Kənan Aydınoğlu – “Azərbaycanın” (tək şeir)

1902788_614529541965133_896121757_nMüstəqil müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası münasibətilə

Ruhuma dopdoğma duyğular kimi,
Sevinir Xəzəri Azərbaycanın.
İslam dünyasında sülh tərəfdarı,
Tanınır səfəri Azərbaycanın.

Günü başlayasan Haqqın sözündən,
Aləm yaradasan, dünya, özündən.
Şükürlər olsun ki, yenə gözündən,
Dağılır kədəri Azərbaycanın.

Yenə dilə gəldi könlümün simi,
Dar günə düşəndə çağırım kimi?!
Gözümün önündə qapılar kimi,
Açılır səhəri Azərbaycanın.

Danışma sən mənə o Şah Qacardan,
Könlümü oxşayan bu ilk bahardan.
Bu doğma torpaqdan, doğma diyardan,
Duyulur zəfəri Azərbaycanın.

Bax, sevinc sevincə qarışır bu gün,
Küsülü qalanlar barışır bu gün,
Körpətək dil açıb danışır bu gün,
Kəndi və şəhəri Azərbaycanın.

Qan tökmək Vətənçün-ömrə yazılıb,
Dünya xəritəsi çoxdan cızılıb.
Unutma, dünyada dərin qazılıb,
Cəbhəsi, səngəri Azərbaycanın.

Haqqın ünvanıdı-könlü ahadı,
Xitabı, nidası vəzir, şahadı.
Hər sözü gövhərdən, ləldən bahadı,
Yoxdu ki, zəhəri Azərbaycanın.

Köksünü ötürdü həftələrlə il,
Qərib bir diyara olmaz ki, meyil,
Dünya dağılsa da, soyuyan deyil,
Qəlbinin təpəri Azərbaycanın.

 

Gerçəyə çevrilən diləyim kimi,
Səcdəyə qapanan mələyim kimi,
Köksümdə döyünür ürəyim kimi,
Obası, elləri Azərbaycanın.

Göz yaşım süzülüb qarışır selə,
Bu qara yellər də əsməsin belə,
Qoşqartək vüqarlı boylanır elə,
Dənizi, gölləri Azərbaycanın.

Mayası yoğrulmaz qəmdən, kədərdən,
Razıdı yazılan ömür, qədərdən,
Şükür ki, ötməyib bu gün hədərdən,
Ayları, illəri Azərbaycanın.

Mən hələ Gəncədən söhbət açmıram,
Sözümü ortada qoyub, qaçmıram.
Süleyman mülkündən hələ köçmürəm,
Gözəldi gülləri Azərbaycanın.

Dünyanın yolunu Haqqa döndərin,
Sevgidən bir pay da mənə göndərin.
Çiçəklər ölkəsi-ULU ÖNDƏRİN,-
Möhtəşəm əsəri-Azərbaycanın.

Haqqın vergisinə Haqq kimi baxan,
Dağılmış evlərdə min büsat quran.
Elə arxalanan, elə inanan,
Yaşasın RƏHBƏRİ Azərbaycanın.

    Yazıya (66) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.