AKİF ABBASOV – “BOZBAŞLA PEÇENYE”

akif abbasov(hekayə)
Sovet hakimiyyəti illəri idi. Faizlə Fəxrəddin dəmiryol stansiyasının yanındakı yeməkxanaya gəldilər. Axşamüstü idi. Burada yaxşı qazan yeməkləri verirdilər. Ucuzluq idi. Yarpaq dolması sarımsaqlı qatıqla, kələm dolması, “üç bacı” (pomidor, bibər və badımcan dolması), piti, bozbaş, şorba (mərci şorbası, lobya şorbası, düyü şorbası, borş, dovğa, qutab… Bir sözlə, xətrin nə istəsə. Kabab da çəkirdilər. Araq, pivə, konyak, şampan şərabı, çaxır da öz yerində. Əslində restoran idi, amma adına yeməkxana deyirdilər.
O zamanlar “Şipuçi” dəbdə idi. Şampan şərabını xatırladırdı, amma ondan ucuz idi.
Çeşid bolluğu, qiymətlərin münasibliyi səbəbindən xüsusilə axşamüstülər müştəri əlindən buralarda tərpənmək olmurdu. Samovar çayı, kəklikotulu, mixəkli, nanəli çay da sifariş vermək olurdu, kəllə qəndlə, mürəbbə ilə. Baxır, kim nə ilə, necə xoşlayır.
Yer tapılmayanda başqa yerə getmirdilər, dayanıb, gəzişib stolların boşalmasını gözləyirdilər.
Faizlə Fəxrəddin üçün əlüstü yer düzəltdilər. O zamanlar jurnalistlərin hörməti çox yaxşı idi. Çəkinirdilər onlardan. Yazdıqları felyetonları, tənqidi məqalələri tədbir görülmək üçün prokurorluğa, məhkəməyə, milis şöbəsinə, xalq nəzarəti komitəsinə… göndərirdilər.
Xörəkpaylayanın dayanıb gözlədiyini görən Faiz:
-Mən yarpaq dolması yeyəcəyəm, -deyib üzünü jurnalist dostuna tutdu: – Bəs sən?
Fəxrəddin:
-Elə mən də…
Faiz sifariş verdi:
-İkimiz üçün də yarpaq dolması gətirirsən. Qatıq turşumuş olmasın ha.
-Yox, nə danışırsınız. Təzədir. Kənddən bu gün gətiriblər.
Faiz davam etdi:
-Adama yüz qram araq, bir şüşə “Şipuçi”, göy-göyərti, pomidor, xiyar, pendir, duzlu xiyar, zeytun … gətir.
Xörəkpaylayan iti addımlarla uzaqlaşdı. Qarşıda çalsaç kişi əyləşmişdi. Bayaqdan səsi çıxmırdı, redaksiya işçilərin görüb özündən çıxdı:
-Burda, bu şəhərdə hökumət yoxdur. Olsaydı, bu oyunu çıxarmazdılar. Adamı adam yerinə qoyardılar.
Faizlə Fəxrəddin diqqət kəsildilər.
-Mən dəmiryolçuyam. Bu yeməkxana da dəmiryol stansiyasına baxır. Buranı biz dəmiryolçulara xidmət etmək üçün açıblar. Amma bunlar ordan-burdan gələnlərin qulluğunda durur, bizi adam yerinə qoymurlar. Elə bil bizim pulumuz qəlpdir. Bu hökumət hara baxır? Bu şəhərin yiyələri nə fikirləşir?
Faiz soruşdu:
-Ağsaqqal, nədir səni narahat edən?
Dəmiryolçu:
-Bozbaşı gətirib qoyublar qabağıma, – dedi. -Yeməkxanada çörək yoxdur ki, yeməyimizi yeyək. Deyirlər peçenye ilə ye. Hökumət var? Varsa, bu özbaşınalığa niyə son qoymur?!
Fəxrəddin keçib onun yanında əyləşdi. Çalsaç kişi sakitləşmək bilmirdi:
- Çörəkləri olmasa da, alverlərindən qalmırlar. Bozbaşla yeməyə peçenye verirlər.
Faiz yeməkxananın müdirini çağırdı. Akt tərtib etməyə başladılar. Müdir əl-ayağa düşdü:
-Ay millət, biz kimə bozbaşla peçenye veririk? Bu yoldaşa deyilib ki, çörək maşını gəlib çıxmayıb. 5-10 dəqiqə səbir etsin. Özü deyib ki, peçenye də olsa gətirin. Gözləyə bilmirəm, növbəyə gedəcəyəm. Ay dayı, belə oldu, ya olmadı?
Dəmiryolçu bozardı:
-Nə olsun mən dedim, bəs sizin qanacağınıza nə qalıb? Xidmət mədəniyyətiniz budur?
Fəxrəddin söhbətə qatıldı:
-Bir tin o tərəfdə çörək mağazası var. Nə əcəb alıb gətirmirsiniz?
Müdir aydınlaşdırdı:
-Bilirsiniz, bu, dəmiryol idarəsinə baxan yeməkxanadır. Dəmiryolu yeməkxanalarının öz idarəsi, öz müdiri var. Hacıqabulda yerləşir. Qayda-qanun elə qurulub ki, biz ərzağı, o cümlədən çörəyi yalnız həmin idarədən ala bilərik. İxtiyarımız yoxdur ki, çörəyi buradakı çörəkxanalardan, yaxud çörək zavodundan götürək. Bəla burasındadır. Oradan göndərirlər. Zəng eləmişəm. Maşın indilərdə gəlməlidir. Yolda xarab olubmuş. Bu ağsaqqala da vəziyyəti anlatmışıq. Özü təkid edib. Deyib gözləyə bilməz. Peçenye də olsa, gətirin.
Faiz aktı tərtib edə-edə:
-Hər halda işləriniz düzgün qurulmayıb. Bu kişi haqlı şikayət edir. Ay dayı, olanları bu akta yazdıq. İndi gərək qol çəkəsən.
Dəmiryolçu:
-Yəni deyirsiniz bunları baqaja qoyum? Mən iş verən deyiləm.
-A kişi, bayaqdan şikayət etmirsən ki, hökumət yoxdur, bunlar səni incidirlər?!
-Mən qol çəkməyəcəyəm.
-Bəs niyə səsin buraları götürmüşdü? Gör nə qədər adamı narahat etmisən! Sən deyildin deyən hökumət yoxdur? Biz hökumət nümayəndəsiyik. Çağırışına gəlmişik. Sabah olanları qəzetdə verəcəyik.
Dəmiryolçu:
-Mən elə şey deməmişəm! Hökumət də var, qanun da! Mən özüm dedim ki, bozbaşı peçenye ilə yeyəcəyəm.
Faizlə Fəxrəddin qaldılar mat məəttəl. Faiz aktı cırıb atdı. Üzünü yeməkxana müdirinə tutaraq dedi:
-Bu kişi bundan belə sizin yeməkxanaya gələndə bozbaş, kabab, dolma nədir, heç su da, çay da verməyin buna! Çox mövqesiz adamdır.

 

Yazıya 508 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.