Əzizağa Elsevər – Qiyamətə qalmayan qisas

41406017_291144274810217_1079621380825153536_n (1)(hekayə)

“Bütün yollar Qarabağa aparır!..”

Şəhər sərnişin avtobuslarının bələdçi ekranlarında diqqətimizi çəkən və bizi içəridən silkələyən yazı.

Bədirlənmiş Ayın gümüşü işığından tuta-tuta dağ cığırı ilə iki nəfər irəliləyirdi. İkisi də bu yerlərə yaxşı bələd idi. Uşaq vaxtı moruq yığmaq üçün cığırları ayaqlarına dolayıb dağın döşünə o qədər qalxmışdılar ki, hər yal, hər yamac da onlara doğma olmuşdu. Qənirsiz təbiət lal sükutu ilə onlara çox şeyi başa salır, hər qaya, hər daş sanki bir kitab olub, yaddaşlarında oxunurdu. Bax, uzaqdan qara, qorxunc kölgə kimi görünən Şiş qayadan o yana dar cığır kənd yoluna qovuşurdu. Uca, yamyaşıl ağaclar seyrəkləşir, açıqlıq meşənin əllərindən tutub dərə boyu uzanırdı. Dərənin qaşından çınqıllı, hələ də asfaltlanmamış yol keçirdi. Gediş-gəliş olmadığı üçün, görünür, bir az da baxımsız qalmışdı. Yaşayanı, işıq yandıranı olmadığı üçün kənd xarabalığı xatırladır, uçulub-dağılmış divarlar xof qarışıq nisgil yaradırdı. Bu dəmdə insanın içini yandıran, sakitləşdirən bir sahibsiz it hürməsinə, qurd ulamasına o qədər ehtiyac var idi ki, o ağrını sözlə ifadə etmək heç də asan deyildi. Elə bil göy qübbəsindən enmiş, yer ayaqlar altından qaçmışdı. Sanki dünyanın axırı idi, daha ümid tumurcuqları çiçəkləməyəcəkdi. O çiçəklərin zərif yanaqlarına bir də heç vaxt şeh qonmayacaq, günəş qızılı zərrələri ilə o damlalarda yuyunub sığallanmayacaqdı.

Yamacdan kənd xarabalıqları ilə aydın görünürdü. Ay işığı elə bil uzun illərin həsrətlilərini tanıyıb, həsrətinə güzgü tutmuşdu. Dərənin sağ yaxasına düzülüb düzənliyə sarı uzanan kənd sanki ovucun içinə sığmışdı. Viranə qalmış evlər dərdli qocalar kimi büzüşüb yumağa dönmüşdülər. Dərdləri açılıb əriş-arğac olsaydı, bəlkə də danışmaqdan yorulmazdılar. Başlarına necə yağış, dolu tökdüyünü, qar ələndiyini, üzlərinə irişə-irişə yadların necə tənə vurduğunu, dəymiş meyvələrini onu dərəsi sahiblərini budağında gözləyə-gözləyə saxlayan ağacların həsrətindən, göz yaşlarından danışacaqdılar. Hər biri kədərli bir dastan, dünya boyda bir dərd idi. Sakinləri didərgin düşmüş kənd o dərdləri ürəyinə necə yığıb, necə sığıb saxlayırdı, onu bir Allah bilir, bir də özü. Dərd böyük idi. Dərd bitib tükənən deyildi ki?! Muradın yadındaydı, böyük qardaşı Sərdar, heç nə olmamış kimi həyətdə oynayırdı. Böyük deyəndə, ondan 3-4 yaş həmin böyük olardı. Ad gününü təzəcə keçirmişdilər. On üç yaşa adladığı heç bir ay deyildi. Birdən atası həyəcanla ucadan: “ Sərdar, oğlum, yerə uzan! Sərdar, yerə uzan… yerə!”- deyib, böyük qardaşına sarı götürüldü. Onu qucaqlayıb, üzü üstə yerə uzandı. Əvvəlcə güclü mərmi vıyıltısı, sonra dəhşətli partlayış bir-birinə qarışıb həyətdə çox qorxunc mənzərə yaratdı. Torpaq ovuc-ovuc ovulub qəlpələrlə ətrafa çırpıldı. Elə bil ki, tut yarpaqlarını kimsə yolub qucaq-qucaq yerə tökdü. Anası təlaş, həyacan içərisində həyətə qaçdı. “ Vaxsey!.. Vay, başımıza gələnlər!..” söyləyib üz-gözünü cırmaqladı. Dizi üstə yerə çöküb ovuc-ovuc başına toz-torpaq tökdü, sifətini, sinəsini yumruqladı. Acı-acı inildədi, göz yaşı tökdü. “ Allahım nəydi, nəydi bizim günahımız?!..”-qışqıra-qışqıra yerdə uzanıb qan içində çabalayan atasının dövrəsinə dolandı. Anası özünü itirmişdi, həyəcandan bilmirdi neyləsin. Gah bərkdən qışqırır, gah içində inildəyir, gah da əllərini qoşalayıb başını qapazlayırdı.

Atası sinəsiylə qardaşını qorudu. Yaxında partlayan mərminin qəlpələri enli kürəyinə, böyrünə dolmuşdu. Paltarı cırılmış, büsbütün qana bulaşmışdı. Qardaşına isə heç nə olmamışdı. Atası elə bil ki, ömrünü qardaşı Sərdara vermişdi. Sol əliylə hələ də Sərdarı bərk-bərk sinəsinə sıxırdı. Sanki nədənsə ehtiyat edir, nədənsə çəkinirdi. Heyi-hərəkəti qalmadığından tərpənə bilmir, bəlkə də son kərə oğlunu qucaqlayırmış kimi buraxmaq, buraxmaq istəmirdi. Onun iyini, qoxusunu ciyərlərinə çəkib özüylə aparmaq, özüylə yaşatmaq istəyirdi.
Atası Çiçək ananın əlindən tutub güclə danışırdı. Ağzından gələn qan çənəsində toplanıb, damcı-damcı yerə tökülürdü. Gözündə yaş gilələnir, nəfəsi ağır-ağır gedib gəlirdi.

-Gedirəm, an…namm ggəl…lini… görünür, mənimki də bura qədərmiş… Uşaq…lar sənə əmanət. Çalış onlara atasızlığı hiss etdirmə. Oon…lları qəlbi ss…sınıq da bö-öyütmə. Ocağımız bo-oş qqa-almasın, nə olursa oo-llsun, heç vaxt, heç vaxt da aa-atıb getməyin. O, dədə- baba yurdumuzdur. Yurd boş qalanda düşmənlər ayaq açar üstümüzə. Yurdsuz olanın xoşbəxtliyi olmaz. Yurd sevgisi Tanrı sevgisidir. O sevgini ürəyinizdən çıxartmayın. O sevgi ürəyinizdə vaa-arsa, işığınız da gələcək, heç vaxt da söön-nməyəcək. Mən həmişə yanınızda olacam, nəfəsinizi, varlığınızı dd-aaim hiss edəcəyəm. Siz uu-cca, qürurlu olanda mən də Sizinlə ucalacağam. Bbi-ilin ki, ağlayıb-sıtqasanız mmə-əni də incitmiş olacaqsınız!..

Atası bu son sözlərini qıra-qıra, üzülə-üzülə dedi. Çiçək ananın əllərini buraxmaq istəmirdi. Elə bil ki, bu dünyayla o dünya arasında bir körpüdə ilişib qalmışdı. Çırpınırdı, Allahın verdiyi ömürlə vidalaşmaq istəmirdi. Bir az da, bir az da yaşamaq istəyirdi. Son kərə, son kərə gücünü toplayıb ananın əllərini bərk-bərk sıxdı. Gözlərinin içinə, sonra da nəhayətsiz göylərə baxıb sanki bir quş kimi uçub getdi. Anası özünü saxlaya bilmədi, bir az da hövllənib bayıldı. Partlayış səsinə, anasının fəryadına həyətə axışan qonşular anasını evə apardılar, atasını o gün dəfn etdilər. Muradın içində o gündən sanki bir duyğu qırılıb qaldı. Atasızlıq duyğusu. İlahi, bu nə duyğu imiş, o gündən sonra hara getdisə, o duyğudan ayrıla bilmədi. Özü ata olsa da, ancaq içində o istək, o sevgi hələ ölməmişdi, yaşayırdı, zərrə qədər də olsa, azalmamışdı.

Evlərin uçuq-sökük divarları sahibsiz qalmış yurdun başdaşı kimi soyuq-soyuq torpaqdan boylanırdı. Sınıq-salxaq pəncərələrin qırılmış aynalarının gözünə sahibinin yollarına baxmaqdan tor gəlmişdi. Evlərin arasındakı hasarlar itmiş, kol-kos cığırları süpürüb basmışdı. Ay işığında uzun illərin yaddaş qırıqlığına, xatirə tozunə bürünüb doğmalıq, özəllik axtarmaq günün günorta çağı ot tayasında iynə axtarmaq qədər çox çətinləşmişdi. Tək-tək qalan ağaclar bir ünvan parçasıydı. Düşmənin ağlına gəlmirdi, gəlsəydi onları da qırıb çatardı. Bax, bu Tavat xalanın çinar ağacı idi. Oğlu Elşənin toy günü əkdiyi ağac. Bu yastı-yapalaq əncir ağacları isə Musa kişinin idi. Yaxasından bal daman ağ, şipşirin əncirlər gətirərdi. Ehsanat əkmişdi Musa kişi. Nəfsindən kecənə dərmə deməzdi, utansalar da, özü dərib pay göndərərdi. Bu da Muxtarın yurdu idi. İt Muxtarın! Əslinə baxsan, pis adam deyildi Muxtar. Ancaq niyə bu adı ona vermişdilər, kim vermişdi, xatırlaya bilmirdilər. Bəlkə, iş yerinə görə idi, yəqin ki?! Onda bu Həşim kişinin, o birisi Rüstəm dayının, bax… bax, bu da bizim, bizim olmalıydı- dedi Murad. Tut ağacının altındakı qoşa sal daşlar da yerindəydi. Bir az qaralmış, bir az da üstləri mamırlamışdı. Xatırladı Murad, vəziyyət pis idi. Kişilər ov tüfəngiylə də olsa, axşamlar yatmır, kəndi qoruyurdular. Atası səhər yorğun gəlmişdi. Yuxusuzluqdan gözlərinin altı şişmiş, bəbəklərinə sanki qan çilənmişdi. Eyvanda açılmış süfrədə bir tikə çörək yeyib, həyətə düşərək sal daşın üstündə əyləşmişdi. Acı-acı siqaret tüstülədirdi. Gözləri yol çəkir, “ Görəsən, bu işlərin axırı necə olacaq?!” – deyə öz-özünə düşünürdü. Ermənilərin haqqı-sayı itirməsi, quduz it kimi qudurması, qan-qan deməsi ona yaman yer eləmişdi. Onları qorumalı olanların təmiz erməni təəssübkeşliyi isə büsbütün inamını sarsıtmışdı. Siqaret çəkirdi, ancaq tüstülənən siqaret yox, sanki içindəki dil açıb danışan dərdi, ağrı-acısıydı. Həyat yoldaşı Çiçəyin gətirdiyi kəkotulu, qaymaqlı çayı da o biri sal daşın üstündə soyuyur, yadına düşmürdü. Ermənilər son günlər yaman qabağa getmişdilər. Qrad qurğularından da atırdılar. Arxalı köpəklər ulduza hürərlər. Aydın məsələydi ki, böyük oyunun içinə düşmüşdülər. “Sarıqulaqlar” o silahları ermənilərə bilə-bilə vermişdilər.

Murad tez-tez xatirələr içindən sıyrılıb çıxır, viranəlik içində çırpınan kəndlərinin ağrı-acısına baş qoyub bir doyunca ağlamaq istəyirdi. Ürək parçalayan o idi ki, kəndin təkcə adı qalmışdı. Meyvə ağacları budanmadığından, qayğı görmədiyindən vəhşıləşmiş, həyət-bacanı süpürüb basmış kol-kosluq içində itib-batmışdı. Yay olsaydı, ilanın-çayanın əlindən bu yerlərdən keçmək, bəlkə də, çətin olardı. Yaxşı ki, havalar sərinləmiş, üzü payıza doğru gedirdi. Yarpaqların yanağına sarı-sarı zər düşürdü. Gecənin ayazı səhərin şehinə dönüb, sanki həsrət ağrısı, göz yaşı kimi yarpaqların, otların yanağına düzülürdü. Əvvəllər günəş üfüqdən boylanıb səhərin yuxulu gözlərini açanda bu yerlər elə bil ki, cənnət kimi qoxuyardı. Muradın anası onu yataqdan qaldırıb həyət-bacanı dolaşmağı, səhərin şehli havasından bir doyunca udmağı tapşırardı. Şirin yuxudan durmaq, isti yataqdan qalxmaq Murad üçün əzab olsa da, anasının üzündən öpməsindən, mehriban, isti baxışlarından əzilib durardı. Gecələr ilbizlər, gündüzlər qumrular, bülbüllər ötərdi. Öz dilləri ilə nəyisə oxuyardılar. Şehli otların içində ayaqyalın bağı dolanır, ağacların gövdələrini oxşayır, hətta hər yarpağın, hər otun duruşuğunu, görünüşünü yaddaşına yazırdı. Heybəsini çiyninə atıb, arabir ucadan: “ Hey!.. heyy!..”-deyə-deyə əlindəki çomağıyla mal-qaranı örüşə aparan Mürvət dayını salamlayar, darvazanı açıb “ Alagöz” inəklərini, adına “ Səlim” dediyi danalarını naxıra qoşan anasına kömək edərdi. Səlim onunla birinci sinifə gedirdi. Çox danışır, elə hey yerində qımıldanır, qaynayırdı. Müəllim də ona hey “ Səlim, dayan!..” , “ Səlim, dur!..” –deyirdi. Murad da Səlimin acığına danalarına onun adını vermişdi. Lap yaxşı da eləmiş, hələ bir az da cırnatmaq üçün onun özünə də demişdi. O da, eləmə tənbəllik, acığa düşüb qoyunlarından birinə Muradın adını qoymuşdu. Sonra Səlim də düzəlmişdi, Muradla lap yaxın dost olmuşdu. Dindirməsən, heç səsi də çıxmazdı Səlimin. Hələ müəllim də təəccüblənər, “ Səlim, adına dilim o qədər öyrəşib ki, adını deməyəndə özüm də darıxıram, sıxılıram, bala!…”- deyərdi müəllim.

Vəziyyət gərginləşmişdi. Kənd büsbütün arxasız, köməksiz qalmışdı. Qana susamış ermənilər hər gün bir ev, bir tikili dağıdırdılar. O gün Muradgilin siniflərindəki Sonagilin evi dağıdılmış, Yavərgilin ailəsi uçurulmuş evin altında qalmışdı. Siniflərindəki Bahadurun yeri boş qalmışdı. Atası kənd sovetinin sədri idi. Ermənilərin yandırdığı evdə ailə qatışıq hamısı yanıb kül olmuşdular.
Muradın anası onun üzündən öpüb, “ Səhərin havası cənnət havasıdır, insanın ömrünü uzadır!…” –deyəndə, Murad dodaqlarını büzüb, sifətini kal alça yemiş uşaqlar kimi turşudub hirslə, hikkəylə : “ Bəs Sonagilin, Yavərgilin, Bahadurgilin ömrü niyə uzanmadı, ana?!..”- deyə soruşardı. Çiçəklərdən də gözəl Çiçək ana tutular, boğular, danışa bilməzdi. Handan-hana özünə gəlib : “ Bu ayrı şeydir, oğul! Deməli, danışmalı dərd deyil. Hələ sən uşaqsan, ürəyin bu ağrı -acıya dözməz, çiyinlərin bu dərdə tablamaz. Onsuz da, mən desəm də, anlamayacaqsan, hələ uşaqsan, ancaq vaxt gələcək, hər şeyi, hər şeyi özün başa düşəcəksən!..”- deyərdi Çiçək ana. Ana haqlı idi. O yaşda Muradgil hələ uşaq idi. Çox şeyi anlamırdılar. Ancaq Sonanın, Yavərin, Bahadurun boş qalmış stolunun üstünə ağlaya-ağlaya, sızlaya-sızlaya tər çiçəklər düzəndə dünya bütün dərdləri ilə başlarına dolanardı. Uşaq olsalar da, hər gün məktəbə bir dərd gətirib, bir ağrı aparırdılar. Dərdlə, ağrı-acıyla qol-boyun yaşayırdılar. Dərd ən böyük məktəbdir, deyirdilər. Muradgil hər gün, uşaq olsalar da, o dərd məktəbini keçirdilər. Dərdlə böyüyür, dərdlə nəfəs alırdılar.

Muradla gələn Səməd də hərbçi idi. O da bu kənddə doğulmuşdu. Ancaq susur, susurdu. Bura artıq onun üçün sözün bitdiyi yer idi. Düşmənlər Muradın atasının öldürülməsindən bir həftə sonra onların da ailəsini məhv etmişdilər. O, həmin gün qonşu kəndə, Xavər nənəsigilə getmişdi. Gec olduğundan nənəsi saxlamış, sabah gedərsən demişdi. Evdə də bunu bildiklərindən narahat da deyildilər. Sabah gələndə isə əli üzündə qalmışdı. Ermənilər könüllü fəalları izləyir, bir-bir aradan götürürdülər. Səmədin atası da fəallardan idi. Evlərini necə partlatmışdılarsa, evdən bir dənə də ələ keçməli şey çıxmamışdı. Yeddi nəfərlik ailədən altısı məhv olmuşdu. Görünür, Səmədin qismətinə hələ yaşamaq, hərbçi olmaq və bu qisası almaq yazılmışdı.

Gündüzü kədərli, gecəsi uyğusuz, viranə kənddən su anbarı çox uzaq deyildi. Birbaşa getmək olmazdı. Bu yola çox ciddi nəzarət olunurdu. Ermənilər üç yerdə yoxlama-nəzarət məntəqəsi qoymuşdular. Bir az çətin, uzaq düşsə də meşənin içi ilə getməliydilər. Hər ikisi erməni dilini yaxşı bilir, hələ uşaqlıqdan ləhcəsinə qədər götürmüşdülər. Kəndin o başında ermənilər olurdu. Uşaqları da bir məktəbə gedir, bir yerdə oynayırdı. Ancaq elə bil birdən-birə kəndə bəla gəldi. Üzləri döndü ermənilərin, qabaqcadan nəyisə bilirlərmiş kimi, on beşdən çox erməni ailələrini başqa yerə köçürüb, evlərinə də gecəykən od vurdular. Günahı yazıq günahsızların üstünə yıxdılar. Bu, lap “yuxarıdan” atılmış çamur idi, “sarıqulaqlar”ın əliylə həyata keçirilmişdi. Elə bil kino çəkir, insanların ağrı-acısıyla oynayır, dünya nə rəngdədir, bilmək istəyirdilər. Dünən çörək kəsənlər, bugün düşmən kəsilirdilər.

Çox dayanmadılar. Daha dayanmalı kimləri, gözləməli nələri var idi ki?! Təkcə ötənlərdən qalma oyalanmış xatirələri var idi ki, onları da sinələrinə sıxıb payız gecəsinin çiskininə bürünə-bürünə çantalartını çiyinlərinə atıb: “ Haydı!.. Getdik!.. Yolçu yolda gərək!..”- dedilər. Meşəyə girdilər. Meşə qaranlıq, vahiməli görünürdü. Külək budaqları yırğalayır, saralmış yarpaqlar qucaq-qucaq tökülürdü. Ayaqlar altında oynayan, xışıldayan xəzəllər gecənin şehinə bürünüb soyuqluq və qəribə, müəmmalı bir ovqat yaradırdı. İrəlilədikcə meşə bitib tükənmir, ağac-ağac, kol-kol bir-birinin əllərindən tutub uzanırdı. Gah dərəyə enir, ağ, köpüklü suları şırıldayan nanəli, yarpızlı bulaqların başında bir hovur dayanır, nəfəs alır, əlləri donduran suları ovuclayıb içir, üz-gözünə, boyun-boğazına əllərini sürtüb yuxusuzluğu, narahatlığı unutdururdular. Gah meşəyə duman gəlir, gah da küləklər ağzında sıyrılıb gedirdi. Arabir uzaqda ildırım çaxır, göy guruldayırdı. Dəlisov şimşəyin ağac köklərinə bənzəyən əlləri səmanın yaxasında uzandıqca anidən güclü işıq parlayır, meşəlik mərmi qorxusundan səngərə sığınan əsgərlər kimi görünürdü. Muradgil yaxşı öyrənmişdilər, bilirdilər ki, orta yoxlama- nəzarət məntəqəsi həlqənin o qədər də güclü olmayan zəif nöqtəsidir. Post dəyişmə zamanı iyirmi-iyirmi beş dəqiqə yola nəzarət zəifləyir, bəlkə də, hardasa itirdi. Bu vaxtın bircə dəqiqəsi bəs idi ki, Muradgil yolun o üzünə ötə bilsinlər. Hələ vaxta var idi. Çantalarını yerə qoyub nəfəslərini dərdilər. Səməd çantasından bir tikə çörək götürüb bölərək Murada da verdi. Çörək elə şirin gəldi ki, elə bil heç belə dadlı çörək yeməmişdilər. Axı Vətən çörəyi idi. Götürüdükləri bulaq suyundan da bir-iki qurtum içdilər. Muradgil yoxlama-nəzarət məntəqəsindən bir az aralı idilər. Səhərə doğru hava soyuduğundan iki nəzarətçi-əli silahlı əsgər ocaq çatıb ətrafına atılmış daşın üstündə oturmuşdular. Öz dillərində nəyisə üyüdüb tökürdülər. Səməd hövsələsini basa bilmədi: “ Bəlkə, vaxtı itirmədən aradan götürək!..”-dedi. Murad etiraz etdi. “ Yoox, düşməni ayıltma, səs-küy düşər. Planımız da pozular…”- pıçıldadı. Kol-kosun böyrünə qısıla-qısıla ermənilərin söhbətinin marağı ilə səsin eşidilə biləcəyi məsafəyə qədər yaxınlaşdı.

-Ara, Axber, gözünü dörd aç. Bu türklər ki, var haa… lazım gələndə lap iynənin də gözündən keçib gəlirlər. Köpəy uşağı qorxu nə olduğunu da bilmirlər.

-Bəs deyirdin, ay Akop, onların içində də bizim adam var, həə?! Bəs onda nədən qorxursan? Bacın uşaqları deyil?! Necə olsa, dayılarını ki, atmayacaqlar. Lazım olsa, lap dişlərini qurdalasalar da xəbərimiz olacaq.

-Elədir, ay Axber! Sağ olsunlar, bacım Karina onları yaxşı tərbiyə edib. Atasının boyunu yerə soxum, o böyüklükdə vəzifəni ona etibar ediblər, heç uşaqlarının tərbiyəsindən xəbəri olub?! Onunki ancaq oğurlamaq, içmək, bir də qadınlarla kef çəkməkdir. Karina da onun yaxşı canını alıb, sürücüsüylə o söz… Ara, sürücüsü də bizlərdəndi. Adı Hovanes olub, dəyişdirib eləyiblər Hidayət. Uşaq vaxtı Tuğda böyüyüb. Türklərin içində. Onların murdar dilini elə öyrənib, danışanda heç deməzsən bu ermənidir. Bir az da gözəldi, şəkillidi köpəy oğlu. Bizim kimi boynu yoğun, kündə sifət deyil. Nə bilmək olar, anası da bəlkə… həə, türklərin arasında yaşayıblar axı?! Ara, bu türk kişilərinin də bir boş damarı var. Bizim axçiləri görən kimi əriyib gedirlər. Mən deyirəm, heç müharibə də eləməyə dəyməzdi. Bir sürü axçilərimizlə onları ip kimi əyirib barmağımıza dolayardıq. Karina kimi!.. Karina da anasına oxşayıb. Köpək qızı həqiqətən gözəldir, ancaq gözü doymur haa, elə onda, bundadır. Əri oğrəşi yaxşı dolayır, tez-tez bizə də pul göndərir. Sevanda onun puluna yaxşı bir otel açmışıq. Otel deyirəm ey sənə! Nəyi yoxdur ki?! Quş südünə qədər hər şey tapılar orda. Karinanın əri ötən ay gəlmişdi. Konfrans adıyla. Guya, oğrəş dövlət tədbirinə gəlib. Ancaq nə tədbir. Bizim qəhbələrnən kef çəkib getdi. Pis-pis televizora çıxıb yalandan müsahibə də verdi. Guya dostluqdan ötrü ölüb gedirik. Ara, Axber, bu türklər ki, var haa, bunların kökünü kəsməsək, yaşamaq da bizə haramdır. Niyə onların hər şeyi olur, bizim isə yox! Bizi analar ari doğub, arilər də ələbaxan olar?! Onun-bunun felinə aldanıb, kölgəsinə sığınar?

-Bəs neyləyək, Akop, belə yaşamaqmı olar? Hər gün qorxu içindəyik. Səhəri boş ümidnən açıb, axşamı da min dərd, qorxu ilə yola salırıq. Axı, deyirlər, bizim ordumuz var, hanı o ordu ki, yaşımızın bu çağında əsgər forması geyib, əlimizdə avtomat silah, səhəri diri gözlə açırıq.

-Biz tərəzinin pərsəngiyik, Axber. Ürəyini buz kimi saxla. Yatsaq da, dayımız oyaqdır, yatmayıb. Həqiqətən elə ayıdır ki, ayı. Böyük oyunun içinə düşmüşük, bu oyunu oynamalıyıq. Dava sənin, ya mənim davam deyil. Dava böyük iddiaçıların davasıdır. Kukla teatrında ipi əllərinə yığıb, kuklaları oynadanları görübsənmi?! Bax, biz həmin vəziyyətdəyik. Kukla kimi bizi də oynadırlar. Elə bilirsən bu torpaqları bizə verəcəklər?! Yox, türk verirəm desə də, verməyəcəklər. Xırda balıqlar böyüklərə yemdir. Dünya bina olandan elə beləcə gəlib gedir. Tarixə bax, oyunlarla doludur. Burda qan axmalıdır, böyük qan!.. Dünya qana susayıb.

Murad hirsindən özünü saxlaya bilmədi. Dodağının altında: “ Əbləh uşağı, əbləh!..”- dedi. Əlləri əsdi. Barmağını sağ böyründəki tapançasının tətiyinin üstünə qoydu. Sonra ani olaraq, yuxudaymış kimi ayıldı:- Bu, böyük oyundursa, bəs onda o oyuna niyə gedirsiniz? Sizin içinizdə bir ağıllınız, düşünəniniz yoxdurmu?! Böyük qan deyirsiniz, elə o qanda siz boğulacaqsınız!..

Uzaqdan maşının işıqları qurd gözləri kimi parladı. Növbə dəyişiləcəkdi. Bu vaxt başqa maşın bura gələ bilməzdi. Bir anın içində Akopla Axber sevincdən əl-ayağa düşdülər. Qışqırışıb: “ Ara, bu nə gündür biz düşmüşük. Salayla yüz-yüz vurarıq, canımız bir az qızar!..”- dedilər. Maşın dayanan kimi hamısı çadıra doluşdular. Səs-küyləri bir-birinə qarışdı. Mahnı da oxudular, sonra onlardan biri (yəqin ki, növbəni dəyişdirən komandir idi) çadırın qapısı ağzına çıxıb avtomatın darağını boş havaya boşaldaraq, hirslə-hikkəylə türklərin ünvanına da çox ağır söyüşlər yağdırdı. Görünür, içib “ kişiləşmişdilər”. Səməd çantasını qurdalayıb, qumbara çıxarmaq istədi. Murad rütbəcə ondan böyük olduğu üçün çımxırıb : “ Olmaz! Planımızı pozarsınız!..”-dedi. Bir az gözləmək, səbrli olmaq lazım idi. Çadırda yenə qara-qışqırıq qopacaq, bir-birini söyəcək, başları özlərinə qarışacaqdı. Sonra çadırdan bir saata qədər heç kim çıxmayacaqdı. Onda rahatca yolu keçib körpünü adlamaqla meşəyə girmək olacaqdı. Bilə-bilə postu burda qurmuşdular ki, başqa yerdə uçurum, qayalıq olduğundan, keçilməzlik ucbatından kimsə cəhd edəcəkdisə, mütləq gəlib burdan keçməli olacaqdı.

Muradgil gözlədiyindən də tez yolu keçdilər. Meşəyə girdilər. Soyuq, sərsəri küləklər budaqları oynadır, meşə uğuldayır, yarpaqlar ovuc-ovuc, əlçim-əlçim tökülürdü. Qırılıb-tökülmüş quru budaqlar, bir-birinə geyişmiş ağac kökləri əl-ayaqlarına dolaşır, böyürtikan kolları üst-başlarını didirdi. Tez-tez ildırım çaxır, bərk qurultu dağlara-daşlara çırpılıb əks-səda verirdi. Havadan yağış qoxusu gəlirdi. Su anbarına çatmağa azacıq qalmış, yenə yeri- göyü titrədən şimşək çaxdı. Sanki göy qübbəsindən qopub yerə düşdü. Yağışın gözü açıldı, nə açıldı. Allah, allah, bu nə yağışdı, belə yağışmı olardı?! Hələ indiyə qədər belə yağış görməmişdilər. Elə bil çay idi, axırdı, bir az da keçsə, aləmi yuyub aparacaqdı. Kim bilir, bəlkə təbiət insanların əliylə qopacaq böyük fəlakətə etirazını, qəzəbini bildirirdi. Bir koğuşa sığındılar- qoca bir palıd ağacının koğuşuna!
-İlahi, gərdişə, gedişə bir bax! Onda da bu koğuşa sığınmışdıq. Xoş günlərimiz idi. Ehh!.. hanı, hanı o günlərimiz?! Şirin bir xəyal olsa da, kaş bir anlığa o günlərə qayıda biləydik. –Murad dərindən bir ah çəkib ağrıyla, yanğıyla ötənləri xatırladı. Həzin, kövrək xatirələr ürəyini cırmaqladı. Atasının onu balıq tutmağa apardığı gün yadına düşdü. Yaz vaxtı idi. Necə deyərlər, təbiətin oğlan çağı idi. Gül gülü çağırırdı, bülbül bülbülü. Yaşıllıq aləmi başına götürmüşdü. Qollu-budaqlı ağacların suya düşmüş əksi günəşin qızılı şəfəqləri altında bərq vururdu. Lalələr yanaqlarını qızardıb təbiətə naz satırdı. Şuşanın yaraşığı, tək-tək göyərən xarı bülbül də, elə bil ki, qənirsiz gözəlliyə vurulub, gözəlliyin ayağına gəlmişdi. – Allahım, sakitlik içində dünya necə də gözəl, cazibədar görünürdü. – Murad uzaq illərin xatirələr işığına bürünüb yenə pıçıltıyla Səmədə dedi: – O qoşqulu motosikletlə gəlmişdik Yadında qalmış olar. Yaxşı yemək də götürmüşdük. Qarğıları sahilə bərkidib, qarmaqları suya atmışdıq. Göz yaşı kimi dupduru, təmiz, gömgöy sulara. Atam məni sal daşın üstündə əyləşdirib: “ Ehtiyatlı ol, suya düşməyəsən haa!..” – tapşırdı. Suyun dibi görünsə də, elə də dayaz deyildi. Duru olduğundan dərinlik də nəzərə çarpmır, yaşıl ağacların kölgəsi titrəyən suların qırçın ləpələrinə qoşulub asta-asta atılıb-düşdükcə, dərinlik də əriyib yoxa çıxırdı. Beş tilovdan üçünə də eyni vaxtda balıq düşmüşdü. Atam ikisini əlində tutub birgə idarə edir, dəstəyi fırlatmaqla ipi yığıb sahilə çəkirdi. Mən isə çox çətinlik çəkirdim. Balıq çırpınır, qarğını sinəmə sıxsam da, saxlaya bilmir, məni suya sarı dartırdı. Atam vaxtında köməyə gəlməsəydi, yəqin ki, suya salacaqdı. Həqiqətən böyük balıq idi. Ona qədər mən belə canlı, böyük balıq görməmişdim. Atamın əhvalı durulmuşdu. Hələ üstəlik dodağının altında ən çox sevdiyi Qədirin “ Sona bülbüllər”ini mızıldayıb oxuyurdu. Axı qarabağlı olasan oxumayasan, bu harda görünüb ki?! O hava, su, torpaq idi oxudan. Sanki qarabağlı dünyaya gələndə, onları Tanrı bir muğam üstə kökləyib, bir mahnı, bir sürud qanadında dünyaya gətirirdi.

Gəlməyimizlə bu tezlikdə belə balıq tutacağımıza inanmırdı atam. Söz vermişdi ki, balıq kababı verəcək, ikimiz üçün kiçik qazançada yaxşıca bir balıq şorbası da bişirəcəkdi. Balıq bişirməyi Urusiyyətdə əsgərlikdə öyrənmişdi atam.
O gün bəxt yaman üzümüzə güldü. O qədər balıq tutduq ki, qonşumuz Tavat xalaya, Musa kişiyə də pay verməyi unutmadıq. Mən gölün kənarından çılçırpı yığdım, atam həvəslə, səliqəylə balığı təmizləyib, çubuq şişdə kabab çəkdi. Çox dadlı və dadı da heç vaxt damağımdan getməyən balıq şorbası bişirdi. Ədviyalı, göy-göyərtili balıq şorbası. Narşərab, səbzə, anamın evdə qış azuqəsi üçün hazırladığı meyvə şirəsi, sirkəli tutma- həftəbecər də gətirmişdi. Hələ samovar da odlayıb, samovar çayı da içməyi unutmamışdıq. Atam bir süfrə açmışdı ki, heç gözümün qabağından getmir. Tanrıdan taleyimizə nurlu bir gün düşmüşdü. Atalı günlərimin ən xoş günü. Həyatın qəribə gərdişi var. Çox vaxt xoşbəxtliklə yanbayan yaşayırsan, ancaq bəzən onu görmürsən. Görmək istədiyin səndən uzaqlaşanda, sonra o uzaqlığın həsrət dumanında boğulursan. Əlin yetmir, ünün çatmır. Sonsuz xəyalların, ümidlərin doldurduğu dünya içindəki boşluğu doldura bilmir. O boşluq bəzən sənin özünü də udur. Hisslərin, duyğuların əsiri olursan.
Yağış səngisə də, ara-sıra şimşək çaxır, çılpaq ağaclar sanki bu nagahani gurultudan qorxurlarmış kimi bir-birinə qısılırdılar. Koğuşda oturmaqdan yorulmuş “qonaqlar” ətrafı dinşəyib çantalarını götürdülər. Nizamladıqları beş yerdə partlayıcıları yerləşdirib, təhlükəyə düşmədən uzaqlaşacaqları vaxtı da nəzərə almaqla, saat mexanizmlərini işə saldılar. Çox güclü partlayıcılar idi. Məqsədlərinə nail olmağa elə biri bəs edə bilərdi. Qalanları dilsiz-ağızsız torpaqların ağrısına, viranə qalmış yurdların acısına, yarasına məlhəm olmalı idi.
Vaxt əriyib gedirdi. Dayanmaq olmazdı. Onlar irəlilədikcə, təhlükə də zəhərli nəfəsiylə arxalarınca ilan kimi sürünürdü. Yoxlama- nəzarət məntəqəsinə çatanda çadırdan hələ də keflənmiş ermənilərin səsi-küyü gəlirdi. Kimisi qışqırır, kimisi oxuyur, kimisi də türkləri söyməklə, içəridəkilərə özünü göstərmək istəyirdi. Onların səsləri aydıca eşidilirdi. Yağış çadırı döyəcləyir, yığılmış suların qapının böyründən şırıltıyla töküldüyü elekrtrik lampasının işığında aydınca görünürdü. Muradla Səməd möhkəm islansalar da, canlarında istilik, rahatlıq hiss edirdilər. Məxvi plan itkisiz həyata keçirilmişdi. Yolu rahatca keçib gedə bilərdilər. Ancaq Murad Səmədin içindən keçənləri yaxşı başa düşdüyündən bu dəfə onu sakitləşdirmədi. Əlini çiyninə qoyub: – Həə, canım, indi söz sənindir!..- dedi. – Tanrı köməyin olsun. Ürəyin nə deyirsə, qoy elə də olsun. Düşmən cəzasız qalmamalıdır. Cəzasız düşmən quduz itdən də betərdir…
Səməd sağ əlini gicgahına tərəf aparmaqla əmri başa düşdüyünü təsdiqləyərək: – Oldu, cənab polkovnik! –dedi. Çadırın arxa tərəfindəki kolluqdan keçərək sakitcə maşına yaxınlaşdı. Maşında kiminsə olmadığına arxayınlaşıb, onun böyrünə qısılmaqla iki əl qumbarasını ard-arda çadırın qapısına tulladı. Toz-torpaq göyə sovruldu. Avtomatı işə salıb bütöv xəzinəsini uçub-dağılmış çadırın üstünə yağdırdı. Murad ona yaxınlaşıb sakitləşdirmək istədi. Səməd isə bir az da qəzəblənib: – Sizin var- yoxunuzu… faişə uşaqları!!!.. – qışqıra-qışqıra, ikinci xəzinəni də sona qədər boşaltmaq istədi. Murad avtomatı Səmədin əlindən alıb onu güclə sakitləşdirdi. Səməd dizi üstə yerə çöküb əlləriylə üzünü örtdü. Acı bir fəryadla, hönkürtü ilə ağladı. – Axı niyə, niyə belə olmalıdır?! –dedi. – Niyə insan qana susamalıdır? Niyə xəbis, pis niyyəti ilə cənnəti cəhənnəmə döndərməlidir? Məgər Allahın verdiyi bir ömrü sakit yaşamaq günah olardımı?..
Murad Səmədin həyəcandan, qəzəbdən əli-ayağının əsdiyini görüb, özü sükanın arxasına keçdi. Maşının sürətini artırıb, viranə qalmış kəndlərinə tərəf sürdülər.
Muradın anası Çiçək xanımı doğma yerlərin xiffəti içəridən sındırmışdı. Yediyi- içdiyi, yaşadığı hər gün haram gəlirdi ona. Dözə bilmirdi yurd itkisinə, yurd ağrısına. Üzü gülmür, eyni açılmırdı. Dost-tanış içində tək- tənhaydı elə bil. Heç nə gözünə görünmür, heç nəyə də məhəl salıb içini ovundura bilmirdi. Həyətdə, tut ağacının yanında al-qan içində çabalayan, çırpınan ərinin: “ Yurdsuz olanın xoşbəxtliyi olmaz. Heç vaxt yurdu atıb getməyin, yurd boş qalanda düşmənlər ayaq açar üstümüzə!..” sözləri qulağında səslənir, o an heç vaxt gözləri önündən çəkilmirdi. Neçə kərə ölmək istəyirdi, ölə bilmirdi. Vəsiyyət etmişdi, məni kəndimizin qəbirəstanlığında, ərimin, dədə- babalarımın məzarlarının yanında dəfn edərsiniz. O torpaqda doğulmuşam, o torpağa da qoyun məni. Bu gün köməyim çatmasa da, barı haçansa bir gün daşa dönüb düşmənə atılaram.
Gözləri hey yol çəkirdi Çiçək xanımın. Hər gün şam kimi əriyir, hər gün üzülürdü Çiçək xanım. Ölüm ayağında çırpınır, əzrailə can vermək istəmirdi. Ərinin şəklini sinəsinə qoyanda bir az aramlıq tapdı. Dodağında acı təbəssümlə bu dünyanı tərk etdi. Murad bunları xatırlaya- xatırlaya göz yaşları içində həyətdən, tut ağacının altından bir ovuc torpaq götürdü. Anasının məzarına səpmək üçün. Sonra kənd qəbirəstanlığına getdi. Gözlərinə inanmadı. Vəhşiliyin də bir həddi-hüdudu var, daha bu böyüklükdə də vəhşilik ola bilməzdi. Onlar- ikiayaqlı həşaratlar nəinki dirilər, ölülərlə də düşmənçilik edirdilər. Baş daşlarını, sinə daşlarını sındırıb ovum-ovum etmişdilər. Bunları görməyə, dözməyə ürək lazım idi. Eybi yox, düşmənin elədiklərini min qatıyla özünə də qaytaracaqdılar. Hər şeyin vaxtı, zamanı var. Tarix çox arxalı düşmənlər görüb, çoxlarını da arxasız, məğlub yola salıb. Murad çətinliklə atasının qəbrini tapıb ordan da bir ovic torpaq götürdü. Bu dünyadan sinəsi yaralı gedən anasının qəbrinə səpəcəkdi. Torpaq da bir ruh idi. Ruhlar ruhlara qarışsın deyə. Qəbirəstanlığı üzüntü içində dolaşan Səməd əllərini Muradın çiyinlərinə qoyub vaxtın azaldığını yadına saldı. Muradın elə bil yadından çıxmışdı. Səmədin onun çiyinlərinə toxunması onun ayılmasına, özünü ələ almasına kömək etdi. Çox ləngimək olmazdı. Bir azdan su hər şeyi yuyub aparacaq, qarşısına çıxan nə varsa, sinəsinə sıxıb çör-çöp kimi oynadacaqdı.
Uzaqda bərk gurultu qopdu. Yer titrədi. Güclü alov parladı.

-Vaxtdır, Murad, tez ol, daha ləngimək olmaz!.. – deyə Səməd Muradı tələsdirdi. Dərəni keçib Çapıq qaya tərəfdən dağa dırmaşdılar. Bilirdilər ki, o yüksəklikdə sel onları yaxalaya bilməyəcək, fəlakət yan ötəcəkdi.
Suyun şırıltısı, gətirdiyi güclü külək axını hiss olunurdu. Düşmənin vahimə içərisində qaçışı, haray-həşıri, mal-qaranın böyürtüsü, itlərin ulaşması çox qorxunc və dəhşətli bir mənzərə yaratmışdı. İnsan olan bəndə bir anın içərisində hər şeyin alt-üst olduğuna inana bilmirdi. Bu, təbii fəlakət deyildi. Bu, haqqı, ədaləti pozulmuş insanların vulkan kimi püskürən qəzəbi, nifrəti idi!.. Qiyamətə qalmayan qisasın köpüklü sularda axıb gedən həsrəti, nisgili, aləmi yaxıb-yandıran odu, alovu idi!..

Bakı şəhəri, 2019, 5 iyun- 15 sentyabr.

Yazıya 290 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.