Təranə Arifqızı – “Arzu” (şeirlər)

 

61558749_1258439887657778_8308551381560590336_nBir gecə bir dəli külək olasan,

Çapıb köhlənini çıxıb gedəsən…

Dan üzü çatasan getdiyin yerə,

Tanrıya min şükür, dua edəsən..

 

Bağlı qapılara gücün çatmasa,

Pəncərə açasan, evə dolasan…

Görəndə gözündən incilər axa,

Sevdiyin üzlərə durub baxasan…

 

Yorğun baxışlara tumar çəkəsən,

Külək olduğunu heç kəs bilməyə…

Bağrına basasan darıxdığını,

Sənin göz yaşını heç kəs silməyə…

 

Bir evdən bir evə rahatca gedib,

Dərdini biləsən sevdiklərinin…

Dərdinə bir həmdəm tapasan bəlkə,

Heç kəs eşitməyə dediklərini…

 

Acını, ağrını əllərdən alıb,

Aparıb dəryada boğub gələsən…

Bir cənnət gölünün yanından kecib,

Bir ovuc xoşbəxtlik yığıb gələsən…

 

Sonra…sonra günəş doğa, sabah açıla,

Yer üzü təzədən gələ dünyaya…

Yığasan öz külək qanadlarına,

Əmanət edəsən Yeri Tanrıya…

 

 

 

ÖLDÜRÜB ÖZÜNÜ, DİRİ GƏLƏSƏN…

 

Bir qapı dalında ruhun ağlaya,

bir qapı dalında ruh həsrət çəkə…

kiminsə qəlbində ovunmaq üçün

titrəyə içində ah həsrət çəkə…

 

Sevdiyin qapını döyüb durasan..

ürəyin döyünə, gözlərin gülə…

dəstəyə gözünlə sığal çəkəsən,

yandıra içini yaş gilə-gilə…

 

Gəldiyin yollara dönüb baxasan…

bəlkə addım səsi arxadan baxır…

açılmır qıfılı bağlı qapının…

göydən səda gəlir, bir adam baxır…

 

Qarşına çıxmaya səni sevənlər,

acını udaraq geri gələsən…

yolboyu özünə məzar qazasan

öldürüb özünü, diri gələsən..

 

 

*********

Günahlarım dilimdən

asılıb göyə doğru,

ölən ümid dirilməz,

dirilib deyə… Doğru..

 

Hər duanın əlləri

gözyaşıyla bağlanır…

hər inamın dilində

ümidsiz dil saxlanır…

 

Ulduzlara günümdən

danışır gecələrim

bitib tükənmir, Tanrı, -

niyə, kim, necə? – lərim…

 

Gedir işığa döğru

Yerə işıq adamlar…

Yaşıl yarpaq qırılır..

Olur boşluq adamlar…

 

Yiyəsizlık it hürür

kimsəsiz yer üzündə…

Qorxu dəyir gözümə

qırılan hər dizimdə…

 

Sabahlarım açılır

şeytana daş atmaqla…

Başımı SƏNdən uzaq

dualara qatmaqla…

 

Mən qopmaq istəyirəm

bütün günahlarımdan…

Torpaq dördəlli tutub

mənim ayaqlarımdan….

 

 

********

Küsmüşəm səndən, Tanrı…

barışığa adam göndər.

əlimi əlinə versin,

nə Həvva, nə Adəm göndər..

 

aç xurcunun ciyəsini,

qur baxtımın dəyəsini,

yiyəsizin yiyəsini

qaytar öz evinə göndər.

 

yaxşı kişi yaxşı atın

belində getdi gəlmədi.

zamanımız kor saatın

milində bitdi, gəlmədi.

 

Ilanlar eynək gəzdirir

zəhərini hədəf üçün.

incilər dərya dibində

qiymətlidi sədəf üçün..

 

Bir kimsəsiz ev içində

hörümçəyə kirə qaldım…

belinə kəndir bağladım

tor taxtından yerə saldım.

 

Səndən sənə olan sözüm

barmağımın ucu boyda…

günahımsa cəhənnəmin

yer üstündə sacı boyda…

 

Papağını qarşına qoy.

başını al ələ Tanrım!

bəndələrin yola gəlmir,

başıma kül ələ, Tanrım…

 

 

 

    Yazıya (105) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.