Akif ABBASOV – NURCANIN QƏMLİ HEKAYƏTİ

AKİF ŞƏKİL İYUN 2014(“Fəth” romanından)

Mürtədin kələyi

         Bu gün sanki bütün dünyanı Nurcana bağışlamışdılar. Sevincindən az qalırdı qanad açıb uçsun. Gör nə vaxtdan idi ki, bəxtiyarlığın, şadlığın nə olduğunu bilmir, üzü gülmürdü.  Sonuncu dəfə nə zaman şad-xürrəm olduğu yadına düşmürdü. Amma bu gün… İlahi sənə şəkk eləyənə lənət! Hər yaman günün, doğrudan da bir xoş sabahı varmış. Ağlına gəlmədiyi bir hadisə baş verdi – yenidən Nevzətə qovuşdu.

Sevinci aşıb-daşırdı. Elə bil Konstantinopolu o, fəth etmişdi. Sulan II Muradı görmək istəyirdi. Qismət olmadı. Əvəzində cahan padşahını  – Sultan II Məhməti   gördü. Özü də lap yaxından. Səsini eşitdi.  Özü də Konstantinopolun alındığı gün.

Bir neçə ayı, günü zillətdə keçirmişdi. Bir də üzünün güləcəyinə, sevinəcəyinə inanmırdı, gümanı da gəlmirdi. Doğmalarından, ata-anasından, sevgilisindən, vətənindən ayrı düşmüşdü. Bu nə bəla idi başına gəlmişdi?! Yatar yuxusuna da girməzdi! Mürtəd  onun həyatına, cavan canına qəsd eləmişdi. Nurcan deyib-gülən, şadlanan, qohum-əqrəbasının toyunda, şənliklərində, ad günlərində, bayramlarda qol götürüb oynayan şən bir qız idi. Qızlar bulağından su içmişdi.  İstəklisi vardı. Bir-birlərini sevirdilər. Gəlin köçəcək, Nevzətinin çırağını yandıracaqdı. Ona layiqli arvad olacaqdı. Arzuları gözündə qaldı.

Mürtəd özünə görə pis oğlan deyildi. Özünə görə. Görkəmi, var-dövləti, ev-eşiyi vardı. On arvad saxlamağa gücü çatardı. Atası Şükrünün pulunu balta kəsməzdi. Şükrü ölkələr gəzib alverini edirdi. Mürtəd geyinib-keçinib şax-şax gəzir, tay-tuşlarına acıq verirdi. Tacir Şükrü puldan-paradan verib onu hərbdən saxlatdırır, orda-burda gizlədir, ara sakitləşəndə üzə çıxarırdı.

Amma Mürtəd nə qədər imkanlı, forslu, yarlı-yaraşıqlı, ədalı olsa da, Nurcanlıq deyildi. O, lovğalığından dərisinə güclə sığırdı.  Belə “ata”, belə  “ana” uşaqlarından Nurcanın zindi-zəhləsi gedirdi. Bir kişi, bir erkək gözündə belələrini görmürdü ki, onlardan ötrü ürəyi getsin. Beləsi sabah atası başını yerə qoyanda, ondan qalan pulların da başına daş salıb quru yerdə qalırdı.

Nə isə… sən indi Allahın işinə bax! Gətirib Nurcanın qismətinə beləsini çıxardı. Mürtəd qır-saqqız olub yapışmışdı qızın yaxasından. Əl çəkmək fikri yox idi. Nurcan ayağını haraya qoyurdusa, Mürtəd bar verməyən ağac kimi qarşısında bitirdi.  Nevzət də buralarda yox idi ki, dərdini-sərini açıb desin. Toylarını tez edərdilər. Həm də çox şeyi Nevzətə söyləmək istəmirdi ki, əlindən xəta çıxar, ya da orduda bunları özünə dər edər, fikri buralarda qalar. İraq olsun, fikri yayınar, düşmən oxuna tuş gələr, düşmən qılıncı ilə doğranar. Nurcan son zamanlar çölə-bayıra da çıxmırdı ki, birdən Mürtədlə  rastlaşar.

Hərdən evlərinin pəncərəsindən ətrafı gözdən keçirəndə Mürtədin boylana-boylana qaldığını görürdü. Bu, qızı haldan çıxarırdı. Amma nə etsin? Belə anlarda “Allahım, bu nə işdir düşmüşəm?!” deyə ahu-zar edirdi. Mürtədin elçiləri də gəlmişdi. Nurcanın ata-anası qızlarının  fikrini öyrənərək, gələnlərə “yox” cavabı vermişdilər.

Nurcan atası nə Osmana,  nə anası Özləmə, nə də qardaşı Yılmaza Mürtədin hərəkətləri, ona rahatlıq vermədiyi barədə bir söz deməmişdi. Onların qanını qaraltmaq istəmirdi. Hərdən anası ona acıqlanaraq: “Bu nədir, ay qız, evdə bitib qalmısan. Bir həyət-bacaya, çölə bayıra çıx, sənə hava dəysin,  gün kürəyini yandırsın!”

Nurcan bir bəhanə ilə evdə başını qatırdı.

O necə qaçırıldığını bilmədi. Gözlərini açanda özünü  içərisinə saman döşənmiş at-arabada gördü. Əl-qolunu bağlayıb, atmışdılar arabanın bir küncünə. Yol gedirdilər. “Bu nədir? Arabada nə gəzirəm? Hara aparırlar? Niyə aparırlar?”  - deyə özünə sual versə də, cavab tapa bilmədi.

Boylanıb baxdı. Arabaçının yanında oturan Mürtəd idi. Dünya Nurcanın başına fırlandı. Fəryad qoparmaq istədi. Bacarmadı. Ağzına əski taxılmışdı.  Yadına salmağa çalışdı. Axşam saat on bir olardı. Üfürüb şamı söndürdü. Otağa qaranlıq çökdü. İçəri bürkü olduğundan pəncərəni açıq qoyub yerinə girdi.  Ata-anası, qardaşı  Yılmaz da o biri otaqda ondan da əvvəl yatmışdılar. Bəs sonra? Sonrasını xatırlamırdı. Bir az yerində qurdalanandan, bu böyrü üstündən o biri üstünə çevriləndən sonra axır ki, gözünə yuxu getdi. Səs-küy də eşitməyib. Həyətdəki it də hürməyib. Yoxsa Nurcan eşidərdi. Sayıq yatırdı.

Haradan biləydi ki, Mürtəd neçə gün pusquda dayanıbmış. Öyrənirmiş: Nurcan, ata-anası, Yılmaz nə zaman yatır? Həyətə nə zaman sakitlik çökür?  İtin başını necə qatmaq olar?

Bunları öyrənəndən sonra hərəkətə gəlib. Əvvəlcə evdəkilərin, Nurcanın yuxuya getməsini gözləyib. Arxayın olub ki, hamı yuxudadır. Nurcanın yatağa uzanmasını da şam işığının kəsilməsindən bilib. Bir tikə ətə zəhər qatıb həyətdəki itin qabağına atıb. Onun gəbərdiyinə əmin olandan sonra hasara dırmaşaraq özünü həyətə salıb, pəncərədən otağa girib. Otağa ay işığı düşmüşdü. Nurcanı aydın görürdü. O,  mışıl-mışıl yatırdı.  Sifəti işıqlı, dodaqları təravətli idi. Yuxu görənə oxşayırdı. Dodaqlarına təbəssüm qonmuşdu. Qızın girdələnməyə başlayan sinəsi bir balaca açıqda qalmışdı.

Mürtəd heyranlıqla qıza baxır, gözünü çəkmək bilmirdi. İnsafa gəldi. Bir istədi onu narahat etməsin, çıxıb getsin. Amma özü ilə bacara bilmədi. Əlində tutduğu dəsmalı onun ağzına apardı. Dəsmaldakı bihuşdarı idi. Daha qorxu yox idi. Nurcan oyanıb hay-küy sala bilməyəcəkdi. Amma tələsmək lazım idi, birdən hənirtiyə evdəkilərdən kim isə oyana bilərdi.  Osmanla Özləmə qalsaydı onlarla bacarardı, amma Yilmazla çətin olardı.

Mürtəd hündür boylu, iri cüssəli, öküz kimi güclü və sağlam idi.

Nurcan kimi nərmə-nazik qızı qucağına alıb bu otaqdan çıxarmaq onun üçün su içmək kimi asan idi. Qızı çiyninə alıb pəncərədən çıxdı. Nurcanla birgə hasara dırmaşmaq çətin olardı. Ani fikirləşib həyət  darvazasına sarı getdi, cəftəsini açıb rahatca çölə çıxdı. Özünü bayaqdan onu gözləyən at-arabaya çatdırdı. Qızı arabada yerləşdirib, özü də arabaçının yanına keçdi. Yola düşdülər. Bu at-arabanı qonşu qəsəbələrin birindən tapmışdı ki, nə onu buralarda tanıyan olsun, nə də o buradakıları tanıya bilsin. Araba sürənə çoxlu pul verib bu işə razı salmışdı.

Nurcan çabalasa da əlindən bir iş gəlmirdi. Nə ayağa dura bilirdi, nə də ağzına tıxanmış əski danışmağına imkan verirdi.  At-araba yol getməkdə idi. Beləcə gəlib Bizans torpağına  - Konstantinopola çatdılar. Nurcan bunu sonradan bildi. Həyəcan və təşvişdən özündən getmişdi. Şəhərə necə daxil olmuşdular,Mürtəd  kiminlə nə danışmışdı, necə danışmışdı, onları necə razı salmışdı, nə qədər pul vermişdi?  Heç birindən xəbəri olmadı.

Sən demə, buralarda Mürtədin atasının bir tacir dostu varmış. At-arabanı yola salandan sonra Nurcanın qolundan tutub onlara gətirdi. Nurcan dartınsa da, bunun  xeyri olmayacağını başa düşərək, sakitləşdi.

* * *

Onlar, sən demə gecə də yol gəlmişdilər. Bir neçə yerdə dayanmışdılar. İndi Mürtəd arabaçının su başına getdiyindən istifadə edərək Nurcanın yanına keçdi. Onu dilə tutmağa çalışdı. Mürtəd  bir şərtlə onun əl-qolunu açdı, ağzından əskini çıxartdı ki, o, qara-qışqırıq salmayacaq, bu yad yerdə adamları başına yığmayacaq:

-Sözə qulaq asmamağının onsuz da sənə faydası olmayacaq. Qəsəbədən çıxdığımız iki gündür. Buraxaram başlı-başına, gedərsən, görüm hara gedirsən.

Nurcanın gözlərində ümid qığılcımları yandı:

-Sən məni azad elə, qalanı ilə işin yoxdur.

Mürtəd istehzalı gülümsəyişlə:

-Bu düzdə, çöldə qurd-quş yeyər səni, – dedi.

Nurcan onu dilə tutmağa çalışdı, eyni zamanda qəzəbini boğa bilmədi:

-Eybi yox, qoy qurd-quş yesin, amma sənin murdar sifətini görməyim. Məni niyə qaçırmısan?

Mürtəd əlini sinəsinə döydü:

-Özümə arvad edəcəyəm.

Nurcan acıqlı:

-Yaramaz! – dedi. -Belə evlilik olar? Belə iş tutarlar? Mən sənə necə arvadlıq edəcəyəm? Səndən zəhləm gedir! İyrənirəm səndən!

Onun sözləri Mürtədin heç vecinə də olmadı. Nurcan indi onun yanında idi. Bu ona bəs edirdi. Qızın ətrini almaq da ona kifayət edirdi:

-Öyrəşərsən. Qonşuluğumuzda Fatma adında qız  vardı. Sən də tanıyırdın. Qəşəng saçları vardı. Qara Mahmud onu istəyir, o isə yaxın qoymurdu. Deyirdi Mahmudun başında tük yoxdur, keçəldir, yaraşıqlı deyil. Mahmud gözünə döndüyüm də eləməyib tənbəllik  onu götürüb qaçdı. İndi bir sürü uşaqları var. Hürkütməsən, saymaq olmur. Fatma ona bağlanmasaydı, təslim olmasaydı, onunla bir yastığa baş qoymasaydı uşaqlar haradan olardı? Nə olsun Qara Mahmud keçəl idi, tüksüz idi! Hə, Nurcan can, nə dəyişdi? Qara Mahmudun başına tük gəldi? Sadəcə, bir-birlərinə öyrəşdilər. Fatma də oturub-deyir: Sən demə, Mahmuddan başqası yalanmış”. Buna nə deyirsən?  Nə olub mənə?! Gül kimi oğlanam! Hələ bir yerdə yaşayaq, onda özün gərəcəksən necə olduğumu. Sən də Fatma deyəni deyəcəksən.

Nurcan ala verdi:

-Yalansa başın batsın! Yalvarıram, məndən əl çək. Həyatımı zəhərləmə. Mən səni sevmirəm! Sevməyə-sevməyə səninlə necə yaşaya bilərəm?

Mürtəd dediyindən əl çəkmirdi:

-Dedim axı. Sevəcəksən. Yavaş-yavaş alışacaqsan. Yenə xəbərdarlıq edirəm: ağıllı ol. İndi atamın dostu gilə gedəcəyik. Özünün necə ağılsız olduğunu onlara göstərmə. Bəd ayaqda deyəcəyəm arvadımdır. Hay qışqır, ha bağır. Bilmirsən ki, indiki zamanda qadın sözünə baxan yoxdur? Kişi nə deyirsə, odur. Çox o yan, bu yan edərsən, aparıb bazarda qul adına sataram səni.

Nurcan sevincək:

-Apar, sat, razıyam, – dedi.

Mürtəd şaqqanaq çəkdi:

-Sən necə də sadəlövhsən. Dünyadan xəbərin yoxdur. Səndə təqsir yoxdur, ana uşağısan da. Qul bazarında hələ bilmirsən səni kim alacaq? Səninlə necə rəftar edəcək. Həm qadın kimi, həm də qul kimi işlədəcək səni!

Nurcan susdu. Məsələnin bu tərəfi də vardı.

Mürtədin sözlərində həqiqət olduğunu gördü. Qadın sözü ilə kim oynayırdı ki?! Qadını adam yerinə qoyurdularmı?! Qadın, özü də kasıb qadın cinsi ehtiras söndürmək vasitəsi idi, bir də evdə iş görmək, uşaq doğmaq. Odur ki, səsini içinə saldı.  Nurcan başa düşdü ki, yaman ilişib. Çıxış yolunu çətin tapa.

Mürtədin səsi gəldi:

-Dəlilik eləməyəcəksən ki?

Çabalamaqdan kəndir əl-qolunu, ayaqlarını kəsmişdi, düz əməlli-başlı oturub-dura bilmirdi. Bunun ayaqyoluna getməyi vardı, əl-üzünü yumağı vardı. Hələ ağzı da qapılmışdı. Ürəyi ağzına gəlirdi, güclə nəfəs alırdı. Nurcan çox ölçüb-biçəndən sonra anladı ki,  bir çarə tapınca Mürtədin dediyi ilə oturub-durmalıdır. Tərsliklə heç nəyə nail ola bilməyəcək. Odur ki, başını tərpədib o deyənlə razı olduğunu bildirdi.

Elə bu zaman arabaçı gəldi. Onlar söhbətlərini kəsdilər. Düşüb karvansarada nahar elədilər.

                                (ardı var)

    Yazıya (196) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.