MİSƏDİ DAŞDƏMİROV – PAY

mirsədi(yumorlu hekayə)

Mərkəzi icra orqanlarında işləyən yaxın dostlarından biri Heybətə zəng edərək qohumlarının məclisində körpə quzuya ehtiyacı olduğunu bildirir. Xahiş razılıq hissi ilə qarşılanır. Buna görə də Heybət həmyerlisi Hümbəti yanına çağırıb deyir:

- Dur yanıma gəl, sifariş var. Qoyun-quzu kəsib doğramaqda xüsusi səriştəsi olan Hümbət yaxın dostları ilə birlikdə Heybətin yanına gəlir:

- Səni eşidirik, müdür, nə tapşırığın varsa canla-başla icra etməyə hazırıq.

Heybət dostunun qırımından anlayır ki, o da hal-əhlidir, yeyib-içməyə meyillidir. Amma özünü o yerə qoymur. Fikirləşir ki, əvvəl sifarişi yerinə yetirsin, sonra isə birlikdə nahar edib əylənənlər. Odur ki, paytaxtdan gələn sifarişi Hümbətə açıqlayır. Hümbət dərhal müdaxilə edib:

- A müdir, burda nə var ki, asan bir işdir. Bizim qəssab qardaşımız Şükürün məhəlləsində onlarla 10-12 kiloluq quzular var. Birini kəsib  maşınla yola salarıq. Oradan da özləri götürüb apararlar. Bu da olar səndən ona pay. Heybət razılaşır.Şükürün məhləsinə gəlib on dörd-on beş kiloluq quzulardan birini kəsirlər.

- Yeməli quzudur-deyə Hümbət əlavə edir. Bundan gözəl pay ola bilməz.

Heybət quzunun iç-içalatını bişirtməyi Şükürdən xahiş edərək deyir: “Oturub bir loxma çörək yeyərik”. Şükür dərhal evdəkilərə göstəriş verir. Manqal, şiş hazırlanır. Qara ciyər, ağ ciyər, ürək, böyrək, bağırsaqlar şişə çəkilir. Süfrəyə araq, sərin sular qoyulur. Məclis qızışır. Bir qədər keçdikdən sonra yemək azlıq edir. Dostlar qane olmur. Deyingənlik başlayır. Heybət ayağa qalxıb tirdən asılmış quzunun cəmdəyinə baxır. Öz-özünə fikirləşir ki, “görəsən bu qədər əti dostu neyləyəcək? Bəlkə ondan bir qol kəsib yeyək. Qalanını göndərərik”.  Heybətin nə fikirdə olduğunu başa düşən Hümbət bəh-bəhlə dostunu dilə tutur:

-  Quzunun ətinə söz ola bilməz. Amma bu qədər ət bir adam üçün çoxdur. Bəlkə bir az da biz yeyək.

Heybət bu fikirə bənd imiş kimi dərhal quzunun bir qolunun kəsilib-doğranmasına göstəriş verir. Əlavə olaraq quyruqdan da kabab hazırlanmasını tapşırır. Məclis yenə öz ahəngi ilə gedir. Dostlar yeyib-içdikcə təzədən iştaha gəlirlər. Bu dəfə Hümbət ayağa qalxır:

- A müdür, quzunun iki qolu olur. Birini yedik. İkincisini saxlamağa nə ehtiyac var. Adama deyərlər ki, bir qollu quzu olar? Gəlin o biri qolu da kababa çəkək.

Heybət dodaqaltı gülümsəyir. Razılaşırlar. İkinci qol da kəsilir. Az keçmir ki, bu da məclis əhlinə qane etmir. Öz baməzə söhbətləri ilə həmişə diqqət çəkən Kamal ayağa qalxır:

- Atalar yaxşı deyib: “Gördün-quzu, neyləyirsən istiotu-duzu, ye qalsın ikicə buynuzu”. Əzizlərim, indi biz də belə vəziyyətə düşmüşük. Yemək istəyirik, amma quzuya baxa-baxa qalmışıq. Biz canavar-zad deyilik ki, sadəcə insanıq, lakin mədəni şəkildə ətdən kəsib yeyə bilərik. Əlbəttə ki, bir quzu tək adam üçün çoxdur. Ona görə də quzunun sol budunu kəsib kabablayaq. Bud əti şirin olan şeydir. Bəlkə iştahımız sönə.

- Düz deyirsən-deyə yerdən atmacalar səslənir. Quzunun sol budu da doğranıb şişə çəkilir. Kabab qurtaran kimi gözlər yenidən yarı cəmdəyi tirdən asılmış quzuya yönəlir.

Bu dəfə Heybət özünü saxlamaya bilmir:

- Görürəm ki, məclis hələ indi-indi qızışır. Deməli əlavə yeməyə ehtiyac var. Belə olan halda quzunun sağ budunu da kabab etmək yerinə düşər. Sol bud yoxdursa, sağ budu saxlamağa nə ehtiyac var?

Sağ bud da beləcə doğranıb şişə çəkilir. Araya bir az sükut çökür. Heybət ətrafda bir qədər gəzib dolaşdıqdan sonra quzunun tirdən asılmış yarı cəmdəyinə baxır. Gözlərinə inanmaq istəmir. “Ədə, bu qədər əti biz yedik- deyə öz-özünə fikirləşir. “Bəs qonağa nə göndərəcəyəm?” Hümbətlə məsləhətləşir:

-Bilirsən ki, Murtazəli hörmətli adamdır. Uzun illərdir ki, mərkəzi icra aparatı orqanında işləyir, dostumuz, qardaşımızdır. Dərd-sərimiz olanda onunla məsləhətləşirik. Azdan-çoxdan köməyimizə çatır. İndi neyləyək? Bir quzu da kəsdirək, yoxsa elə belə torbaya qoyub göndərək?

Hümbət dostunun fikrini yaxşı başa düşərək əlavə edir:

- Sən heç nədən narahat olma. Quzunun belini və qabırğalarını elə doğrayarıq ki, heç ruhu da inciməz. Sonra salafan torbaya qoyub ağzını bağlayarıq. Payın azı-çoxu olmur ha! Murtuzəli müəllim uşaq deyil ki, yəqin başa düşəcək ki, Heybət tək olmayıb, qol-qənədini dostları ilə yeyib. Yerdə qalanı onun bəsidir.

Beləliklə, dostlar quzunun cəmdəyindən əl çəkirlər. Ətin qalan hissəni doğrayıb salafan torbaya yığaraq  Bakıya-Murtuzəli müəllimə göndərirlər. Heybət dərindən nəfəs alıb, bir siqaret yandırır. Və öz-özünə: “Allah, sənə şükür, bu xatadan da belə qurtardıq. Payın azı-çoxu olmaz, dost yolunda boran olar, qar olar”-deyir.

MİSƏDİ  DAŞDƏMİROV,

 “Mingəçevir” qəzetinin baş redaktoru, yazıçı-publisist

 

 

                                                               Mingəçevir şəhəri

Yazıya 456 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.