Aynur Masimova(Təmkin) – “Bir həyat hekayəsi”

106093961_3632010576812594_3135517810024660122_o(hekayə)

Bir zamanlar nə qədər yaraşıqlı və cəzbediciydi.Bir zamanlar indi baxmağa qorxduğu üzünə necə məftunluqla tamaşa edirdi.Bir zamanlar alma yanaqlarına,badamı gözlərinə ,gözəl əndamına qadınlar belə heyranlıqla ,qısqançlıqla baxardı.

İndi surətlə qocalan çöhrəsində bayaqkı gözəllikdən yalnız badamı gözləri qalmışdı.Ən çox qorxduğu amansız xəstəlik onun ən xoş hisslərini,yaşama ümidlərini əlindən almışdı.O yalnız analiz cavablarını aldıqda həyatın nə qədər gözəl olduğunu ,günəşin yeri-yurdu necə hərarətlə isitdiyini ,hər dəqiqənin qiymətli olduğunu anlamışdı.Kiçik təsadüflə nəyə düçar olduğunu öyrəndikdə o an,o dəqiqə hər şey məhv olmuşdu.Sabaha -gələcəyə olan ümidləri sönərək özündən sonra xırda bir köz buraxmışdı.Və həmin an qoca anasına,üç qızının halına yanmışdı.Heç özü də bilmirdi səbəbini ,amma içində ərinə qarşı məna verə bilmədiyi bir nifrət yaranaraq bədənini çulğalamışdı.Üsyan etmişdi ,ağlamışdı.Anasından ,qızlarından gizləyərək dərdini içində saxlamışdı.O, həyatdan doymamışdı.Amma amansız fələk bəxtinə ölüm fərmanını çoxdan belə yazmışdı.Son ümidi -kül içində közərən köz də böyük şəhərdəki həkimlərin rəyindən sonra tamamilə sönüb yox olmuşdu.Xəzərin sahilində fəryad edib o ki var ağlamışdı.Səsi gəldikcə bağırmaq,dünyanı məhvərindən qopartmaq istəmişdi.Gülən üzləri,sevən gəncləri ,nəvəsini gəzdirən nənələri gördükdə içini yandıran dərdi canını bir az da yandırmışdı.Nə demişdilərsə ,etmişdi.Ancaq son nəticələrdən sonra bir ümid qalmadığını tam çılpaqlığı ilə anlamışdı.

İnsana oturub ölümünü gözləmək bəlkə ağırdan da ağırdı.O ,ayları,günləri,həftələri ,saat və dəqiqələri sayır və hər dəfə də içində yeni və yeni bağların qopduğunu ,heyinin get-gedə zəiflədiyini hiss edirdi.Bəzən özünü öldürmək ,bu fiziki və mənəvi ağrıdan qurtarmaq istəyir,ancaq qızlarının məzlum baxışları əl-qolunu boşaldır ,onları bir az da artıq görərək qoxularını ruhuna hopdurmaq istəyirdi.Doymamışdı ki ,övlad ətrindən ,ana nəvazişindən .

Gecələr hər deyən yuxu tapmaz,əgər yuxlayardısa da ölüm qorxusuyla hövlank ayılırdı.Ömür adlı bir hisslə ölüm adlı əzabın arasında məsafələr qısaldıqca yaşamağa həvəsi daha da çoxalırdı.O indi dişiylə-dırnağıyla hər şeyə tutunaraq ölmək istəmirdi.Bəzən qarşısına çıxan hər həkimdən yapışıb ,”məni ölməyə qoymayın”-deyə yalvarmaq istəyirdi.Hər gecə bir möcüzə olması üçün yaradana dua edirdi.Amma yox…

Zaman yaxınlaşırdı.Barışmalı olmuşdu qədəriylə.Bir zaman çalışdığı insanlarla bir arada olmağa cəhd göstərir,xeyrə -şərə gedirdi.

Güclə nəfəs ala-ala son borcunu vermək üçün addımlayırdı.Dünyanın ki borc deyilmi?

Deyən-gülən hər kəs donub qalmışdı.Qarşılarındakının o olduğunu anladıqda tikələr boğazda qalaraq hər kəsi məyus etmişdi.Bir-iki ay bundan öncə insanları məftun edən o gözəl qadının bənizi ağarmış,vicudu əyilmişdi.Güclə nəfəsini dərdi.Bu işıqlı ,böyük zalın çilçıraqlarından süzülüb gələn nur artıq ona heç nə demirdi.Pəh-pəhlə yeyilən yeməklər onda iştah yaratmırdı.Bir zamanlar sümüklərinə düşən o şaqraq musiqilər beyninə,ruhuna təsir etmirdi.Bu deyib -gülən insanlar tamamilə ona yad idilər.Onun ağrı -acısından bixəbər idilər.

O isə gözlərini yerə zilləyərək xəyallarıyla vuruşurdu.Yalnız bəylə-gəlin zala daxil olduqda sövq-təbii başını qaldırdı.”Allah qoşa qarıtsın ,bir yastıqda qocalsınlar.Allah vaxtsız ayrılıqla,çarəsiz xəstəliklə onları sınamasın”-deyə pıçıldadı.Niyə “Allah xoşbəxt etsin “əvəzinə “bir yastıqda qocalsınlar” “dedi?Niyə?Niyə?-deyə öz-özünü sual yağdırdı.Niyə də yox.Məgər bu onun ən böyük arzusu deyildimi?Onun arzuları,ümidləri yarımçıq qalmışdı.İstəmirdi daha kimsə ömür yolunda yarımçıq qalsın.

Zorla ayağa qalxdı.Son dəfə az -çox tanıdığı hər kəsə bir təbəssüm bəxş edərək ,hafizələrə dərin iz buraxaraq çıxıb getdi.

Lakin heç kəs o təbəssümün arxasında gizlənən ümidsiz göz yaşını görə bilmədi.Qadın kirpiklərinə yığılıb qalan göz yaşları içində salonu tərk etdi.Və bir neçə gün sonra qorxusunu keçirtdiyi ölümə qucaq açaraq ,onunla çarpazlaşaraq doymadığı həyata vida etdi.Bir şeyə təəssüfləndi.Sən demə ömür çox qısa ,amma cox da şirinmiş.Və o ,bu şirinliyi hər addımda acıya çevirərək tanrının əmanət verdiyi həyatı boşuna hədər edibmiş.Bəzən bitirə bilmədiyi aylar ,illər,saatlar bir dəqiqədə ,bir anda qısalaraq əldən gedə bilirmiş.

    Yazıya (126) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.