“”Dilqəmi”nin heykəli – Aşıq Əli Quliyev” – İradə Aytel yazır…

aşıq əli qAşıq Əli Quliyevin 70 illik yubileyi ərəfəsində…

 

Dilqəmi” üstündə dillənəndə saz,

Tellər məni sizdən xəbər alacaq…

Əli Quliyev

 

“Elmlə helm qoşa qanaddır aşıq Əlidə. Sazla deyə bilmədiyini sözlə deyib Aşıq Əli, Söz ilə deyə bilməyəndə də, saza üz tutub. Vergili aşıqdır, ərənlər pirinin əlindən eşq badəsi içib. Ərəb hürüfatını bilməyi, irfan dünyasına baş vurmağı da təsadüfi deyil – eşq badəsi içdiyindəndir. … Məndən ünvanı göstərməkdir – Ürfan Əli ünvanını…”

Bu ünvanı mənə çox sevdiyim şair, dərviş, irfandan gəlib irfanda əbədiləşən Akif Səməd göstərdi. Elə bu manşırla üz tutdum Aşıq Əli yaradıcılığına. Atası Abuzər kişinin aşıqlıq pirindən nur, havaları Azərbaycan saz-söz sənətinin qızıl fondunda yer alan Əliyə bu adı Əmirli ocağına tez-tez qonaq gələn Qara Seyid qoyubmuş. Ad insan taleyində böyük əhəmiyyət daşıyır. Bu ad ona haqqa tapınmağında mayak oldu sanki…

Ya haqq Allah! Rəsulillah! Ya Əli! Səndən mədət!

Bir qətrədən xəlq edibsən, ver əli, səndən mədət!

Günahkaram, günahsızam, nə karəyəm? – bilmirəm,

Hər diləyim səndən olar, ya bəli, səndən mədət!

 

Azərbaycan şifahi ədəbiyyatının qoruyucusu, folklorumuzu sinəsində yaradan, yaşadan saz-söz sənətinin mahir ustası, ozanı, uzanı, varsaqı, dədəsi, qamı, atası, aşığı Aşıq Əli yaradıcılığından kimlər yazmayıb, bu yolun işığında kimlər ləngər vurmayıb, kimlər söz açmayıb bu yoldan…

Xəlil Rza Ulutürk:

Adına “Əli” dedim,

Sazına “Bəli” dedim.

Hüseyn Arif:

“Dilqəmini çaldın, aman,

Başımdan qalxdı duman!”

Zəlimxan Yaqub:

Hansı dağdı, zirvəsini qar alan,

Hansı düzdü çiçəkləri saralan,

Kimdi gedib özgəsinə yar olan?

Könüllərin sitəmini bir də çal,

Aşıq Əli, “Dilqəmi”ni bir də çal!

Alqayıt, Sücaət, Dəmirçioğlu,Nəsir Əhmədli,Musa Ələkbərli…

Elə, “Ürfan Əli” xitabıyla müraciəti də Aşıq Əliyə ilk olaraq Akif Səməd (“Şərq” qəzeti) etmişdi.  O, aşığın -

Bismillah, – eyləyib məclisə getsə,

Almasın ağlını hər boyu bəstə,

Əzəl başlayanda “Divani” üstə,

Mövlamı dilinə gətirsin gərək.

-         misralarından şairin necə arif, söz sərrafı olmasını -

 

Aşıq çalış mətahını,

Sərrafına sat, ay lələ.

Ucuz sözü yaddaşına,

Yük eyləmə, at, ay lələ.

 

-          ictimai baxımdan isə təsəvvüf elmindən xəbərdarlığını –

Bu dünyada dost olanı dost əyir,

Oğru yola, doğru yola səsləyir.

“Urfanı”na yağı deyir, dost deyir,

“Məşhərdimi, divandımı, ay Əli?”

-         önə çıxararaq, aşığı, şairi – irfani, seyru-süluk əhli, haqq yolunun yolçusu adlandırmışdı.

Əli Quliyev ustad aşıqdır —  şairdir, bəstəkarlıq istedadı var, müğənnidir, çalğıçıdır, aktyor və hətta rəqs sənətkarlığına malikdir,  məşhur şagirdləri var…

Əli Quliyev İfaçı aşıqdır  —saz-söz sənətini yaşadan və yayanlardandır. Təsadüfi deyil ki, dəyərli professorumuz Məhərrəm Qasımlı onun haqqında belə yazır: “Aşıq Əli Quliyev sinəsində 1000 qatardan çox aşıq şeiri, yüzə yaxın saz havası gəzdirən canlı saz-söz ensiklopediyasıdır!”. Və bundan sonra M.Qasımlı Aşıq Əli Quliyevin 2010-cu ildə, Filarmoniyada keçirilən 60 illik yubileyində (Aşığın canlı ifasını ilk dəfə həmin yubileydə izləmiş, ondakı səs tonuna, ifaçılıq məharətinə, natiqlik qabiliyyətinə, şairlik zirvəsinə heyran qalmışdım. İradə A.) onu “Dilqəminin heykəli” adlandırmışdır.

Əli Quliyev şair aşıqdır. Məhəmməd Peyğəmbər şeir haqqında demişdir: “Şeir söz kimidir. Yaxşısı, yaxşı söz kimi, pisi də pis söz kimidir. Şeirin bir qismi hikmətdir”. Bu baxımdan da, Ürfan Əli öndəgedənlərin sırasında durur, o hikmətli söz sahibidir:

Qoy uzaqdan gəlsin sorağın-səsin,

Yaradan nə verib bəsindi-bəsin,

Özgə namusunu tapdayan kəsin,

Namusu tapdanar, ar əldən gedər.

Şair ənənəvi havacata söykənərək yazdığı  şeirləri şifahi xalq ədəbiyyatının ən qədim qolu olan aşıq yaradıcılığına elə sərraflıqla cilalayır ki, bu şeirlərdə yazılı ədəbiyyatı şifahi ədəbiyyatdan ayırmaq peşəkarlıq tələb edir.

O, ən çox yayılmış aşıq şeirinin – qoşmanın ustasıdır:

Mən Əliyəm, “Yahu”, – deyib neylərəm,

Minib eşqin səməndini teylərəm,

Cəhənnəmi cənnət-məkan eylərəm,

Bir saz ola, bir mən olam, bir də sən.

 

-          gərayılının bilicisidir:

 

Baxdım sinən Savalandı,

Tərlan könlüm havalandı,

O gözlərin yuvalandı,

Gözlərimin qarasında.

 

-          müxəmməsin, ustadnamənin zərgəridir:

 

Aşığam, – deyənlər kamil ustadan,

Dərsini tam alıb bitirsin gərək.

Baxmasın kim deyir, görsün nə deyir,

Hərədən bir kəlmə götürsün gərək.

Diqqətəlayiqdir ki, Əli Quliyevin ictimai-fəlsəfi, əxlaqi normalara riayət edən  ustadnamələri də yaradıcılığına, həyat normalarına xas olan sadə, iddiasız şəkildə biçimlənmişdir. O, ağsaqqal sözünü, nəsihətini özündən sonrakılara birbaşa deyil, dolayı yolla, mən dedim, sən araşdır, doğrunu özün tap deyir.

Əli Quliyev Tanrı vergisi olan, hər aşığın yaza, hər şairin çözə bilmədiyi qıfılbəndin də açarına sahibdir. Aşıq Ələsgər kimi uzman sənətkarların qıfılbəndlərini peşəkarcasına açması çox sənətkarı heyrətdə qoyub. Ələsgər qıfıllayır:

Məğrurluq eyləyib ustadam deyən,

O hansı ağacdı tağı yeddidi.

O ağacda bir quş yuva salıbdı,

Çarpaz sinəsinin dağı yeddidi.

 

Ürfan Əli açır:

Həqq özü şahiddi, Ələsgər əmi,

İnsan bir ağacdı tağı yeddidi.

Hər ağacda bir ruh yuva salıbdı,

Əməl dəftərində dağı yeddidi.

Əli Quliyev təcnisin, cığalı təcnisin sərrafıdır:

Əli üçün, “əlif-bey”di bir inci,

Cəmi hürüfatda nədir birinci?!

Mən aşiqəm, bir inci,

Sədəf içrə bir inci,

Əbcədi sev, ram elə,

Bir elimdi, bir inci!

Sində soruşarlar beşi birinci,

Cavabın layiqsə beşə, beş düşər.

 

Aşıq ədəbiyyatının ən çox sevdiyim bu yönünə  – qoşmanın bayatıyla vüsalından yaranan cığalı təcnisə son zamanlar az yanaşılır. Hətta bu şeir növünün yavaş-yavaş arxaikləşməsi qorxusu var içimdə.  Bu baxımdan da, Aşıq Əli örnək məktəb yaradıcısı, örnək sənətkardır!

Əli Quliyev şifahi ədəbiyyatın – aşıq şeirinin ən incə, zərif tərəfi olan gözəlləmələri bu yaşında da gənclik ehtirası, gənclik şövqü ilə yazan nadir şairlərdəndir. Ürəyinin xanəsində yapdığı sevgi sarayının möhtəşəmliyi, əbədiliyi, Savalan dağı kimi mətinliyi, saflığı, ucalığı, ululuğu, irfanlığı ilə könülləri oxşayandır:

 

Səni gördüm, aşiq oldum,

Yüz gözəlin sırasında.

Sevgi dolu xanə yapdım,

Ürəyimin parasında.

 

Baxdım sinən Savalandı,

Tərlan könlüm havalandı,

O gözlərin yuvalandı,

Gözlərimin qarasında.

 

Ürfan deyər, haqqı buldum,

Gah bulandım, gah duruldum,

Qəm daşıyan dərviş oldum,

Eşqimizin arasında.

 

Təsadüfi deyil ki, dahi bəstəkarımız Üzeyir Hacıbəyov “aşıq” sözünü “eşq” sözü ilə eyniləşdirir. Aşığın eşqdən ilhamlandığını, sazı əlinə götürməzdən əvvəl eşq badəsini içdiyini söyləyir. Bu eşq Füzuli eşqidir – İlahidən yaranırb, bu eşq Nəsimi eşqidir – sözdən yaranıb,hürufiləşib,  bu eşq Mövlanə eşqidir dinindən, dilindən, irqindən fərqli olmayaraq insanları mənəvi paklığa çağırır. Haqq şairimiz  Zəlimxan Yaqub deyir ki, “Sənətin ucalığı, böyüklüyü, sehri, ovsunu insanı öldürəndə insan dirilir”. Bu eşq insanı öldürərkən dirildən, əbədiyyətə qovuşdurn eşqdir:

Aşıq Əli deməz yalan,

Eşqə düşüb, oldum talan,

Malım-mülküm, varım olan,

Sazdan ötrü ölmürəmmi?

Bu ölüm sazdan – yuxarıda sadaladığım bütün ali hisslərin aşıq sənətində birləşdiyi məqamdan – eşqdən ötrü ölmək deyilmi?…

Aşıq Əlinin ilahi eşqi insan şüurundan kənarda baş versə də, mövcud olan obyektiv reallıqda – materiyada birləşəndə də öz ilahiliyini qoruyur:

Sevgilim, qürbətdə mah camalını,

Müdam xəyalıma gətirmişəm mən.

Gecələr yuxumda əzizləmişəm,

Gündüzlər köksümü ötürmüşəm mən.

Və buradan irfan aşıq, irfan söz ustası aşıq Əlinin materialist dünyagörüşünə də bir qapı açılır. Elə bu da Aşıq Əli eşqinin cilasından xəbər verir. Onun insanlığa, ailəsinə, xanımına, övladına olan sonsuz ehtiramı qabarır və  insan kamilliyindən xəbər verir.

***

 

Aşıq Əli Quliyev sələflərinin yoluna, haqq yoluna – Yunis Əmrə, Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Hüseyn Bozalqanlı, Aşıq Alı, Aşıq Ələsgər, Əlmərdanlı Aşıq Nəcəf,  Aşıq Məhəmmədin yoluna işıq tutaraq, böyük bir ustalıqla, ustadlıqla xələflərinə – Aşıq Şəhriyar Qaraxanlıya, Elməddin Məmmədliyə (otuz beşdən artıq şagird)… ötürən sənətkardır.

“Ustadların sözlərinin, söhbətlərinin üstündə əsim-əsim əsmişəm. İlahi, birdən yanlış deyərəm. Sənətkar gərək təbli olsun. Sənətkar azadlığı sevəndi. Azadlıq olan yerdə də tamlıq var, kamillik var”, deyir Əli Quliyev. Və bu azadlığını, kamilliyini ustadına kəm baxmamaqda, sazında da, sözündə də ustadına ehtiramda bütövləşdirir, -

Toyda-şanda hərdən-hərdən,

Nəcəf kimi şiri-nərdən,

Gah Söyündən, Ələsgərdən,

Söhbət açan dilim hanı?

- sələflərini, ustadlarını heç bir məclisdə unutmur:

Həqiqəti demək peşəmdi mənim,

Haqqın yolçusuna, vəliyəm, axı,

- deyir.

Əli Qurbanova (Dastançı) xitabən…

Əli Quliyev poeziyasında diqqəti çəkən tərəflərdən biri də, heç yerdə işlənməyən, tarixin tozlu səhifələrinə düşmüş sözlərimizi geri qaytarması, onlara yenidən həyat verməsidir:

Sənsiz haytalanıb, elə dolmuşam,

Dəli çaylar təki çağlamağım var.

Yaxud:

Əliyəm, xirtdəyə çıxıbdı ödək,

Ödək dilimizi eyləyib gödək.

Və yaxud:

Gözəllər fövqündə qürə atmışam,

Bəxt çəkib, adını götürmüşəm mən.

 

 

“haytalanıb” , “gösək”, “qürə” və s. Kimi ifadələrə son zamanlar rast gəlmirik.

***

Tarix boyunca başı bəlalar çəkən Azərbaycan səksənlərin sonunda bir daha maddi və mənəvi sərvətləri sarıdan talanmağa, aşılanmağa başladı. Bu talanmalar ilk olaraq torpaqdan, yurddan başlasa da, içimizdəki, ruhumuzdakı, mədəniyyətimizdəki boşluqlara yol açdı. Məni həmişə düşündürür, Qarabağ, Kəlbəcər, Göyçə mədəniyyəti, ədəbi-bədii məktəbi, sazı-sözü əsir düşdü, işğal oldu və sonuncu saz-söz adamları da dünyasını dəyişəcək… Bundan sonra nələr baş verəcək? Bu irsi, ləhcəni, adət-ənənəni, mədəniyyəti… kimlər yaşadacaq? Unudulacaqmı? Yox olacaqmı? Bir də şəmşirlər, ələsgərlər, şuşinskilər… yetişəcəkmi?

Qaçqın olmaqdansa, Şəhid olmağı uca tutan Əli Quliyevin kəlbəcərli Sücaətə yazdığı şeirdən bir bəndə diqqət edək:

Qaçqın oldum, Allah, şəhid olmadım,

Quru-quru könül verdim dağlara.

Dərdini bir qırnaq azaldanmadım,

Üstəlik dərd verdi dərdim dağlara.

Bəhmənə şikayət edir:

İnsanlar çoxalır, adamlıqsa yox,

Ömür-gün lap gödək, qayğılarsa çox,

Firon tək Tanrıya yağdırırıq ox,

Tanrı da mərhəmət etmir, a Bəhmən…

 

***

 

Əli Quliyev Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü, Respublikanın Əməkdar Mədəniyyət İşçisidir, Aşıqlar Qurultayının nümayəndəsi olub.  O, 15 il H.Bozalqanlı adına Aşıqlar muzeyinin direktoru vəzifəsində çalışmış, respublikanın ilk rəsmi aşıq muzeyinin rəhbəri vəzifəsində olmuşdur.

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arifin təşəbbüsü ilə yaranan Azərbaycan Aşıqlar Birliyi Aşıq Kamandar Əfəndiyev, Suleyman Ələsgərov, Vaqif Vəliyev, Məcnun Göyçəli, Aydın Çobanoğlu, Qaracan Borçalı (Kərimli), Əzizə Cəfərzadə, İmran Həsənov və Əhməd Şirvanlı kimi məşhur simalarıyla bu günümüzə çatmış,  bir sıra tanınmış aşıq məktəblərini — Göyçə, Tovuz, Borçalı, Gəncə-Şəmkir, Şirvan, Qarabağ, Qaradağ, Təbriz, Urmiya, Çıldır və Dərbənd saz-söz ustalarını özündə birləşdirmişdir.  Bu gün birlik məhz Aşıq Əli Quliyev    kimi sənətkarların çiynində qərar tutur. Çox qürurvericidir ki, aşıq sənəti ədəbiyyatımıza, folklorumuza olan dəyər kimi 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. Və bu dəyərləri qoruyan, yaradan, yaşadan, bu gün 70 illik yubileyinə yığışdığımız, oxucularını yeni kitabı ilə sevindirən Əli Quliyev bu irsin ən layiqli varislərindəndir. İllər keçəcək, nəsillər dəyişəcək, yenə də telli saz aşiqindən bu varisi – Əli Quliyevi xəbər alacaq!

 

Gəlsə huşunuza bir kövrək avaz,

Orda nəfəsim var, dinləyin bir az,

“Dilqəmi” üstündə dillənəndə saz,

Tellər məni sizdən xəbər alacaq.

 

İradə Aytel26168538_1973881102625558_3805349614218759972_n

Yazıya 449 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.