Təbriz Masallının şeirləri

təbriz

Kultur.az saytı olaraq gənc və həvəskar yazarlara dəstək olaraq bu gün də gənc bir istedadın,  Təbriz Masallının şeirlərini dərc edirik.

 

 

 

Mən ah eləsəm qarə buludlar ilə göylər ,
Həsrət yağışından məni sən üçün sipər eylər.
Sən söyləmisən sevgiyə bənzərdi çiçəylər ,
Əfsus ki,xəzan nəğmələri ömrə tələsdi ,
Həsrətli xəyallar ilə vəsfin mənə bəsdi .

 

Öz dərdimi açsam buna acizdi varağlar,
Bir dərdimi duysa bütün aləm mənə ağlar.
Hər şeridə min mənada səndəndi sorağlar ,
Amma ki,geri dönməyəcəysən bu əbəsdi ,
Həsrətli xəyallar ilə vəsfin mənə bəsdi .

 

Öz dərdimi açdım gecə döndü,səhər oldu,
Dünyaya gələndən mənə həmdəm kədər oldu.
Məcnun eşidib dərdlərimi dərbədər oldu,
Ol dəmdə təlatümlü küləy şövq ilə əsdi ,
Həsrətli xəyallar ilə vəsfin mənə bəsdi .

 

Təbriz adını vəsf eləyib, şerə vuruldu ,
Yoxsan ki,baharim bu ömr gülləri soldu.
Ruhum sənə təslimdi və canim sənin oldu,
Sənsiz yaşanan saniyədə ölmə həvəsdi ,
Həsrətli xəyallar ilə vəsfin mənə bəsdi.

 

*********************************

 

Necə Fərhada olum eşqdə həmtay-nə bilim.
Bilmişəm həddimi bundan belə mən day nə bilim.

 

Yalnız alçaldım ucalmaq yerinə, hər dövrü ,
Leyli Məcnunu edər aləmə rüsvay nə bilim.

 

Payız əyyamına düşkün biriyəm əvvəldən.
Nə təravətdə olur fəsli-bahar,yay-nə bilim.

 

Gül cəmalıyla verib şəmsə gözəllik hətta,
Bəlkə yarımdan alır nurunu həm ay-nə bilim

Ya mən hicranımı zay eyləmişəm sevdadə,
Çatmadım vəslə ya ömrümdü olan zay-nə bilim.

Daim əlbət ürəyin sahibi mənnən birdir
Bir müqəddəsdi bu birdən savayı say-nə bilim

Oxuyanlar deyəcək Təbrizin ilhamı gəlib
Yenə misrayə salıb vay nə bilim,ay-nə bilim.

 

 

Yazıya 598 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.