Əbülfət Mədətoğlu – GƏRƏK BELƏ ETMƏYƏYDİN

Ebulfat_Memedoglu_yazarAĞRILI ANIN ŞEİRİ

( ” Bir qadına … və hamıya” silsiləsindən )

Dərdi bədbəxt etmişəm
könlümə köçürəndən…
Ayağına getmişəm -
könlümdən keçirəndən …

Baxmışam ki , yol dardı
uçurumdu … və qardı…
Amma neçə dərd vardı -
hamısı keçir məndən!..

Ömrüm . özüm önündə
hansısa bir dönümdə …
Yaşamağım könlündə -
aslıdı köçürməndən…

Bil ki sevinc almaram
alıb dərdə salmaram…
Gileyli də qalmaram -
ümidi keçirəndən!..

 

***

ADAMI

( “Bir qadına … və hamıya ” silsiləsindən)

Səssiz seçib deyirsən -
söz öldürür adamı…
Tüstüsü başdan çıxan -
köz öldürür adamı…

Qəm – kədər əvvəl . axır
həm yandırır , həm yaxır…
Bucaq altından baxır -
göz öldürür adamı!..

Hər işdə var bir nədən?!
nə çoxdu baxıb , gedən…
Dilini qabar edən -
Döz! – öldürür , adamı…

 

***

GƏRƏK BELƏ ETMƏYƏYDİN

” Xatirə”( şeirlərdən )

Bu bir yazılmayan məktub…
gərək belə etməyəydin…
Mənim haqqımın üstünə -
haqlı kimi getməyəydin…

Duyaydın içimi tamam
görəydin əriyən şamam!..
Yolunu öpdüyüm adam -
gərək belə etməyəydin…

… gəlib – gedən çox olacaq
qəlbin bir az yuxalacaq…
Sənə hər söz toxunacaq -
gərək belə etməyəydin…

Oldu . keçdi – qədərim bu…
Sevincim bu . kədərim bu!..
Dur , ağlama , üzünü yu -
gərək belə etməyəydin…

Dur qarşıla . dur çıx önə
Baş sağlığı düşür sənə!..
ürəyində demə mənə -
Gərək belə etməyəydin!..

 

***

SƏNİN ÜÇÜN GÜNAHAM

( ” Bir qadına… və hamıya ” silsiləsindən )

Gözlərimin dibinə
bir qaranlıq çökübdü…
Dərd ümid köynəyimi -
ilmə – ilmə sökübdü…

Pəncərəmə daş sükut
hörülüb ,. yol qəfəsdə…
Aşa bilmir sükutu -
üşüyən son nəfəs də…

Ürəyimə ağrılar
şırım çəkir -aratsız…
Şırımlara baxırlar -
ehtinasız… maraqsız…

Bu ömürün zərrələr -
anlar toplumu “ah” dı…
Mənim olmamağım tək -
olmağım da – günahdı!..

***

YARIMÇIQ NAĞIL
( ” Bir qadına … və hamıya ” silsiləsindən )

Tökülüb qurtarmadı…
almalar göydə qaldı…
Ümidləri əlimdən -
göz yaşı göydə aldı…

Sındı dəyirman daşım
dən axdı arasından…
Əhlətə dəydi başım -
qan axdı yarasından…

Gözümün dibi öldü -
sanki sönmüş çıraqdı…
Ovcumun içi göldü -
kölgən göldən qıraqdı…

Dilim dişin içində
kilidlənib , küsdürmə…
Kim var işin içində -
kim ” ah” töküb üstümə?!

… Qupquru bir səs göndər -
Canım tapşırsın ruhun…
Mənə gəmində yer yox -
mənsiz üzüb get , Nuhum!…

***

XATIRLADIR

“Özümə” silsiləsindən

Ürəyim billur camdı…
çat-çat oldu , cam damdı…
Bu qandakı nə tamdı -
torpağı xatırladır?!.

Canım yandı , közərdi
yandığım dərd gözəldi…
Dilim sanki xəzəldi -
Yarpağı xatırladır…

Ruhum şamdı – keçəndi
Gündüzümdü . gecəmdi…
Pərvanəsi gec gəldi -
ortağı xatırladır!

İçimdəki ələmim -
sözdü , bir də qələmim!
Öz dünyama ələnim -
Gorgahı xatırladır…

 

***

XATİRƏ ŞEİRLƏRDƏN
( ” Bir qadına … və hamıya ” silsiləsindən )

Səni düşünürəm … yenə fikrimə -
o anlar …o günlər … o aylar gəlir…
Baxıram səninlə birgə şəklimə -
dilimə gör hansı olaylar gəlir…

Sevgi tumurcuğu çartlayan vaxtı
dönüb gözlərimə bir gözəl baxdı…
Gözündən könlümə bir işıq axdı -
aşıb dağ- dərəni – dolaylar gəlir…

Üstümə doğan gün buluda düşdü
sabahım ün yetməz umuda düşdü…
Dilindən qaçaraq ” unut “-da düşdü -
Dol gözüm , umudsuz , dol , aylar gəlir…

Toxundu dizlərim çaylaq daşına …
dərd məni qaldırdı yaylaq qaşına!..
Gəlməz Əbülfətin bir də başına -
bu sevgi! – nə qədər bol aylar gəlir…

Yazıya 514 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.