AKİF ABBASOV – BİRİ, BİRİ DƏ…

akif abbasovBir gün Tofiqin Macarıstandan qonağı gəlir. Həyətdə ağacın altında süfrə salınmışdı. Qab-qacaq, çəngəl-bıçaq, su, şirə, cürbəcür spirtli içkilər stolun üstünə düzülmüşdü.

Yazın öz gözəlliyi var. Sərin meh əsirdi. Xəfif külək ətrafdakı gül-çiçəyin ətrini gətirirdi. Ağaclar da çiçək açmışdı.

Qonaq qəbul etməyin əsil məqamı idi. Tofiqlə onun dayısı oğlu  Faiqin müşayiəti ilə qonaq həyətə daxil oldu. Hər tərəf göz oxşayırdı, səliqə-sahman, yaşıllıq, divar boyu əkilmiş cürbəcür güllər!

Qonağın ağzı açıla qalmışdı. Əyləşdilər. Bir qədər kənarda samovar tüstüləyirdi. Tofiq qəhvədan çayı ilə samovar çayının fərqini qonağa izah etməyə başladı. Faiq ayağa qalxıb samovarın tütkeşini qaldırıb pıqqapıqla qaynayan suya baxdı. Sonra tütkeşi bir kənara  qoyub dəm çaynikini götürdü. Çaynikə kəklikotu və quru  çay atdı. Samovarın lüləyini açıb çaynikə isti su süzdü və dəm almaq üçün çayniki samovarın başına qoydu.

Məryəm qonağa “xoş gəldin” eləyib süfrəyə çərəz və bir neçə növ mürəbbə gətirdi. Mer-meyvə bayaqdan stolun üstündə idi.

Nadir həyətin bir küncündə manqalla əlləşirdi. Yanındakı stolun üstündə  şişlər düzülmüşdı. Belə məlum olurdu ki, süfrəyə tikə və lülə kababları, hinduşka  kababı gələcəkdi. Şişlərin bəzilərinə pomidor, bəzilərinə badımcan, bəzilərinə də bibər taxılmışdı.

Elə çay dəsgahı təzəcə başlamışdı ki, qonşu həyətdə vur-çatdasın başlandı. Qadınların səsi idi. Çəpər qonşuları qışqırır, söyür, bir-birini təhqir edirdilər.

 

-Qəmər, mənim bostanını dağıdan sənin toyuqlarındır. Allah başına daş salsın. Adama nə qədər deyərlər. Ay balam, toyuğuna yiyə dur da…

Qəmər də var gücü ilə qışqırırdı:

-Püstə, sənin bostanını dağıdanın evi-eşiyi dağılsın! Bildiyini də deyirsən, bilmədiyini də. Nə vermisən məndən ala bilmirsən? Həftə səkkiz, mən doqquz, gəlirsən üstümə.  Toyuqlarına sən  yiyə dur. Yarmanı sərmişəm həyətə ki, qurusun, sənin toyuqların imkan vermir. Dağıdıblar, yerlə yeskən ediblər.

-Dilin də var danışırsan!

-Özündən xəbərin yoxdur.

Bu iki qadının qıy-qışqırığı  ətrafın qərib sakitliyini yamanca pozdu.

Qonaq narahat, Tofiqlə Faiq dilxor oldular. Tofiq ayağa qalxıb Məryəmə:

-Onları başa sal evdə qonaq var. Qanacaqlarını göstərməsinlər, – dedi.

Məryəm qonşu həyətə keçdi.

Qonaq yerindən qalxdı. Ətrafa boylandı:

-Bu nə səs-küydür?! Bir-birinə xətər toxundurarlar…

Tofiqi gülmək tutdu:

-Narahat olma. Bu kənd yerinin adətidir. Buralarda belə şeylər olur. Danışıb-danışıb axırda bir-birin başa düşüb, barışırlar.

Qonaq:

-Axı bunlar kimdir?

Tofiq aydınlaşdırmağa başladı:

-Dedim ki boş şeydir. Yad adamlar deyil. Biri mənim bacımdır, biri də Faiqin.

Qonağı gülmək tutdu. Tofiqlə Faiq də ona qoşuldular.

  Bakı şəhəri, 19 mart 2021-ci il

 

Yazıya 226 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.