Tarixi zərurətin siyasi anatomiyası
Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dağılması təsadüfi hadisə deyildi. Bu proses onilliklər boyunca yığılan siyasi, milli, hüquqi və mənəvi ziddiyyətlərin qaçılmaz nəticəsi idi. 1991-ci ilin dekabrı imperiyanın süqutunun yalnız rəsmi tarixidir. Əslində isə SSRİ öz dağılmasını çox-çox əvvəl hazırlamışdı.
- 1970–1980-ci illər – Korrupsiya işləri
1970-ci illərin sonu və 1980-ci illərdə SSRİ-nin müxtəlif yerlərində, o cümlədən Özbəkistan SSR-də aparılan “Özbək işi” — Şərəf Rəşidovun rəhbərliyi dövründə korrupsiya və iqtisadi sui-istifadələrlə bağlı cinayət işlərini əhatə edirdi. Bu hadisələr Azərbaycana da dolayısı ilə təsir etdi. Lakin ölkə həmin dövrdə respublika prokurorunun müavini vəzifəsində çalışan, Ədalət Partiyasının sabiq sədri İlyas İsmayılovun fəaliyyəti sayəsində itkisiz və qansız vəziyyətdən çıxdı. Bu hadisələr həmçinin SSRİ-nin içəridən sürətlə “laxlaması”, yəni mərkəzi hakimiyyətin və qanunların sarsılmağa başlaması və sistemin daxildən zəifləməsinin göstəricisi idi. Belə hadisələr göstərirdi ki, imperiya yalnız formal güc və qanunlarla deyil, həm də korrupsiya və sui-istifadələrlə mübarizədə uğursuzluq yaşayırdı, bu da onun dağılmasının tarixi zərurət olduğunu açıq şəkildə göstərirdi.
- 1985 – İlkin işarələr
1985-ci ildə Yakut tələbələri ilə rus tələbələri arasında baş verən qarşıdurmalar milli gərginliyin ilk açıq göstəricisi oldu. Sonralar, 1990-cı illərdə, Yakutiya (Saxa Respublikası) SSRİ-nin dağılması fonunda siyasi suverenlik tələbləri irəli sürdü. Bu fakt göstərir ki, SSRİ-nin süqutu təkcə son illərin yox, tarixi ardıcıllıqla formalaşan dərin sistem böhranının nəticəsi idi.
- 1986 – Qazaxstanda üsyan
Alma-Atada Birinci katib Kunayevi Moskva işdən çıxarıb yerinə Gürcüstan SSR-nin rus katibi Kolbinovu təyin etdi. Qazax xalqı ayağa qalxdı, lakin sovet qoşunları tərəfindən vəhşicəsinə basdırıldı. Bu hadisə imperiyanın milli etirazları zor gücü ilə boğa bilməsinin ilk göstəricisi oldu.
- 1988 – Qarabağ hadisələri
Fevral ayında başlayan Qarabağ hadisələri SSRİ-nin milli siyasətinin tam iflasını göstərdi. Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdləri və Azərbaycandakı ümumxalq azadlıq hərəkatı imperiyanın proseslərə nəzarətini itirdiyini açıq şəkildə nümayiş etdirdi. 17 noyabr 1988-ci il Bakı mitinqləri (bu mitinqlərdə hazırda AMEA Coğrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışan Ənvər Əliyevin xidmətləri böyükdür) milyonlarla insanın azadlıq tələbi ilə ayağa qalxdığını göstərdi və sonradan Birinci Qarabağ müharibəsinə yol açdı.
- Etnik deportasiyalar – Azərbaycanlılar və Ahıska türkləri
1948–1953-cü illər – Azərbaycanlıların Ermənistandan deportasiyası
SSRİ Nazirlər Sovetinin 1947-ci il də verilən fərmanına uyğun olaraq, 1947–1950-ci illərdə Ermənistan SSR-də yaşayan azərbaycanlı əhali məcburi köçürüldü.
1944–1989-cu illər – Ahıska türklərinin deportasiyası və geri dönüşü
SSRİ-nin dərin mənəvi-siyasi böhranının əsas səbəblərindən biri də Ahıska türklərinin sürgünü idi. 14 noyabr 1944-cü ildə Stalin və Beriyanın əmri ilə Ahıska türkləri Orta Asiyaya sürgün edilmiş, on minlərlə insan yollarda həyatını itirmişdi. 1989-cu ilin iyun ayında isə 70 mun Ahıska türkü ölkəni tərk edərək Azərbaycan da daxil olmaqla, yeddi postsovet ölkəsinə qaçmışdır.
Bu deportasiyalar sovet rejiminin xalqlara qarşı apardığı insanlığa zidd siyasətin ən ağır nümunələrindən biri idi və həm Azərbaycan, həm də digər respublikalar üçün milli və sosial gərginliyi artıran amillərdən biri olmuşdur.
- 1989 – Tbilisi faciəsi
9 aprel 1989-cu il tarixində Tbilisidə sovet qoşunlarının dinc etirazçılara qarşı zorakılığı nəticəsində 21 nəfər həyatını itirdi. Bu hadisə Gürcüstanda müstəqillik ideyasını gücləndirdi. Həmin tarix bu gün Gürcüstanda Milli Birlik Günü kimi qeyd olunur.
- 1990 – 20 Yanvar (Qara Yanvar)
19–20 yanvar gecəsi Bakıya yeridilən sovet qoşunları 147 dinc sakini qətlə yetirdi, yüzlərlə insan yaralandı. Qadınlar, uşaqlar və qocalar gülləbarandan xilas ola bilmədi. Qara Yanvar hadisəsi SSRİ-nin Azərbaycan xalqına qarşı zorakılıq siyasətinin zirvəsi oldu və imperiyanın yalnız zor gücü ilə yaşadığını sübut etdi.
- 1991 – Baltikyanı respublikalar və Litva
11–13 yanvar 1991-ci ildə Litvada baş verən Vilnüs hadisələri, SSRİ-nin dağılmasının qarşısını almaq üçün göstərdiyi son cəhdi idi. Sovet qoşunlarının televiziya qülləsinə hücumu nəticəsində 14 dinc sakin həlak oldu, yüzlərlə insan yaralandı. Buna baxmayaraq, Litva geri çəkilmədi və SSRİ-nin beynəlxalq legitimliyinə ağır zərbə vuruldu.
- Qanunla ziddiyyət – ayrılma hüququ
SSRİ Konstitusiyasında respublikaların ittifaqdan ayrılmaq hüququ nəzərdə tutulsa da, bu hüquq heç vaxt real mexanizmə çevrilmədi. 3 aprel 1990-cı ildə qəbul edilən “İttifaq respublikasının SSRİ-dən ayrılması ilə bağlı məsələlərin həlli qaydası haqqında” Qanun prosesi faktiki olaraq mümkünsüz edirdi. Hüquqi paradoks yarandı: konstitusion hüquq mövcud idi, lakin onun icrası üçün siyasi iradə yox idi.
- 1991 – Siyasi sonluq: Alma-Ata Bəyannaməsi
21 dekabr 1991-ci ildə imzalanan Alma-Ata Bəyannaməsi SSRİ-nin rəsmi olaraq sona çatdığını təsdiqlədi. Dekabrın 25-də Mixail Qorbaçov istefa verdi, 26 dekabrda SSRİ bayrağı endirildi. Bu, imperiyanın tarixi süqutunun rəsmi qeydidir, amma həqiqi hökm çoxdan verilmişdi.
Nəticə
SSRİ dağılmalı idi, çünki:
– Xalqlar zorla bir yerdə saxlanılırdı,
– Milli hüquqlar tapdalanırdı,
– Azadlıq güllə ilə boğulurdu,
– Qanunlar formal xarakter daşıyırdı,
– İmperiya öz vətəndaşlarına qarşı silah qaldırmışdı.
1991-ci ilin dekabrı sadəcə tarixi hökmün icra olunduğu təqvim idi; həqiqi hökm isə çoxdan verilmişdi.
Çingiz Abbasov,
Ədalət Partiyası sədrinin müşaviri
Yazıya 22 dəfə baxılıb








