Pərviz Axund – “Rədd edilmək qorxusu…”

83481645_2990682627696156_7564902576219488256_nBütün ilklər həmişə vaxt aparır, adamı gərginləşdirir, tərəddüddə saxlayır. Tutaq ki, ilk görüş, qələm adamının yazmaq istədiyi ilk cümlə… Bu ilklər baş tutana qədər qorxu yaşayırsan, “birdən, alınmaz”, – deyə düşünürsən. Hamımız bu və ya digər şəkildə yaşamışıq bu duyğuları. Özgüvəni olan bunun öhdəsindən gəlir, ya elmlə, ya helimlə işin vazehinə yetir, ya o tərəflik olur, ya bu tərəflik. Özgüvənsiz olanlarsa həmişə o ilk addımı ata bilmədiyinin peşimanlığını yaşayır. Özünə güvənməyən adam heç bir işindən məmnun qalmayacaq, heç yerdə, heç kimlə xoşbəxt ola bilməyəcək. Həmişə tərəddüd edəcək: “gərək filan sözü deməyəydim, gərək filankəslə evlənməyəydim…”

İnsan nədir – cəmiyyəti təşkil eləyən, bir qurum, bir qrup oluşduran, amma sonucda özlüyündə fərd olan bir nəsnədir. Salam Sarvan bunu maraqlı deyir: “Ataya, anaya, bacıya, qardaşa toxunmaqdı yaşamaq”. Nazim Hikmətsə, kosmopolit çağırış kimi səslənsə də, təxminən bizdeyəni deyir: “Yaşamaq – bir ağac kimi tək və hür, yaşamaq – bir orman kimi qardaşcasına!”

Yəni öz ömrünü sadəcə özün yaşayırsan. Başqalarına həsr olunsa da, insanlara lap bütün qüvvəni sərf etsən də, vaxt səndən gedir, sənin ömrünün üstündən azalır. Bu ömrü tərəddüd içərisində yaşayaraq keçirmək mahiyyətsizliyin son nöqtəsi deyilmi?..

Bakıya ilk gəldiyim vaxtlarda – çox qədim tarix deyil, on dörd-on beş il bundan öncə – xoşuma gələn bir qıza şeir yazıb göndərmişdim. Düzdü, şeir Qarabağ haqqında idi. Yəni içində sevgiyə dair bir kəlmə də yox idi. Amma gərək o məni başa düşəydi. Mən axı qaçqınam. Pardon, məcburi köçkünəm. Mənim dərdim var, ağrım, acım var. O bilməlidir ki, sevgili olsaq, gərək vətən həsrətini də bərabər daşıyaq. Mən ona uca dağlardan, qızıl balıqdan danışasıydım. O isə kövrələsiydi, başını çiynimə qoyub ağlayasıydı. Axı tez-tez olur, qoca-qoca şairlər vətən, torpaq mövzularıyla nə qədər jurnalist xanımı öz kabinetlərinə dəvət edirlər, ağladıb buraxırlar. Yəni vətənin dərdinə ağlaşırlar. Elə mənim də təxminən belə bir dərdim vardı. Onun saçını sığallaya-sığallaya deyəsiydim: dərd eləmə, bugün-sabah silahlı qüvvələrimiz düşmənin səfini yararaq qələbə qazanacaq, bizsə əl-ələ tutub uca dağlarımıza gedəcəyik. Bu sözümdən çox şad olub məni öpəsiydi, mən də elə həmin gün dodaqlarımın bakirliyini pozaraq o vaxtkı naşı üslubumla utana-utana ona qarşılıq verəsiydim…

Sövdamız baş tutmadıqdan bir müddət sonra başqa bir tanışımızla min cür oyundan çıxdığının şahidi oldum. Yəqin həmin tanışın Qarabağ şeiri daha təsirli olub. Ya da özgüvəni məndəkindən daha üstün olub.

Ümumiyyətlə insan niya utanır? Çünki rədd cavabı almaqdan qorxur. Atadan pul istəməyə çəkinirik – birdən pul verməz, pərt olarıq; müəllimədən icazə ala bilmirik – birdən verməz, sinifdəki uşaqlar gülüşər; sevdiyimizə ürəyimizi aça bilmirik, çünki onun münasibətindən xəbərdar deyilik. O sənə dost kimi yanaşarkən sən ona sevgi etirafı edirsənsə, demək o bir dost itirmiş olur, sənsə bir sevgili. Amma bil və agah ol, qadın deyilən varlıq heç bir halda kişiyə dost kimi baxmır, baxa bilmir. O duyğu onda mövcud deyil. Bir qadın əgər səninlə dostluq edirsə, demək, bir çox strategiyası var, səndən bir basamaq (pillə) kimi istifadə eləyir, səni çatmaq istədiyi hədəfə gedən bir mərhələ, bir vasitə kimi görür. Məsələn, onun bir məqsədi var, sənsə onun məqsədinin dəxli olduğu, işinin keçəcəyi mövqedəsən, yolunun üstündəsən, rast yerdəsən və necə olubsa, hardasa qarşılaşıb iki kəlmə deyib-gülmüsünüz. Belə olmasa, o sənin ayağına gəlməz, elə bir situasiya yaradar ki, sən onun ayağına gedərsən. Yəni ilk tanışlığınızda o səninlə yox, sən onunla rastlaşmış olursan.

Seymur Baycanın qadınlar haqda bir yazısını xatırlayıram. Orda təxminən belə bir qənaət var ki, qadının kişiyə sevgisi elə də səmimi deyil. Bununla qismən də olsa razılaşmağa məcburam. Qadın səmimi olmaya bilər, amma elə bir aura yaradar ki, hər kəs onun sevgisinə qibtə eləyər. Yəni qadın ən mahir aktyora masterklas keçəcək qüdrətə malikdir. Ona görə də çapalamaq artıqdandır. Sən onun qəlbini qazanmaq yox – çünki, göründüyü kimi, bu elə də asan başa gəlmir – sadəcə strateji tərəfdaşı olmağa çalışmalısan. Tərəfdaşlığın özü də bir növ qəlbini qazanmaq kimi bir şeydir.

İndi qayıdaq özgüvənə. Biz bəzən qadına qarşı cəsarətsizliyimizi örtbasdır eləmək üçün qabaqlayıcı tədbirlər görürük. Bunu bir hərəkətlə və ya bir hekayəylə, şeirlə təzahür etdiririk. Məsələn, Həjar Şamiloğlu yazır:

Nə var tellərinə sığal çəkməyə,
Sənin əllərindən tutmağa nə var.
Mənim məhəbbətim səndən böyükdür,
Bir qızın könlünə yatmağa nə var.

Biz deyə bilmərik Həjar bununla tərəddüdlərini təskinlətməyə çalışır. Yəqin ki, ona bir qızın əlindən tuta bilmək qədər primitiv epizodlar çox da əhəmiyyətli deyil. Amma bir çox cəsarətsiz gənc üçün bu şeir parçası rahatlıq, əminamanlıq, səhrada kölgəlik, dənizdə ada deməkdir.

Yəqin çoxunun başına gəlib rədd edilmək qorxusuyla hisslərini illərlə gizli saxlamaq işgəncəsi. Həmişə bir ortamdasınız, amma sən ona dərdini anlada bilmirsən. Səni ən çox qıcıqlandıran da odur ki, o, səni bir təmizqəlbli, vicdanlı insan kimi çox yüksək qiymətləndirir. Axırda da ya sənə dost kimi baxır, ya da “qaqa” deyir. Günlərin bir günü görürsən ki, artıq qardaş-bacı kimi oturub onun sevdiyi adam haqqında danışırsınız.

- Bəlkə, o səni aldadır! – deyə şübhə toxumu səpirsən.

- Mümkün deyil! O mənim üzərimə gül qoxlamaz.

- Yox, yox, sən kişiləri bilmirsən!

Onu bu şəkildə sevgilisindən ayıra bilməzsən, qadın inadkar varlıqdır. Cəmiyyət basqısı olmayan bir ortamda olsaydın, yaxşı bir variant təklif etmək olardı. Bununla hər şeyi korlaya biləcəyin də istisna deyil. Amma hər halda özgüvənini özünə qaytarmış olacaqdın.

Biz mental dəyərlərin toxunulmaz olduğu Azərbaycan cəmiyyətində yaşayırıq. Şəxsən bu dəyərlərdən bir vətəndaş kimi çox da narazı deyiləm. Abır, ismət, namus… – bunlar, düşünürəm, vacib məsələlərdir. Bir cəmiyyət ki, əxlaq sarıdan əziyyət çəkir, orada həmişə dərəbəylik, sistemsizlik baş alıb gedəcək. Küçədə, işdə, bazarda yetən yetənə girişsə, ilişsə, sataşsa, azğınlığın qarşısını almaq mümkün olmaz. Getdikcə geniş şəkildə vüsət almış, cəmiyyətin hər yanına yayılmış özbaşınalıqlar özüylə bərabər yeni, həm də tərsmənsəb qaydalar gətirər, azğınlığın üzərində həftəbecər şəkilli ictimai dəyərlər formalaşa bilər. Məsələn: küçədə alt paltarında gəzmək olar, amma telefonla danışmaq olmaz. Yəni əxlaqiçi bildiyimiz bir şey tədricən əxlaqdışı sayıla bilər, yaxud əksinə.

Amma cəmiyyətimizdə məntaliteti əlində bayraq edib mədəni, savadlı, dünyagörüşlü insanlara təzyiq göstərən, onların işıqlı düşüncələrinə qara yaxmağa çalışan böyük bir qaragüruh var ki, onun əlindən qurtulmaq da asan deyil. Onlar hər yerdə var – ucqar kəndlərdən tutmuş rayonlarda, şəhərlərdə, hökumət işində, hətta aydınların çevrəsində. Onlar gündüz qatı müsəlman olurlar, gecə isə kafir. Bizim qonşu kənddə oğrular varmış, gündüz özlərini elə göstərirmişlər, guya camışdan qorxurlar, gecə düşəndə isə gedib camışı sürüynən oğurlayırmışlar. Müşahidələr və mülahizələr zaman-zaman onu göstərir ki, üzdə əxlaqdan dəm vuran qaragüruhçular əxlasızlığa səbəb olanların lap öndə gedənləridir. O adamların özgüvəni var, rədd edilmək qorxusu yoxdur. Çünki istismar etdikləri qadının ikinci variantı olmur. Ümumiyyətlə o qadının beyni olsa, məlumatı olsa, özgüvəni olsa, tələyə düşməz. Kitab görməyən, tərbiyə almayan, hər şeydən tamarzı, hər şeydən yarımçıq, mənəvi olaraq vitaminsiz qalan adamlar “məhəbbət” sözünün yalnız son iki hərfi ilə maraqlanırlar, vəssalam.

    Yazıya (152) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.