Zaur İLHAMOĞLU – Salam, Dədə

36395679_1945108362174523_7874856501817376768_n         (Dədə Qorqudla söhbət)

Salam, Dədə!
Harda idin?
Görünmürdün nə zamandır.
Sən gedəli nələr olmuş bilirsənmi?
Türk elləri yasa batmış, pərişandır.
Sən gedəli oda düşdük,
Canımızı od götürdü, yandıq, yandıq,
Sən gedəli hissə-hissə parçalandıq.
Bozqurdu da hürkütmüşük, gəlmir daha,
Göz yaşıyla oyanır  türk hər sabaha.
Bir vaxt türkün aman verib buraxdığı
İndi qanlı tarix yazır bu gününə.
Bir vaxt türkün qorxusundan
“Çin səddi”ni yaradanlar
indi sənin fərman verir ölümünə.

Bağlarında ağac-ağac meyvələri yadlar dərir.
İndi Qaraca Çobanlar
Dərbəndimdə qoyununa baxmaq üçün
yadelliyə rüsüm verir.
Bamsı Beyrək qılıncının altdan keçən
Yalıncıqlar sultan olmuş,
Görürsənmi nə qəribə dövran olmuş?
Dinlədikcə ağlayırsan,
Ağla, dədə!
Ağla! Türkmən dağlarında yetim qalmış
körpələrə ağla, dədə!
Kərküklərdə viran olmuş
Ailələrə, zümrələrə ağla, dədə!
Bir olmayan altı dövlət,
ölkələrə ağla, dədə!
Yad bayrağı dalğalanan
Zirvələrə ağla, dədə!
Yadellinin dağlarımda çapdırdığı
Altunlara baxıb ağla.
Qaradonlu kafirlərin alıb əsir apardığı
Neçə Burla Xatunlara baxıb ağla.
Sənin yadigar qoyduğun,
indi çilik-çilik olmuş,
qopuzları görüb ağla.
Qıpçaq Məlik zindanında əsir qalan
Uruzları görüb ağla.
Pərən düşən tayfaları:
Qıpçaqları, uyğurları, oğuzları görüb ağla.

Qopuzunu əlinə al,
boylar denən!
Dolaş Turan ellərini
Oba-oba, mahal-mahal,
boylar denən!
“Xudafərin körpüsü”nün üstündə dur,
Bir boy boyla!
Qoy yayılsın o gur səsin
Savalanın zirvəsinə,
Qoy oyansın anam Təbriz gur səsinə.
Təkə-Türkmən ellərində boylar denən,
Bir də gəlsin ötən çağlar.
Uzaq Sibir çöllərində boylar denən,
Geri qayıtsın qıpçaqlar.
Bəlkə, Dədəm gəldi deyib,
Türk elləri oyanacaq.
Səni görüb türk qəlbində
yurd sevgisi yaranacaq.
Get, ey dədəm, get, dayanma.
Qoy Günəşin şüaları
yollarına işıq olsun.
Səni gözlər türk elləri.
Dədəm, yolun açıq olsun!

.

Nə var ki

Ağılnan düşünüb danışmaq gərək,
Söz ağlın quludur, sözə nə var ki.
Üzə vurulan söz ürəyə dəyər,
Ürək sızıldayar, üzə nə var ki.

Od necə yetişir, ocaq nə bilir,
Kökün çəkdiyini budaq nə bilir,
Yolun ağrısını ayaq nə bilir,
Üstündən salırsan, izə nə var ki.

Sağın xeyirxahlıq, solun fitnədir,
“Hər şey” dediyinin sonu “heç nə”dir.
Bu günün təzəsi sabah köhnədir,
Dünya yaranandan təzə nə var ki.

Küldə eşələnmə, köz ola bilər,
Sirr vermə, dillərdə söz ola bilər.
Dağ boyda insanlar toz ola bilər,
Daşı da sındırır, gözə nə var ki.

Nəsə söz deyəndə səbrlə döz, de.
Sonranı fikirləş, saxlayıb üz, de.
Özündən böyüyə “sən” demə, “siz” de.
O da üç hərfdir, “siz”ə nə var ki.

Hər dərdə, əzaba dözmək çətindir,
Çətinlik nədədir, çözmək çətindir.
Zirvədə dolanıb gəzmək çətindir,
Gəzərsən, təpəyə, düzə nə var ki…

.

Külümün altında

Bir vücudda yarandım mən,
İçim çölümün altında.
Tanrı başımın üstündə,
Dünya əlimin altında.

 

Yaşamağım çılğın istək,
Budur vazkeçilməz məslək.
Günlərim yeraltı çaytək
Axar ilimin altında.

 

Hər atəşə gərim sinə,
Yandırsınlar dönə-dönə,
Kül olsam da, közüm yenə
Qalar külümün altında.

Çatmır

Ruh içimdə haray salmış:
-Dərd üstəyəm, dəvam çatmır.
Nə fayda içimdən çölə,
Səsim çatmır, sədam çatmır.

Həm doğmayam, həm özgəyəm,
Bütövdən qopmuş hissəyəm.
Yarımçıq qalmış cümləyəm,
Nöqtəm çatmır, nidam çatmır.

Bacarsan, alışma, yanma,
Bu nə sirdir, nə müəmma?
Hər tərəf açıqdır, amma
Boğuluram, havam çatmır.

Bir günəşəm, kütləm ziya,
Həmdəməm ulduza, Aya.
Nur çiləsəm də dünyaya,
Öz dünyama şüam çatmır.

Əl açaraq göyə hətta,
Dua etsəm də həyatda,
İlişir hansısa qatda,
Allahıma duam çatmır.

.
Könlüm

 

Fələyin köksümə vurduqlarından
Bir gündə min dəfə yarılan könlüm.
Yenə də sən mənə dönük çıxmadın,
Yenidən köksümə sarılan könlüm.

 

Saf oldun, hər kəsə inandın belə,
Həm alışdın belə, həm yandın belə.
De, sən nədən həssas yarandın belə,
Adicə bir sözdən qırılan, könlüm?

 

Nə olar dayanma gəl pərişantək,
Sən ki çırpınardın dəli tufantək.
İndi inləyirsən qəmli kamantək
Nisgilli kök üstə qurulan könlum.

 

Dünənim qəm oldu, bu günüm kədər,
Sabah yaxşı olar, ya bundan betər.
Dincəlmək istərəm, yoruldum…Yetər!
Sən də dincəl biraz yorulan könlüm.

.
Yaşamaq

Bir dəfə gəlirik bu dünyaya biz,
Ömrün başlanğıcı-gəldiyimiz gün.
Kimə uzun olan, kiminə qısa,
Bir ömür verilir yaşamaq üçün.

 

Hər kəsin öz ömrü, yaşam dünyası,
Həyatı özüyçün düşünən də var.
Yaşayıb kimisə yaşatmaq üçün
Ürəyi köksündə döyünən də var.

 

Özüyçün yaşamaq, ömür eləmək,
Sadəcə boş ömrün, boş zamanındır.
Həyat özü üçün yaşayanın yox,
Həyat yaşayaraq yaşadanındır.

 

Eybi yox, ömür sür bənövşə kimi,
Ətrin ruh oxşasın yaşasan da az.
Yoxsa ki ətirsiz, gərəksiz kimi
Qanqal ömrü sürmək ömür sayılmaz.

 

Bir gün “nə etmisən?” deyə vicdanın
Sənə sual edib, hesab çəkəcək.
Bax onda sürdüyün mənasız ömrün
Vicdan qarşısında əzab çəkəcək.

 

Xoşbəxt o kəsdir ki, ömür yükünü
Sonadək fəxrlə daşıya bilir.
Xoşbəxt o kəsdir ki, öləndən sonra
Çoxunun qəlbində yaşaya bilir.

 

Bədbəxtlik o deyil, hansısa yaşda
Əcəl tamam ola, ömür qalmaya.
Bədbəxtlik odur ki, qəbrinin üstə
Səni yad edəsi adam olmaya.

.

Müəllim

 

Müəllim, ey əziz, ey gözəl insan,
Sənə nə söyləyim, olsun dəyərli?
Dünyada elə bir agac varmıdır,
Əkdiyin ağactək ola bəhərli?

Dünyada elə bir zirvə varmıdır,
Sənin fəth etdiyin zirvədən uca?
Mən necə yığım ki, etdiklərini
Müəllim adına sığsın qısaca?

Sən bizə həm ana, həm ata oldun,
Bizimlə bağlandı arzun, diləyin.
Bütün ömrün boyu bizlərdən ötrü
Şam kimi əridi vuran ürəyin.

Haçan dara düşdük, əlin uzadıb
Özünü köməyə yetirmisən sən.
Bizim sabahımız nur olsun deyə
Gözünün nurunu itirmisən sən.

Unudub evində qayğılarını
Məktəbdə büruzə vermədin bir an.
Görüb şagirdlərin ruhdan düşməsin,
Bizləri düşündün sən hər bir zaman.

Bəzən acıladın, danladın bizi,
Ki bizlər düşməyək pis səmtə, yönə.
Deyərdin, “eybi yox inciyin məndən,
Vaxt gələr, minnətdar olarsız mənə”

Allah iki şəxsi sevər hər zaman,
Birisi şəhiddir, digəri alim.
Əgər Allah səni belə sevibsə,
Mən necə sevməyim de, ey müəllim?

Sənin sənətinin bərabəri yox,
O həm şərəflidir, həm də ki çətin.
Dünyada nə qədər sənət var isə,
Qoyub bünövrəsin sənin sənətin.

Yerin bizlər üçün daima uca,
Özü də, qəlbi də təmiz müəllim.
Haqqını yüz ömür ödəmək çətin,
Haqqını halal et, əziz müəllim.
Haqqını halal et, əziz müəllim.

.
Dəyişməz

 

Hisslər, düşüncələr ağıla bağlı,
Ağıl dəyişməsə, güman dəyişməz.
Zərrəcik olmasa, kütlə yaranmaz,
Çətin dəyişməsə, asan dəyişməz.

 

Nələr dəyişirsə, gizli, aşikar,
Kökündə başqa bir dəyişkənlik var.
Çaylar dəyişməsə, dəyişmir axar,
Dəniz dəyişməsə, liman dəyişməz.

 

Közün kütləsindən bir ocaq yanar,
Yaxının sonunda uzaq dayanar.
İtkilər dəyişər, qazanc yaranar,
Xeyir dəyişməsə, ziyan dəyişməz.

 

Əyrilər göstərər doğrunu, düzü,
Var hər görünənin görünməz üzü.
Zamanın varlığı insanın özü-
İnsan dəyişməsə, zaman dəyişməz.

Düşünüb addım at…
Düşünüb addım at ömür yolunda
Taleyin saldığın iz üstündədi.
Səhvlər elədikcə ümidsiz olma
Bəzən əyrilər də düz üstündədi.

Söz üçün deməyə tərpədəndə dil,
Dediyin hər sözün öz yerini bil.
İnsanın kimliyi adında deyil,
İnsanın kimliyi söz üstündədi.

Bağını görməmiş gülünü dərmə.
Dəvət olunmamış içəri girmə.
Hər çörək kəsənə sirrini vermə.
İnsan var çörəyi diz üstündədi.

Hər kəsin yeri var gəl,saxla yadda
Sən də öz yerini qoru həyatda.
Kiminin varlığı ayaqlar altda,
Kiminin varlığı göz üstündədi.
Giley-güzar

Giley-güzar dünyasıdır
Torpaq daşdan gileylənir.
Qış havası duyulduqca
Payız qışdan gileylənir.

Ürək dözmür göynəyəndə.
Bir toxunan söz deyəndə.
Yerində işlənməyəndə
Ağıl başdan gileylənir.

Ağacdan bir meyvə düşür
Bağ köksünə qüssə düşür.
Göz üstünə kölgə düşür
Kiprik qaşdan gileylənir.

Qocalır insan qocalır.
Gəncliyini seyrə dalır.
Zaman bir kənarda qalır
Ömür yaşdan gileylənir.

.

Hələ

Tanrı dərgahından gəldim.
Əmrindəyəm,qulam hələ.
Bəndə qəbul etməsə də,
Tanrıma qəbulam hələ.

Ağlıma məhkum olsam da,
Hissimə qəyyum olsam da.
Çölümdə məlum olsam da
İçimdə məchulam hələ.

Dolmalıyam,daşmalıyam
Çox sədləri aşmalıyam.
Bərkiyib daşlaşmalıyam
Bir duru məhlulam hələ.

Düşünərək dönə-dönə
Başlayıram yeni günə.
Ölüm,mane olma mənə
İşim var,məşğulam hələ.

.
Tənha qadın

Hardasa bir tənha qadın yaşayır:
Tənha taleyilə barışan qadın.
Bu necə həyatdır,bu necə ömür?
İçində od tutub alışan qadın.

Qəhər düyünlənir boğur nəfəsin,
Öldürür yaşamaq eşqin,həvəsin.
Bir kimsə yoxdur ki,dərdini desin.
Axan göz yaşıyla danışan qadın.

Sənə işıq düşmür,kölgənmi düşər?
Dilin yox,dodaqdan kəlmənmi düşər?
Bu yaşda saçlara ağ dənmi düşər?
Gənc yaşda çöhrəsi qırışan qadın.

Qəm-kədər içində keçir ömür-gün,
Sevinclə yaşamaq deyilmiş mümkün.
Kimsəyə görə yox,Allahı üçün,
Həyatda qalmağa çalışan qadın.

.

Üzük

Düzülüb vitrində üstündə qaşı,
Ölçülər müxtəlif,qiymət müxtəlif.
Kim bilir yazılıb bu üzük üstə,
Talelər müxtəlif,qismət müxtəlif.

Çəkidə yüngüldür,qiymətdə baha,
Əzəldən düşmədi zərrə dəyərdən.
Onu hazırlayan qızılla birgə,
Bir az sevinc qatdı,bir az kədərdən.

Nələrə qadirdir gör ki,bu halqa,
Öz yeri,dəyəri zaman içində.
Onu icad edən insan ömrünü,
Büsbütün dəyişir bir an içində.

Keçirib barmağa qızıl üzüyün,
Sevincdən göz yaşı axanı da var.
Taxmayıb saxlayıb öz qutusunda,
Qəmli baxışlarla baxanı da var.

Kim üçün xoşbəxtlik simvoludur o,
Bir ömür həyata bağlandığı yer.
Kim üçün həyatda qəm təcəssümü,
Ölmüş ümidlərin saxlandığı yer.

.

Sənvə mən

 

Bir dünya var, iki insan.
Bir vüsal var, iki hicran.
Bir könül var, iki duyğu.
Bir ürək var, iki arzu-
Sən və mən.

Bir dəniz var, iki dalğa.
Bir yağış var, iki damla.
Bir dodaq var, iki kəlmə.
Bir əsər var, iki cümlə-
Sən və mən.

Bir Günəş var, iki şüa.
Bir səs var, iki səda.
Bir kütlə var, iki zərrə.
Bir ağac var, iki meyvə.
Sən və mən.

Bir sevgi var, iki sevən-
Sən və mən.

.

Bağışla

 

Bir gün xəyalların dərinliyində
Batsam, bağışla.
Bütün həyatını ümidsizliyə
Atsam, bağışla.

 

İndidən deyirəm, demədi demə,
Sonradan, əzizim, küsmə, incimə.
Mənli günlərini mənsizliyimə
Satsam, bağışla.

 

Günlər aram-aram keçər ilindən,
Üzülmə, ləçək də qopur gülündən.
“Əlvida” -deməyə bir gün əlindən
Tutsam, bağışla.

 

Yəqin, düşünəcən, sevməyin budur?
Bu necə fikirdir, necə duyğudur?
Eh, ölüm var, ölüm,
Şirin yuxudur.
Yatsam, bağışla.

.
Sənsizlik

Sən yoxsan, əvvəlki o mən deyiləm,
Bütövdən hissəyə parçalanmışam.
Sən yoxsan, bir ömür çıxmayacağım,
Dibsiz bir boşluğa yuvarlanmışam.

 

Ürəyim köksümdə sıxılır daha
Sənin həsrətindən, intizarından.
Hər gün yağır mənə kədər yağışı
Könlümün pərişan buludlarından.

 

Xəyalın bütün gün gözüm önündə,
Gecə də kipriklər qovuşa bilmir.
Sənin yoxluğuna barışsam da mən,
Ürəyim yoxluğa barışa bilmir.

 

Evdə sıxılmayıb dərdləşmək üçün
Ehtiyac adında qonağım da var.
Gözümün önündə olasan deyə,
Rəsmini düzdüyüm otağım da var.

 

Ruhumu yandırıb, qəlbimi didən
İçimin atəşi, odu -sənsizlik.
Hər günü qayğılı, hər gün fikirli,
Mənim həyat tərzim adı-sənsizlik.

 

Sanki qundağında məhv olan təki
Heç yaşa dolmadı körpə arzular.
Sənli sənsizliyə aparır məni
Həsrətli duyğular, uzaq duyğular.

 

Səni hiss eləmək, səni düşünmək,
Sənli xəyallarım ülviyyətimdir.
Sənsizlik içində sən varsan deyə,
Sənsizlik sevincim, səadətimdir.

.

Sənə görə

Sənsizliyin atəşindən içim yanır,

Odlanıram, alışıram sənə görə.
Heç vaxt gerçək olmayacaq xəyallarla
Dərdləşirəm, danışıram sənə görə.

 

Bu nə duyğu? Ruhum səndən çətin doya,
Kimsə hakim ola bilməz bu duyğuya.
Sənsizliyin acısını duya-duya,
Sənsizliyə qovuşuram sənə görə.

 

Ruhum şaddır bu taledən, bu qismətdən,
Könlüm xoşdur bu hicrandan, bu həsrətdən.
Məni tapan neçə eşqdən, məhəbbətdən
Yan keçirəm, sovuşuram sənə görə.

 

Sənsizlikdir açılan hər günüm bil ki,
Sənsizliyə açılan gün gün deyil ki.
Mənə qalsa, yaşamazdım, amma gəl ki,
Yaşamağa çalışıram sənə görə.

.
Bacarmadın

 

Tənhalıq sarmaşıqtək sarımışdır dörd bir yanın,
Günahkarı özünsən tək qaldığın bu anın.
Çünki bütün ömrüylə sənin olan insanın
Olmağı bacarmadın!

Əsl sevən bilir ki, təmiz sevgi yükü nə,
Hər ürək tab eləmir bu sevginin yükünə.
Sən isə bu sevgini ürəyinin içinə
Almağı bacarmadın!

Haçan pərişan oldun, mən ahəstə, aramla,
Səndə gülüş oyatdım şirin sözlə, kəlamla.
Sən belə bir ürəyə süzülüb damla-damla
Dolmağı bacarmadın!

Səni günəşim sandım geniş asimanımda,
Uca sarayım bildim könül xanədanımda.
Ehh, nələr düşünmədim,.. sən yenə də yanımda
Qalmağı bacarmadın!

 

Yazıya 590 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.