Zaman VƏ TALE – Sabir RÜSTƏMXANLI

Zaman VƏ TALE - Sabir RÜSTƏMXANLI

 

Azər Abdulla haqqında

Zaman adamların taleyində, xarakterində müəyyən izlər buraxsa da onları bütövlüklə başqalaşdıra bilmir, kök və qan yaddaşı dəyişilmir. On yeddi yaşında tanıdığın adamla üstündən əlli il keçəndən sonra rastlaşsan, mövqeyində, görkəmində dəyişikliklər görəcəksən, ancaq xasiyyətinin gənclik illərindən az fərqlləndiyinə heyrətlənəcəksən. Bu baxımdan nasir, şair, publisist, həvəskar rəssam Azər Abdulla bir örnəkdir..

Azərbaycan dövlət universitetinin filologiya fakultəsində məndən bir kurs yuxarıdaydı. Yataqxanadakı ədəbi məclislərdə, universitetin şeir dərnəklərində görüşüb söhbətləşirdik. Aradan uzun illər keçib, həyatın sərt imtahanlarından çıxmışıq, çox acılarını dadmışıq, ancaq Azər Abdulla elə həmin adamdır: sakit, səmimi, təvazökar, özünü gözə soxmayan, ürəyi dolu olsa da uzun danışmağı sevməyən, dərdini içində çəkən…

Dəyişilməyən bir şey də Azər Abdullanın yaddaşındakı Zəngəzur dünyasıdır. Arazın hər iki sahilində ucalan dağlar, Mığrının bütün rəngləri, səsləri, insanlarının unudulmaz xatirələri…

Azər Abdullanın yaddaşında itirilmiş bir dünyanın canlı xəritəsi var; o dünyanın aranı, yaylağı, kəndləri, saralan zəmiləri, düşmən xəyanətləri ilə dolu olan, qanlı-qadalı tarixi, türkü, ermənisi… hamısı bu xəritədə əksini tapır. Azər özünəməxsus bir səbr, təmkin və ustalıqla o xəritəni sözə çevirir, yazır və bütün itirilmiş torpaqlarımızın həsrəti ilə yüklənmiş bir hala gətirir. Bütün bunları yazıçılıq iddiası ilə yanaşı, bir vətəndaşlıq borcu kimi edir, ürəyinin ağrısını soyudur; uşaqlıq dünyasının doğma insanlarının unudulmamasına çalışır. Bununla belə, Azər Abdullanın Zəngəzur xəritəsi dünya xəritəsinin bir parçasıdır. Burada çağdaş Azərbaycanın bütün qayğıları, dərdləri, insan taleləri ilə birgə, yer üzünün bir-birindən uzaq görünən bir çox guşəsi, çeşidli xalqlardan olan adamları, onların düşüncə və yaşam tərzi əksini tapır.

Azər Abdullan, bir qələm əhli olmaqdan əlavə, həm də görkəmli mədəniyyət xadimidir, onun ictimai-ədəbi fəaliyyəti də göz önündəddir və ayrıca qiymətləndirilməlidir. O, uzun illətdir “Oğuz eli” qəzetinin “Yazıçı” adlandırdığı əlavəsini buraxır. Bütün yaradıcılığını, gördüyü digər işləri bir kənara buraxsaq, təkcə elə bu xüsusi buraxılış Azər Abdullanın nə qədər böyük ədəbi-elmi iş gördüyünü aydınca göstərəcək… Belə buraxılışların xüsusi bacarıq, ədəbi zövq, bilği, və özəlliklə zəhmət tələb etdiyini yaxşı bilirik. Hər müəllif üçün neçə-neçə qapı döyür, onlarla əlaqə saxlamalı olur… “Yazıçı”da getmiş çoxsaylı yazılarıma görə Azərə minnətdaram. Bir də görürsən gözlənilmədən zəng vurur: “filankəs haqqında yazın varmı?” Varsa göndərirsən, yoxsa o yazını sənə yazdırır. Dəfələrlə zəng vurmağın hesabına!.. Arxayınçılıqla yazdığın da olur, tələsik iki daşın arasında yazdığın da… Amma sonra buraxılışı vərəqləyəndə çiynindən dağ götürülür; bir qələm dostun və ya xidməti olan bir böyüyümüz haqqında ürək sözlərini söylədiyinə görə.

İndiyədək Azər Abdullanın xeyli şeir və nəsr kitabı buraxılıb.

Sosial mediada da fəaldır. Burada onun hər biri nəsr əsəri təsiri bağışlayan esse və publisistik yazıları yayımlanır və maraqla oxunur. Azər Abdullanın publisistikasıyla nəsrinin bir-birini tamamlaması da çoxdan diqqətimi cəlb edib. Daha doğrusu, bu, daha çox onun publisitik yazılarında müşahidə olunur. Məqalələri dilinin zənginliyi, yüksək bədiiliyi ilə seçilir. Bundan əlavə, 1969-cu ildən bəri nəşr edilmiş “Bir durna qatarıyıq”, “Gedirəm gündoğana”, “Səni gözləyirəm”, “Bəyaz çiçəklər”, “Qəmərlidən keçən qatar”, “Qapıları bir-bir döydüm”, “Onlar qəmli idi”, “Kəpənək bayramı”, “Pa-de-şah” adlı kitablarını da oxumuşdum; özəlliklə “Qəmərlidən keçən qatar” bugünkü Azərbaycan-Ermənistan münaqişələrinin, düşmənçiliyin kökünü, anatomiyasını göstərən, ağrı ilə dolu, mükəmməl bir nəsr əsəri kimi, yadımda qalmışdır. Sosial mediada çap olunan “Əsgər haqqında ballada” poeması da Qarabağ müharibəsi haqqında yazılmış dəyərli poetik nümunələrdən biridir.

Azər Abdullanın yeni nəşr edilmiş “Çat” kitabı orijinal mövzusu, üslub özəlliyi, dil və bədii təhlil formalarının zənginliyi baxımından nəsrimizin uğurlu olaylarındandır. Kitabı oxuyandan sonra bir qələm dostu kimi ona borclu olduğumu hiss etdim. Onlarla müəllif haqqında söz demiş, başqalarının fikirlərini toplayıb çap etdirmiş, təmənnasız şəkildə ədəbiyyatımıza xidmət göstərmiş bir qələm sahibinin öz yaradıcılığının yetərincə təhlil edilib, qiymətləndirilməməsi ədalətsizlikdir.

543 səhifəlik, iri həcmli “Çat” kitabına müəllifin bir romanı, hekayə və esseləri toplanmışdır.”Çat” yaradıcılığını yaxşı bildiyim Azər Abdullanı mənə yenidən tanıtdırdı; onu bir nasir kimi boyaboy göstərdi; əsərlərinə marağımı və sevgimi qat-qat artırdı desəm, şişirtmə olmaz. Kitab Azər Abdullanın nəsr yaradıcılığının parlaq nümunəsidir.

Kitab üç adda roman: “Çat, Üç Əbülfəz, Allahla qayıdış” adlandırdığı mürəkkəb sujetli bir əsərlə başlanır. Müəllif Azərbaycanda və tarixi torpaqlarımız olan Zəngəzurda yaşamış insanların biri-birindən maraqlı obrazlarını yaradır. Süjetlər dağınıq görünsə də, əslində, çal-keçid şəkildə bir-birinə bağlıdır, bir-birinə işıq salır və müəllif ideyasının açılışına kömək edir. Çeşidli vaxtlarda və çeşidli məkanlarda baş vermiş olaylar insan və cəmiyyət münasibətlərinin fərqli amma mahiyyət etibarı ilə bənzər sorunlarını aşkara çıxardır. İşlədiyi ali məktəbdə ziyalı – müəllim mühitinin ziddiyyət və bəzən də faciələrinə, ədalətsizliklərə dözməyən və hakimiyyət orqanlarının bu ədalətsizliklərə biganəliyini görəndə qisasını özü alan, həbsə düşən, sonra 55 yaşında Qarabağ savaşına qatılan, könüllü dəstələr ləğv edildikdən sonra geri dönən və sanki, ermənilərlə savaş günahmış kimi (bu paradoksal durum yaxın keçmişimizin acı bir reallığıdır) Azər Abdullanın əsərlərində bir neçə dəfə vurğulanır. Cəbhədən dönəndən sonra yenidən həbs olunan Əbülfəz müəllimin ölümə qədərki bütün həyatı, mərd və dönməz xarakteri, əsərin digər qəhrəmanı Azadın ilk uğursuz sevgisi, Azərbaycan türklərinin Zəngəzur həyatından alınmış biri-birindən maraqlı əhvalatlar, “Kəpənək bayramı” bölümündəki ilanların intiqamı və sair epizodlarda ümumi ideya məhz elə arıya düşən ÇATdır. Əbülfəz müəllimlə mühiti və cəmiyyəti arasıdan, redaktorlar və redaksiya əməkdaşları arasından, Azadla Rabil arasından, könüllü şəkildə savaşa gedən məhbuslarla “Bunun özünə, duruşuna bax, Qarabağa getməsinə bax?!” deyib tənə edən əli dəyənəkli nəzarətçi arasından , türklərlə ermənilər arasından bir çat, ayrılıq keçir. Roman boyu çeşidli epizodlar bu çatın insanların taleyində, mənəvi aləmində, düşüncəsində, həyat tərzində necə böyük fərqlər və faciələr yaratdığını izlətdirir. Bu böyük faciəni müəllif son dərəcə maraqlı insan xarakterlərinin bədii təhlili fonunda göstərir. Xüsusən Mığırı – Zəngəzur həyatına həsr edilmiş bölümlərdə Balacanın və digər azərbaycanlıların obrazı, onların yaşadıqları kəndlər, gözəl təbiət unudulmaz boyalarla yaradılmışdır.

 

Azər Abdulla. “Səmazən” (yağlı boya)

Ümumiyyətlə, Azər Abdulla itirilmiş Zəngəzurun söz rəssamıdır. Mığrının dağları, dərələri, insanları onun qələmi ilə oxucu yaddaşına həmişəlik həkk olunur. Azər itirilmiş dünyamızı bu cür qoruyub yaşadır və yazılarının ruhu ilə o torpaqların bizə məxsusluğunu təsdiqləyərək, o yerlərə bir də qayıtmağımızın zəruri olduğunu xatırladır.

Əslində, Azər Abdullanın hekayələrinin çoxu bədii materialın genişliyi, iç-içə sujetlər, mürəkkəb insan taleləri, unudulmaz səhnələri ilə kiçik həcmli roman təsiri bağışlayır. O, öz obrazlarını bir rəssam dəqiqliyi ilə, heç bir cizgisini unutmadan çəkir. Hekayələri bir dəfə oxuyan oxucunun hafizəsinə həkk olunan insan taleləri günümüzün bir çox problemlərinə işıq salır, müəllifi həm də cəmiyyətin bütün sorunlarını dərindən bilən, duyan, xalqın bütün ağrılarını ürəyindən keçirən və bu ağrıları azaltmaq yollarını düşünən bir mütəfəkkir kimi tanıtdırır. Kitabdakı esselərdən çoxu mükəmməl bir fəlsəfi əsər təsiri bağışlayır.

Qələm dostumun insan xarakterlərini, təbiət lövhələrini unudulmaz şəkildə canlandıra bilmək qabiliyyəti ona çağdaş nəsrimizdə özəl yer qazandırır. Bu baxımdan onun roman və hekayələrindən çoxlu örnək göstərmək olar. Hətta heyvanların obrazları da bu hekayələrdə canlı insan obrazları qədər dəqiqliklə əks etdirilir. “Quyruq” hekayəsində həm Alapaçanın, həm də onun üstünə gələn canavarın bir dastanı, əfsanəsi yaradılıb. At və qurd haqqında çox yazılıb. Amma bu hekayə-dramda hər ikisinin yaşantıları çox dəqiqliklə, bütün keçidləri, haldan-hala düşmələri ilə təsvir olunmuşdur. Azər Abdullanın bəzi hekayə və esseləri həm də poetik nümunə kimi, obrazlılığı ilə diqqəti cəlb edir; şeir kimi oxunur. Dediyimizə parlaq nümunə olaraq “Su qohumluğu” essesinidən iki parçanı oxucuların diqqətinə çatdırırmaq istəyirəm. Müəllif yazır: “Əgər Suyun yaddaşı varsa onda onun yaddaşı da ruh kimi görünməz, ölməz, əbədidir.Dağ çaylarından yellənib axan, daşlara çırpılan, havalanıb uca qayalardan atılaraq parçalanıb tikə-tikə olub- damcılara, zərrəciklərə bölünərək yerə tökülən, yenidən bir-birinə qovuşub axaraq çaya, gölə, dənizə, okeana dönən, gah şaxtadan donub buz olan, gah istidən buxarlanıb göyə qalxaraq buluda dönən, yellərin qabağına düşüb kəndlər, şəhərlər, qitələr adlayan bulud bəlkə Ələyəz, bəlkə Savalan, Qoşqar, Murov dağın üstünə yetəndə yorulub ağırlaşdığından, yenidən bölünüb damcı-damcı yerə tökülən, tökülcək də illərin ayrılığından bir-birinin həsrətini çəkmiş, sevgililərtəkin dərhal qucaqlaşıb, qovuşan, bizim, sizin, onların, dünyamızın Suları…”

Bu parça eyni zamanda Azər Abdullanın nəsr və publisistika üslubunun özəlliyini göstərən bir örnəkdir. “Su qohumluğu” “əfsanə”sində müəllif suyun tarixini yazır. Onu milyon illərdən keçirir, varlığımızın mayası kimi göstərir və təsvir edir; eyni zamanda bir Latış qızı ilə ötəri tanışlıqda körpüyə döndüyünü də unutmur: “Onun barama qurdunun ağzından çıxan zərif, sapa bənzər qumral, ipək tellərinin üstü bulud arxasından boylanıb gülümsəyən gün işığında titrəşərək bərq vurub parıldaşan, iyinənin ucu boyda ulduzlarla, Su zərrəcikləri ilə bəzənmişdi. Layma ilə bir an baxışlarımız toqquşanda onun iri, mavi gözlərində əks olunmuş qıvrım saçımda da sayrışan həmin ulduzcuqları gördüm. Duman bizi sevgililər bilib başımızı incilərlə dolu tacla bəzəyib sakitcə axıb getmişdi.” Bu essenin ruhunu-pafosunu və bütövlükdə Azər Abdullanın yaradıcılığının mahiyyətini “Su qohumlu”luğunun sonuncu cümləsi dəqiq ifadə edir. “Susuzam, Suya dönmək, Su olmaq istəyirəm, yeri-göyü dolaşmaq, hamının, hər şeyin içindən, canından keçmək, bütün çirkabları, murdarlıqları yuyub təmizləmək, yenidən göy üzünə sular kimi pak- təmiz qalxmaq istəyirəm.”

Əslində, ədəbiyyat işi elə bu arzunu gerçəkləşdirməyə xidmət edir. Söz də suyun işinə bənzər bir iş görür.

Azər Abdullanın 1993-cü ildə qələmə aldığı “Qəmərliyə gedən qatar” povestindən başlayaraq “Ədəbiyyat qəzeti”nin 15 avqust 2020-ci il tarixli sayında çap etdirdiyi “Sağalmayan yaralar” əsərinə qədər, yaradıcılığının böyük bir hissəsi Cənubi Qafqazda ermənilərin Azərbaycan türklərinə düşmənçiliklərinin faciəli, dilə, yazıya çətinliklə gələn vəhşilik səhnələri ilə doludur. Uzun illər bundan öncə oxuduğum “Qəmərlidən keçən qatar” povestindən bəzi təsvirlər: “O payız düzü-dünyanı soğan başına götürmüşdü. Zəmilərin qırağından, avtobus dayanacaqlarından, vağzalların yanından ötəndə qalaq-qalaq yığılıb tığlanmış qızılı, sarı soğan adamın üzünə gülür, aralanıb gedəndən sonra xışıltısı eşidilirdi” və ya “O, şəftəlisini satmağa aparan kəndçilərlə bir-bir görüşdü. Neçə ay qabaq ayrıldığı bu adamların danışığı, səsi, zarafatları ona şəftəlinin məstedici qoxusu kimi doğma və gözəl idi.” bu gün də yadımdadır. Eyni zamanda qudurqan və vəhşi erməni gənclərinin qatarda bir türk ailəsinə verdikləri əzab-əziyyət də indiyədək içimi göynədir. Ancaq sonralar bütöv xalq bu faciəni yaşadı. Azər Abdullanın sonuncu “Sağalmayan yaralar”ında bu faciənin vəhşi qonşularımızın törətdikləri və insanlığa üz qarası olan dözülməz səhnələri var. Çox istərdim ki, Azər bu mövzunu davam etdirsin.

“Çat” kitabı bütövlükdə yer üzündə gedən mürəkkəb prosesləri, doğma xalqının keçdiyi yolları, yaşadığı faciələri izləyən və dərindən bilən, üzləşdiyimiz sosial bəlaları aradan qaldırmağa yollar axtaran, şeiri və nəsri yüksək vətəndaşlıq ruhu ilə yoğrulmuş yetkin bir qələm sahibinin mürəkkəb ömür yolunun bədii salnaməsidir.

Son vaxtlar Azər Abdullanın həvəskar rəssam kimi sosial şəbəkələrdə, nəşr etdiyi “Yazıçı” dərgisində, onun iş otağında gördüyüm karandaş və boyayla çəkdiyi tarixi şəxsiyyətlər, görkəmli bəstəkar, tanınmış yazıçı, şair, ədəbiyyat adamı olan həmkarlarının maraqlı portretləri, dini mövzuda (“Peyğəmbərin xilası”, “Xəbər” “Adəmlə Həvva”), itirilmiş torpaqlarımızla bağlı xiffət və ağrıdan yaranmış “Həsrət”, “Ulu nənəmin ruhu”, “Yer şumlayan axund babam” və digər tabloları, sanki bu yaradıcı adamın sözlə deyə bilmədiyi yaşantılarının rəssam fırçasıyla ifadəsidir ki, bu da tamam başqa bir yazının geniş mövzusudur.

Mənbə http://edebiyyatqazeti.az

    Yazıya (95) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.