda duz- çörək kəsmişdilər, araq içmişdilər. O tayda tapışan dostlar bir biri ilə məzələnmişdi. Ətkəsən Misir:

-          Məni istəyirsənsə bircə rumka iç, rayonun adını batırma.

-          Sən öl içirəm. Bax elə bu geyimdə, bu saqqalda.

-          İçməyən kişi deyil

-          Dedim içirəm, amma aşağısı 12 kiloluq bir çəpiş səndə.

-          Kişi sözü.

Vəssəlam. Ətkəsən Misirin “iç” deməsini, amma nəyi iç deməməsini tutub belə etmişdi. Rumkaya adi su süzmüşdü və Ətkəsən Musa mıkk eləyə bilməmişdi. Rumkaları toqqaşdırıb, 12 kiloluq çəpişin sağlığına vurmuşdular.

Bu momenti tutan Əhədbəy bəy sonralar iki şəkili bir yerdə yayınlamışdı:

-          Qurban olum biz tərəflərə, klounu da içir, mollası da. Xeyirlə şər qardaşdı. Əsl tolerantlıq da budu.

Düzdü, məsələ bir az dava dalaşla bitmişdi- Molla Əlhəmdulalh elə bilmişdi 12 kilo çəpişi uduzduğuna görə məsələni bu həddə Ətkəsən Misir gətirib.

Amma necə olmuşdusa inanmışdılar Molla Əlhəmdullaha- badədəki araq deyil, sudu. Bir növ dünyaca məhşur olmasından məmnun da qalmışdı Molla Əlhəmdullah. Amma deyilənə görə axşamlar özüyçün vururmuş həqiqətən də. Qapısının tutunu da zay etməyib, arağını çəkib satmağı da varmış.

  Fotoqraf Əhədbəy bəyin qarşısında əyləşmişdi Doktor Vedrəçinin Stepan Şaumyana oxşadıb “Styopa” ləqəbi verdiyi, rayonun ən cəsur jurnalisti, azadlıq radiosunun bölgələr üzrə əsas dirəyi, polis şöbəsində barmaqları qırılan,  buna rəğmən Amerikadan bir bəyanat da verilməməsinə cırnamayan, sosial şəbəkələrin ən söyüşçül insanlarından biri, evdəki son iki toyuğu satıb Bakıya mitinqə getməsi ilə daha da məhşurlaşan, rayonun işğal altında qalmış kəndlərinin əsas təmsilçisi, işğal altında qalmağı oynaş altında qalmaq  sayan Nihat Didərginski.

  Nihat Didərginskinin sağ böyründə əyləşmişdi guya ölkənin ən sayıla şairlərindən biri, postmodern təcnis ustası, yutuba yüklədiyi şeirlərinə 163 baxış olan, yutuba yüklədiyi it davasına 163 min baxış sayı ilə rekordlar qıran, gündə şeir ilə 20-30 layk yığan, Layka adlı itnin bir şəklinə 2000 layk yığan, rayon sakinlərinin ərizəsini yazmaqdan bezib telefondan imtina edən və bunu da tənhalıq haqda fəlsəfi fikirlərlə malalayan, itləri özündən daha məhşur olan, keçmiş siyasi məhbus, hazırkı dövrdə “yalnız siyahıda adı müxalifət olan” Şair Bəxtiyar Sonbeşli.

Bəxtiyar Sonbeşli toyda öz əsgərlik yoldaşını da tapmışdı və məclis başlayana qədər bir qədər gap eləyib keçən günlərini yada salmışdılar. Bu arada əsgərlik yoldaşı Məşədiyevin də müxalifyönlü olduğunu yəqinləyən şair onu üzvü olduğu “ AM – 2” (Ana Müxalifət- 2) partiyasına dəvət etmişdi. Amma Məşədiyev gülüb etiraz etmişdi:

 -Şair, sən hələ ağıllanmamısan. Sizinkilərin hakimiyyəti bizim polkovnik Mirzəxanovun (komandirlərini deyirdi) işlərinə bənzəyir. Yadındadımı, polkovnik Mirzəxanov NBM- ə (               Nəzarət Buraxılış Məntəqəsi) harda musiqidən azca başı çıxan əsgər vardı, hamısını yığmışdı. NBM olmuşdu ansambl. Qarmonçalan, gitaraçalan, nağaraçalan, hətta iki də zurnaçalanımız vardı. Mirzəxanov özü də kefi kökələndə başlayardı İbrahim Tatlısəs kimi oxumağa. Amma NBM- də bircə nəfər yaxşı şofer tapılmırdı. Zurnaçalan Camalov bir dəfə az qala hamımızı bay eləmişdi. Sizinkilər hakimiyyətdə olanda da elə idi kadr siyasəti. Mən siyasətə qarışmıram, qardaş.

   Şair Bəxtiyar Sonbeşlinin ləqəbi əslində SU- 15 sağ böyründə əyləşmişdi keçmiş siyasi məhbus, hazırda Gürcüstandan kələm gətirib satan,  vaxtilə Bayıl türməsini mürəbbə ilə təmin edən,  Elçibəy əsgəri Bəyçi –BAY- çı Famil. Adam Sanka Zver kimi iki ləqəb daşıyırdı- Bəyçi və BAY- çı.Elçibəyə görə bəyçi adlanması məlumdu. BAY- çı isə hansısa bir Bötöv Azərbaycan Yolunda təşkilatı ilə bağlı idi ki, elə siyasi məhbus olmasına da bu təşkilatın bayrağı səbəb olmuşdu. Bayrağın üstündə 21 ulduz və 3 aypara şəkli vardı ki çağırıb bunun mənasını soruşanda:

- 21- yəni 21-ci əsr, 3 aypara da 3 irqin də türkdən dönmə olduğunu bildirir. 21-ci əsr türk əsri olacaq.

Əslində 21 ulduz Hun dövlətinin 21 tayfadan ibarət olduğuna görə idi- 3 aypara da üç qitədə imperiya demək idi. Sadəcə həmin ideyanın müəllifi olan rəssam xaricə tez- tələsik köçdüyündən bayrağın mənasını təşkilatda anlada bilməmişdi və təşkilatın 2 tək 1 cüt üzvləri də məsələni bu cür yozmuşdular.Famili də az qala Miloşoviç kimi şovinist biri sayıb həbs eləmişdilər. Adı da qalmışdı Bəyçi -Bayçı.

Dədəsi deyirdi – a bala, Bayçı olduğundansa  çayçı olsan bundan daha yaxşıydı, evə çörəkpulu gətirərdin heç olmasa.

Bəyçi –Bayçı ilə qabaq qabağa oturan Dursun müəllimi də o biri çadırda yer olmadığından gəlib bura sakin olmuşdu. Fikrətin ədəbiyayt müəllimi idi və  əvvəllər fəxrlə Fikrət mənim yetirməmdi deyirdi. Sonradan Fikrətin müxalifətdə olduğunu bilib sözünü udmuşdu. Fikrətlə mübahisələri də olmuşd və o mübahisədə Fikrət ona od qoymuşdu:

-          Dursun müəllim, eşitdiyimə görə işıqpulunun dərdindən hər səhər məktəbə bir torba adaptr aparırsan. Nədi- nədi zaryadka evdə pul yazmasın, məktəbin boynunda qalsın. Yəqin bu zaryadkapuluna görə  hökuməti ləbbeyklə dəstəkləyirsən.

-          Sənin belə şeylərdən başın çıxmaz. Niyə öz qohumun Şıldır müəllimi demirsən, evi məktəbin yanındadı deyə məktəbin tualeti ailəliklə onlara baxır. Nədi- nədi öz tualetləri gec dolsun, xərcə düşməsinlər.

-          Əşşi, Şıldırdan ötrü gözüm zad uçmur mənim. O da sənin bir tayın, evində tualetə gedə bilmir, hökuməti dəstəkləyir.

  Məclisin bir yaraşığı da Moskvadan təzəcə gəlmiş keçmiş hərbi müəllimi, QHT sıralarında bir neçə ölkədə olmuş, içib Avropada italyanlarla qardaş olan, yunanlarla ekologiya deyib ağlayan, Fikrətin əmizadəsi olsa da şair kimi onu heçə sayan, kompyüterin hər cikinə- bikinə bələd olan, 2 aydan bir status yazan Elçin müəllim idi.

Məclisin bir başqa yaraşığı da sir- sifətdən islandiyalıya, norveçliyə daha çox oxşayan, idmana aid statusları ilə gündə 200- qədər layk yığan, vaxtilə Spor.tv deyiələn yerdə idman müxbiri işləyən, sonra ekrana norveçli kimi çıxarılıb bir Norveç vətəndaşı kimi Azərbaycanın inkişafını ingilis dilində öyməsi müqabilində işdə maaşının artırılacağına söz verilən, bundan imtina etdiyinə görə işdən uzaqlaşdırılan, saqqalı Lenin kimi, saçı Serxio Ramos kimi, guyimi Elvis Presli kimi olan Elmar bəy Norveçski idi.

Elmar Norveçskinin yaxınlığında əyləşmişdi rayon QHT- lərinin xaç atası,”Turan, Turan” desə də hələ o Turan imperiyasının üzvü olacaq ölkələrin bir vətəndaşı ilə də təmasda olmayan, amma istənilən Avropa ölkəsində kefini çəkən, Təbriz deyiləndə ağzında pambıq odlanan, Elçibəy deyiləndə gözləri yaşaran,islam deyiləndə əlləri göyə açılan, zoğal arağını çiyidsiz çəkən, hənəfi məzhəbli, dini seyidsiz, zoğal arağını çiyidsiz sevən, ağır taxtalı Məhər bəy Türkocaq.

Hələ üç nəfər də yolda idi. Bunlardan biri – Əcəmov idi ki, harda olsa Molla ilə birgə indi buralarda olası idi.

Daim demokratik dəyərlərdən dəm vuran, düzlükdən danışan, amma saxta dərman satmaqda hamını qabaqlayan, vay- fayının adını viaqra qoyan, viaqra ilə 10-a yaxın qoca kişini o dünyaya göndərən, təzətoylu  Əcəmov son vaxtlar əlavə qazanc vasitələri də tapmışdı- indi də layihə udub qısametrajlı filmlər çəkəcəkdi. Guya həm rejissordu, həm aktyordu, həm də bədii tərtibatı bilir. Deyilənə görə layihənin pulunu da yeyib qurtarmışdı- amma kino yox idi. Hardansa kino oğurlamaq istəyirdi.

Təkcə bu deyildi Əcəmovun işləri.

Əvvəla görək təzətoylu Əcəmov niyə toyu bir neçə dəfə təxirə salmışdı. Ayə, qoymayın, toy yaxınlaşdı deyirdin ki, bəhh, Əcəmovun filan qohumu getdi rəhmətə. Toy bir il getdi öz işinin dalıyca. Əcəmov, toy nooldu deyəndə:

-Rəhmətliklər imkan verir ki…

5 il nişanlı qalan Əcəmovun bu arada ulu babası, atasının əmisi oğlu, xalasının qaynatası getmişdi Allahın rəhmətinə. Sonra da nənəsi…

Toy lap yaxınlaşmışdı- bircə həftə qalmışdı toya. Əcəmov nənəsini öz əlləri ilə çimizdirdi- toya qədər bir dəfə də çimizdirəcəkdi. Axşam külək aynanı açıb, arvad soyuqlayıb ölmüşdü. Yaxşılıq etmək istədi,  yamanlıq oldu. Toy da bir il təxirə düşdü. Nənəsinin otağını elədi dərman otağı.

Və nəhayət bu yaxınlarda evlənib Əcəmov. Bu toydan sonra bal ayına gedəsi idi- Avropa ölkələrindən bir neçəsinə. Həm də gedib dərman işini danışacaqdı birbaşa özü xaricilərlə əlaqəyə girib saxta dərmanları birinci əldən öz inhisarına almaq istəyirdi.  Gəlin ona da xoşbəxtli arzulayıb yolda qalanların daha kimlər olduqlarına baxaq.

   Bir zamanların radikal müxalifətçisi, Rusiyanın çöküşünü görmədən ölmək istəməyən, hərəyə bir vedrə bağlayan, yayda açıq baldırların əlindən şəhərə çıxa bilməyən, şəhərə çıxanda da  uzunsaçlı, darbelli, yoğunbaldırlı, erkək quyruqlu xanım görəndə “ itin, pişiyin olum Əəllah” deyən, cəlbedici qadınların arxasınca baxıb “fəta bərəkəllahü əhsanül xalüqün deyən” , ürək həkimi kimi tayı- bərabəri olmayan,  ölkənin ən öndə gedən AM-1( Ana Müxalifət) partiyasının üzvlərini sədrin adıyla ( Əhməd Kazımov) “ƏKƏ”- lər  (Əhməd Kazımovun Ətrafı) adlandıran, hal- hazırda ana müxalifətə iqtidardan daha çox nifrət bəsləyən, toylar, nişanlar yaraşığı, məclislər kralı Doktor Vedrəçi bu dəqiqələrdə məclisə təşrif gətirəsi idi.

 Əvvəllər radikal müxalifətçi olsa da sonradan haqq yoluna qayıdıb rayonda baş həkimin 4-cü müavini postuna qədər irəliləmişdi. Raqif hocaya Molla Qaranquş adını da o qoymuşdu- hər halda kəndlərinin birinci dindarı idi. Bəzən elə sözlər deyirdi atalar sözü kimi bir şey olurdu o sözlər. Deyirdi- Azərbaycanda azadlıq sözü var, söz azadlığı yoxdu. Deyirdi biz qızılbaşların taxtabaş nəvələriyik. Deyirdi  “Regionların Sosial –İqtisadi inkişaf planı yox, regionçuluğun sosial iqtisadi inşişaf planı”. Deyidi – indinin müəlliminə verilən maaş bordaq danaya verilən ot kimidi. Bordaq danaya otu gövşəmək üçün verirlər. Müəllimin maaşı da gövşəməyə çatır. Yem, kəpək isə yoxdu. Deyirdi- o vaxtlar mitinqdə meydana bir sərhəd dirəyi gətirmişdilər. Sonralar o dirəkdən paz düzəltdilər. Yamanca paza  keçmişik.

Bir də deyirdi- bizim kənddə bir Müzü vardı. Çəlimsiz bir uşağı vardı Müzünün. Bir gün Müzü uşağı yanıma gətirdi ki, buna əncam elə əmələ gəlsin. Nə illah elədim uşaq yaxşı olmadı. Axırda Müzü qayıtdı ki, həkimliyin kəllənə dəysin, bir qemoqlobin yaz, uşaq dirçəlsin. İndi bizim dirçəliş günləri gələndə Müzünün o sözü düşür aydıma. Bizi dirçəltmək üçün qemoqlobin yox, demoqlobin vurdular- demokratiya iynəsi. Amma dirçəlmədik. Heç ermənilər də dirçəlmədi. O armud ağaclarının ahı tutdu bizi də, ermənini də. Ayının min oyunu varmış bir armudun başında.

Deyirdi- qiymətlər qalxıb ceyran belinə, ceyran peçini də yandırmaq olmur.

Deyirdi- lüləsi kəsilmiş tüfəng kimidi lülüsü kəsilmiş müsəlman.

Deyirdi- biz aşağıdan müsəlman, yuxarıdan ayrımıq.

Deyirdi- uşaqlara  “həyat bilgisi” keçirlər, böyüklərə ölüm bilgisi.

Deyirdi- bu düdəmə yazarlar status yazmaqla gündəmdə qalmaq istəyir, amma o boyda Xəzərin statusu müəyyən olunmayıb hələ.

Hər dəfə siyasi proqnozu səhf çıxanda deyirdi- biz Panamaryovun penaltisi deyil ee, yüz faiz biləsən qol olacaq, bu Karlos Alberto Torresin məşqçiliyi kimi bir şeydi, alına da bilər, alınmaya da bilər.

Hətta Fikrət haqda da söz demişdi onun “Qadın qolları” kitabını “Qadın qılları” adlandırmışdı. Özünü də Elzanın qoşa yumurtalı forması.

Və bir də Raqif hoca ki, yuxarıda bir qədər bəhs etmişi onun haqqında. Dindar olsa da ateistlərlə daha çox vaxt keçirən Raqif hoca bildiyimiz kimi həm də Molla Qaranquş kimi tanınırdı- bu adı da Vedrəçi doktor vermişdi ona- kəndlərindən çıxan ilk molla olduğuna görə. Onun rayon üçün  ən yaxşı işi rayon məscidinin tualetinin qarşısına vurulmuş “kənar şəxsləri daxil olması qadağandır” plakatını götürtməsi oldu desək yanılmarıq. Çünki ərazidə 12 çayxana olsa da cəmi bir tualet var o da pullu. Növbə marsupilami quyruğu kimi uzanır. Tələsənlər özlərini məscidə salır ki, buna da mollalar mane olur. Raqif hoca nəhayət işə qarışıb belə bir ağır problemi həll elədi:

-Əşşi qoy bircə işdəsə camaata biz də yarıyaq.

Belə dindən uzaq adamlara can yandırmağını ona irad bilirəndə deyirdi- əsl islam onlardadı, əməli saleh adamalrdı. Mən onların qəlbini görürəm.

Beləcə də hər şeyə söz tapırdı Raqif hoca.  Yalnız bir dəfə qalmışdı söz altda. O da uşaq vaxtına düşmüşdü.

Bığ yeri tərləməyə başlayan vaxtlarda bıçaq da hərləyirmiş. Babası bunu görüb:

-Bala, hərləmə o bıçağı. Acığı tutar, kiminsə üstünə çəkərsən, ürək eləyin vura bilməzsən, biabır olarıq.                                                      Bir dəfə məhşur model Xuraman xanın “imamların qırılan günü” (bu tərəflərdə aşuraya belə deyilirdi) məsciddə  imam süfrəsi açmışdı. Bəzi dindarlar süfrəyə əl uzatmayanda:

-Ay oğraşlar, nə yaxşı rəisinkini yeyirsiniz, modelinkini yemirsiniz, hansı daha çox kafirdi demişdi.

Bir dəfə də Şəhər sovetinin sədri məscidə gəlmək istədiyini bildirmişdi:

-Olarmı ay Raqif, mən də gəlim bir az günah yuyum?

-Əşşi niyə olmur, səndən də oğraşları gəlir- demişdi.

Bir dəfə də mollanın biri ona israrla deyəndə ki:

-Allah kişini kişi kimi yardıb, saqqal verib. Ona görə də üzə lezva vurmaq haramdı. Sən xaricilərlə zadla görüşürsən, üzün mədəni olmalıdı, bilirəm. Ona görə də azacıq saqqal saxla, uzun uzadı yox. Mələklərin yuvasıdı saqqal, sünnətdi.

- Sünnət dedin, sünnət düşdü yadıma. Bəs ona qalsa Allah tənasül orqanını başıbağlı yaratdığı halda niyə sünnət etdirir müsəlmanı?

 

   Molla imici olsa yaxşı pul qazana bilərdi. Deyəsən özü də meyllənirdi. Artıq QHT- də pul yox idi. QHT pullarına həbs qoyulmuşdu. Fikrətin təklifinə də həmən razı oldu.

Əslində bu onun ikinci mollalığı olacaqdı.

Birinci dəfə ölkənin mərhum şahının ölümünün  on yeddinci ildönmündə mollalıq etmişdi. Onda da kəndçiləri rayonda molla tapa bilməmişdilər. Tədbir də mütləq keçirilməli idi. Hər təşkilat özünün sədaqətini rayon rəhbərinə sübut etmək üçün 3-4 molla aparmışdı tədbirə. Guya mollalar xorla oxuyanda rəhmətlik şah o dünyada daha çox huri tapacaqdı. Raqifin kəndinə molla çatmamışdı.  Kənddə də dua- filan bilən yox. Kənd soveti yalvarıb, yapışıb Raqifi razı salmışdı- o da fatihə əvəzinə süfrə duası oxuyub məclisi yola vermişdi və xeyli də pul qoymuşdular cibinə.

Raqif hoca kimi dindarlara əslində orucluq da sərf eləyirdi. Rayonda varlı şəxslər həmin orucluq ayında günahlarını yumaq qəsdi ilə hər iftar vaxtı restoranları bağladıb dindarlara qonaqlıq verirdilər. Bu qonaqlıqda o qədər yemək israf olunurdu, axırda varlıların çoxu bu işdən vaz keçmişdi.  Belə iftar süfrələrində səhərə qədər yeyib axşama qədər yatmaqdan kökəlirdi Raqif və onun dostları. Hətta mədə pozuntusu, qarın ağrısı tapanlar haqda da məlumatlar vardı.

Amma indi Fikrətgildə süfrə duası oxuyası deyildi- kəbin duasını da tapıb əzbərləmişdi. Yol boyu ayaqları hərəkətdəykən beyni də hərəkətdə idi- duanı təkrar- təkrar dodaqaltı deyirdi:

-Allahummə inniy əsəlukə xayrahə və xayra mə cəbəltəhə aleyhi, və əuzu bikə min şərrihə və şərri mə cəbəltəhə aleyhi.

Dua yadından çıxmasın deyə Əcəmovun məsləhətinə də əməl edirdi:

-          Molla Qaranquş  , Cəbəllütariq boğazını yadında saxla, dua yadına düşəcək. Molla Qaranquş da öz boğazında Cəbəllütariq boğazının adını qaynada- qaynada velosipedi məkana doğru sürürdü.

-          =

 Məclis başlamışdı. Fikrət N Əzmkar dostlarına yeznəsi ilə heç arası olmadığını, ilanın yarpızdan zəhləsi getdiyini və sairləri danışırdı. Hətta bəyin sağlığına badə qaldıranda  aralarında olan bir mübahisəni  şeir deyirmiş kimi deyib dostları xeyli güldürdü:

-Bir gün də bizim yeznə üstümə düşdü ki, bəs musiqi haramdı. Dedim əə, musiqi haramdısa məscidlərə usluteli niyə qoyurlar? Qaşıqçını doğrayanda bə musiqi niyə haram olmadı?

- Onlar vəhabidi.

 -Sən ərəbin dinini ərəbdən yaxşımı biləcəksən?

-Bu Allahın dinidi. Cəllad da olmalıdı, Alalhın hökmünü murdar ateistmi icra eləsin bəs?

- Sizin də bu işləriniz olmaya. Yaxşı bəs yerişinə baxıram eləbil  təzə yarılmış təkə yeriyir, başını niyə yuxarı qaldırmırsan?

- Göz zinası da var. Indi Allah hidayət etmiş qız- gəlinlər elə geyinir, istər istəməz gözümüz zina edir. O dünyada da bunun hesabı sorulacaq. Mən Allaha 7-8 il namaz borcu olan adamam, gec başlamışam namaza. Bu günahım azdımı ki, göz zinasına görə də cənnətimi əldən verim. Az qalıram gözümü bağlayıb gəzəm. Çətindi mənə çooox çətindi bu dünyada yaşamaq. O dünyaya nə qədər tez getsək bir o qədər yaxşıdı. Həm günahımız az olar, həm də cənnəti tez görərik.

_ -

Hələ “Mahabuba” çalınmamışdı və deməli Vicay əmi meydana çıxmamışdı. Məhşur “Sozaloğlu” mahnısı meydan sulayırdı -dədən ölsün, nənən olsün,nənən ölsün…

Elə bu vaxt Molla Qaranquş və Əcəmov məclisə daxil oldular. Bir şaqqanaq qalxdı ki. Hamı bir ağızdan:

-Əcəmov, səni deyirlər, səəəni deyirlər.

Doktor Vedrəçi də özünü yetirdi. Xoş- beş, on beş. Məclis daha da qızışdı. Uzaq ellərdən qonaq gəlmiş Avaz bəy Həsənbəylinin sağlığına badə qaldırdılar.

Elə bu arada “Mahabuba” başladı. Demək Vicay əmi idi meydanda.

-          =

Bir qədər sonra Vicay əmi Fikrətin dostlarının yanına gəlmişdi. Eləbil Rusiyadanın soyuğu onu soyuducuda bu günə qədər saxlamışdı, heç dəyişməmişdi, xarab olmamışdı. Həmin Vicay idi. Boğazındakı tros sep par- par yanır, bilərzik gəl- gəl deyir. Stil də əvvəlki kimi  Amitabax Baççan formasında saç, bığ, enlibalaq şalvar, enli varatnik. Əlində badə bütün stollarda vurmaq həvəsi…

Bu arada Avaz bəy Yaponiyada Futziyama dağı yaxınlığında Qarabağ məsələsi barədə dünya ictimaiyyətinə həqiqətlərdən bəhs etdiyini danışırdı.

Avaz müəllimin sözünü kəsib:

-          Məllim bəy, Qarabağ problemini Futziyamada qaldırarsan, vulkana, zemlitraseniyaya qərq olarıq. Gəl onu elə rusun özü ilə danış. Yapon hara, Qarabağ hara?

  Doktor Vedrəçi söhbətə qoşuldu:

-          İnşəəllah Qarabağ məsələsi həll olunacan Rusiya dağılacaq. Avaz müəllim o günləri görüb yapon qardaşlara üz tutub, qardaş.

-          Əşşi, Rusiya dağılan deyil- Napalyonları, Hitlerləri məhv eləyib olar. Vodka yest, rus yest.

-          Düşmənə aşiq olmaq bizim millətin xəstəliyidi.

-          Düşmən niyə olur, mən buralarda qalsam indi ya qardaşoğlu kimi ağlımı itirib şairlik edirdim, ya da hardasa usta yanında uçenik idim.

-          Nəysə, əziz gündü, uzatmaayq, içək  sənin sağlığına. Arxangelsk də türk torpağıdı a qıvlasız,”arxadan gəl” deməkdi. Qismətini iç, səni bu dəyərli insanlarla tanış edim.

“Qismətini” içdi Vicay əmi. Doktor Vedrəçi başladı təqdimata- bu, şairimizdi, Bəxtiyar Sonbeşli.

-Canı sağ olsun, evdəkilər bilirmi şair olduğunu. Ha ha, ha. İliko, İllarionda belə deyirdilər.

-Hə, oxumuşam. Bu Samir müəllim, məhşur filosofdu, bu Ərəş müəllim, gənc futbolçular nəsli yetişdirir. Bu da bizim Nihat Didərginski ayrım qaşqınlarındandı. Yaxşı oğlandı. Bu da sizinkilərdəndi –Norveçski Elmar.

Elmara bir xeyli tamaşa edən Vicay əmi inandı:

-Zyoma, Zyoma, boğulmursanmı buralarda? Qayıt bala, qayıt o gözəl məkana.

Doktor qonaqları bir- bir təqdim edib Bəyçi- BAY-çıya çatanda Vicay əminin gözləri böyüdü:

-Ayıbdə əmoğlu, Baçı- bazi nədi? Heç bunun mənasını bilirsən?

 Bəyçi BAY- çı özü dilləndi?

-Baçıbazi yox, bəyçi…

-Eyni şeydi  əmoğlu, özünə get yaxşı sənət tap, adımızı batırma.

Sonra da söhbəti dəyişdi:

-          Bə sizin molla da olmalıydı axı. Bu da təzə çıxdı- toya molla gətirmək. Ölü yeri zaddımı?

Raqif bayaqdan duanı mızıldadığına görə sanki özünü itirmiş halda:

-Mənəm molla, Molla Qaranquş.

 -Nəə. Sən bir bunun açkisinə bax, velosipedinə bax, şalvarına bax, mollalığına bax. Belə də molla olar? Sən lap Viaypi (VİP) mollasan ki. Ha, ha, ha… Bizim çaqqal kimi ulayan qardaşoğlunun tapdığı molla da belə olmalıydı. Noolar molla olanda, adamın gərək bir sambalı olsun. Sambal hardan olsun? Baş molla samalyotun baqajında çaxır daşıyanda sən də belə olmalıydın. Sovet hökuməti sizə görə üzümlükləri ləğv elədi, çaxırı qadağaı elədi, siz də onu bəyənmədiniz. Indi də şeytanlıq edirsiniz.

Molla Qaranquş dindarlar kimi danışmaqla Vicayın qəlbini ələ almaq istədi:

-          İmam Zaman əleyhüssəlam demişdir ki, insana geyiminə, görünüşünə görə…

-          A qıvlasız, mən iki gündü gəlmişəm, boğuluram buralarda. Mənə indi əleyhqaz lazımdı, əleyhsalam yox. Əleyhqaz,əleyhsalam- yaxşı qafiyədi məncə..

Xülasə bu məclisdən narazı getdi Vicay əmi. Sonra da bir saata kimi hind mahnıları səsləndi toyda- Meydan Vicay əminin idi.

_ =

Toydan əvvəlcə Samir müəllim, Ərəş müəllim, Avaz müəllim çıxmışdılar. Yəni onlar o davanı görmədilər. Vicay əminin davasını.

Molla Qaranquş duasını oxumağa az qalmışdı. Toyxanadan durub eşikdə siqaret çəkməyə çıxmışdı Fikrətin qonaqları. Fikrət özü isə çox içkili olduğundan, özünü apara bilmədiyindən deyilənə görə dama salınmışdı- qapı da bağlanmışdı ki eybimiz çölə çıxmasın.

Tural Bəbirbəylinski və Nihat Didərginskinin siqaretləri “Vogiye” markalı tamam ayrı bir siqaret idi. Kənd cavanları nəxənəkləyib az qala qutuları boşaltmışdı. Cavanlardan biri Nihatdan siqaret istədikdə Tural:

-Ver Didərginski, ehsandı.

Bax bu sözü eşidən Vicay əmi özünü saxlaya bilmədi:

-Toydu əə, toydu. Ehsan ölü yerində olur. Bəsdirin dəə, mən o boyda yolu gəlmişəm ki şənlənim, siz ölü yerindən dəm vurursunuz.

Və tappp- Tural bu ilmi ölübsən, bildirmi, uzandı yerə. Araya keçən Nihat da elə. Şair itə yığdığı sümük torbası da əlində araya keçmək istədi ki, sümük torbası əlindən alınıb təpəsinə vuruldu. Molla Qaranquş velosipedinə minib- “gəl Əcəmov, hamımızı qıracaq bu” deyib götürüldü.

Məhər Türkocaq- əmoğlu, neynirsən, ayıbdı demişdi ki, o boyda ağır taxtalı adam da aşırıldı. Elçin müəllim də. Bircə Norveçski Elmara əl dəymədi- biz zyomayıq, sənə əlim qalxmaz. Doktor Vedrəçi eynəyinin qırılacağından ehtiyat eləyib dava olan tərəfə hərlənmədi. Əhədbəy bəy  fürsətdən istifadə edib başladı bu mühüm olayları kameranın yaddaşına köçürməyə.

Fikrətin atası özünü yetirib Vicaya bir- iki ilişdirməsəydi yəqin dava uzun çəkərdi.

Bəy evi də aradan çıxmışdı.  Bəy evindən gələn bir- iki “sovremenni” geyimli cavan da Vicay əminin əlinin dadını görmüşdü.

-          =

  Bəy nalə çəkməkdə idi- necə olur olsun bu gün nigah kəsilməli, vəssalam. Əlavə mollalar da axtarmışdılar. Amma kimsə qorxusundan o tərəflərə hərlənə bilməmişdi- Vicay hərləmir molla zad.

 Artıq damdan çıxarılmış Fikrət cumdu əmisinin üstünə- sən kimsən mənim qonaqlarımı döyürsən? Rus nökəri, məni biabır elədin, ürəyin söyudumu di?

Vicay əmi peşman- peşman bir siqar yandırdı.

Bəlkə də Fikrətə əlini çəkərdi, di gəl indi işləri Fikrətdən aşırdı. Nə yollasa Molla Qaranquş kəbin işinə cəlb edilməli idi. Başqa molla tapa bilməmişdilər.

Fikrət Molla Qaranquşla danışdı- amma o çox qorxmuşdu. Yalnız bir şərtlə razı oldu- Skaypla kəbin bağlayacaqdı.

Naəlac qalan toy adamları bəyi bir zülmlə razı salıb Molla Qaranquşla razılaşdılar. Molla təsəlli də vermişdi- burda elə bir qəbahət yoxdu. Indi elə lotuları da skaypla imnovat eləyirlər. Ən əməlsaleh dindarlar da skaypla canlı yayım eləyir. Bəyin mənsub olduğu Mehr camaatının ulu öndəri də vaxtaşırı skaypa çıxırmış. Bəy beləcə razı olmuşdu.

  Və nəhayət dünya müsəlmanlarının tarixində ilk dəfə olaraq skaypla kəbin kəsildi. Molla Qaranquş özündən o qədər razı oldu, sanki müsəlman şərqində ilk demokratik respublikanı bu qurmuşdu.

-          =

 Vicay əmi bir- iki gün sonra getdi öz məkanına. Amma məkana çatınca dava xəbəri ondan əvvəl getmişdi ağ ayıların yanına. Əhədbəy bəyin fotoları bu dəfə Rusiyada yer tutmuşdu. Vicay əmi məhşur olmuşdu- hətta rus hökuməti Amitabax Baççanın oxşarı kimi onu daha da məhşur etmişdi.

Vicay əmi həmin axşam çox qəzəbli idi- skaypda birbaşa Fikrətin özü ilə danışmaq istəyirdi. Amma bəd xəbər aldı- Fikrət Molla Qaranquşla  Q. rayonuna  mürəbbə festifalına gediblərmiş. Qarpız mürəbbəsinin tamına baxarkən arı vurubmuş dilindən. Həmin festifalda Molla Qaranquşu da bir xeyli arı vurubmuş. Vəziyyəti qənaətbəxş imiş. Arıların hücumu zamanı yerli deputat da xəsarət alıbmış ki, indi Fikrətgil də onun sayəsində pulsuz müalicə olunurmuşlar.

Xəbəri bilən Vicay əmi:

-          Onların dilindən ilan vurası idi, ilan. Şəklimi çəkib məni dünyada biabır eləyiblər.

Fikrətin atası daha bir bəd xəbər də vermişdi:

-          Əclaflardan biri də düşməyib siyahıya. Davanı bəhanə edib aradan çıxıblar. Indi gedə tutasan yaxalarından ki, sizin posmoder başınız batsın, pulu niyə vermirsiniz?

-          Qardaş, onların pulunu mən göndərərəm. Elə bir yana baxanda yaxşı eləyib əzişdirmişəm hammısını.

-          Əə, vallah bilsəm siyahıya düşmək fikirləri yoxdu, heç səni aralamazdım. Cəmi 2-3 adam yazılıb o posmoderlərdən.

-          Narahat olma, pul göndərəcəm…

-          =

 Şəkillər bu başlıq altında yayılmışdı- “Hamı bir nəfərə qarşı”. Daim məhşurluq axtarışında olan bu yazar, QHT, intilgent tayfası sanki öz arzularına çatmışdılar. Hətta Əhədbəy bəy özü də bir işə peşman olmuşdu- gərək özü arxa planda qalmayaydı, aparatı uşaqlardan birinə verib özü də davaçıları aralamağa girişərdi. Deyilənə görə toyu tərk edənlər də peşmançılıq çəkirdilər. Avaz bəy Həsənbəyli isə lap peşman olmuşdu. əgər burda onun da şəkli olsa, bundan istifadə edib rus ayısının bu xalqı zaman –zaman faciələrə düçar etdiyini  bütün dünyaya sübut edə bilərdi.

Amma lap maraqlısı Bəyçi- BAY-çı və Məhər Türkocağın yerə yıxılsalar da boz qurd işarəsi tutmaqları idi.

 

Yazıya 1039 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.