Zakir HƏSƏNOV — Atamın hekayəsi

11759509_493852560790698_1194076879_n Həyat sözün həqiqi mənasında atama dağ çəkmisdi. Üç ayın körpəsi ikən atası, ikinci dünya müharibəsinə getmiş, bir daha geri qayıtmamısdı. Anası on yeddi yaşında dul qalmışdı. Yazıq,necə deyərlər,anadangəlmə yetim idi.
Sonralar əmisinin himayəsində yaşamışdı. O,valideynlərinin yeganə övladı idi.Keşməkesli həyat yolu ona hikkəli və zəhmli bir görkəm vermişdi. Nə qədər ki yaşa dolmamışdıq, üzbəüz oturub keçmisi haqqında bir söz sorusmağa cəsarət etməzdik.
Yaşlasdıqca dəcəl və şıltaq nəvələrin əhatəsində bir xeyli yumşalmışdı. Son illər tez-tez kövrəlir, xəyalların onu keçmişə apardığını sezərdim.Arada yetimçilikdə çəkdiklərindən parça- parça ondan qoparardım. Təxminən on il əvvəl mənə bir hekayə danışmışdı… Qəhər dolu bir hekayə…
“Ağlım kəsənə qədər hər şey gözəl idi. Mən elə bilirdim ki,bütün uşaqlar əmilərinin evində, əmisi uşaqları ilə bir dam altında böyüyürlər. Lap sonralar bunun belə olmadığının fərqinə vardım. Elə ki,yaşım səkkiz-doqquz oldu,artıq anamın qeyrətini çəkməyə başladım. Dərk etməyə başladım ki, anamı çöl islərinə tək göndərə bilmərəm…Yetimlik pis şeydir. Hara gedirdim ağbirçəklərin mərhəmət dolu baxışlarını üzümdə hiss edərdim. Düzü, yaşlı adamların can yandırmaları, yolda-rizdə öpüb əzizləmələri əvvəl-əvvəl mənə xoş gələrdi.Böyüdükcə bu əzizləmələr məni hiddətləndirməyə başlamışdı… Kolxoz vaxtı kəndimizin mərkəzi taxıl tayalarının qoyulduğu və döyüldüyü yer olub. Bura təxminən yarım hektara bərabər bir yer idi. Elə o vaxtdan bu yerin adı “Xırman” olaraq qalıb. Kəndimizdə Baxış adlı bir kisi vardı. Yaxşı yadımdadır, təxminən on-on bir yaşım olardı. Bir gün bu “Xırman” deyilən yerdə yaşıdlarımla oynayırdım.Baxiş kişi kolxoz dövründən qalan köhnə anbarın yanında göy çəmənlikdə dirsəklənmişdi. Əlini havada yelləyib məni yanına çağırdı. Görüşdük,hal-əhval elədi,əmimin əhvalını,necə dolandığımızı soruşdu…Sonra anamı soruşdu…Hiss elədim ki,gözlərindən biclik yağır.
- Nə lazımdır, Baxış əmi?- deyə düz gözlərinin içinə baxdım.
- Bilirsən,oğlum, sənə bir işim düşüb… Anandan xoşum gəlir… Onu verərsən əminə?
Sanki gözümün önündə ildırım çaxdı… Bu anda üzünü görmədiyim,amma surətini tez-tez xəyalımda canlandırdığım atam gözümün önünə gəldi.
Qaçıb ciblərimi daşla doldurdum,hər iki ovcumda da kəsək özümü anbarın yanına çatdırdım. Daşlar qurtarana qədər Baxış kişini daş-qalaq elədim. Sonra isə anamın köhnə çəkmələrimdən kəsib mənə düzəltdiyi “qaloş”larımı əlimə alıb düz evə qaçdım. Daha doğrusu, samanlığa… Üzüqoyulu uzanıb heç kəsin eşidə bilməyəcəyi bir səslə, gözümün yaşı quruyana qədər ağladım… Sonra isə kəsəyin əlimi kəsdiyi yerləri üfürə-üfürə yuxulamışam.
Neçə gün idi ki, Baxış kişini döyə bilmədiyim üçün anamın üzünə baxa bilmirdim.Hər gün eyni sey məni narahat edirdi:Baxış kişidən qisas almaq fikri. Hər gün plan töküb qisas almaq yolunu fikirləşirdim. Oğlu məndən yaşca böyük olduğu ücün ona da gücüm catmazdı. Bu barədə nə əmimə,nə də əmiuşaqlarıma bir kəlmə də deməmişdim. Qisası özüm alacaqdım…
Baxış kişinin iki inəyi,bir camışı var idi. Bir gün bu heyvanlardan birini öldürüb qisas alacağımı qət etdim! Mən ona daha da ağır ziyan vurmaq üçün,hədəfə camışı almışdım. 10 yaşlı usağın camış öldürmək cəsarəti… Həm də bışaqla vuracaqdım…O boyda biçaq bizdə haradan idi ?! Evimizdə bir biçaq var idi. Onunla anam kartof-soğan soyar,çöldən tərə yığardı. Ayrı əlacım da yox idi… Bu biçağı hər gün xəlvətə salıb bülov daşına saatlarla sürtərdim. Nəhayət,bir gün bu bışağın itiləndiyinə əmin oldum.
Kəndimizin heyvanları günorta saatlarında örüsdən qayıdıb “Böyük bulağ”ın axarında su içdikdən sonra həmin “Xırman” dediyimiz yerdə oturardılar… Yayın qızmar günlərindən biri… Günün günorta çağı… Hamı kölgəyə qaçır… Dincələn kim,yatan kim… Mən isə cibimdə gizlətdiyim bıçağı tez-tez yoxlaya- yoxlaya “Xırman”a gəldim. Baxış kişinin camışını tanımamaq mümkün deyildi. Kəndimizdə o boyda camış yox idi. Heyvan oturub kövşüyürdü. Arada da qulaqlarını yelləyib milçəkləri qovurdu. Əlim-ayağım əsə-əsə bu əjdahaya yaxınlasdım. Gah əlimdəki bıçağa,gah da bu nəhəngin kəsmək istədiyim boğazına baxırdım… Yox, mən bunu edə bilməzdim… Amma mütləq qan çıxarmalıydım… Yavaş-yavaş camışın arxasına keçməyə başladım. Zəhmi məni bürümüş bu heyvanın yumruğum boyda gözləri arxamca dolanırdı. Ətrafa boylandım, nə bir adam gözə dəyir, nə də ürək döyüntülərimdən başqa bir səs gəlmirdi. Heyvan sağ ayağı altında bükülü,sol ayağı uzalı vəziyyətdə oturmuşdu. Tez bıçağı hazırladım… Sol ayağının yumşaq yerini nisan aldım… Elə o andaca bıçağı camışın buduna sapladım. Heyvan böyürüb yerindən dik atıldı. Tez özümü kolluğa verdim. Qan görən heyvanların böyürtüsü kəndin sükutunu pozdu… Hər mal nobatına gedəndə camışın yarasına baxırdım. Günbəgün yara bitişir, üstü tüklənməyə başlayırdı… Qisas aldığımçün mənim də qəzəbim yavaş-yavaş soyumağa başlamışdı…
Bu yerdə atam hekayəsini saxladı. Günahkar adamlar kimi gözünü divara zillədi.
Üzü tutuldu,azacıq boynunu bükdü… Hiss etdim ki,hekayə bitmədi.
-Bəs mən o Baxış kişini niyə xatırlamıram?-deyə soruşdum. Səsim onu keçmişindən qaytardı. Ah çəkdi,ətsiz sinəsi qalxıb endi,başını bulayıb davam etdi:
-Həə… Camışın yarasının izi itməmiş, böyük bir bədbəxtlik baş verdi… Həyətlərində nəhəng bir qoz agacı var idi. Qışda odun tədarükü azaldığından rəhmətlik çıxıb oradan iri bir budaq kəsir. Kəsdiyi budaq elə ağacdaca boynundan sıxıb canını alır… Haraya bütün kənd axışıb gəldi. Köməkləşib yazığın meytini ağacdan kəndir ilə saldılar… Hamı ağlaşırdı,elə mən də ağlayırdım…
Hekayə bitəndən sonra o,üzünü mənə çevirib titrək səslə dedi:
-Oğlum, çalış nə bir yetimin qəlbinə dəy,nə də xalqın namusuna göz dik… Bir gün səni bağışlasalar da, görünür, belə şeyləri Allah bağışlamır…

Yazıya 1979 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.