Elçin Aslangil – GÖZLƏYƏN ADAMIN ŞEİRİ

elçinaslangil119_nGəlməyən adamım,

Yağışı saçlarında,
Günəşi gözlərində
götürüb getdin bu şəhərdən..
O səhərdən başladı mənimkilər-
Gecələrin adam soyuqluğu,
Gündüzlərin sən yoxluğu.
Yoluxduğum bütün vərdişlər,
Məsələn, barmaqlarıma saydığım sənsiz günlər
bozardı şəkillərdə.
Gəlməyən adamım,
Dənizlərin sahil yoxluğu,
Yuxularımın Tanrı qorxuluğu,
Sən boyda yalqızlıq oldu kilsələrin zəngində,
Rahiblərin bakirliyində.
Və bir sərçə dimdiyindən düşdü Həvvanın günahı,
Elə o gündən başladı Cənnətin sükutu,
Allahın tənhalığı,
Getdiyin gündən…
Bu necə getməkdir ki,
Biçənəkdə ayaqyalın yüyürən dərvişlər qaraltını görmədi?
Bu necə getməkdir ki,
Qoca məbədlərin divarları
səni sayıqlamadı?
Bu necə getməkdir ki,
Göylərdə kitablar yazılsa ayə-ayə,
Surə-surə,
Müjdə verməzlər gəlməyindən peyğambərliyimə?
Gəlməyən adamım,
Yağışı saçlarında,
Günəşi gözlərində
götürüb getdin bu şəhərdən.
Bilirəm,
Gəlməyəcəksən…

CƏNAB PREZİDENT, ONLAR DƏNİZİ DAŞLAYIR?

Cənab prezident,
Onlar dənizi daşlayır?
Bilmirlər ki, daşları yuyub aparan dalğalar
dənizdən başlayır?
Cənab prezident,
Dənizi tutublar,
Qapalı rejimli həbsxanaya salıblar.
İndi nə dənizə görünür yolumuz,
Nə yolumuza dəniz görünür.
Aydınlanmışlar dənizsiz ölür,
Bizimki ölməkdi…
Bu ölkədən getmək,
Dənizin üstündən uçub getməkdi,
Təyyarədən Bakıya əl sallamaqdı,
Sevdiyimiz qadını xatırlayıb pıçıldamaqdı:
- Öləm, ağlaya sevdiyim içimi-çölümü yağış kimi…
Cənab prezident,
Bir qağayı düşünün, bir qağayı.
Qanadlarında uçmaqdan başqa hər şey var,
Neft ləkəsi,
Dünyanın hər yerinə daşınan gəmi-gəmi sərvətlər,
Ölmüş balıqların ətri…
Və hər dəfə o qağayı qıy vurduqca xatırladar bizlərə-
Onlar dənizi gizlədiblər ciblərində…
Cənab prezident,
Biz də dənizi gizlətmişik,
Ürəyimizin ən dərin yerində…

YALQIZ AĞACA

Bir fəqir-füqara, əcəb mənzərə,
Bu qış yalqız ağac üşüyür yenə.
Bir yandan külək də düşmüş canına,
Di gəl bu ağaca mənölüm demə.

Üşümə sən Allah üşümə belə,
Göy üzü göyərər, qışın gödəkdi.
Düşünmə sən Allah, düşünmə belə-
Torpaq yaxşılara qara köynəkdi.

Ay ağac məndə bir adamlıq ola,
Bir yorğan gətirib çiyninə atam.
Ay ağac məndə bir adamlıq ola,
Nə olar bir gecə yorğansız yatam.

Bu qışı birtəhər dözəcəm vallah,
Dərdimin sağ əli torpağa ağac,
Mən sənə qoşulum, sən mənə qoşul,
Ağlayaq hər düşən yarpağa ağac.

MAVİ ADAM

Mavi adam,
Tanrının oğlu deyilsən,
Bilirəm,
Gülüşlərin quşların ayaq səsi olmalıdır..
Bu ölməklər ölkəsi,
Nəfəsi kəsilmiş arzuların ümidi,
Bəlkə də,
Əllərinin yalqızlığıdır…
Gündüzlər bu şəhərdə gördüyün
dik məməli qadınlar,
Gecələr yoxluğun qızlığıdır…
Mavi adam,
Tanrının oğlu deyilsən,
Bilirəm,
Gülüşlərin quşların ayaq səsi olmalıdır…
Tanrı bilir,
Bu adamlar,
Bu şəhər səni sevmir…
Qaç mavi adam,
Burdan yüz işıq ili uzaqdansan,
Qaç…

*****

Ayrılmağa nə var ki,
Üç hecadı – əlvida!
Bir də göz yaşı silməkdi,
O da, heç vaxt qayıtmasa.

“BİR DƏ EŞİDƏRSƏN Kİ, XƏYANƏT ETDİYİN KİŞİ…”

Dünyanın işini bilmək olmaz…
Bir də eşidərsən ki,
Xəyanət etdiyin kişi,
Dönüb, daş olub.
Nə ağrısı var,
Nə kədəri,
Nə hikkəsi,
Nə də, söyüşləri…
Kişi, daş olub.
Bir payız yağışını,
Bir qış soyuğunu,
Bir ağac kölgəsini qucaqlayıb kişi,
Üzü soyuq daş olub…
Dünyanın işini bilmək olmaz…
Bir də eşidərsən ki,
Xəyanət etdiyin kişi,
Dönüb, daş olub.
Qaldırıblar, altından ilan çıxıb…
Dənizə atıblar, yosunlayıb kişi.
Dənizə yuxu danışıb,
Yuxulayıb kişi.
Yavaş-yavaş ovulub, toz olub,
Sonra yox olub kişi…
Dünyanın işini bilmək olmaz…
Bir də eşidərsən ki,
Altmışı, yetmişi haqlayıb kişi.
Birinə yaxşı ata olub,
Birinə yaxşı əmi.
Birinə yaxşı baba olub,
Birinə yaxşı qardaş,
Daş kişi.
Dünyanın işini bilmək olmaz…
Bir də, eşidərsən ki,
Xəyanət etdiyin kişi,
Dönüb, ağac olub.
Kötüyünü dərd vurub,
Butağını ildırım.
Butağlamayan kişi,
Yarpaqlamayan kişi quruyub.
Cəmi bircə payız sabahlayıb,
Sonra kəsib aparıblar.
Dünyanın işini bilmək olmaz…
Bir də eşidərsən ki,
Xəyanət etdiyin kişi torpaq olub,
Ölüb- səni unudub…
Nə ağrısı var,
Nə kədəri,
Nə hikkəsi,
Nə də, söyüşləri.
Dünyanın işini bilmək olmaz əzizim,
Bilmək olmaz…

MƏN HƏLƏ ÖPÜŞMƏMİŞƏM

Əzizim,
Ayrılıqlar adamı özünə qovuşdurur,
Mən hələ öpüşməmişəm – deyən, yaralı əsgərlər
ölü doğulur…
Qadınlar doğmağı bacarır,
Kişisiz qalmağı bacarmır.
Döyüşdə ataları ölən oğullar
Güllə kimi açılır qadınla sevişəndə
hər şeyini bölüşməyə…
Dünən Suriyada pianoçu hamilə qadın
barmağını sıxanda tətiyə,
Körpəsinin ayaq səsini eşitdi bətnində,
Müharibə qurtardı…
Və bir qızcığaz, əlində ağ bayraq sevinə – sevinə:
- Məni zorlamayıblar- dedi.
Əzizim,
Ayaqları qırılır sərçələrin,
Boş qalır budaqlar,
Boş qalır budaqlarda yuvalar
Səngərlərdə silahını qucaqlayıb yatanda gənc zabitlər.
Bir qadınlıq ayrılığı olan kişilər,
Yüz düşmən güllələməklə,
Yüz qadın öldürərlər…
Ayrılıqlar adamı özünə qovuşdurur,
Mən hələ öpüşməmişəm – deyən, yaralı əsgərlər
ölü doğulur…

BİR KİŞİNİN QADIN ÜÇÜN DARIXMASI…

Bir kişinin qadını üçün darıxması kədərlidir,
Belə darıxmaq kimi:
O qədər gözəlsən ki,
Adam istəyir bütün günü şəkillərinə baxa.
Baxa-baxa işə gedə,
İşdən gələ,
Çay içə
Yemək yeyə.
Şəhid xəbərlərini eşidəndə
Oturub sənin şəkillərinlə ağlaya.
O qədər gözəlsən ki,
Dəhşətsən,
Kişi həsrəti kimi.
Bir kişinin qadın üçün darıxması kədərlidir…

*****

Gecələr xəlvəti ağlayan qadın,
Üzünü yastığa tutub ağlama.
Gözlərini öpüb, qaçan sərin meh,
Mənə gəlir, pəncərəni bağlama…

BiLiRSƏN?

Bilirsən,
Bu axşam,
Dodağından qalan qırmız bir ləkə var,
Boş qədəhin yanağında ,
Lap uzaqlarda …
Bir də ,
İsti bir söz ,
Öz hisslərinə hakim olmayan
pianoçu barmaqlar var …
Bu axşam, səhərə qədər rəqs eləmək var-
Səni pıçıldayan divarlarla ,
Yoxluğunla ,
Qorxaqlığınla ,
Tənhalığımla …

MƏNİ AZADLIQ MEYDANINDA ÖPƏ BİLƏRSƏN ELZA?
(Elza Seyidcahana)

Bilirsən daa,
Trampdan Milenanın ayaqlarına qədər,
Qəribə bir cərəyan var havada,
Nə qalıb yaz yağışlarına?
Bütün şairlərlərlə yığışıb gedərik Azadlıq meydanına-
Məni orda öpə bilərsən Elza?
Səndən molotov kokteyili istəmirəm,
Bir bakal pivə bəs edər mənə,
Bütün ayrılıqlara öyrəşməyə.
Məni orda öpə bilərsən Elza?
Piano arxasında,
Minor işvə,
Major naz,
Uzat dodaqlarını biraz!…
O dəniz var haa,
Elza, o dənizin dalğaları it kimi yeyəcək əlimizi, ayağımızı…
O dənizin oğlu, qızı qağayılar,
O qağıyılar da
Bakının məhrəm səmalarından
uçub, gedəcək bir gün.
Əgər…
Düşün,
Bir öpüşlük sevməklər şəhəri boş qalacaq…
Oğullar atalarına açılacaq mərmi kimi,
Atalar, oğullarına.
Qızlar analarına,
Analar, qızlarına.
Və bir gün,
Deyəcəklər ki-
O vaxtkı kişilər, kişi deyildi,
Heç biri Elzanı Azadlıq meydanında öpə bilmədi!
Bilirsən daa,
Trampdan Milenanın ayaqlarına qədər,
Qəribə bir cərəyan var havada,
Nə qalıb yaz yağışlarına?
Bütün şairlərlərlə yığışıb gedərik Azadlıq meydanına-
Məni orda öpə bilərsən Elza?

ÇƏRPƏLƏNGİM ŞAHİDDİR
(Mövlud Mövluda)

Çərpələngim şahiddir,
Sənin səmalarında Tanrı yoxdur məni sevmək üçün…
Gözləmək üçün çox səbəbimiz vardı,
Uzun yollara çıxan qatarlar,
Şəhərin külək əsməyən yerinə gedən taksilər,
Gəlməyən adamlar,
Gəlməyən adamlar üçün gözləməliydik.
Sən sonuncu adam idin..
Dözmək üçün çox səbəbimiz vardı,
İslamçılar,
Katoliklər,
Pravoslavlar,
Musəvilər,
Bir də,
Ateistlər üçün dözməliydik,
Birlikdə dünyanı dəyişdirə bilərdik,
Başını itirmiş adamlar üçün.
Bəlkə başımızı gülləyə sıxıb,
Anamızı qucaqlayırmış kimi qucaqlamalıydıq.
Azadlıq meydanında adama bir siqaret yandırmalıydıq,
Yenə bizim üçün özünü oda atmalıydı siqaret.
Gülüb keçməliydik,
İnsanların ən uzaq ulduza ayaq basmaq istəyinə.
Sən sonuncu adam idin,
Getməməliydin…
Çərpələngim şahiddir,
Sənin səmalarında Tanrı yoxdur məni sevmək üçün,
Elə mənim də.
Və sən də, məni sevəcək biri deyilsən,
Azad edəcək birisən,
Qayıt..

BEYRƏYİN GÜLƏNGİLƏ YAZDIĞI ŞEİR

Tanrı köçüm sənnən keçmiş, gördünmü?
Altmış tutam oxum uçmuş, gördünmü?
Yayım qalxmış, boyum biçmiş, gördünmü?
Üç dişləyib, bir öpdüyüm gedibdi,
Güləngilim başqasını sevibdi.

Köhlən atım baş götürüb qaçıbmı?
Buxunumu qara torpaq qucubmu?
Tanrı görən dərd “çölümə” (ruhuma) acıbmı?
Üç dişləyib, bir öpdüyüm gedibdi,
Güləngilim başqasını sevibdi.

Tərlanlarım mənsiz ova çıxıbmı?
Tazılarım baş çöndərib, azıbmı?
Tanrı evim yağmalanıb, uçubmu?
Üç dişləyib, bir öpdüyüm gedibdi,
Güləngilim başqasını sevibdi.

Tanrı köçüm sənnən keçmiş, gördünmü?
Altmış tutam oxum uçmuş, gördünmü?
Yayım qalxmış, boyum biçmiş, gördünmü?
Üç dişləyib, bir öpdüyüm gedibdi,
Güləngilim başqasını sevibdi.

SƏNi NECƏ UNUTDUM?

Səni bu gecə unutdum
başqasının qollarında.
Bir də nəsə unutmuşdum,
Xatırlamayacam, qorxma…

Dönüb payız ağacına
yarpaq-yarpaq tökülərsən.
Səni kim unudar belə,
Bir də nə vaxt sevəcəksən?

Kim oxşayar gecələr saçlarının kölgəsin?
Kim qucaqlar o boyda,
Kim qucaqlayar səni?
Bacarsan unut məni…

Səni bu gecə unutdum,
Bir az sərxoş, bir az yorğun.
Səni necə unutdum?
Özündən soruşarsan.

Bəlkə…
Bəlkələr heç vaxt
ümidin ağ günü deyil.
Səni belə unutdum-
Içimdəki ağrılar bir az vecsiz,
Bir az veyil…

O şəhərin o tayından ayrılıqlar,
Sənə məktub yazacaqlar:
- Xanım,
Sizi unudub,
dəyməz gözləməyinizə.
O adam bu şəhərə
gəlməyəcək bir də.

Səni bu gecə unutdum,
Səni necə unutdum?

Yazıya 910 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.