“Gözmuncuğu” və Anar Kitabevim.az-da





    AYB.az saytı xəbər verir ki, yanvar ayının 24-də Kitabevim.az kitab marketində xalq yazıçısı Anarın “Göz muncuğu” kitabının imza günü keçirilib.

    Azərbaycan Yazıçılar Birliyinin AYBkitab layihəsinin nəşri olan kitab “Yazıçı” nəşriyyatında işıq üzü görüb.

    İmza günü kitab mağazasında “AYBkitab” stendinin açılışı ilə başlayıb. Xalq yazıçısı Anar “AYBkitab” layihəsinin rəhbəri Xəyal Rzaya işində uğurlar diləyib: “Mən kitab satılan mağazalara “Kitab ocağı” deyərdim. Çünki oxucular bura təkcə kitab almağa deyil, həm də müəlliflərlə tanış olmağa, dünya ədəbiyyatı haqqında məlumat almağa gəlirlər”.

    Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza çıxışında layihə haqqında iştirakçılara məlumat verib: “Göz muncuğu” kitabı layihənin dördüncü kitabıdır. Bu layihə çərçivəsində ilkin olaraq iyirmi kitabın çapı planlaşdırılır. Çap olunan bütün kitabların imza günləri keçirilir. Bu layihəni gerçəkləşdirməkdə məqsəd gənc nəslə kitabı sevdirmək, oxucuların kitaba marağını artırmaqdır”.

    “Göz muncuğu” kitabının redaktoru və ön sözün müəllifi Pərvin Nurəliyeva tədbirdə çıxış edərək Anarın yaradıcılığı, təqdim olunan kitab haqqında oxuculara məlumat verib: “Xalq yazıçısı Anar hər cür oxucu rəyinə, fikrinə alışmış yazıçıdır. Heç düşünmədiyi, nəzərdə tutmadığı məsələləri də onun əsərlərindən tapa, üzə çıxara bilərlər. Bu mənada “Göz muncuğu” povesti oxucuya düşünmək, nəticələr çıxarmaq üçün geniş imkanlar yaradır”.

    Sonda xalq yazıçısı Anar tədbirin təşkilatçılarına, iştirakçılara təşəkkür edib, kitablarını imzalayaraq oxuculara təqdim edib.

AYB.az

Məlahərt Qənbərova

Fototlar Ramin Aslanovun və Şirməmməd Nəzərlinindir

 10389064_805337852835138_2380866538083282547_n

Yazıya 909 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.