Məmməd İlqar – “Mən şeir yazmıram, oğul”

memmed-ilqar-300x4241Məmməd İLQAR – 70

Azərbaycan Türk poeziyasının ünlü ismi MƏMMƏD İLQARIN 70 illik yubileyi münasibətilə çağdaş ədəbiyyatımızın öndərlərindən olan bənzərsiz şairimizi, dəyərli aydınımızı və ustadımızı səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, könül xoşluğu və uzun ömür arzulayırıq! Sevgi və sayqılarla; İbrahim İLyaslı, İradə Aytel, Tural Adışirin…

Məndən sənə qalan sözdü

Adına dünya deyirik,
Canına dua deyirik,
Gözəlsən, guya, deyirik –
Bilən varmı peşən nədi?..

Qalan sənsən, qonan bizik,
Yalan sənsən, yaman bizik,
Ocağında yanan bizik–
Qazanında bişən nədi?

Sözdü, qəsrim-qalam, sözdü
Sözdən qeyri-yalan sözdü!
Məndən sənə qalan, sözdü,
Səndən mənə düşən nədi?

Ah, yaşıl köynəkli, yaşıl oğullar

Sevib də sınağa düşən,
Dilindən dustağa düşən,
Allahın adına çəkdiyi ah da
Qayıdıb varağa düşən şairlər!

Çatılıb qolları,
Alınıb səsi,
Ömrü tufanlara tuş qoyulanlar!
Səcdə qılınası,
And içiləsi
Adları önünə “quş” qoyulanlar!
“Ənəlhəqq” bağırıb,
“Ənəlhəqq” deyib,
Yaşıl sevginizdən asılırsınız!
Min-min sevənlərin ürək qanıyla
Min il sonralara yazılırsınız!
Ah, yaşıl köynəkli,yaşıl oğullar…
Xəstə baxışlara,
Yamyaşıl yarpaq da
xəzəl görünür?!.
Nə qəm –
Nəsimilər dar ağacında,
gözəl görünür!!

***
İlahi! Belə də gözəl olarmı?-
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz- üzə, göz- gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir,

Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən…
Gül üstündə arıya bax bircə sən-
Gör gülün nazını nə gözəl çəkir?…

Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl !..
Mən ölmüş neynim ki, gözündən, gözəl-
Nə bir könül doyur, nə göz əl çəkir !

***
Ay gözü göyçəyim, gözün hardadı –
Dən salıb saçıma dərdin dən, belə…
Yeriyən, danışan ölüyəm sənsiz –
Kim ölər mənimtək dərdindən belə?..

Dərd oxuna nişangahdı sinəm də,
Dərd əlindən ha gizlənəm, sinəm də.
Nə dərd desən yuvalanıb sinəmdə -
Bir bala sərçənin dərdindən belə…

Tapşır gözlərinə ilqara gəlsin,
Qiyma ki, ay qara, il qara gəlsin.
Gələn dərdin Məmməd İlqara gəlsin –
Neynər dərdli kəsə dərd indən belə?!.

***
Əcəb gündü – günlərin ən gözəli,
Gördüm səni – əcəb düşdüm oda mən.
Camalın ki, şölə verib yanırdı,
Bax, o gündən səcdəliyəm oda mən.

Kəsmə kərəmini, bir kərəm eylə,
Neynək, kərəmini bir kərəm eylə…
Gəl yandır, məni də bir Kərəm eylə –
Yəqindi ki, yanmalıdı od əmən.

Açmadınsa, hər yetənə qəlbi – düz!
Məcnundusa, fərqi nədi: qəlbi, düz?
Səndən ötrü əhdi qayım, qəlbi düz,
Məmməd adlı bir şair var – o da mən!

***
“Sənə də qar yağdı, güvəndiyim dağ.”
Özün bir vaxt dost demirdin mənə bə?
Məsəl var ki- “dost-dostuna tən gərək”,
Tənə gəlir bu dostluqdan mənə bə…

Nənəm derdi-bir verməsən üç alma,
Oxu bir al, birinci ol, üç alma.
Nağıl bitdi, göydən düşdü üç alma,
Biri ona, biri buna, mənə bə?..

Kişi gərək “qan bağlaya” şər kəsə,
Heç bir dosta tuş gəlməsin şər, kəsə!
Qatma məni “bə!” dediyin şər kəsə,
Mənəm-Məmməd İlqar-indi mənə “bə”?

***
Qönçələr bürüyüb çölləri yenə
Açallar, inşallah, gül, gülə-gülə
“Görəllər-güləllər” gəlməz eyninə,
Sarılar, sarmaşar gül gülə, gülə.

Güllər al-əlvandı, bülbüllər sarı,
Görməsin gül üstə bülbüllər sarı.
Güllər gülümsünər bülbüllər sarı,
Görən, varmı görən gül gülə gülə

Yarəb, yetir məni bir gülə, dedim,
Məmmədin könlü də bir gülə-dedim.
Açdım ürəyimi bir gülə dedim
Ağlar qoydu məni gül gülə-gülə

ANAM QAZAX

Anam Qazax, bir qafiyən “uzaxdı”,
Yaxın olsun, nə qafiyə gəzim ki?
Dil ağızda, qələm əldə titrəyir,
Allah kəssin, sənətdimi bizim ki?

Anam Qazax, sən anamdan əzəlsən,
Əl uzatsam ətəyinə yüz əlsən,
Necə deyim gözəllərdən gözəlsən,
Səndən gözəl heç görübmü gözüm ki?

Səni deyib, Səndən uman-Sənindi,
Qəlbə işıq, haqqa iman-Sənindi,
Nə yazmışam yaxşı-yaman-Sənindi,
Şirəsini səndən alır sözüm ki!

Varsan-üzü ağ gəzirəm dünyada,
Səndən uca dağ gəzirəm dünyada,
Baxma belə şax gəzirəm dünyada,
Hüzurunda qatlanacaq dizim ki!

Anam Qazax, adın düşsə dilindən,
Məmməd İlqar, qurtulmasın zülümdən,
Zülüm dərddər, zülüm çəkər əlimdən,
Canımda var, sən verdiyin dözüm ki!

A GÖYÇƏK

Göyçək günlər gözləməkdən üzüldüm,
Gələcəkmi göyçək günlər, a göyçək ?
Cənnətdəkilər çəkəmmədi cəfanı –
Culadılar – sən çəkərsən, a göy*, çək.

Fağır canım bir də dönüb baxdı nə…
Nolasıydı bir cununun baxtı, nə ?
Görən dedi, göydən düşüb baxtına,
Mələkdisə, mələyini a göy, çək!

Məmməd İlqar, baxma bağrın yaradı,
Ad çəkməsən bu söz nəyə yaradı?..
Beşcə göyçək hərfdi – olub yar adı,
Dörd göyçəyin axırında “a” göyçək.

***
Ən gözəl dərdimsən dərdlər içində,
Dərdindən düşmüşəm dərdə mən, gözəl.
Dərd gözəl çəkilir – əgər gözəlsə,
Gözəl dərd diləsən, dərdəm – ən gözəl.

Sərdim gülşənini dərdə, mən ömrün,
Dər gülüm, gülünü dər də, mən – ömrün.
Hər günü ölümdü dərd əmən ömrün-
Ölərmi sən kimi dərd əmən, gözəl?!

Məmməd, könül sevdi, kimə nə, dərdi
Özgə kim sevdirər ki, mənə dərdi?…
Bilməm bu sevginin kimə nə dərdi?
Mənə dərd gözəldi, dərdə mən gözəl!

***
Qarı dünya, bu nə qovğa,nə qaldı-
Aman ver,aman ver,a yağı,bir…bir…
Öyündüyüm-güvəndiyim nə qaldı?
Alırsan əlimdən a yağı,bir-bir.

Ha çağırdım-taleyim hey…baxtım hey…
Gah bulanıb,gah durulub axdım hey…
Yüz gümanla ağ yollara baxdım hey…
Getdi gözlərimin ay ağı,bir-bir.

Məmməd İlqar,dar günündü,seyr elə-
Nə vaxt düşər, bir də belə seyr ələ…
İnanmazdın-qohum-qardaş seyrələ-
Çəkilə dostların ayağı bir-bir.

***
Ölüb dirilirəm minillərdi ki,
Ölüm göstərirsən nə mənə,Tanrı?..
Sənin qəhrin hədər,mənim qargışım-
Nə sənə yaraşar,nə mənə,Tanrı.

Nə sadiq əsgərdi kədər,gör sənə,
Üzüm üzlər görüb,kədər görsə nə?..
Qıyma körpə gözdə kədər görsənə,
Qönçə yanaqlara nəm ənə,Tanrı.

Məmmədi qorxutmaz qar-ayaz daha,
Neynər Savalanda qara,yaz daha?!.
Yüz də taleyimi qara yaz daha-
Nəmənə dərddi ki,nəmənə,Tanrı?!.

***
Yönü Vətən sarı,qərib bir qoca,
Bayatı çağırır:-eləmi dağlar…
Necə göynəməsin,güşümləməsin-
Çəkilib köysünə eləmi dağlar?

Dedim de dərdini sən,əmi-bilmir…
Bilmir harda qalıb sənəmi,bilmir…
Baxtamı qarğasın,sənəmi,bilmlr-
Viranə obaya,eləmi,dağlar?

Tutmaz eldən ayrı tutmaz ömür dən,
Məmməd İlqar ummaz elsiz,ömürdən.
Obasız olumdan,elsiz ömürdən
Ölüm urvatdıdı,eləmi dağlar?!.

***
Dünyada hər rəngin öz gözəlliyi,
Sorma ağ gözəldi,qara,ya sarı?
Beçərə qaranı nə qarğıyım ki,
Baxt özü meyl edib qaraya sarı.

Hani,tərlan könül sar alan anlar?
Bunu korun-korun saralan anlar…
Yetişdi ömür-gün saralan anlar-
Əcəb yaraşıqdı qaraya sarı.

Məmmədin İlqarı ay,qara yoxsa,
Adını anmazdı ay qara,yoxsa…
Nəsə pıçıldayır Ay qara,yoxsa-
Belə gülümsəməz qar,Aya sarı.

PANTOMİM TƏCNİS

Dərdini dərdimin qardaşı sandım,
Yaş oldum yanaqda mən,belə-belə.
Bezdim yalanından qardaş,usandım,
Heç səni bilməzdim mən belə,belə…

Kimik bundan sonra,-elə beləyik…
Qıyıb can vermədik elə,beləyik…
Burda ikimiz də elə beləyik-
Sən elə beləsən,mən belə belə!..

Dil tökdün Məmmədə-ay belə…filan…
Göydə Günəş belə,Ay belə,filan…
Məni sən yanıltdın ay beləfilan-
Sənə neyləmişdim mən belə belə!!.

***
Qönçələr bürüyüb çölləri yenə
Açallar, inşallah, gül gülə-gülə
“Görəllər-güləllər”-gəlməz eyninə,
Sarılar, sarmaşar gül gülə, gülə.

Güllər al-əlvandı, bülbüllər sarı,
Görməsin gül üstə bülbüllər sarı.
Güllər gülümsünər bülbüllər sarı,
Görən, varmı görən gül, gülə gülə.

Yarəb, yetir məni bir gülə, dedim,
Məmmədin könlü də bir gülə-dedim.
Açdım ürəyimi bir gülə dedim -
Ağlar qoydu məni gül, gülə-gülə.

ANAMIN SAÇININ QARA VAXTLARI

Hopub yaddaşıma göy qurşağıtək,
Göynəyir sinəmdə, sinə dağıtək,
Ovunmur evimin kür uşağıtək
Anamın saçının qara vaxtları.

Ah, necə duruydu eşqim, ay Allah,
Nə qədər təmizdi ürəyim onda…
Nələr vəd etməzdi mənə xəyallar,
Nə daşqın dənizdi ürəyim onda -
Anamın saçının qara vaxtları.

Bilirdim Göylərdə qar var, yağış var,
Bilirdim yollarda eniş – yoxuş var,
Bircə bilmirdim ki, bu yer üzündə
Neçə ” yox olmaq” var, Neçə “çıxış” var
Anamın saçının qara vaxtları.

Belə hərlənəsi başım yoxuydu,
Belə sellənəsi yaşım yoxuydu,
Sevgi məktubları yazırdım hələ-
Bu gidi dünyayla işim yoxuydu.
Anamın saçının qara vaxtları.

Hələ ümidlərin sıx vaxtlarıydı,
Arzumun çoxunun sağ vaxtlarıydı,
Baxtımın, günümün ağ vaxtlarıydı
Anamın saçının qara vaxtları.

Deyim ki, yuxuydu -yuxu deyildi,
Deyim ki, nağıldı- Axı deyildi?
Bir onu bilirəm, ay ağ saçlarım,
Anamın ömrünə yağı deyildim
Anamın saçının qara vaxtları.

MƏN HƏMƏN OĞLANAM, A DAĞ YOLLARI

Ömrün o başından dönüb gəlmişəm,
Mənəm, Başınıza dönüm, gəlmişəm.
Bəs məni yandırıb, nə yaxırsınız,
Belə maddm – maddım nə baxırsınız.
Bax bu palıdların budaqlarında
Yellənən oğlanam, a dağ yolları.
Sorub baldırğanla bulaqlarından
” Keflənən” oğlanam, a dağ yolları,
Mən həmən oğlanam, a dağ yolları.

Qayalar belində gül bitirərdi,
Di gəl ki, xoşluqla gül verməzdilər…
Əlimi uzatsam əl yetirərdi,
Gicitkanlar mənə gün verməzdilər,
Qanıma bələrdi moruq kolları,
Mən həmən oğlanam, a dağ yolları.

Almazdım eynimə çəni, çiskini,
Dolu da yağsaydı – qənd deyildimi?
Sizdən küsən günü qəzəbim, kinim
Bir tütək səsinə bənd deyildimi?
Gözümə çıxardı könlümün varı,
Mən həmən oğlanam, a dağ yolları.

Sinəmdə bir belə sevgi varikən
Bu səfeh səbrimlə dil tapammadım.
Daşın da qəlbinə yol taparikən
Bir şəhər qəlbinə yol tapammadım…
Gəlmişəm- ətək boş, ömür-gün yarı,
Mən həmən oğlanam, a dağ yolları.

Bir böyük sevgidən yıxılmışam mən,
Bilirəm dadını diz ağrısının.
Babamın başına qaxılmışam mən,
Bələdəm oduna söz ağrısının.
Bu qədər sınağa çəkməyin məni,
Siz mənim xətrimə dəyməyin barı.
A dağ yolları…

Getdi o dumanla güvəndiklərim,
Əlim ətəyinə yetməz, bilirəm,
Qalan gümanlarım- saman çöpləri…
Mən sevən ölümə getməz, bilirəm
Bu tale yolları, bu baxt yolları.
Məni qinamayin,a dag yollari
Mən həmən oğlanam, a dağ yolları.

***
Salam, Qara Quzey, salam, Ağ dərə!
Çeyillər, çəmənlər, necə varsınız?
Bir nəğmə yazmışam – sizə göndərəm -
Müğənni kəkliklər, oxuyarsınız.

Sizdən ayrılalı kiməm, gör nəyəm…
Bir parça ürəkdə min ölüm oldu.
Ağlama, ay bulud, mən də kövrəyəm,
Mən ölüm ağlama, “mən ölüm” oldu!

Nə sirli sevdalar coşur canımda,
Dəli duyğuların yuxusu gəlmir.
Havaxtdı tələbə çamadanımdan
Qoyun pendirinin qoxusu gəlmir.

Of, necə qurutdu bu şəhər məni,
Ruhum aranızda, can qəfəsdədi.
Ta çətin saxlayar fələklər məni,
O hicran vardı ha, – son nəfəsdədi…

ANAM ÜÇÜN GECİKMİŞ ŞEİR

Adına urvatdı bir söz yazmadım,
Göynəyə-göynəyə yazıram indi…
“Ölürəm” – deyəndə qulaq asmadım, -
yerinə ölməyə hazıram indi…

Başıma çox bəla gələ bilərdi,
Bir az dünyanı da bilə bilirdim.
Hər kəsin anası ölə bilərdi,
Bircə sən ölməzsən elə bilirdim…

Sənsiz növrağımız necə dəyişdi,
Sonsuz möhnətlər var, ana, qarşıda
Sənin ömür payın quzeyə düşdü,
Qəbrini qurmuşuq günəqarşıda.

Günəş buludlara girəndə bildim
Nə üçün,nədən -
Onsuz həyat yetər sona – deyillər,
Mən səni torpağa verəndə bildim
Niyə torpaqlara Ana deyillər…

QIL KÖRPÜ

Məni bu gecənin əlindən alma,
Alma bu gecəni mənim əlimdən.
Bu gecə bir daha qismətim olmaz -
Görüş gecəmizdi – ən əvvəlimnən.

Ayrı qonaqlardı bu gələnlərim -
Kefcil dostlarıma oxşamır, ana,
Bağlama bu gecə pəncərələri,
Bağlama qapını, yaxşımı, ana?

Bu gecə illərim ələnməlidi -
Ən gözəl ilim də, ən bekarı da!
Axır ki, bu gecə bilinməlidi
Bir belə günahın günahkarı da!

Bu gecə sonudu qaranlıqların,
Yaddaşım nurunu Aydan alacaq…
Kim kimə göstərib bu dar yolları,
Kim-kimi aldadib aydın olacaq.

Tutacaq yerini yaxşı da, pis də,
Söküb yeməyəcək yalan, ömrümü.
Bu gecə taleyim “qıl körpü” üstə -
Məhşər gecəsidi qalan ömrümün…

Məhşər gecəsidi – bilmişəm artıq,
Çəkəcəklər məni son imtahana.
Günahsız vaxtlarım,
duru vaxtlarım…
Bəlkə də, bəlkə də… Nə bilim, ana,
Baxıb görürlər ki, ölmüşəm artıq -
Dəfnimə yığışır diri vaxtlarım?..

Alma bu gecəni mənim əlimdən,
Məni bu gecənin əlindən alma.
Bu gecə qorxum yox mənim ölümdən -
Bu gecə bir daha qismətim olmaz…

***
Bu qızda ədaya, ərkə bax, Allah,
Ərzi titrədəcək ədası bunun.
Doqquz planetdə düşür söhbəti,
Ərşi-gürşü sarıb sədası bunun.

Sübhanın sehridi işvəsi, nazı
Güllər gözəlidi, sular sonası,
Bir addım gözündən qoymur anası –
Bəylərbəyidirmi atası bunun?

Xətri əziz olsun, xətrə düşəndi,
Tərifi misraya, sətrə düşəndi,
Nə mənə rəhmindən qətrə düşəndi –
Nə məndən xal olmaz xatası bunun.

Düz olmaz, desəm ki, dərdindən ölləm,
Ya da Kərəm kimi yanıb kül ollam.
Amma meyl eləsə qadasın allam –
Zəhər-zəqqum olsa qadası bunun.

Haqqım yox ki, deyəm – pis cavansınız,
Bir eşqin izində yüz cavansınız…
Qıymıram, ay dostlar, siz cavansınız,
Məmməd İlqar olsun fədası bunun.

Şəhidlər Xiyabanında deyilmiş 2 yarpaq söz

1-ci yarpaq

Bu qırmızı kəcavədə
Gələn oğlana yol verin.
Vətən nədi?-Vətən deyib
Ölən oğlana yol verin

Ta sağalmaz yaraları,
Ha sarı anam,ha sarı…
Dağılan bürcüm-hasarım,

Qalam oğlana yol verin.
Sirrim,sirdaşım oğlana,
Yurdum,yurddaşım oğlana,
Atam, qardaşım oğlana,
Balam oğlana yol verin.

2-ci yarpaq

Ağlamam ahına qardaş,
Bizi ahımız aldadır!-
Son Pənaha güvənirik
Son Pənahımız aldadır…

Yaşdanırıq-yaş xəyaldı,
Yaşayırıq-boş xəyaldı…,
Hər gecəmiz xoş xəyaldı,
Hər sabahımız aldadır.

Candan canımız ayrılır,
Bundan anrımız-ayrıdı…
Göydə Tanrımız əyridi-
Yerdə şahımız aldadır?!

BİZƏ QİBLƏMİZİ GÖSTƏR

Ey, televizyonçu!
Burax, bu duzsuz şouları.
Burax, bu əttökən əyləncələri,
kefləri.

Qeyrətimiz çürüyür axı, qardaş,
Yaddaşımız kiflənir…
Minillərdi üzü Kərbalaya ölür
bu millət

Dualarını yönü Kərbalaya deyir…-
Minillərdi dözmüşük, yenə dözərik,
hər bəlaya – deyir?..

Burax, bu əttökən əyləncələri,
Bizə qibləmizi göstər, əfəndim!
Xocalı çöllərini göstər!

O çöllərdə çiçəklərin üstündəki
qanı göstər!
Bizə qibləmizi göstər, əfəndim!
Şuşanı göstər hər gün!
Hər gün Şuşanı göstər!!!

VƏTƏN

Vətən, başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın, daşın sağ olsun.

Neçə cəfakeşin qalır,
Bir evdən bir qoşun qalır,
Beşin ölsə, beşin qalır,
O qalan beşin sağ olsun.

Çat verir, çatlayır dözüm,
Sən çatlama, canım-gözüm.
Bizi ağlamağa gözün,
Bir də göz yaşın sağ olsun.

***
Bu torpaq deyilən ki var-
Hər yerdə birdi dağılmış!
Qönçə-qönçə,çiçək-çiçək,
Qəbir-qəbirdi dağılmış.

Sədadı-sazdan süzülür,
Sevgidi-gözdən süzülür,
Sehrdi-sözdən süzülür-
Nə boyda sirdi dağılmış!

Gələn gedir,bir də gəlmir,
Gəlmir oğul,bil də,gəlmir,
Qarğamağa dil də gəlmir-
Kəbədi,pirdi dağılmış!

QARA CAMAAT

Qara camaatıq biz,xanım-
Anadan olduqmu-qaragünlərik!
Bizim bundan ayrı adımız olmur…
Biz də gül açırıq-qara güllərik-
Bizim qırmızımız,ağımız olmur!..

Niyəsə hey seçir,sincələyirsiz-
Talelər fırlanır ələyinizdə.
Siz ağlar belə ki,ağ eləyirsiz-
Qara qanlar axır ürəyimizdən.

Daşlara çırpıldı çiliklənmədi,
Sitəmli sevdalar boy atmadımı?
Atdıq zülmətlərə Məlikməmmədi-
Qara qoç belində qayıtmadımı?!

Daşır peymanamız,dolur onda ki,-
Kökünü görmürük çox bəlaların.
Qaraca balalar ölür öndə ki-
Ağ olsun günləri ag balaların.

Dözürük dağına qara yellərin,
Alıb getdiyini sağ gətirincə…
Çözürük ağını qara yolların,
Qara gözlərimiz ağ gətirincə.

Haqqa həsr edirik ömrü,həyatı,
Qara canımıza hər divan olur!..
Taxta qaldırırıq ağ camaatı-
Qara başlarımız nərdivan olur.

Əşşi,nə dəyişər bu güzar-giley-
Qara camaatıq,xanım əfəndi!
Bizim baxtımıza ağ deyilən şey,
Bir yol qismət olur-o da kəfəndi!!

ANAMIN ALQIŞLARINDAN

Sən adilsən, ilahi,
Sən yaratdın, sən qoru.
Mənim balalarımı
Bəndələrindən qoru.

Müdam fikrində saxla,
Adam şəklində saxla.
Arvad məkrindən saxla
Şeytan şərindən qoru.

Yol alar – yol aç neylək..?
Əl açar – əlac eylə…
Bir-birinə tac eylə,-
Biri-birindən qoru.

***
Başınız ərşə dəysin,
Dağ olun, a atam,anam.
Həmişə gözü-könlü
Tox olun, a atam,anam.

Elnən, ulusnan olun,
Bir canda yüz can olun.
Göydə ulduzcan olun -
Çox olun, a atam,anam.

Duman dağlıqnan olur,
Sevgi saflıqnan olur.
Hər iş sağlıqnan olur -
Sağ olun, a atam ,anam.

SARI GÜLLƏRƏ

Eşq yolunda nallar düşür,
Qovuşunca qanlar düşür
Bülbülə bax, gözlərindən
Nə qirmizi xallar düşür-

Sari güllərə-güllərə.
Ömrü-günü ələk-vələk,
Can sökülür lələk-lələk…
Biçarə bülbül neyləsin-
Sən Allah qondurma fələk
Sari,güllərə-güllərə.

Gözümü çaylaq elərəm,
Köysümü yaylaq elərəm
O gülləri qan aparir
Könlümü yayliq elərəm-
Sari,güllərə-güllərə.

KƏNDÇİ KİŞİLƏRƏ ŞƏHƏR SOVQATI

Sovqatımı qəbul edin,
Sovqatlı-paylı kişilər,
Adınıza layiq ola
Kaş bu gəraylı, kişilər.

Aran-yaylaq köçündə də,
Əkində də, biçində də,
Dərdin-qəmin içində də
Haylı-haraylı kişilər.

Hər nisgili bölərsiniz,
Hər müşgülü bilərsiniz,
Siz ayrı kişilərsiniz -
Var olun, ayrı kişilər!

Bar-bərəkət aylarında,
“İp atdırmaz” öylərində…
Oğul-uşaq toylarında
Kepqası əyri kişilər..!

NEYNİM

Ha çaldım,könlümün bu təşnə vaxtı,
Sazım dinmədi ki,dinmədi,neynim.
İstədim qarğıyam taleyi,baxtı-
Dilim dönmədi ki dönmədi neynim.

Özüm öz odumda əridim,itdim,
Karvan buludları bəri yeritdim.
Arazı axıtdım,Kürü yeritdim-
Odum sönmədi k,sönmədi,neynim.

Aldı bir havalı xatirə məni,
Bələdi əmbərə-ətirə məni,
Dedim,bəlkə,mənə yetirə məni-
Göydən enmədi ki,enmədi,neynim.

İlğımdı,dumandı, sisdi,nədisə,
Sehrdi,sədadı,səsdi nədisə,
Axır-bu zamlımın qəsdi nədisə-
Aparır hələ də Məmmədi,neynim?…

***
Tanrım,sən bilərsən,nədi bu xalqın
Niyyəti bir olur,işi bir olmur?..
Beş-üç müşkülünün həlli yolunda
Üçü bir olursa,beşi bir olmur?!.

Heç bilmir ki,niyə baş əyməlidi?-
Böyükdən-kiçiyə baş əyməlidi!
Hamı bir kişiyə baş əyməlidi-
Biri baş əymirsə-başı bir olmur!

Nə çox qatlanırsan ay “dəmir kişi?”
Həftədə bir kişi,ayda bir kişi,
Deyirsən yerdə bir,göydə bir kişi!-
Axi məmləkətdə kişi bir olmur…

***
Nədi çəkilibsən başa,dağ kimi,
Dağı dərəsindən başlanan dünya.
Qarası ağıyla qoşa tağ kimi-
Ağı qarasından başlanan dünya.

Kimə yalmanırsan,kimə yağısan
Qana çalxanırsan-qan çanağısan
Bağır yarasısan,sinə dağısan
Bağır yarasından başlanan dünya.

Hanı daş tərəzin olanı çəkə,
Bir belə yanlışı,yalanı çəkə.
Fağır balalardı bəlanı çəkən-
Fağır balasından başlanan dünya.

***
Mən şeir yazmıram,oğul,
Canımı sıxıram ağ kağızlara.
Söz-söz gözlərimdən damıram,oğul,
Süzülüb axıram ağ kağızlara.

Qəm gəlir üstümə,qaça bilmirəm,
Ömrü bu qəmlərdən uca bilmirəm.
Od tutub alışmır necə,bilmirəm-
Yağıkən bu qədər ah kağızlara.

Sözlərə çökmüşəm,o illərə yox,
Qəbrimə səpdiyin o güllərə yox.
Yadina düşdümsə,şəkillərə yox-
Aç da bu dəftəri,bax kağızlara.

***
Gecikmişəm görüşünə nə vaxtdı,
Gələmmirəm İncə Dərəm, incimə.
Kədərinə, gülüşünə nə vaxtdı,
Bələnmirəm İncə Dərəm, incimə.

Qayaların əli qalıb qaşında,
Yola baxır hər xırdaca daşında.
Günahkaram, öləsiyəm qarşında,
Öləmmirəm, İncə Dərəm, incimə.

***
Korun-korun tüstülənən ocaqdım,
Öz dərdimdən öz qəmimdən uzaqdım,
İndiyəcən bir fağırca uşaqdım,
Dönüb oldum bu dünyanın yaşıdı.

Gələn yazı,gedən qışı tanıdım,
Yerdə gülü göydə quşu tanıdım.
Topuğuma dəyən daşı tanıdım,
Dar ayaqda güvəndiyim daş idi.

Səndən ayrı nə dərdim var dünya hey,
Mən varınam nə dərdin var dünya hey,
Göndər bəri nə dərdin var dünya hey,
Döndər bəri nə dərdin var daşıyım.

***
Yğıldı başıma dostum-qardaşım,
Dərdimi yüz yerə yozub getdilər.
Dünyanı, zamanı söydülər yenə,
Seltək coşub,yeltək əsib getdilər.

Gördülər dərdimin dərmanı yoxdu,
Səbrim öz sinəmə sancılan oxdu,
Şöhrətim çoxdusa, dərdim də çoxdu
Bəlkə də, dərdimdən bezib getdilər.

Dedilər-həyatdı,uyu dibində
Vayı dibindədi, toyu dibində…
“Məlik”siz Məmmədəm quyu dibində,
Mənim kəndirimi kəsib getdilər.

Tural Adışirinin təqdimatında

 

    Yazıya (278) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.