Sahib Camal Məmməd – Mən dərdimi sevirəm

sahib camalMən dərdimi sevirəm

 

Yaralarım görünməyən bir əllə,

Sarınandan mən dərdimi sevirəm.

Ayaqüstü sevinc gəlib dərdimə,

Yarınandan mən dərdimi sevirəm.

 

Görmürük ki, hər şeyi öz yönündə,

Nə var özü yaşayır öz günündə.

Əldə daraq durub güzgü önündə,

Daranandan mən dərdimi sevirəm.

 

Çıxıbmı, gör uzun-endən kədərim?

Görünürmü bir gör öndən kədərim?

Arada bir o qız yöndən kədərim,

Aranandan mən dərdimi sevirəm.

 

Qoşulmayan məgər qoşqu sevgidir?

Sevirsənsə, bir qarışqa sevgidir.

Dərdi sevmək tamam başqa sevgidir,

Yaranandan mən dərdimi sevirəm.

 

Öyrənirsən, məndən öyrən gəl dərdi,

Qönçə idi, eyləmişəm gül dərdi.

Ürəyimdə Vətən dərdi, el dərdi,

Qorunandan mən dərdimi sevirəm!

 

***

 

Məndən Allaha yol çək

 

Yol çəkən,

Yola daş, xır, qır tökən.

Xır-qır üstündən tər tökən.

Yol deyim, onu gəl çək,

Tozdan, torpaqdan əl çək.

Qol çəkim, sən də qol çək,

Məndən Allaha yol çək.

 

Dəstələ ayağını, əlini,

Götür külüngünü, belini.

Havanı çap, bir yol tap,

Çıx göyə, göyü qaz.

Günəşi, ayı, ulduzu,

Göy boyu hər şeyi qaz.

Tap Allahı,

Allah ordadır.

 

Görəcəksən,

O da mənim kimi dardadır.

O tək, mən tək,

Məndən Allaha yol çək!

 

***

 

Yolçunun batıbdır yol ayağına!

 

Ayağına düşüb ona yalvarır,

Özünü atıbdır yol ayağına.

Elə bil min ildir, yuxu yatmayıb,

Gör necə yatıbdır yol ayağına.

 

Sən bir bu yolçunun hünərinə bax,

Olsa, vur-tut olar bir baş, bir ayaq.

Fikri dalda qalıb, fikrindən qabaq,

Yüyürüb çatıbdır yol ayağına.

 

Bu yolçu, bu yolun gözünə durub,

Həmişə özünü bu yolda qurub.

Olan var-yoxunu, daşına vurub,

Tozunu qatıbdır yol ayağına.

 

Özünün çəkdiyi yoldur, sürünür,

Özü də, yolu da toza bürünür.

Yolda yol görünmür, yolçu görünür,

Yolçunun batıbdır yol ayağına.

 

Çıxmağına çıxıb ağır da yola,

Dərdini çığırda-çığırda yola.

İz cığıra dönüb, cığır da yola,

Özünü satıbdır yol ayağına!

 

***

 

Türkmənçay

 

Bir dadını buraxmayıb,

Dadından yana Türkmənçay!

Vura, özünə od vura,

Odundan yana Türkmənçay!

 

Hörgü hörməyib, daş töküb,

Sanki gözsüz bir qaş töküb.

Yüz doxsan üç ildir, baş töküb,

Yadından yana Türkmənçay!

 

Nə fərqi yatıb-yatmayıb,

Yatıb yuxuya çatmayıb.

Addım irəli atmayıb,

Adından yana Türkmənçay!

 

***

 

Rəssam, çəkə bilsən…

 

Məni özüm kimi yox, ay rəssam, yox,

Çəkə bilərsənmi torpaq şəklində?

Ya da bir ağacın bir budağında,

Verə bilərsənmi yarpaq şəklində?

 

Gündüzün yarısı, günün sarısı,

Gecənin qarası, gecə qarısı.

Qalmaq istəyirəm yer-göy arası,

Qırmızı, göy, sarı, lap ağ şəklində.

 

O dağın dibinə çəni çəkib qoy,

Döşünə gül kimi dəni çəkib qoy.

Rəssam, çəkə bilsən məni çəkib qoy,

O dağın başına papaq şəklində!

 

***

 

Məni mənim üstümə çək

 

Qoya bilsən yanaşı qoy,

Soyuğunu istimə çək.

Yandıqca ayır odumu,

Külümə çək, tüstümə çək.

 

Açım səhəri danımla,

Axım gecəmə qanımla.

Yatım ağrılı canımla,

Sağlamımı xəstəmə çək.

 

Alt bir olsun, üst də iki,

Eşidilsin bu səs təki.

Üşüyəndə ən üstdəki,

Məni mənim üstümə çək!

 

***

 

Qalmayıb

 

Elə bir gündəyəm, kim baxsa qorxar,

Günümdə bir baxım, görüm qalmayıb.

Dilim-ağzım ölüb, ürəyim ölüb,

Bir yerdə bir dənə dirim qalmayıb.

 

Qaş nədir, göz nədir o sən görəndən,

Əl nədir, üz nədir o sən görəndən.

On nədir, yüz nədir o sən görəndən,

Gəlsən görərsən ki, birim qalmayıb.

 

Qatıb gündüzümə çoxu mən səni,

Bilmirəm gecəmə yuxu mən səni.

Harada gizləyim axı mən səni?

Daha gizləməyə yerim qalmayıb.

 

Uzağı bir kədər uzaqlaşmışam,

Bir gəldi, bir gedər uzaqlaşmışam.

Bərimdən nə qədər uzaqlaşmışam,

Bəri yanımda bir bərim qalmayıb.

Sahib, varsan varda, yoxsan bu yoxda,

Özünü yaxşı tut, bir azca toxta.

Mənim ki nə azda, nə də ki çoxda,

Bir alım, nə də ki verim qalmayıb!

 

***

 

Gəl təzə yaramı gəl, təzə sarı.

 

Haçansa oduna yansam, çıxartma,

Özümü atıram mən közə sarı.

Həmişə yanaşı yol gedirik biz,

Sən astara sarı, mən üzə sarı.

 

Gəlir bu dağlara duman, baxırıq,

Bizim gözümüzü yuman, baxırıq.

Dururuq, uzaqdan yaman baxırıq,

Sən baxışa sarı, mən gözə sarı.

 

Bu yerdən qoparaq ayağımızı,

Bir yerdə taparıq ayağımızı.

Bir yerdə aparaq ayağımızı,

Sən cığıra sarı, mən izə sarı.

 

Dirsəkdən aşağı bir qol qaldıraq,

Yatan hər ağaca bir kol qaldıraq.

Gedək, bu yollarda bir yol qaldıraq,

Sən topuğa sarı, mən dizə sarı.

 

Əlimi atıram, əlimə gəlmir,

Gedimə gedirəm, gəlimə gəlmir.

Demək istəyirəm, dilimə gəlmir,

Hər gün uzanıram mən sözə sarı.

 

Gizlində yaşayıb, üzdə olsam da,

Dildə yaşasam da, sözdə olsam da.

Sizdə yaşasam da, sizdə olsam da,

Hər gün yol gedirəm mən sizə sarı.

 

Qaradan-qaraya, ağdan da ağa,

Dönüb soldan-sola, sağdan da sağa.

Çıxmaq istəyirəm dağdan da dağa,

Enmək istəmirəm mən düzə sarı.

 

Ölümüz olacaq olumuz, ömrüm,

Yağacaq qarımız, dolumuz, ömrüm.

Burda yorulacaq yolumuz, ömrüm,

Sən doxsana sarı, mən yüzə sarı.

 

Sahibin ömründə təzə durubsan,

Dağılan könlünü təzə qurubsan.

O gün ayrılanda təzə vurubsan,

Gəl təzə yaramı gəl, təzə sarı.

 

***

 

 

Yazıram bu dumanı

 

Neçə ildi bu dağda,

Azıram bu dumanı.

Bir yana çıxmaq üçün,

Qazıram bu dumanı.

 

Keçirəm sağ-soluna,

Qoyuram öz yoluna.

Döşdə çəkib koluna,

Cızıram bu dumanı.

 

Ovuc-ovuc sıxmağa,

Ayaq-ayaq çıxmağa.

Əlim tutsa, yıxmağa,

Hazıram bu dumanı.

 

Dərdi ot şələm edib,

Nə edib, aləm edib.

Ahımı naləm edib,

Pozuram bu dumanı.

 

Ürəyimdən söz sıza,

Sözüm özümə qıza.

Bəlkə, çata o qıza,

Yazıram bu dumanı!

 

***

 

Bu gün Məmməd Əmin günü

 

Bu gün kim anadan olub?

Bu gün, görün, kimin günü.

Millətimin, dövlətimin,

Azadlığa əmin günü.

Bu gün Məmməd Əmin günü!

 

Azad daşın, azad dağın,

Azad quşun, azad bağın,

Daddığımız azadlığın,

Bir azca da qəmin günü.

Bu gün Məmməd Əmin günü!

 

Yat, qaçacaq yuxun ona,

Nə var, varın-yoxun ona.

Kövrələcək, toxun ona,

Könlüm sarı simin günü.

Bu gün Məmməd Əmin günü!

 

Kimsəsiz, nə kəssiz durma,

Duyğusuz, nə hissiz durma.

Bu gün üçün səssiz durma,

Çalıb-oxu dəmin günü.

Bu gün Məmməd Əmin günü!

Aldığın bir nəfəsdə gəl,

Gəl canımdan can istə, gəl.

Böyük-kiçik üst-üstə gəl,

Hamılıqla cəmin günü.

Bu gün Məmməd Əmin günü!

 

***

 

Oxu, Kəklik

 

Səsin üstə çox soruldu sorğular,

Çöl çəməndir, çəmən çöldür səsinə.

Başım üstə qarıldaşdı qarğalar,

Qar-qarıyla elə güldü səsinə.

 

İçdə olan dərdim, qadam dil açdı,

Bunun üçün elə şadam, dil açdı.

Gör dərdinə neçə adam dil açdı ,

Neçəsi də sevinc böldü səsinə.

 

Balan, kəklik, əyninə daş geyinir,

Geyindiyi paltarına öyünür.

Bax ürəyin ürəyimdə döyünür,

Ağzımdakı dilin dildir səsinə.

 

Bu dağ-daşa, həm bu çənə səs verir,

Verir-verir, dönür yenə səs verir.

Yuxarıya qalxıb sənə səs verir,

Uzanıb bax məndən əldir səsinə.

 

Ye daşını, suyunu da iç yerdə,

Uçma göyə, hər nə uçsan uç yerdə.

Dinləmədim belə səsi heç yerdə,

Tamarzıyam neçə ildir səsinə.

 

Çöl qabanı, dağ keçisi dirildi,

Cüyürlərin göy küçəsi dirildi.

Gör səsinə, gör neçəsi dirildi,

Olan oldu, ölən öldü səsinə.

 

Oxu ,kəklik, onda günün birində,

Dağa-daşa qon da günün birində.

Bəlkə, elə sonda günün birində,

Sevdiyim qız durub gəldi səsinə!

 

***

 

O qalxan əl gör kimindir?

 

Biləm gərək kimliyini,

Ruhdan udam adamları!

Yaxınıma buraxmamış,

Bir-bir dadam adamları!

 

Ola bilməz ki, yağmayam,

Dolub göyümə sığmayam.

Ha sevmişəm, nə doğmayam,

Nə ki yadam adamları!

 

Göyde uçam, yerdə gəzəm,

Gəzdiyim bir dərdə gəzəm,

Min gəzmişəm, bir də gəzəm,

Adam-adam adamları!

 

Eləsi var, qanamışam,

Eləsi var, yanımışam.

Belə-belə tanımışam,

Elə şadam adamları!

 

O qalxan əl gör kimindir?

O enən əl öz kimindir.

Hamısı öz görkəmindir,

Nə, unudam adamları!?!

 

***

 

Qırx beşə qonub quşun

 

Dağıtsın dərdimi, üstümə göndər,

Sinəndə sevincin qoşun, bilirəm.

Dolu götürübsən, nə götürübsən,

Olmayıb bir dənə boşun, bilirəm.

 

İstənilən anda canından keçib,

Neçə quşa görə qanından keçib.

Gör neçə budağın yanından keçib,

Qırx beşə qonubdur quşun, bilirəm.

 

Çağla, sevindirsin xoş an suları,

Suyu bir-birinə qoşan suları.

Altına basmarlar coşan suları,

Sənin bircə dənə coşun, bilirəm.

 

Çıxmayıb sözündən mənimki kimi,

Düşməyib gözündən mənimki kimi.

Getməyib özündən mənimki kimi,

Hələ başındadır huşun, bilirəm.

 

Kəlbəcərləşdirək, Şuşalaşdıraq,

Ayağın üstündə başa-baş duraq.

Gəlsən xoşumuzu qoşalaşdıraq,

Xoşuma uyğundur xoşun, bilirəm.

 

Ölçülüb uzunun, enin yazına,

Yaraşır dumanın, çənin yazına.

Düşmək istəyirəm sənin yazına,

Öz yazımı sənin qışın bilirəm.

 

Əl atıb saçıma, başıma gəl çat,

Tullayacam yüzə, daşıma gəl çat.

Yaşayım, arxamca yaşıma gəl çat,

Sahibəm, yaşımı yaşın bilirəm!

 

***

 

Yanvarda ad günü

 

Yanvarın 19-u

yaxınımın ad günü,

21-i qızımın…

31-i o biri qızımın…

Deməli, 19-u sözümün

şad günü,

21-31 arası sazımın…

Arada bir gün də var,

20 Yanvar!

Təklənib, ona baxdım,

Azadlığıma darıxdım!!!

Özümlə döyüşdüm də,

Sinəmdən verdim ürək.

Aldım onun könlünü!

Adını dəyişdim də,

Dedim:”Adın mübarək!”

Azadlığın Ad günü!

 

***

 

Ürəyimi dayandırım, min ona

 

Görmək üçün dünyanın hər üzünü,

Ürəyimi dayandırım, min ona.

Dayandırsın önündə qoy özünü,

Ürəyimi dayandırım, min ona.

 

Uçaq, qatar hər biri bir xaraba,

Varmı, görən, onlardan son araba?

Ürəyimin meyli yoxdur qüruba,

Ürəyimi dayandırım, min ona.

 

Yolda duran, yolda qalan gözləmə,

Neyləyirsən, doğru-yalan gözləmə.

Çölə çıxıb taksi-filan gözləmə,

Ürəyimi dayandırım, min ona.

 

Nə olsun ki, yeri yoxdur qaçmağa,

Nə olsun ki, göyü yoxdur uçmağa.

Ehtiyac yox, qapısını açmağa,

Ürəyimi dayandırım, min ona.

 

Çöldən gir də, içə düş də gəz-dolan,

Saat beşdə, ya on beşdə gəz-dolan.

Otur evdə, işlə işdə gəz-dolan,

Ürəyimi dayandırım, min ona.

 

Elə bilmə hər üzünü gəzərsən,

Elə-belə bir üzünü gəzərsən.

İstəyirsən yer üzünü gəzəsən,

Ürəyimi dayandırım, min ona.

 

Etdiyimiz günaha da gedən yol,

Axşama da, sabaha da gedən yol.

Ondan keçir Allaha da gedən yol,

Ürəyimi dayandırım, min ona!

 

***

 

Məni çəkmə gözlərinə

 

Baxış süzüb o göylərdən,

Bulud çökmə gözlərinə.

Öz yağışı bəs eyləyər,

Yağış tökmə gözlərinə.

 

Sevgin dağın, dərən olar,

Ölç, bir uzun, bir en olar.

Çəksən də sil, görən olar,

Məni çəkmə gözlərinə.

 

Neçə görüş itib orda,

Öz sonuna yetib orda.

Ayrılıqlar bitib orda,

Sevinc əkmə gözlərinə.

 

Pəncərəni, qapını qır,

Çap edənin çapını qır.

İynəsini, sapını qır,

Dərdi tikmə gözlərinə.

 

Göz yaşını içə qısqa,

Çıxsın, axsın qoy bir sısqa.

Bənövşə bük ondan başqa,

Heç nə bükmə gözlərinə.

 

Ürəyimə daman olub,

Mənə, sənə yaman olub.

Kor çən olub, duman olub,

Gəlib çökmə gözlərimə!

 

***

 

Göyündə heç quş varmı?

 

Allah, sənin yanında,

Ağac varmı, daş varmı?

Sel-su dolu bir dərə,

Dərə üstə qaş varmı?

 

Coşan bulaq, axan çay,

Ya çöl-çəmən, ya dolay.

Yağış yağdıran yaz-yay,

Qar yağdıran qış varmı?

 

Dərdi çağlayanının,

Sinə dağlayanının.

Hər bir ağlayanının,

Gözlərində yaş varmı?

 

Əl-üzün yuyunurmu?

Kirini soyunurmu?

Düşünür, döyünürmü?

Səndə ürək, baş varmı?

 

Yəqin buludun dolar,

Açar, çiçəyin solar.

Bilirəm göyün olar,

Göyündə heç quş varmı?

 

Ya bir dərə selisən,

Ya bir təpə yelisən.

Mənim kimi dəlisən,

De, başında huş varmı?

 

***

 

Kəsdilər o adamı

 

Kəsdilər o adamı,

Yetiyində yaşadı.

Yaşadığı qədər də,

İtiyində yaşadı.

 

Oldu dilsiz-dodaqsız,

Bu qaya, daş, bu dağsız

Qaldı gövdə, budaqsız,

Kötüyündə yaşadı.

 

Səsinin ahənginin,

Söz-söhbəti zənginim.

Ürəyim tüfənginin,

Tətiyində yaşadı.

 

Nə dadlıdı, nə dadlı,

Həm doğmalı, həm yadlı.

Örtdü könlüm qəm adlı,

Örtüyündə yaşadı.

 

Gəzdi ah yaxasında,

Öldü gah yaxasında

Çoxu şah yaxasında,

Ətəyində yaşadı.

Yazıya 459 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.