Böyük dənizlərin həsrətində – ANAR yazır

Anar MSəməd Behrəngi haqqında

Güney Azərbaycanın böyük yazıçısı Səməd Behrənginin adını ilk dəfə səksəninci illərdə Türkiyədə eşitdim. Mənim bir neçə kitabımı Türkiyə türkcəsinə uyğunlaşdıran mərhum dostum İldəniz Qurtulan Səməd Behrənginin əsərlərini də farscadan türkcəyə çevirmişdi. Yazıçının İldəniz bəyin tərcüməsində İstanbulda nəşr edilmiş kitablarıyla tanış oldum, fransız ədibi Antuan Ekzüperinin “Balaca şahzadə” və Nazim Hikmətin “Sevdalı bulut” əsərlərində olduğu kimi, Səməd Behrənginin kitablarında da alleqorik obrazlar vasitəsilə çox ciddi məsələlərdən bəhs olunur. Amma “Balaca şahzadə”də həyata fəlsəfi baxış, “Sevdalı bulut”da eşq motivi əsasdırsa, Səməd Behrənginin əsərlərinin qayəsi mühüm ictimai-siyasi problemlərlə bağlıdır. Bu baxımdan onun neçə-neçə dillərə çevrilmiş, İtaliyanın Bolonya şəhərində beynəlxalq uşaq kitabları müsabiqəsində Birinci yeri qazanmış məşhur “Balaca Qara Balıq” – hekayəsi yazıçının üslubu üçün səciyyəvidir.

“Biri vardı, biri yoxdu, bir Balaca Qara Balıq vardı. O, anası ilə birlikdə kiçik bir arxda yaşayırdı. Arxın suyu dərəyə axırdı. Balaca Qara Balıqla anasının bir qara daşın dalında, yosunların arasında evləri vardı. Ana və bala səhərdən axşama qədər bir-birinin dalına düşüb üzür, hərdən başqa balıqlara qoşulub sürətlə balaca bir yerdə gəzişir və geri qayıdırdılar. Qara Balıq anasının bircəsi idi”. (Farscadan çevirəni M.Afiyət).

Məsələ də elə burdan başlayır. Balaca Qara Balıq anasının və bütün başqa balıqların alışdıqları bu həyatla barışmaq istəmir, ancaq bir arxın içində ömür sürüb, bir-birinin dalına düzülüb bir yerdə gəzişmək, sonra yenə geriyə qayıtmaq istəmir. O, arxın dərəyə tökülən yerinə qədər üzüb geri dönmək yox, suyun axarıyla daha böyük çaylara, nəhrlərə, dənizlərə çatmaq, bu qapalı dar dünyadan çıxıb gen dünyaya qovuşmaq istəyir. Anası, böyük təcrübəli balıqlar Balaca Qara Balığı yolundan döndərməyə çalışırlar, bu çətin yolda onu gözləyən təhlükələrdən, maneələrdən xəbərdar edirlər, rastlaşacağı amansız düşmənlərdən bəhs edirlər, hətta məhv ola biləcəyini başa salmağa çalışırlar. Ancaq Balaca Qara Balıq inadından dönmür.

Alleqoriyanın mənası aydın-aşkardır. O vaxtkı İranın dar, boğucu qəfəsində çırpınan gənc nəsil daha bu sayaq həyata dözmək istəmirdi, ciddi təhlükələri, ağır itkiləri, qəddar, acımasız düşmənləri belə eynlərinə almadan böyük dünyaya – “böyük dənizlərə” qovuşmaq arzusuyla çırpınırdılar.

Səməd Behrəngi ilə yaşıdıq. O, 1939-cu ildə anadan olub. Məndən bir yaş kiçikdir. “Balaca Qara Balıq” hekayəsini oxuyanda mənim 14 yaşında yazdığım ilk hekayəmi – “İki dəniz” hekayəsini xatırladım. Səmədin yazıçı kimi püxtələşmiş yaşında yazdığı hekayəylə özümün ilk qələm təcrübəmi bədii cəhətdən tutuşdurmuram.

Amma hər iki yazıda eyni həsrət ifadə olunmuşdur: mənimkində “böyük dənizlərə” qovuşa bilməyən “kiçik dənizin” həsrəti, Səmədinkində arxdan çaylara, çaylardan dənizə can atan kiçik balığın arzusu…

“Söz dünyası”nın əsasən “altmışıncılara” və onlardan sonra gələn nəsillərə həsr olunmuş 3-cü cildini hazırlayarkən eyni dövr Güney Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Səməd Behrəngi haqqında da bir yazı yazmaq qərarına gəldim. Onun Azərbaycanda nəşr olunmuş “Məhəbbət nağılı” kitabını yenidən, təzə gözlə oxuyarkən, əmin oldum ki, başqa bir ölkədə, başqa bir şəraitdə, başqa çətinliklərlə üzləşən, başqa qadağalar çərçivəsində yazıb-yaradan yazıçımızı da elə bizim “altmışıncıları” narahat edən məsələlər ağrıdırmış. İctimai bərabərsizlik, azad sözün, fikrin boğulması, böyük dünyadan təcrid olunmuş həyat tərzi, – Azərbaycanın Şimalında da, Cənubunda da bu nəslin yazıçılarını eyni cür düşündürürmüş.

Mən indi 82 yaşındayam, “Altmışıncılar” nəslinin bu gün həyatda olan dörd-beş yazıçısından biriyəm. Səməd isə cəmisi 29 il ömür sürüb. Müşfiq kimi, Əli Kərim kimi, Mərziyə Üsküyü kimi Səməd də çox-çox gözəl əsərləri, niyyətləri, arzuları özüylə aparıb. Amma bu çox cavan yaşlarında belə görə bildikləri işlər ədəbiyyat tariximizin parlaq səhifələridir.

Təpədən dırnağa xalis milli ruhlu Azərbaycan türk yazıçısı Səməd Behrəngi müəyyən səbəblərə görə əsərlərini fars dilində yazmağa məcbur olub. Bunun obyektiv və subyektiv izahları var. Obyektiv izah odur ki, onun yaşadığı illərdə İranda Azərbaycan dilində əsərlərin nəşri yasaq idi. Subyektiv səbəb isə ondaydı ki, Səməd fars oxucularına da Azərbaycan ədəbiyyatının, Azərbaycan folklorunun, həqiqi Azərbaycan tarixinin zənginliklərini açıb göstərmək istəyirdi.

Bu cəhətdən də Səməd Behrənginin Şimaldakı “altmışıncılara” nə qədər doğma, simsar, yaxın olduğu açıq-aydın görünür.

Sırf sosial məsələlərə həsr olunmuş “24 saat yuxuda və ayıqlıqda”, “Adət”, “Binam” adlı fars dilində yazılmış hekayələrində Mirzə Fətəli Axundzadənin, Mirzə Ələkbər Sabirin, Mirzə Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin Səmədin öz təbiriylə desək, “ayaq izləri görünür”. Bu yazıçılar bizim “altmışıncıların” da arxalandığı sələfləri idi.

Səməd Behrənginin folklorumuza həsr olunmuş məqalələrində (o həm də bu folklor örnəklərimizi toplayıb fars dilinə çevirib) mənim bu məsələyə baxışlarımla tam eyniyyət gördüm. Səməd Behrəngi kimi mən də həmişə bu fikirdə olmuşam ki, Orta əsrlərdə bizim doğma Azəri türk dilini yaşadan ilk növbədə folklor örnəklərimiz – dastanlar, nağıllar, aşıq şeirləri, bayatılar olub. Demə, Səməd Behrəngi də mənim kimi “Kitabi- Dədəm Qorqud” vurğunuymuş.

Səməd Behrəngi Azərbaycanın azadlıq mücahidləri Babəklə, Səttərxanla, Xiyabaniylə fəxr etdiyi kimi, doğma dilimizdə yaranan əsərlərin müəllifləri Möcüzlə, Ləliylə, Şəhriyarla, Səhəndlə də qürur duyur.

Böyük Azərbaycan şairi Nizami Gəncəviylə bağlı çox maraqlı bir fikir söyləyir:

“Əllamə Dehxüdanın Nizamidən götürüb öz kitabına salmış olduğu nümunələrin hamısı Azərbaycan atalar sözləri və məsəlləridir. Nizami onları farsca tərcümə edib öz şeirlərində istifadə etmişdir. Əlbəttə, bu fikrin düzgünlüyünü dəqiq tədqiqatla müəyyənləşdirmək olar. Tədqiqat isə bizdə belə bir sual doğurur: Aya, Nizaminin şeirlərindəki atalar sözü və məsəllər ondan qabaqkı fars şairlərinin əsərlərində varmı?”.

Şimali Azərbaycan ədəbiyyatını böyük maraqla izləyirmiş Səməd. Əruz vəznindən hecaya keçmək məsələsinə toxunaraq “Ədəbiyyatımız və Səhəndin “Sazımın sözü” kitabı” adlı məqaləsində yazır: “Sonralar heca vəzni daha çox yayılır və onun Səməd Vurğun kimi nümayəndəsi sözlərin təbii ahəngini saxlamaqla, misraların uzunluq bərabərliyini qorumaqla və qafiyələrin müntəzəmliyini saxlamaqla özünün məhəbbət, tənqid, ictimai və lirik fikirlərini heca ilə ifadə etmişdir”.

Görkəmli alimimiz Abbas Zamanov “Yenə sıramızda var Rəsul Rza” məqaləsində yazır:

“Mənhus Məhəmməd Rza şahın dövründə hökm sürən terrorun qurbanı olan Səməd Behrəngi 1968-ci ildə gizli şəraitdə buraxdığı “Parə-parə” məcmuəsində Rəsulun bir sıra şeirlərini daxil etmişdi. Cənub mətbuatının yazdığına görə, o zaman bu şeirlər oxucular tərəfindən maraqla qarşılanmış, əldən-ələ keçmiş, gizli şəraitdə geniş yayılmışdır”.

Səməd Behrənginin faciəvi şəkildə Araz çayında boğulub ölməsi bu gün də sirri açılmamış müəmma kimi qalır. Quruluşa asi olan yazıçının Şahın gizli xəfiyyəsi SAVAK tərəfindən boğulması fərziyyəsi əsassız deyil. Hətta bu fərziyyə Səmədin yüksək qiymətləndirdiyi folklorun yeni bir örnəyi kimi də yaranıb:

Araz üstə, buz üstə

Kabab yanar köz üstə

Səmədi boğdurdular

Danışdığı söz üstə.

Güney Azərbaycanın böyük şairi Həbib Sahır Səməd Behrənginin ölümünə yanıqlı elegiya həsr etmişdir.

…1939-cu ilin yayında Təbrizin Çərəndab məhəlləsinin Üsküllər küçəsində çox kasıb ailədə bir uşaq dünyaya gəlir. Böyük qardaşı Əsəd xatırlayır: “Səhərlər küçəmizdən ötənlər ayaqqabılarını qoltuğuna vurub güllə kimi qaçan bir uşaq görərdilər. Bir-birlərindən soruşardılar ki, görəsən, bu uşaq kimdir? Niyə hər səhər harasa qaçır? Günlər ötdü, məlum oldu ki, hər səhər ona görə qaçır ki, oxuduğu məktəb evlərindən çox uzaqdır, qorxur ki, dərsə gecikə, ayaqqabıları da ki, cırıq olduğundan və onları geyəndə bərk qaça bilmədiyindən onları qoltuğuna vurur. Adı Səməddir”.

Ömrü boyu əyni-başı nimdaş, geyim-keciminə əsla fikir verməyən Səməd Behrəngi maariflənmək və maarifləndirmək dalınca qoşdu, kənddən kəndə keçib dərs dedi, oba-oba gəzib folklor örnəkləri topladı və həyat məramını belə ifadə etdi:

“Gərək özünü oda atasan ki, yanmışların dərdindən xəbərin ola. Kənarda dayanıb tonqalda əl qızdırmaqla yananların nələr çəkdiyini anlamaq mümkün deyil”.

Arxdan çıxıb böyük dənizlərə qovuşmaq istəyən Balaca Qara Balıq kimi, Səməd Behrəngi özü də bəlkə Arazla üzüb Kürə qovuşaraq Xəzərə çatmağa can atırmış. Amma Xəzərin özü də qapalı dəniz idi axı…

Yazımı bu gözəl yazıçımızın “Balaca Qara Balıq” hekayəsindən sitatla başladım. Həmin hekayədən sitatla da bitirmək istəyirəm:

“Ölüm indi çox asanlıqla mənim dalımca gələ bilər. Qoy olsun. Bu əsas məsələ deyil. Əsas məsələ odur ki, mənim yaşamağım, yaxud ölümüm başqalarının həyatına necə təsir edəcək”.

Müdrik sözlərdir! İyul 2020

 

Mənbə:http://edebiyyatqazeti.az/news/muzakire/6010-boyuk-denizlerin-hesretinde?fbclid=IwAR1_ud4nzuJoWstYg4x6au4MKVn_-4CwmoUgUoSr68a2wmqSRi1W9iZ2wuQ#.XzD7QR7arXk.facebook

    Yazıya (116) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.