Akif ABBASOV – “ATATÜRKÜN STALİNƏ MESAJI”

 

66826636_2444985988891654_1778071084214517760_n19 MAY – MUSTAFA KAMAL ATATÜRKÜN ANADAN OLDUĞU GÜNDÜR      

                              

               (“Samsundan başlanan yol” romanından)

 

Ölkədə qələbəlik idi. Hamı sevinir, şadlanırdı. Türkiyə Respublikasının yaranması günü qeyd olunurdu. Dünyanın müxtəlif ölkələrindən təbrik teleqramları gəlirdi. Atatürk bir-bir onları nəzərdən keçirir, arada razılıq əlaməti olaraq başını tərpədirdi. Sovet İttifaqından gələn teleqram onun diqqətini cəlb etdi. Məzmununa söz olmasa da, imza onu açmadı. Teleqramları bir kənara qoyub ayağa qalxdı.

Ankara bayramsayağı bəzədilmişdi. Qaranlıq çoxdan düşsə də, şəhər gündüz kimi işıqlı idi. İnsanlar küçələrdən yığışmaq bilmirdi. Onların şən səsləri ətrafa yayılmışdı.

Atatürk bir anlığa şəhərə göz gəzdirib bu atəşfəşanlıqdan razı qalaraq, maşına əyləşdi. Gecə saat ikinin yarısı idi. O, maşını SSRİ-nin Türkiyədəki səfirliyinə sürdürdü. Çox güman ki, səfirə xəbər vermişdilər. Karaxan öz yerində idi. Qapının ağzında dayanıb Mustafa Kamalın gəlişini gözləyirdi və həm də heyrət içərisində idi: gecənin bu vədəsi Atatürkü səfirliyə gəlməyə nə vadar etmişdi.

Səfirliyin işçiləri, başda Karaxan olmaqla, Atatürkü qarşılayıb içəri apardılar. Türk lideri əyləşdi. Dərhal hiss olunurdu ki, nədənsə narazıdır. Karaxan gözləyirdi. Onun intizarını hiss edən Atatürk ağır-ağır sözə başladı:

– Yəqin xəbərin var. Bu gün bizim əziz günümüzdür. Mənim ölkəmdə bayramdır.

Səfir tez:

– Xəbərim var, sayın prezident, – deyə cavab verdi.

– Bu gün Respublika günüdür. Ardı-arası kəsilmədən teleqramlar alırıq.

Səfirə elə gəldi ki, Sovet İttifaqının göndərdiyi teleqram çatmadığından ölkə prezidenti belə dilxor və acıqlıdır. Odur ki tez:

– Bizim ölkə də teleqram göndərib. Sovet İttifaqı da Sizi və ölkənizi bu əlamətdar gün münasibətilə təbrik edir.

– Sizcə, teleqram kimin adındandır?

Səfir bir anlığa duruxdu və yadına salmağa çalışdı:

– Məncə, Kalininin.

Atatürkün qaşları düyünləndi:

– Kalinin kimdir?

Səfir aydınlaşdırdı:

– Mərkəzi İcraiyyə Komitəsinin sədri.

– Sizin ölkənin başçısı odur?

Karaxan udqundu:

– Xeyr, onu kim deyir? Stalindir dövlət başçısı, birinci şəxs də odur.

– Sizin ölkənizdə əlamətdar günlər, bayramlar olanda Türkiyə adından teleqramı SSRİ-yə kim göndərir? Mən, yoxsa İsmət İnönü?

– Əlbəttə, siz.

– Bəs elə isə siz tərəfdən, sizin ölkə tərəfdən olan bu saymamazlıq, diqqətsizlik nədəndir? Birinci şəxs dura-dura Kalinin niyə teleqrama imza atır?

Bir anlığa fasilə oldu. Atatürk əlavə etdi:

– Türkiyənin prezidenti və başçısı kimdir? Mən! Sizin ölkənin rəhbəri və lideri də Stalindir. Deməli, məni və ölkəmi kim təbrik etməli idi?

Karaxan qeyri-ixtiyari olaraq bu suala cavab verdi:

– Stalin!

Atatürk sakitləşmək bilmirdi:

– Xəbərim var ki, Sovet İttifaqı güclü orduya malikdir. Fəqət mən nə sizin ordunuzdan, nə də sizdən qorxuram. Bilirsiniz niyə? Mənim arxamda böyük və sarsılmaz türk xalqı dayanır. Mənim bircə sözüm kifayətdir ki, onlar Yer kürəsini məhvərindən çıxarsınlar. Fəqət bunu istəmirəm, çünki mən sözümün yiyəsiyəm və dostluğu yüksək qiymətləndirirəm. Mənim sözüm və dostluğum müqəddəsdir. Biz müstəqil dövlətlərik. Aramızda anlaşılma və dostluq varsa, bir-birimizə hörmətlə yanaşmalıyıq, dinc qonşuluq şəraitində yaşamalıyıq.

Atatürk sözlərini deyib çıxdı. Səfir bir müddət yerindən tərpənmədi. Bir tərəfdən Stalinin xofu, digər tərəfdən Atatürkün sərt ittihamı onu çıxılmaz vəziyyətə salmışdı. Əvvəlcə bilmədi necə hərəkət etsin, sonra özünü ələ alıb düşündü: “Mən səfirəm, diplomatam, Türkiyənin mövqeyini, bu ölkənin prezidenti olan Atatürkün iradını hər halda ölkəmə çatdırmaq mənim borcumdur”.

Karaxan yazı masasının arxasına keçib “tamamilə məxfidir” qrifi ilə Stalinə və xarici işlər naziri Molotova ünvanlanmış teleqram hazırladı və yola saldı.

Həmin hadisədən sonra Stalin Türkiyəyə münasibətdə son dərəcə ehtiyatla hərəkət edərdi.

Yazıya 553 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.