Qadın şairlərimizin şeirləri

8 mart

MƏHSƏTİ GƏNCƏVİ

 Rübailər

Qəm şadlığa çevrilər sənin lütfündən,
Daimi olar ömür dönüb baxsan sən.
Çatdırsa yanından ora yel bir torpaq,
Düzəxdə olar həyat suyu od birdən.

***

Zülm etsə mənə çörəkçi dilbər hərgah,
Kin ilə deyil, naz ilə eylər gah-gah.
Qaldım qəminin əlində mən sanki xəmir,
Qorxum budur: atsın oda yarım nagah.

***

Püstəndə gülüşlər gəzir, ey dilbər, bax!
Bir gün kimidir üzün, gözəldir, parlaq!
Gördüm ki, yonur, rəndə çəkirsən gah-gah,
Yoxdur sənə bənzər yonulu heç ancaq.

***

Arvadla kişini bağlayır kəbin,‎
Bu işə yol verir şəriət, ayin,‎
Mənimsə kəbinim bir rübaidir!‎
Varmı bu kəbinə yol verən bir din?‎

NATƏVAN

Bahar əyyamıdır, acıldı güllər, ey cavan sənsiz!
Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?

Şamadət eyləyir duşmən mənə hər dəm və hər saət,
Mərəz artır dəmadəm, varə-varə, hər zaman sənsiz.

Nə umidim vusalə, nə fəraqə tabu taqət həm,
Gozumdə tirəvu tar oldu, billah, bu cahan sənsiz.

Sən əyləş hur ilə, eylə həmişə eyşu işrət kim,
Dəmadəm mən cəkim, dildən edim ahu fəğan sənsiz.

Yetişməz başə, Abbas, ömrüm axır bir tamam olsun,
Kecər hər bir dəqiqə ildən artıq, əlaman sənsiz.

Bu gün eydi-şərif oldu məgər sən bixəbərsənmi?
Güman etmə ki, işrət icrə əylənsin anan sənsiz.

Guli-ruyindən ayrı neylərəm mən gulsitan seyrin?
Edər bülbül kimi nalə bu zaru Natəvan sənsiz.

FİRUZƏ MƏMMƏDLİ

Bahar

Bax, indi gündüzə kim qonaq gedir,

Gecədən nə qalıb şeh yanağında.

Bir qönçə qızılgül alyanaq gedir,

Öpür incə-incə meh yanağından.

Nəfəsi kəsilən ilkindi çağı,

Gündüzü küçədən yığammır daha.

Yağsa, yağışlar da çiçəkdən yağır, –

Göylər təndirlənib, yağammır daha.

Təpələr dəəyə axır ətəkdən,

Qaratikan belə ağ gül gətirib.

Arı zümzüməsi daşır pətəkdən,

Bağlar budaq-budaq bülbül gətirib.

Baxıb təbiətin cavanlığına,

Əli qələm gəzir qoca şairin.

Yazdıqca ayağı yerdən üzülür,

Xəyalı göylərdən uca şairin.

 KAMALƏ ABİYEVA

8 MART

Bu gün hər qəmini soyunub dünya,

Çaylar gülüş olub dodaqlarında.

Təbəssüm donunu geyinib dünya

Sevinc gözü dolub bulaqların da.

Ulduzlar axışır bu gün torpağa,

Qadın gözlərindən nur qoparmağa.

Günəş də göylərdən enibdi yerə

Qadın ürəyindən od aparmağa.

Dünya sağlıq deyir qadın şəninə,

Dənizlər əlində piyaləsidir.

Bu gün qadınların qədəmlərinə

Səpilən dağların şəlaləsidir.

Bu gün təravətə dönübdü çöllər,

Bu gün səadətə bürünüb ellər.

Məhəbbət, gözəllik çələngi kimi

Bu günü saçına taxıbdı illər.

XANIM İSMAYILQIZI

Çox şey istəmirik

Çox şey istəmirik ki…
Bir az əmin-amanlıq…
Adamlardan adamlıq…
Diriləcək insanlıq…
Çox şey istəmirik ki…

Çox şey istəmirik ki…
Göz görəsi uzaqlıq…
Əllər çatan yasaqlıq…
Bir azca da azadlıq…
Çox şey istəmirik ki…

Çox şey istəmirik ki…
Sığal çəkən havalar…
Rahat olan yuvalar…
Bitə bilən davalar…
Çox şey istəmirik ki…

Çox şey istəmirik ki…
Ürəyimizə təpər…
Kədərimizə çəpər…
Açıla bilən səhər…
Çox şey istəmirik ki…

Çox şey istəmirik ki…
Yaşamaq üçün həvəs…
Dolanmaq üçün nəfəs…
Səslərə səs verən səs…
Çox şey istəmirik ki…

Çox şey istəmirik ki…
Ölümü dayandırmaq…
Haqsızlığı yandırmaq…
Ruhları oyandırmaq…
Çox şey istəmirik ki…

FƏRQANƏ MEHDİYEVA

Sözüm dodağımda qalıb ilişdi,
Yanıb yapışıbsa bu da bir işdi.
Bu nə vurhavurdu,bu nə didişdi
Ay Allah,dünyanı kar gəzirmişəm…

Çevirib üzünü tərsi, nə gəlib
Qaçıb tövşüməkdən tər,sinə gəlib.
Onuncün hər işim tərsinə gəlib,
İşıqlı dünyada gor gəzirmişəm…

Kənar düşəmmədim ocaqdan,oddan
Haqqı nahaq salan mənimtək oddan
Demə Yer qaçıbmış ayaqım altdan
Bu üzlə hələ mən gör gəzirmişəm?

Fərqanə sirrini açma kiminə
Sığ öz aləminə,gir öz kümənə
Ana apar məni göz həkiminə
Diyəsən dünyanı kor gəzirmişəm…

İradə Aytel

Qadın

İstəkdən yoğrulsan da,

İstəklə doğulmadın.

O qədər çox idi arzun

Arzundaca boğuldun!

Yum! Yum gözlərini, qadın!

Sevdin!

Ruhun uzaqda

Cismin doğma yataqda,

Ananın naxış-naxış,

Həvəs-həvəs tikdiyi

Yastığı cırmaqlayan

Dırnaqların şişəmi?

Məhrəminə satdığın

Cismin dözür şişəmi?

Bu dünya çox kiçikdir.

Bir qadın içindəki

Sevgini basdırmağa

Yer acizdi torpaqda,

Torpaq bəyaz bayraqdı!

Sən azad olamadın!

Yum! Yum gözlərini, qadın!

Alisən!

Ulusan!

Anasan!

Dözümün sinən üstə

Dağ olsun kişilərə,

Nə fərqi

O dağın təkindəki

Qaranlıqda inləyən

Saçlarından asılan,

Qara divə qısılan ürək

Alimi?

Ulumu?

Anamı?!.

Təki o dağ dağların

Bağ olsun kişilərə…

Əmsin dünya dərdini,

Dönsün dünya dərdinə!

Qapqara saçlarından

Bir tel ayır…

Dolaşdır bəmbəyaz buxağına…

– Ana!

Yenə…

Bala səsinə çevril,

Bala nəfəsinə səril…

Səril!

Səril!

Təkcə öz ayağına sərilmə!

Ayaqlama cənnəti!

SEVİL ÜLVİ

 İnsan yarat

Gerçəklərdən daha çox,
Nağıllara inandıq.
Göydən düşən almanı,
Allahın payı sandıq.

Salxım-salxım dərdilər,
Qismətimi budaqdan.
Sonra asılan gördüm,
Qonşunu o ağacdan.

Yorulmuşam yuxumu,
Sulara danışmaqdan.
Özüm-özümdən küsüb,
Yenidən barışmaqdan.

Bu nə yoxsulluq Allah?
İnsan insan axtarır.
Kimi əlin, ayağın
Kimi vicdan axtarır.

Kimsəsizəm, tənhayam
Allah yaxşı ki, varsan.
Hərdən bir İNSAN yarat,
Bilim ki, hələ sağsan.

NAZİLƏ GÜLTAC

              QADIN

Bir ürək sevindir, ürək dağlama,
Sevgisiz insana ümid bağlama.
Çalış gözün gülsün, heç vaxt ağlama,
Sən özün bir sevgi, fərəhsən qadın.

Çox zaman görməzdən gəlirlər səni,
Bəzən çiçək kimi dərirlər səni,
Sənin yoxluğunda gəzirlər səni,
Sevdiyin insana gərəksən qadın.

İlahi varlıqsan, görməyən kordur,
Qəlbinin səsini duymayan kardır,
Əlbət bu dünyada yaxşılar vardır,
Əbədi sevgiyə səbəbsən, qadın.

XATİRƏ RƏHİMBƏYLİ

   GƏLƏSƏN

Əvvələ yüyürür hər şeyin sonu,
Kürə şəklindədir dünya,biləsən.
Səni itirdiyim yerdə dayanıb
Səni gözləyirəm,dönüb gələsən.

Gələsən ,arxadan çatasan mənə,
Görəsən arxada qalan nə çəkir…
Qayıdıb gələsən ömrün qışına ,
Görəsən açmamış solan nə çəkir.

Görəsən nə alıb aparıb səni,
Görəsən nə tutub məni. saxlayıb .
Gedənmi haqlıdır,qalanmı haqlı,
görəsən,zamanı kim qabaqlayıb…

Əvvələ yüyürür hər şeyin sonu,
Kürə şəklindədir dünya,biləsən.
Səni itirdiyim yerdə dayanıb
Səni gözləyirəm,dönüb gələsən

RƏBİQƏ NAZİMQIZI

Hələ də

Səni ömrümə alandan
günlərin rəngi dəyişib.
Göyün sərhədi dəyişib
yerin ahəngi dəyişib.

Sevincimə, kədərimə
adını qoyub yatıram.
Nə sənə qəm göstərirəm,
nə işvə, nə naz satıram.

Mən ki “həsrət, hicran” deyib
yaxa cıran deyiləm,
Öz vaxtımı gözləyərəm,
“gəl” deyərsən, gələrəm.

Istəyərsən, oynayaram
faciə də, dram da.
Təlxəklik də bacarıram –
könlünü alaram da.

Səni küçə-küçə gəzib
izləməyin nə adı?
Nə fərqi var gecələrin,
gündüzlərin hardadı…

Şəhərin uzaq küncündən
gəlib çatır nəfəsin.
Çiynimdən qoxun gəlirsə,
hələ də mənimləsən.

AYSEL FİKRƏT

Özün kimi qal

 

Sən hamıdan biri, heç kəsdən biri,
Sən hər kəsdən biri olmamalıydın.
Sən ömrümə gələn sevincim idin,
Sən günəşdən əvvəl doğulmalıydın.

Sən gedəndən biri, ötəndən biri,
Sən yetəndən biri olmamalıydın.
Sən mənim ən dərin, ən içdən gələn,
Ruhunla canıma dağılmalıydın.

Sən mənim ömrümdə heç demədiyin,
Heç söyləmədiyin sözün kimi qal.
Sən hamıdan biri olursan onsuz,
Mənim ürəyimdə özün kimi qal.

 KAMALƏ ABİYEVA

8 MART

Bu gün hər qəmini soyunub dünya,

Çaylar gülüş olub dodaqlarında.

Təbəssüm donunu geyinib dünya

Sevinc gözü dolub bulaqların da.

Ulduzlar axışır bu gün torpağa,

Qadın gözlərindən nur qoparmağa.

Günəş də göylərdən enibdi yerə

Qadın ürəyindən od aparmağa.

Dünya sağlıq deyir qadın şəninə,

Dənizlər əlində piyaləsidir.

Bu gün qadınların qədəmlərinə

Səpilən dağların şəlaləsidir.

Bu gün təravətə dönübdü çöllər,

Bu gün səadətə bürünüb ellər.

Məhəbbət, gözəllik çələngi kimi

Bu günü saçına taxıbdı illər.

Aysel Səfərli

Mənim təqvimimdə bayramlar çox az

Mənim təqvimimdə bayramlar çox az,
Mənim bayramlarım çox sıxıcıdır.
Yalnızlıq simptomlu günlərim bitməz,
Mənim bayramlarım yoluxucudur.

Bir quş dimdiyində məktub gətirər,
Uzaqlar ağrıyar qapı dalında.
Mənim bayramlarım firtına kimi,
Soyuq divarlarım titrər qolunda.

Mənim bayramlarım sevincdən kasıb,
Bağlı qapılarım qəmə açılar.
Qızımın əlində telefon səsi,
Oğlumun gözləri nəmə açılar.

Mənim bayramlarım elə “gözəldir”,
Buğlanar süfrəmdə həsrət pürrəngi.
Bir rəssam gözüylə yanaqlarıma,
Çəkərəm dərdlərin hər cürə rəngin.

Daha zəhləm gedir bayramlardan da,
Mənim bayramlarım sevgidən qərib.
Gecə qaranlığın bəxtimdən alıb,
Gəlib gözlərimin qarasın dərib.
Bu bayram yenə də hamıdan əvvəl,
Həsrət evimizə təbrik göndərib…

 Mənbə: Müstəqil.az

Yazıya 459 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.