Aləmzər Əlizadə – O GƏNCİN ÜRƏYI

 

alemzer

O GƏNCİN ÜRƏYİ

Bir zəng gözləyirdim
Məni xoşbəxt edəcək zəng.
Ruhumu təmizləyəcək,
Kölümü əzizləyəcək,
Çoxdan gözlədiyim
bu zəng.
Həyatımı dəyişdirəcək,
ömrümü gözəlləşdirəcək.
Məni tamam
Yerdən, göydən üzəcəkdi.
O mən, başqa bir mən olacam.
O qəlbdə,
O ürəkdə,
Göyərib,
Bitən olacam.
Zəng gəldi…
Diksindim sevincə.
Telefonumun üzü
Qapqara idi.
Bu zəng,
Yanimdan ötən
Gənc qızın ilk sevgi çağrışıymış.
O bəxtəfər telefon zənginin
Bəxtəfər səsi,
Mənim, səsi içində boğulmuş
Telefonumun zəngindən imiş.
O anda,
O zəng mənə gəlsəydi
O gəncin ürəyi
Bəlkə də bu ağırlığı götürməzdi,
Çatlayardı.

BU HİSS

Ağaclar mehriban yanaşı durur,
Çiçəklər nə gözəl açırlar bu gün.
Quşlar həvəslənib cəh-cəhlər vurur,
Necə də şövq ilə uçurlar bu gün.

Göyüzü tərtəmiz, buludlar yaxın,
Günəş gah gizlənir, gah şəfəqlənir.
Istəsəz lap gedib əlini sıxın,
Uzaqda deyil ki, bax üfüq enir.

Şirin duyğularım başımı qatır,
Təbiət mənimlə eyni ahəngdə.
Ürəyim xoş hisslər səmtinə yatır,
Bir təzə ritimdə, yeni ahəngdə.

Sevincim zamanı aşmaq istədi,
Bəxtim köks ötürüb başını əydi.
Mən belə gözlədim, belə istədim,
Mizan tərəzinin daşını əydi.

Yolun qırılmadı, düyün düşmədi,
Bəs niyə qapımdan girə bilmədin?
Yığvalın tələsib, yeyin düşmədi,
Mənim gördüyümü görə bilmədin.

Səni gözləyirəm, gozləyirəm mən,
Varlığıma hakim kəsildi bu hiss…
Qəlbimdə bəs niyə, nə üçün, nədən?..
Sanki dövr eyləyir yüz ildi bu hiss…

SƏNİ SEVİRƏM

Qalmışam “səbr”ilə “döz” arasında,
Ölüm var qaş ilə göz arasinda,
Söyləyə bilmirəm söz arasinda,
Mən səni sevirəm, səni sevirəm.

Bu yerin sirrimi, göyün sirrimi?
Açım, töküm, faş eyləyim sirrimi?
Heç olmasa xoş eləyim sirrimi
Mən səni sevirəm səni sevirəm.

Yağış yağar, külək əsər, qar yağar,
Günəş çıxar, ulduz axar, ay doğar.
Istəyini kim gizlədər, kim boğar?
Mən səni sevirəm, səni sevirəm.

Hələ bilmir qismətinə nə düşər,
Təzə açıb lalə, nərgiz, bənövşə.
Başqa könül qoşularmı bu işə?
Mən səni sevirəm, səni sevirəm.

Dəniz dalğalarla öc olan kimi,
Dan yeri üfüqə ucalan kimi,
Gecə keçib, səhər açılan kimi,
Mən səni sevirəm, səni sevirəm!

Ürəyim sevgindən əssin deyirəm,
Elə bilmə daha nəsə deyirəmç,
Sözümü biritibç kəsə deyirəm –
Mən səni sevirəm! Səni sevirəm!

TANRI EŞQINƏ

Niyə elə bildin səni sevirəm?
Niyə gözün, könlün doldu eşq ilə?
Niyə elə bildin ürək verirəm?
Niyə gecən, gündüz oldu, eşq ilə?

Xəyalların rəngbərəng göy qurşağı,
Altından keçirsən ruhuna minnət.
Günahımmı var Allahdan aşağı,
Sənindi xöşbəxtlik, sənindi cənnət.

Bir şeh damlasindan dərya yaratdim,
Üzmək də müşküldü, batmaq da müşkül.
Niyə belə şirin röya yaratdın?
Oyanmaq da müşkül, yatmaq da müşkül.

Mən necə qəsd edim, mən necə qıyım?
Yaramaz eşqinə, ülvü eşqinə.
Necə nöqtə qoyum, necə son qoyum?
Məni agah elə, Tanrı eşqinə.

ALƏMZƏR YAZIRAM

Bəxtim süstləşibdi, ağır yatıbdı,
Tənbəldi, yuxudan durmaz, ərinər.
Elə bil barmağı bala batıbdı,
Acıröyaları şirin görünər.

Çaşıb dolaşmasın öpüm izimi,
Günlərim sanılı muncuq düzümü.
Haqqa çevirsəm də hər an üzümü,
Xeyirim gizlənər, şərim görünər.

Yarımadım nə solundan, sağından,
Keçəmmədim qarasından, ağından.
Qorxuram yıxılam eşqin dağından,
Köksümdə açılan şırım görünə.

Ruhum hərdən sönə, hərdən alışa,
Deyə bilmərəm ki, birdən alışa.
Möcüzədən yada , sirdən alışa,
Bu məna, məzmunda şerim görünə.

Ürəyim istəyə olmayıbdı öc,
Kövrək duyğularım etməyibdi köç.
Nə olar, siz Allah, üz vurmayın heç,
Daha gedəmmərəm bundan dərinə.

Bəlkə də oxumu daşa vururam,
Nə deyim, bəlkə də xoşa vururam.
Mən sona çatıram, başa vururam,
“Aləmzər” yazıram noqtə yerinə.

ÖRNƏK ÜÇÜN

Gündüzlərdən, gecələrdən,
Keçib neçə-neçə yerdən,
Yığılmadım küçələrdən,
Sənə salam vermək üçün.

Guya ki, hər şeyi bilirdim.
Hərdən sevinib gülürdüm,
Hərdən dərdindən ölürdüm,
Ürəyini görmək üçün.

Bilmirsən necədir halım?
Ötənləri yada salım.
Sual verim, cavab alım
Həsrətini yormaq üçün.

Yerdən əl çək, göydən əl çək,
Toxun, açılsın gül-çiçək.
Incə-incə, ləçək-ləçək,
Duyğulara varmaq üçün.

Aqil olaq, yetkin olaq,
Sözü bütöv, ötkün olaq.
Tapılmayaq, itkin olaq,
Vüsala üz vermək üçün.

Ümid yox “Allah pənaha”,
Eşqimi vermərəm aha.
Aləmzər batsın günaha,
Qalanlara örnək üçün.

Səhv Eləməz

Niyə belə lazım oldu?
Qəlb sındıran özüm oldum.
Bəxtim, talem, yazım oldu,
Heç kəs məni əhv eləməz.

Şirin-şərbət versə hamı,
Dəyişməz ağzımın tamı.
Könül səhrada eşq tumu,
Yetişdirər, məhv eləməz.

Xudam gördü, özü bildi,
Yalanı həm, düzü bildi.
Zülm eləməz, O, adildi,
Şam söndürüb, nəf eləməz.

Ildırım göydə var olsun!
Şimşəyin beli qırılsın.
Bulağın gözü durulsun.
Dərd bitirib, kef eləməz.

Sevgilər baş-başadırsa,
Ulduzları qoşadırsa.
Hər kimə nə yaşadırsa,
Tanrı heç vaxt səhv eləməz!

 

Yazıya 1290 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.